Logo
news content

Ziyarət dağına söykənən ruh
Xalq yazıçısı, ustad Sabir Əhmədlinin 95 yaşına sevgilərlə

“Yazılmayan yazı”, “Ömür urası”, “Axirət sevdası”, ondan sonra “Aran”, “Yasamal gölündə qayıqlar üzür”, “Toğana” və sair 20 roman və onlarla hekayə… Ən çox roman yazan yazıçıdır. 

Ona görə sondan başlanğıca saydım ki, onun işğal nisgilindən yox, qələbə həvəsindən başlayım. “Ömür urası” romanında bəhs etdiyi qələbədən, qayıdışdan, Qarabağa, Cəbrayıla qayıdışdan ki, romanın çap olunmasından illər sonra həqiqət oldu. Sabir Əhmədli əsərdə Bakı-Mincivan qatarı ilə özü təkcənə Cəbrayıla yola düşmüşdü. Amma arxasınca yüzlərlə insan, ruhlar, axın getmişdi. 

Həmid Herisçi “Konspiroloq” kitabında yazır: “Hərbiçilərimiz, siyasətçilərimiz, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində yalqız-qocaman bir yazıçı həyata keçirdi - işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib, öz doğma yurdu Cəbrayıla qayıtdı”…

Sabir Əhmədlinin böyüdüyü doğulub-böyüdüyü Cəbrayılda bir dağ var – Ziyarət adlı. Özü ona Ziyarat deyir, elin dilindəki kimi...

“Üzü Ziyarata dayananda, Cəbrayılın sol yanı Laçın, Qubadlı, Həkəri boyu üzüyuxarı dağlardır. Şimal səmtdən Ağcakənd və Dolanlardan Qafan dağları görünür. Başda Ziyarat dağıdır. Bu dağ ətrafdakı bütün zirvələrdən ucadır, divar təki sal dağdır. Ziyaratın hər iki yanından Araza doğru uzanan qollar getdikcə alçalır, dağlar təpələşir, axırı gedir düzəngaha çıxır. Arazın qırağında bu torpaqlar tükənir, Oradan o yana örüş-örəndir. O tayda yenə dağlar ucalır, Qarabağ silsiləsi yüksəlir”.

Vəfatından sonra işıq üzü görmüş “Yazılmayan yazı” romanından bu parçanı oxuyuram və gözlərim qarşısında Ziyarətin özü boyda bir insan canlanır – Sabir Əhmədli. Oxuduqca o doğma insanın üz cizgiləri, iri dodaqlarını bir az irəli verib necə həvəslə, sevgiylə danışması gözlərim önündə canlanır, elə bil onun dilindən dinləyirəm bu yazılanları, səsi də qulaqlarımda səslənir.

Elə bil sonuncu dəfə görüşümüzdə mənə haqqında danışdığı həmin bu roman deyil qarşımdakı, müəllifin özüdür canlı-canlı. Deyir, bu roman mənim ən böyük romanım olacaq, şəcərəmdən, Cəbrayıldan, coğrafiyasından tutmuş soyuna qədər araşdırdığım, yaşadığım nəsnələri yazıram: “Çap etdirməyəcəm, Yaquta (qızına – R.Q.) tapşırmışam, mən öləndən sonra çap etdirsinlər. Gərək yazıçının vəfatından sonra da onun yeni əsəri çap olunsun”.

Romanı vərəqləyirəm nə şişirtmə var, nə öyünmə, nə də soyu aparıb indi dəbdə olduğu kimi bəy, xanla əlaqələndirmə. Doğulduğu, boya-başa çatdığı Cəbrayılın tarixindən yazır. Cəbrayılın özülünü Şuşadan Pənah xanın nəslindən olan bir nəfər qoyub. Əhalisinin əksəriyyəti də Şuşadan gəlmədir, Bərdədən gələnlər də var. Rayonun böyük tayfalarından sayılan Əhmədlilərdən olduğunu yazır, amma dəqiq özü də bilmir ki, Əhmədli tayfası Bərdədən gələnlərdəndir, yoxsa Bərdəyə sonra Cəbrayıldan gedib. Sadə bir araşdırma janrında avtobioqrafik nəqletmədir.

Ailədə üç qardaş, bir bacı olublar. Ata-anaları da sadə adamlardır. Məhəmməd kişi ilə Tavad arvadın öcəşmələrinə qədər yazıb. Deyir, yola getmirdilər, onlar barışanda elə bilərdik yenidən evləndilər - sevinərdik. Hər ikisi ahıl yaşlarında, nə yaxşı ki, Cəbrayıllı günlərində xərçəng xəstəliyindən dünyalarını dəyişiblər.

Uşaqlar hamısı oxuyan olublar. Böyük qardaş Cəmil Əhmədov 30-cu illərdə hələ məktəbdə təhsil ala-ala axşam məktəbində dərs deyirmiş. 1942-ci ilin Novruz bayramı axşamı, aş qazanı dəmdə olanda Cəmil Əhmədov müharibəyə gedib. İrkutsk-Pinsk diviziyasında vuruşub. Sovet İttifaqı Qəhrəmanı oluncaya qədər “Aleksandr Nevski”, “Qırmızı ulduz” ordenləri almışdı. Qvardiya leytenantı olub. Belorusiya döyüşlərində qəhrəman adını alıb. Nəzərə alsaq ki, sovet hökumətinin azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adını verməyə əli çətin qalxırdı, onda Cəmil Əhmədovun necə bir oğul olduğunu anlamaq çətin olmaz. 

Belə bir oğul Cəbrayıla bir də qayıtmadı. Qayıtdı, amma heykəl formasında. Məktəbin qarşısında qoyulmuşdu.

Sonralar Sabir Əhmədli qardaşının döyüş yolunu qarış-qarış gəzmişdi, bəlkə Cəmil də burdan keçib deyə, hər addımda ayaq saxlayıb, düşünmüşdü. Onun, 20 yaşında şəhid olmuş qəhrəman qardaşının məzarını “Qardaşlıq qəbiristanlığı”ndan tapmışdı.

O biri qardaşları, bacısı rayonun tanınmış ziyalıları idilər. Vaqif Əhmədov uzun illər rayona rəhbərlik etmişdi.

Sabir Əhmədli müharibədən sonra universiteti bitirib, bir müddət rayonda müəllim işləmiş, sonradan Bakıya qayıdıb, ədəbi yaradıcılıqla məşğul olmağa başlayıb. 

Arxasız, kimsəsiz, yalnız real həyatdan yazdığı əsərlərlə artıq tanınmağa başlayan gənc Sabir Əhmədli. Özü bu barədə yazır: “Ədəbiyyat qəzeti” nin hər sayında iki əsər tənqid olunurdu - “Qoşa bulaq” - Sabir Əhmədov, bir də “Dəllək” - Əli Kərim. Elə hey döşəyirdilər. Görünür, adlı-sanlılara toxunmaqdan çəkinirdilər”.

Sabir Əhmədli güclü adam idi, o qədər güclü ki, ona qarşı olan haqsızlıqlara ətəyində böyüdüyü Ziyarət dağı kimi dimdik, qürurla baxa bilirdi. Amma dövrün, ictimai quruluşun əyintilərinə susub baxmırdı. Harada gəldi, necə gəldi, həqiqət olduğuna inandığı nəsnəni üzbəsurət deyirdi. Heç kimdən qorxusu, nəyisə itirər deyə sözünü udmağı yox idi. Bunlar əsərlərində də özünü büruzə verir. “Yamacda nişanə”, “Yasamal gölündə qayıqlar üzür”, “Qanköçürmə stansiyası”, “Toğana”, “Kütlə”, “Şəhid”, “Axirət sevdası” – bütün əsərlərində müəllifin mərdanə obrazı var.

39 il “Ədəbiyyat qəzeti” ndə çalışmışdı. Sıravi işçidən baş redaktorluğa qədər. Onun dövründə qəzet əldən-ələ gəzirdi. O qədər oxunaqlı idi ki, məktəblilər də ona abunə olurdular. Ədəbiyyatın ilk yeni nümunələrini, özü də ən yaxşı nümunələrini həmin qəzetin səhifələrində görə bilərdin. Ən tanınmış ədiblərin belə boğazdan yuxarı, yaxud mədhiyyə yazılarını çap etməzdi. Dəfələrlə belə mübahisələrin şahidi olmuşdum.

Oğlunun şəhidliyi lap “Əsgər atası” filminin süjeti kimidir. Məhəmməd döyüşlərə könüllü getmişdi. Evdə atası torpaqların işğalına dözə bilmədiyini, cavanların bu şərəfsizliyi niyə götürə bildiyinə təəccübləndiyini demişdi. Oğul haqlı olaraq bu töhmətin ona edildiyini anlayıb, qərar vermişdi. Getdiyi gündən nə yanına getmişdilər, nə də özü geri qayıtmışdı, döyüşürdü, torpaqlar azad oluncaya qədər geri qayıtmayacaqdı. Bir gün qışın çovğununda Murovda səngərdə olan oğluna baş çəkmək üçün yola çıxan xalq yazıçısı həm də onu evə gətirmək fikrində idi ki, Məhəmməd yaxınlaşan doğum gününü evdə qeyd etsin. Onu cəbhədə isti qarşılayırlar, oğlunun hərbi hissəsini də tapır, amma oğlunu görə bilmir. Hissədən-hissəyə, bölgədən-bölgəyə gedir. Qaynar döyüşlərə yaxın məsafəyə qədər keçir. Nəhayət, ona deyirlər ki, oğlu yaralanıb, hospitala göndərilib. Sabir Əhmədli Bakıya geri qayıdır ki, oğlunu hospitalda axtarsın. Alaqaranlıqda evinin həyətində yas çadırını görür. Ata oğlunu görməyə gedirkən, oğul öz doğum gününü evdə qeyd etməyə tələsirmiş. Bu doğum günü evdə qeyd edəcəyi son doğum və ölüm günü idi.

79 illik ömründə bu insan iki ağır müharibə və o müharibələrin ağır itkisini yaşayıb. İkinci Dünya müharibəsində qardaşı Cəmil Əhmədovu itirmişdi. Böyük qardaşını, Sovet İttifaqı Qəhrəmanı olmuş, balaca qardaşı üçün qürur yeri olan o dayağı itirmək onun xırdacıq qəlbində necə yara olmuşdusa, oğlu Məhəmmədi itirmək ondan da betər idi. Oğlunun ölümündə həm də özünü günahkar bilirdi. “Bəlkə heç göndərməzdim, başqaları kimi xaricə yola salar, gizlədərdim” - düşünürdü. Sonra da “Yox, bacarmazdım”, - deyirdi. Dəfələrlə Məhəmmədin məzarı üstünə gedib göz yaşı tökər, onu yanına aparmasını xahiş edərdi.

Bir gün AYB-də “Ədəbiyyat qəzeti” nin məsələsi iclasa qoyulur, daha doğrusu, Sabir Əhmədlin məsələsi. “Qəzeti öz malı hesab edir, yuxarıların məsləhətini dinləmir” və sair… Amma bunları açıqda demədilər, sadəcə qəzeti tənqid etdilər. O zaman o qəzet ədəbiyyat aləminin qəzeti idi, kiminsə zəngi, tapşırığı ilə məqalə verilmirdi, yaxud məddahlığa xidmət etmirdi, yalnız ədəbi materiallar çıxırdı. Bir faktı xatırladım, Məmməd Arazı partiyadan uzaqlaşdırmaq üçün iclas keçiriləndə onu yalnız Sabir Əhmədli müdafiə edib və partiyadan uzaqlaşdırmaq qərarına etirazını bildirib. Onun öz məsələsi qoyulan iclasda isə Bəxtiyar Vahabzadə onu müdafiəyə qalxdı… Bununla belə, Sabir Əhmədli ona olunan iradların altında tamam başqa nəsnələrin durduğunu anlayaraq, ayağa qalxıb “Keçmə namərd körpüsündən qoy aparsın sel səni” – deyərək, iclası tərk etmişdi.

“Ədəbiyyat qəzeti”ndən gedəndən sonra dövlətin ona verdiyi ev də Sabir Əhmədliyə münbit yaradıcılıq yeri oldu. Dövlətin xalq yazıçısına, şəhid ailəsinə verdiyi yeganə bəxşiş bu ev idi. Ona qədər Yasamalda ikiotaqlı balaca mənzildə yaşayırdı.

Nə vaxt gedirdinsə, oturub işləyirdi. Deyirdi, yazmaq istədiklərimin hamısını yazıb, sonra gedəcəm Məhəmmədin yanına. Yalnız bir əsərimi məndən sonra uşaqlarım çap etdirər. “Axirət sevdası”, “Ömür urası” belə yazıldı. Onun ölümündən sonra “Yazılmayan yazı” çap olundu. 

Bütün varlığı ilə torpağa bağlı idi. Cəbrayılda illərlə kərpic-kərpic bir ev tikmişdi ki, ömrünün son illərini xanımını da götürüb ora köçsün, orda da ömrü başa vurub, doğma torpağa qovuşsun. Olmadı! Evin çardağını təzəcə bağlamışdı, Cəbrayıl işğal olundu. İşğaldan öncə tez-tez gedirdi o yerlərə, rahatlığı yox idi. Əlində olsaydı, nələr etməzdi. Bacardığı qədər edirdi də. Cəbrayıl ziyalılarından ibarət batalyon yaratmaq ideyasının müəlliflərindən biri idi. 

Torpaqların yağmalanması onun qürurunu əyirdi, var gücü ilə haqsızlığa, ədalətsizliyə, ikiüzlülüyə, məddahlığa qarşı üsyan edirdi.

Qardaşı, əmisi, dayısı İkinci Dünya müharibəsində, oğlu Qarabağ döyüşlərində olmuşdu, özü ömür boyu mübarizələrdə oldu, istər əsərləri ilə, istər dili ilə, ümumiyyətlə, varlığı ilə mübarizə apardı Sabir Əhmədli - insanlıq üçün, haqq-ədalət üçün “döyüşdü”.

"Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır”.

Yazdığı əsərlər, aldığı mükafatlar, fəxri ad... Yox, bunlar da onun haqqında demək istədiklərim deyil. Bu quru faktlar onun bütövlük, tamlıq təşkil edən şəxsiyyəti və yaradıcılığı qarşısında çox xırda görünür.

Onu yazıçı kimi uşaqlıqdan tanıyıram. Evdə hər ikisi müəllim olan valideynlərimin masası üzərində, balışları altında onun kitabları olardı. Haqqında, əsərləri barədə çox söhbətlər eşitmiş, nəhayət, ilk mütaliəyə də o əsərlərlə başlamışdım. İllər keçdi, ali təhsilimi başa vurub, taleyin gərdişi ilə “Azərbaycan” nəşriyyatına gəlib çıxdım. İlk getdiyim redaksiya “Ədəbiyyat qəzeti” oldu, ştata götürüldüyüm ilk iş yeri də. Ona görə yox ki, oranın baş redaktoru mənim həmyerlim idi, ona görə ki o baş redaktor gənclərə daha qayğıkeş yanaşırdı.

Bəzən yazılarımın üstündən çalın-çarpaz xətt çəkib qaytarar, yenidən üstündə işləməli olardım. 

Bu minvalla, yazmağı öyrəndim. Bir gün başqa bir mətbu orqanın müxbiri kimi ondan müsahibə almağa cəsarət də etdim. Müsahibənin girişində həmin bu fikirləri yazmışdım. Müsahibə çıxan kimi mənə zəng elədi. “Çox sağ ol, Ramilə, hiss etdim ki, ustadın yaxşı olub, yazın xoşuma gəldi”, - dedi. Yarızarafat, yarıciddi dediyi bu fikir ustadın yetirməsinə dediyi ilk və son rəy oldu.

Sabir Əhmədli təpədən dırnağa xalqın içindən gələn xalq yazıçısı idi. Canlı tarix, canlı ensiklopediya idi. Özü deyirdi, ədəbiyyata ədəbiyyatdan gələnlər var, bir də həyatdan gələnlər: “Mən ədəbiyyata həyatdan gələnlərdənəm”.

Yazıçı-tənqidçi Qulu Xəlilov Sabir Əhmədliyə həsr etdiyi "Zirvəyə qalxan araba" məqaləsində yazır: "Sabir Əhmədovun yaradıcılığı barədə düşünəndə gözlərim önünə axar-baxarlı bir çay gəlir. Bu çayın başlanğıcı xalqımızın yaradıcılıq dünyası, müasir həyatı, zəngin mənəviyyatı, istək və arzularıdır, haqq-ədalət, təmizlik uğrunda çırpınanların aləmidir. S.Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinc və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur".

“Aran” və “Görünməz dalğa” əsərlərini xatırlayanda tənqidçinin fikrinin doğrulduğunu düşünürsən. 

Son əsərləri də ilkin yaradıcılığında olduğu kimi xalqın dilində, xalqın həyatından yazılır. Azərbaycan dilinin hamisi, dərindən biləni və bildiyini öyrədəni olub. 

“Ömür urası” əsərinin adını özündən eşidəndə dərhal soruşdim: Ura nədir? İzah etdi ki, bağların son məhsulu el arasında "peşura" adlanır. Biçilmiş zəmidən düşən tək-tük sünbül "başaq" adlanır. Bostandan, dirrikdən yerdə qalan töküntü məhsulsa "ura"dır. Öz ömrünün urasından yazıb. 

Hamımız ölümlüyük. Sabir Əhmədli ömrünü ləyaqətlə yaşadı, özündən sonra dağ boyda adı, əsərləri, övladları qaldı. 

Bu gün - 95 yaşının tamamında ruhu, şəksiz, şaddır, Cəbrayıl azaddır, cəbrayıllılar vətənə dönüb, Çinar ağacının altında yenə samovar qaynayır, insanlar söhbət edir və bir vaxtlar tez-tez onlarla həmsöhbət olan əziz həmyerliləri yazıçı Sabir Əhmədlini çox böyük məhəbbətlə xatırlayırlar. Sabir Əhmədli isə Ziyarət ucalığında, kürəyini dağa söykəyib, onları seyr edir.