Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin görüşü bərpa olunub - YENİLƏNİB
19 Avqust 2025
Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilib.
Bu barədə Ağ Evin rəsmi səhifəsi xəbər verir.
“Biz davamlı sülhün bərqərar olması üçün çalışarkən hamımız açıq şəkildə dərhal atəşkəsə üstünlük verərdik”, - Tramp deyib.
O əlavə edib ki, atəşkəsdən faydalanır, çünki bu, "öldürməni dərhal dayandıracaq", lakin müharibənin indiki mərhələsində iki ölkə arasında sülh sazişinin əldə edilməsi tamamilə mümkün olduğunu təkrarlayıb.
Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli perspektivləri “bir-iki həftə” ərzində müəyyənləşəcək. O, həmçinin Aİ liderləri və Zelenski ilə görüşdən sonra Rusiya ilə üçtərəfli görüşə səbəb olacaq razılaşmalara ümid edir. Zelenski Amerika liderinin təşəbbüsünü dəstəkləyib və yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Görüşə ABŞ və Ukrayna liderləri ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qatılıb.
Tərəflər Moskva ilə Kiyev arasında sülh sazişinin tezliklə bağlanacağına ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü yarımçıq dayandırıb. V.Putinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyib. O, qeyd edib ki, danışıq 40 dəqiqə davam edib.
Daha sonra danışıqlar bərpa edilib. Zelenskinin nümayəndəsi Sergey Nikiforov bildirib ki, iclasda yalnız nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. Toplantı jurnalistlərin iştirakı olmadan keçirilir.
Daha əvvəl danışıqların başa çatdığı, lakin iştirakçıların Ağ Evi tərk etmədiyi bildirilirdi.