“Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu…”

Bu sözləri bu gün – iyunun 13-də prezident İlham Əliyev Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxışında bildirib. Qeyd edək ki, 10 noyabr 2020-ci ildə imzalanmış atəşkəs razılaşmasından sonra rəsmi Bakı dəfələrlə bu mövqeni təkrarlayıb, Qarabağın statusu ilə bağlı müzakirələrə başlamağı da qətiyyətlə rədd edib. Amma bölgədə gedən proseslər heç də münaqişənin tam yekunlaşdığını və tarixdə qaldığını söyləməyə əsas vermir. Ermənistanda növbədənkənar seçkilərdə qələbə qazanmış Nikol Paşinyan müharibədən əvvəlki ritorikaya qayıtmağa başlayıb. Məsələn, o Moskvada Rusiya prezidenti ilə görüşdən qayıtdıqdan sonra Araik Arutyunyanı qəbul edib və görüşdə Qarabağdakı separatçı rejimə yardım, orada sosial-iqtisadi, humanitar problemlərin həlli müzakirə olunub. Onlar Qarabağın statusu və müstəqilliyi məsələsini də gündəmə gətiriblər. Bir neçə gün sonra Paşinyan öz köməkçisini Xankəndinə göndərib.

Bu məsələlərə Azərbaycan tərəfdən hələlik reaksiya yoxdur. Ötən həftə Rusiya Dövlət Dumasının rəhbərliyi açıqlama verdi ki, Azərbaycan və Pakistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tərəfdaş statusu ilə təmsil olunmaq üçün müraciət ediblər. Buna da rəsmi Bakıdan nə təsdiq, nə təkzib açıqlaması gəldi. İyulun 9-da daha bir diqqətçəkən hadisə baş verdi. Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin xarici diplomatlar üçün təşkil etdiyi Şuşa səfərinə həmsədr ölkələr – Rusiya, ABŞ, Fransa ilə yanaşı, Britaniya və Almaniya səfirləri də qatılmadı.

Bu mövzularla bağlı siyasi təhlilçi Rauf Mirqədirovun rəyini öyrəndik. R.Mirqədirov “Press Klub”a şərhində bildirdi ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması ehtimalı ölkənin vətənpərvər qüvvələrini narahat etməlidir, çünki Rusiya çoxdandır, Azərbaycanı özünün postsovet məkanındakı inteqrasiya layihələrinə cəlb etməyə çalışır. Ekspert hesab edir ki, Rusiya prezidenti Putinin bununla kifayətlənəcəyini düşənənlər yanılır. Onun fikrincə, Kreml postsovet ölkələrini daha sıx, daha mürəkkəb inteqrasiya layihələrinə cəlb etməyə çalışır:

“Moskva bu layihələrdə özünün hegemon rolunu da gizlətmək niyyətində deyil. Putin Qərbdəki tərəfdaşlarına açıq şəkildə bildirir ki, postsovet məkanı onun əsas maraq dairəsinə daxildir. Onların hər hansı şəkildə NATO-ya, Avropa Birliyinə cəlb olunmasına qarşı çıxır, bu addımların regionda sabitliyi pozacağını bəyan edir. Əslində Rusiya Qərbi yeni fitnəkarlıqlarla, təcavüzlərlə təhdid edir. Təəssüflər olsun ki, Qərb ölkələri Putinin bu şantajları qarşısında çox vaxt geri çəkilirlər. Gözümüzün qarşısında NATO 2008-ci ilin əvvəllərində Ukrayna və Gürcüstanın təşkilata qəbul planından imtina etdi. Təsadüfi deyil ki, bundan bir neçə ay sonra Rusiya Gürcüstana təcavüz etdi və Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıdı”.

Mirqədirov Paşinyanın müharibədən sonra dəyişən ritorikasının səbəblərinə də aydınlıq gətirdi. Ekspert hesab edir ki, Paşinyanın hakimiyyətdə qalmasının yeganə qarantı Putindir:

“Bu gün Azərbaycanda bəziləri onun qələbəsini Qərbin qələbəsi kimi təqdim edirlər. Mən bunu ən azı sadəlövlük, ən çoxu isə siyasi savadsızlıq hesab edirəm. Putin istəməsəydi, Paşinyan hakimiyyətdə qalmayacaqdı. Bunun əvəzində Putin ondan nə tələb edəcək, Paşinyan hansı güzəştlərə gedəcək, bunlar zaman və şəraitə görə hansı formada dəyişəcək, biz bu barədə ancaq ehtimallar irəli sürə bilərik”.

Siyasi təhlilçinin ehtimalına görə, Rusiyanın Paşinyandan tələblərinin iki istiqaməti olacaq:

“Birincisi, regiona kənar qüvvələrin daxil olmasının qarşısını almaq üçün Rusiya ən azı orta perspektivdə Qarabağ münaqişəsini yarımaktiv şəraitdə saxlamağa çalışacaq. O məqsədlə ki, hər iki ölkənin boynundakı “xaltanı” istədiyi vaxt çəkib, bir-brinin üstünə sala bilsin. Əsas məqsəd odur ki, hər iki dövlət Rusiyadan asılı olsun. Paralel olaraq, başqa qlobal oyuncuların dövriyyəyə girib, münaqişənin həllinə meyl etməsinə imkan verməyəcək. Bu, yaxın gələcək üçün mühüm vəzifədir. İkincisi, daha uzaq perspektivdə hər iki ölkəni özünün inteqrasiya layihələrinə cəlb etmək niyyəti var. Beləliklə, məqsəd Rusiya imperiyasını mümkün qədər köhnə sərhədlərdə bərpa etməkdir”.

Bəs, Azərbaycan və Ermənistan bunu istəyirmi? Mirqədirov hesab edir ki, hər iki ölkədə Rusiyanın vassalına çevrilmək istəyi o qədər də güclü deyil: “Artıq Ermənistan Rusiyanın vassalına çevrilib, onun müstəqil siyasət yeritmək inmkanları sıfıra bərabərdir. Paşinyanın hansısa müstəqil siyasət yürütmək cəhdlərini ümumiyyətlə, istisna edirəm. Rusiyanın Ermənistanda inhisarcı mövqelər əldə etməsi sözsüz ki, ciddi təhdiddir”.

O ki haldı seçkilərdən sonra Paşinyanın Qarabağın statusu haqqında danışmasına, Rauf Mirqədirov bildirir ki, ümumiyyətlə, Azərbaycandan başqa hamı status haqqında danışır:

“Azərbaycan prezidenti dəfələrlə deyib ki, bu məsələ bağlanıb, amma beynəlxalq vasitəçilər, o cümlədən ermənilər bu məsələni gündəmə gətirirlər. Ən yaxşı halda deyirlər ki, bu məsələnin indiki halda müzakirəsi o qədər də səmərəli deyil. Bu yaxınlarda Sergey Lavrov da demişdi ki, Qarabağın statusu məsələsinə sonrakı mərhələdə qayıtmaq lazımdır, bu müzakirə səmərəli deyil və münaqişənin həllinə xidmət etmir. Yəni Azərbaycandan başqa hamı qeyd edir ki, bu məsələ havadan asılı qalıb. Biz belə bəyanatlarla özümüzü sakitləşdirə bilərik, amma gec-tez bu problemi həll etmək lazım gələcək”.

Şərhçi hesab edir ki, Paşinyanın müharibədən əvvəlki bəzi tezisləri təkrarlaması o demək deyil ki, bu tezislər nə zamansa gündəmdən çıxmışdı:

“Birincisi, bu tezislərin gündəmdən çıxması Paşinyanın hakimiyyətdə qalmasını ümumiyyətlə, qeyri-mümkün edə bilərdi. İkincisi, erməni ictimai fikrinə qarşı açıq şəkildə çıxış etmək Paşinyan üçün qeyri-mümkündür. O, vaxtaşırı müəyyən tezisləri təkrar etməlidir, bu qaçılmazıdır. Düşünürəm ki, bu tezislərin hamısı Moskva ilə razılaşdırılır”.

Mirqədirov aparıcı dövlətlərin səfirlərinin Şuşaya getməməsini belə izah edir:

“Gördüyünüz kimi, Şuşaya getməyənlər Rusiya və Qərbin aparıcı dövlətləridir. Almaniyanı çıxsaq, onların 4-ü BMT Təhlükəsizlik Şurasının üzvüdür. Çin səfiri Şuşaya gedib və bu ölkənin Qarabağ məsələsi ilə bağlı həmişə xüsusi mövqeyi olub. Hətta bu gün Ukrayna açıq şəkildə Qərbə meyl etməsinə baxmayaraq, Çin Krım və Şərqi Ukraynadakı münaqişə ilə bağlı aydın, birmənalı mövqe tutur. Bunu xüsusu dəyərləndirmək lazımdır. Şuşaya getməyən ölkələr arasında Böyük Britaniyanın səfiri də var. Məlumdur ki, müharibə zamanı rəsmi London BMT TŞ-də Azərbaycana dəstək verən yeganə dövlət olub. Qarabağ məsələsi Şuranın müzakirəsinə çıxarılarkən razılaşdırılmış bəyanatın qəbul olunmasına məhz Britaniya imkan verməyib. Səfirin Şuşaya getməməsinə xüsusi anlam verib, onu Azərbaycan dövlətinə qarşı saymazlıq kimi dəyərləndirmək doğru olmaz. Nəzərə alsaq ki, səfirlərini Şuşaya göndərən ölkələr arasında Azərbaycana, Türkiyəyə pozitiv münasibət bəsləməyən ölkələr də var. Bu, heç də o anlama gəlmir ki, həmin ölkələr Qarabağ məsələsinin həllində Azərbaycanın mövqeyini dəsətəkləyir. Məncə, bu ATƏT çərçivəsində və ya başqa formatlarda razılaşdırılmış bir məsələdir ki, aparıcı dövlət öz diplomatik nümayəndələrini münaqişəli sayılan zonalara göndərməsinlər. Məsələn, münaqişə dövründə də həmin ölkələrin səfirləri Dağlıq Qarabağa səfər etməyiblər. Səfər edənlər ATƏT həmsədrləri idi, bu səfərləri də Azərbaycanın razılığı ilə edirdilər. Hazırda onlar bu “neytrallıqlarını“ qoruyub saxladıqlarını nümayiş etdirirlər. Buna xüsusi önəm vermək lazım deyil”.

Turqut