Planlarını açıqladı: “Təəssüf ki, o qədər tamaşaçını...”
Hacı İsmayılov “Aktyor evi”nin statusunu qaytarmaq istəyir
15 Avqust 2024
Yadımdadır, ötən əsrin 90-cı illərində “Aktyor evi”ndə rejissor Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrı fəaliyyət göstərirdi. Oranın yayda isti, qışda soyuq tamaşa zalında teatr yaradıcısının quruluşunda Şekspirin “Hamlet”, Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” və sair kimi maraqlı tamaşalara baxmışam. O zaman soyuq şəraitdə məşq edən aktyorların bəziləri premyera vaxtı səhnəyə qızdırma içində çıxmalı olurdular. Məsələn, Qurban İsmayılovun Hamlet rolunu 39 dərəcə qızdırmada oynadığının şahidiyəm. O şəraitsizlikdə tamaşalar oynanılırdı, tamaşaçı da gəlib baxırdı. Bu, məsələnin bir tərəfi. İkinci tərəfi odur ki, “Aktyor evi” yaddaşlarda Hüseynağa Atakişiyev və onun hazırladığı tamaşalarla qalıb. Ondan əvvəlkini biz görməmişik, sonrası da...
“Aktyor evi” Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərir. Hüseynağa Atakişiyev dünyasını dəyişəndən sonra Gənclər Teatrı ləğv edildi, kollektiv də Gənc Tamaşaçılar Teatrının ştatına keçirildi. Sözüm onda da deyil, ondadır ki, “Aktyor evi” o vaxtdan bu günə fəaliyyətsizdir.
İyul ayında Teatr Xadimləri İttifaqına (TXİ) yeni sədr seçilən, Xalq artisti Hacı İsmayılovla söhbətimizi elə bu yöndə apardıq.
Xalq artisti əvvəlcə onu dedi ki, yeni mövsümdə onu bu vəzifəyə seçənlərin etimadını doğrultmağa çalışacaq: “Görəcəyimiz ilk işlərdən biri “Aktyor evi”nin statusunu və nüfuzunu özünə qaytarmaq olacaq. Bunun üçün binada müəyyən təmir işlərinə ehtiyac var. Birinci mərtəbə və tamaşa zalı bərbad vəziyyətdədir. 1971-ci ildə inşa edilmiş binadır, sonradan yalnız kosmetik təmir işləri aparılıb. Zalın işıq, akustika problemləri var. Bilirsiniz ki, ittifaqımız büdcə təşkilatı deyil. Ona görə də bu işləri daxili imkanlarımız hesabına görməliyik”.
Hacı İsmayılov onu da dedi ki, ötən il Mədəniyyət Nazirliyi ilə birgə “Qonaq teatr” adlı layihəni həyata keçiriblər: “Layihə çərçivəsində bir il ərzində bölgələrdən və xarici ölkələrdən 13 teatr kollektivi 19 tamaşa ilə çıxış edib. Zal tamaşaçı ilə dolu olurdu, hətta əlavə stullar qoyurduq. Təəssüf ki, zalımız o qədər tamaşaçını qəbul etmək imkanına malik deyil”.
Həqiqətən də, TXİ-nin tamaşa zalında istilik sistemi işləmədiyindən qış aylarında tamaşa göstərmək, yaxud hər hansı tədbir keçirmək mümkün olmurdu. H.İsmayılov onu da əlavə etdi ki, “Aktyor evi”ndə həm aktyorların, həm də tamaşaçıların antraktda dincəlməkləri, çay, qəhvə içmələri üçün kafe fəaliyyət göstərəcək.
Sədr yeni mövsümdə teatrsevərləri gözləyən yeniliklərdən, ittifaqın planlarından da söz açdı. Bildirdi ki, Teatr Xadimləri İttifaqı yalnız yaradıcılıq məsələlərini deyil, teatr camiəsinin problemlərini də diqqətdə saxlayır: “Qocaman aktyorların, rejissorların, teatrda çalışan texniki işçilərin yubileylərinin qeyd edilməsi, onlara diqqət göstərilməsi də bizim vəzifələrimizdəndir. Ötən il xeyli teatr xadiminin yubiley mərasimlərini qeyd edib, onları mükafatlandırmışıq. Gələcək planlarımızda da bu məsələ əsas fəaliyyətimizin tərkib hissəsi olacaq, amma bayaq da dediyim ki, ilk işimiz Teatr Xadimləri İttifaqının binasını qonaq-qara qarşılayacaq səviyyədə təmir etdirməkdir”.
TXİ sədrinin dediyinə görə, binanın birinci mərtəbəsində artıq müəyyən işlərə start verilib: “Teatrı, mədəniyyəti sevən insanlar təmir üçün maliyyə vəsaiti ayırmağa hazırdırlar. Foye və tamaşa zalı yenidən, müasir üslubda təmir olunacaq, yeni avadanlıqlarla təchiz ediləcək. Düşünürəm ki, tezliklə həm “Aktyor evi” bərpa olunacaq, həm də zalda tamaşa oynamaq mümkün olacaq”.
Tamaşa oynamaq mümkün olacaqsa, demək, tamaşa da olacaq. “Aktyor evi” həm də bu yöndə fəaliyyət göstərəcək. Hər halda, yeni sədr yeni mövsümə yeni tamaşalarla başlayacaqlarını inamla söylədi: “Hələlik beş tamaşa hazırlamaq nəzərdə tutulub. Yeni mövsümdə tamaşalar üzərində iş başlayanda bu barədə açıqlama veriləcək. Məzuniyyət dövrü olmasına baxmayaraq, kollektivimiz iş başındadır. Bu ilin noyabrına qədər “Aktyor evi”nin təmirini başa çatdırıb, açılışını etməyi planlaşdırırıq”.
Azərbaycanda Teatr Xadimləri İttifaqı 1897-ci ildə “Artistlər İttifaqı” adı ilə yaranıb. 1917-ci ildən “Müsəlman Artistlər İttifaqı”, 1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1945-ci ildən isə “Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyət göstərib. 1987-ci il fevralın 27-də keçirilən konfransda “Azərbaycan Teatr Xadimləri İttifaqı” təsis edilib. Həmin vaxtdan da “Aktyor evi” aktyorların və yaradıcı insanların evinə çevrilib. Bu gün də həmin missiyanı yerinə yetirməsi istiqamətində ittifaqın sədrindən söz aldıq. Bura bir ictimai, yaradıcı təşkilatdır. İşi birbaşa teatr camiəsi ilə bağlıdır. İttifaqın sədri 8 il burda sədr müavini işləyib, sədr seçilməyini çətin, amma şərəfli bir işin altına çiyinlərini vermək kimi dəyərləndirir: “Çalışacağam ki, Teatr Xadimləri İttifaqının gördüyü işlər Azərbaycan teatr sənətinin inkişafına xidmət etsin”.
Azərbaycan teatrında bir dirçəliş hiss olunur, hər halda, 90-cı illərlə müqayisədə belə demək olar. Ötməkdə olan mövsümdə Akademik Milli Dram Teatrının, Milli Gənc Tamaşaçılar Teatrının, Akademik Musiqili Teatrın səhnəsində anşlaqla keçən və yadda qalan tamaşalar oldu.
Gələn mövsümün sonunda bu cərgəyə “Aktyor evi”nin qoşulması ümidi ilə...
Ramilə Qurbanlı