Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Rəhbərin ölümcül səhvi: almanlarla müharibə necə başladı?
Stalin və Hitlerin yanlış hesablamaları, dünyanı qana çalxayan “Barbarossa”

Bir ay əvvəl Rusiyada nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümü təntənəli surətdə qeyd olundu. Bəs bu müharibə necə başladı? 1939-cu ildə faktiki ittifaq bağlayan və Avropanın şərqini bölüşdürən Hitler və Stalin necə oldu ki, üz-üzə gəldilər? “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik. 

Ərəfə: Finlandiya, Balkanlar, sonra da hər yer

Üçüncü reyx Sovet İttifaqına 1941-ci il mayın 15-də hücum etməyi planlaşdırırdı. Lakin Yuqoslaviyada baş verən çevriliş bu planları gözlənilmədən dəyişdi. Krallığın regenti şahzadə Pavel indiyədək neytral qalan ölkəsinin Antikomintern paktına qoşulmasına razılıq verdi, lakin bu qərardan narazı qalan britaniyapərəst hərbçilər onu devirdilər və gənc kral II Pyotrun yetkinliyini elan etdilər. Belqrad hadisələri Hitlerdə qəzəb doğurdu və o, dərhal Yuqoslaviyaya hücum əmri verdi.  

Savaşa hazır olmayan Yuqoslaviya ordusu təcrübəli alman qoşunlarının zərbələrinə cəmi on gün tab gətirdi. Amma bundan sonra Yunanıstana qarşı əməliyyatların başlanması və Balkanlardan qüvvələrin daşınması səbəbindən vermaxtın Sovet İttifaqına qarşı hərbi əməliyyatlara başlaması bir aydan çox təxirə salındı. Mümkündür ki, Balkanlarda itirilən bir neçə həftə Hitlerə sovet paytaxtını ələ keçirə bilməmək bahasına başa gəldi.

1939-cu ilin avqustunda Molotov-Ribbentrop paktı imzalandıqdan sonra, Şərqi Avropanın SSRİ və Almaniya arasında nüfuz dairələrinə bölünməsi haqqında gizli protokol sayəsində Stalin Polşaya məxsus olan Qərbi Ukrayna və Qərbi Belarusu ilhaq etdi. Müstəqil Latviya, Litva və Estoniyaya isə 1939-cu ilin payızında əhəmiyyətli sayda sovet qoşunlarının yerləşdirilməsini nəzərdə tutan müqavilələr sırındı. Müttəfiqlərin 1940-cı ilin yayında Fransada məğlubiyyətindən sonra Baltikyanı ölkələrə əlavə sovet qoşunları yeridildi və kommunist çevrilişlər təşkil olundu. Bu ölkələrin guya könüllü şəkildə SSRİ-yə birləşməsi baş verdi. Almaniya prosesə etiraz etmədi, sadəcə, Baltik sahillərindəki yerli almanları reyxə köçürdü.

SSRİ 1939–40-cı illərin “qış müharibəsi” zamanı Finlandiyaya qarşı təcavüz və böyük hərbi itkilər bahasına Kareliya bərxəzinin ilhaqına və Hanko yarımadasında hərbi baza icarəsinə nail oldu. Ancaq Stalin sovetləşdirmə siyasətindən və orada kommunist lider Otto Kuusinenin başçılığı ilə qurulması nəzərdə tutulan hökumətin hakimiyyətə gətirilməsi planından imtina etməli oldu. Bu qərara, görünür, Böyük Britaniya və Fransanın Finlandiyaya ekspedisiya qüvvələri göndərəcəyi hədələri, eləcə də Qərb müttəfiqlərinin Bakının neft obyektlərini bombardman etməyi planlaşdırması barədə sızan məlumatlar təsir etmişdi. Finlandiya ilə müharibə bütün dünyaya Sovet İttifaqının xarici siyasətinin təcavüzkar xarakterini və eyni zamanda, öz ölkəsini müdafiə edən motivasiyalı fin ordusu ilə toqquşma zamanı Qırmızı ordunun səmərəli döyüş aparmağa hazırlıqsız olduğunu göstərdi.

Şimalda hərbi əməliyyatların gedişi bəzi mənada nasistləri çaşdırdı — Qırmızı ordunun problemlərini şişirtdilər. Onlar başqa bir nümunəyə fikir vermədilər: 1939-cu ilin yayında Monqolustan ərazisində baş vermiş genişmiqyaslı sərhəd toqquşmasında Georgi Jukovun komandanlığı altında Xüsusi korpus Xalxin-Qol çayı bölgəsində Yaponiyanın güclü Kvantun ordusunu darmadağın etdi. 

Bu konfliktin nəticəsi yapon hökuməti üçün SSRİ ilə hücum etməmək haqqında pakt imzalamaq və İkinci dünya müharibəsi zamanı Sovet İttifaqına qarşı neytral mövqe saxlamaq qərarının əsaslandırılmasında mühüm arqumentlərdən birinə çevrildi. Halbuki Almaniya dəfələrlə Yaponiyanı SSRİ-yə qarşı hərbi əməliyyatlara qoşulmağa sövq etməyə çalışdı. Bu neytrallıq sovetlərə imkan verdi ki, Sibir və Uzaq Şərqdə yerləşən hərbi hissələrinin bir qismini Moskva yaxınlığına köçürsün və bu qüvvələrdən 1941–1942-ci illərin qışında sovet-alman cəbhəsində istifadə etsin.

Hitler Almaniyası isə vaxt itirmirdi: Polşadan sonra 1940-cı ilin yazında Danimarka və Norveç işğal edildi. Fransanın hərbi məğlubiyyəti, marşal Petenin rejimi ilə bağlanmış atəşkəs və Britaniya qüvvələrinin qitədən məcburi təxliyəsi Almaniyanı Qərbi Avropada dominant gücə çevirdi.

Almaniya ilə savaşan Britaniya imperiyası üçün 1941-ci ilin əvvəlində yeni qarşıdurma məkanı Balkanlar oldu. İtaliya qoşunlarını Misirdən Liviyaya sıxışdıran Böyük Britaniya Yunanıstanı İtaliya-Almaniya təcavüzündən müdafiə etmək üçün bu ölkəyə hərbi qüvvələr göndərdi. 1940-cı ilin sonunda SSRİ qoşunlarının Bessarabiyanı tutmasında sonra Almaniya Rumıniyaya öz qüvvələrini yeritdi — məqsəd, Üçüncü reyx ordusu üçün əsas yanacaq mənbələrindən biri olan rumın neft yataqlarına nəzarət etmək idi. Ployeşti neft mədənləri rayonundan yanacaq tədarükü Almaniyanın ümumi istehlakında 42% təşkil edirdi. Ardınca, yuxarıda qeyd olunduğu kimi, Yuqoslaviya və Yunanıstana hücum baş verdi, bu ölkələr darmadağın edilərək işğal olundu. 

Britaniya imperiyasının müqaviməti dayandırmasına nail olmaq Hitler üçün çox önəmli idi. Onun dünyanın bölüşdürülməsinə dair “sülh təşəbbüsləri” London tərəfindən rədd edildi. Fürerin İngiltərəyə qarşı planlaşdırdığı “Dəniz şiri” adlı desant əməliyyatı daha çox deklarativ xarakter daşıyırdı və heç vaxt həyata keçmədi. Almaniyanın La-Manş boğazı vasitəsilə qoşun daşımaq üçün kifayət qədər gəmisi və nəqliyyat vasitəsi yox idi. 

Britaniyalılar Dünkerk limanından və Fransadan təxliyə olunmuş qoşunları 1940-cı ilin yayı ərzində yenidən silahlandıra və desanta qarşı istehkamlar qura bildilər. Bundan əlavə, nasistlər qoşunların boğazdan keçirilməsi üçün zəruri olan hava üstünlüyü qazana bilmədilər. Radar texnologiyasında üstünlükdən yararlanan kral HHQ lüftvaffenin hava hücumlarını uğurla dəf edirdi. Öz növbəsində, britaniyalı pilotlar da gecələr Almaniyanı bombalamağa başladılar. İngiltərədə ağır strateji bombardmançıların istehsalı artırdı və artıq 1941-ci ildə 10 tona qədər yük daşıya bilən 500-ə yaxın belə təyyarə istehsal edilmişdi ki, ABŞ-dan gətirilən təyyarələrlə birlikdə Almaniyanın hərbi-sənaye mərkəzlərinə gecə “xalça bombalaması” həyata keçirmək iqtidarında idilər. Havada baş verən “İngiltərə uğrunda döyüş”ü almanlar uduzdu, 1940-cı ilin payızında alman komandanlığı Britaniya adalarına desant çıxarmaq planlarından tamamilə əl çəkdi. Lakin dezinformasiya tədbirləri davam edirdi və bunlar Stalinə ciddi təsir göstərirdi – o, Almaniyanın eyni anda iki cəbhədə müharibə aparması versiyasını qəti rədd edirdi. 

Hitler müharibəni necə seçdi

Fürer hələ 1940-cı ildə “Mənim mübarizəm” kitabındakı antikommunist ideyalarına qayıtmaq, Böyük Britaniyanı sonrakı mərhələyə saxlamaq və onun potensial müttəfiqi olan SSRİ-ni məğlub edərək şərqdə arzuladığı “həyati məkan” əldə etmək fikrinə meyil göstərirdi. Bununla belə, Hitler Böyük Britaniyanın və onun baş naziri Uinston Çörçillin nasistlər üzərində tam qələbə qazanmaq əzmini və Almaniya ilə razılığa gəlmək istəməməsini açıq-aşkar dəyərləndirmirdi. Almaniya kansleri həmçinin Britaniya imperiyasının və onun dominionlarının geniş texniki və səfərbərlik potensialını, ABŞ prezidenti Franklin Ruzvelt administrasiyasının 1941-ci il üçün artıq açıq dəstək verməsini görməzdən gəlirdi. 

Britaniyanın iqtisadi blokadası və hərbi səyləri Fransanın məğlubiyyətindən sonra belə reyxi sovet təchizatından asılı vəziyyətə salmışdı. Məsələn, 1940-cı ildə SSRİ-dən idxal olunan taxıl Almaniyada ərzaq qıtlığını xeyli azaltdı. Nasist diktatoruna elə gəlirdi ki, Stalindən həm valyuta ilə, həm də geosiyasi güzəştlər qarşılığında aldığı bütün məhsulları sovetlərin Avropa hissəsini işğal etməklə pulsuz əldə edəcək. Hitlerin bu avantürist məntiqini Stalinin anladığını demək çətindir. Amma o da açıq şəkildə SSRİ-ni nəyin bahasına olursa olsun dünya müharibəsindən kənarda saxlamağa, eyni zamanda “qırmızı imperiya”nı genişləndirməyə çalışırdı.

Stalinin fəal imperialist siyasəti və yeni nüfuz dairələrinə iddiaları Hitleri qıcıqlandırırdı. SSRİ-yə qarşı müharibə planının hazırlanması barədə qərar artıq 1940-cı ilin payızında Hitler tərəfindən təsdiqlənmişdi. General Paulusun rəhbərliyi altında xüsusi bir qrup bu sənədi hazırlayırdı. 

Hadisələrin sonrakı gedişi Stalini təmsil edən Vyaçeslav Molotovun 1940-cı ilin noyabrında Berlində Adolf Hitlerlə danışıqlarından asılı olmalı idi. Reyxin rəhbəri ilə SSRİ Xalq Komissarları Soveti sədrinin apardığı geosiyasi debatlar qarşılıqlı anlaşılmazlığı üzə çıxardı. Molotov SSRİ-nin gələcək ekspansiya planlarına dair proqramı ifadə etdi: darmadağın edilməmiş Finlandiyaya qarşı sərbəstlik, Bosfor və Dardanel boğazlarında sovet hərbi bazasının yaradılması, Bolqarıstanla qarşılıqlı yardım haqqında müqavilə – bu da ehtimal ki, ölkədə Qırmızı ordu qüvvələrinin yerləşdirilməsinə gətirib çıxaracaqdı. Bütün bunlar Almaniya kanslerində ciddi narahatlıq doğurdu. O, hesab edirdi ki, cənubda Stalin Rumıniyadan 1939-cu il paktına əsasən Bessarabiyanın və Berlinin razılığı olmadan Bukovinanın qoparılması ilə kifayətlənməlidir. Balkanların qalan hissəsini isə fürer öz mülkü sayırdı və SSRİ bu bölgənin işlərinə qarışmamalı idi. Əvəzində o, SSRİ-yə İran, İraq və Hind okeanı istiqamətində ekspansiya təklif edirdi ki, bu da Sovet İttifaqını Böyük Britaniya ilə münaqişəyə sürükləyəcəkdi. Plan Moskva nümayəndəsini maraqlandırmadı. Üstəlik, Hitler gözlənilmədən kəskin şəkildə SSRİ ilə Finlandiya arasındakı münaqişənin dərinləşməsinə qarşı çıxdı: guya SSRİ artıq yetərincə ərazi əldə edib, Berlin isə Finlandiya meşəsinə və nikelinə maraq göstərir və sovetlərlə Finlandiya arasında yeni müharibə istəmir. Molotov Finlandiyanın tam məğlub edilməli olduğunu bildirirdi, lakin Hitler bunu eşitməmiş kimi davrandı – görünür, bu, 1939-cu il paktına əlavə gizli protokollar əsasında Avropa bölgüsü vaxtının başa çatdığına eyham idi.

Qarşılıqlı etimaddan tamamilə məhrum tərəflərin apardığı kifayət qədər sinik danışıqlar nəticəsində yalnız iqtisadi əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlindi. Almaniya sovet neftində, taxılında və Uzaq Şərqdən, məsələn, kauçukun SSRİ vasitəsilə tranzitində maraqlı idi. Səfərin yekunlarına dair bəyanata Molotovun xahişi ilə aşağıdakı cümlə əlavə olundu: “Fikir mübadiləsi qarşılıqlı etimad şəraitində keçdi və SSRİ ilə Almaniyanı maraqlandıran bütün mühüm məsələlər üzrə həmrəyliyi üzə çıxardı”

Molotov Berlini belə bir təəssüratla tərk etdi ki, Almaniya ilə işgüzar münasibətləri davam etdirmək, yeni münaqişələrdən qaçmaq və getdikcə daha real görünən müharibə perspektivini uzatmaq mümkündür. Hitlerin özü isə Molotovla görüşdən sonra öz ideyasına yeni təsdiq tapdı: ərazilərini genişləndirməkdə davam edən “partnyor”la üzülüşmək vaxtı çatıb. O, SSRİ-yə qarşı hücum planının – “Barbarossa” əməliyyatının – hazırlanmasını sürətləndirmək göstərişi verdi. Danışıqlardan bir ay sonra, 1940-cı il dekabrın 18-də Hitler SSRİ-yə qarşı müharibəyə hazırlıq haqqında 21 saylı direktivi imzaladı. Bu sənəddə əsas tezis belə idi: “Alman silahlı qüvvələri İngiltərə ilə müharibə başa çatmazdan əvvəl Sovet Rusiyasını qısa müddətli kampaniya çərçivəsində darmadağın etməyə hazır olmalıdır”.

Eyni zamanda nasist diktator ələ keçirməyi planlaşdırdığı ərazilərin geosiyasi, coğrafi və iqlim xüsusiyyətlərinə dair Baş Qərargahdan və abverdən (hərbi kəşfiyyat) aldığı sənədləri qulaqardına vurdu. Yolların keyfiyyətsizliyi, palçıq (rasputitsa) ehtimalı, erkən rus qışı, qoşunların təchizat problemi ilə bağlı qabaqcadan edilən xəbərdarlıqlar, sovet ordusunun müdafiə dəyanəti, habelə qərbdə hələ də məğlub edilməmiş Britaniyanın mövcudluğu – bütün bu arqumentlər Hitler tərəfindən rədd edildi. O, SSRİ-nin Avropa hissəsindəki sovet qüvvələrini qış gəlməmişdən əvvəl, cəmi bir neçə ay ərzində tam darmadağın ediləcəyinə inanırdı.

Nəhəng. Amma hansı ayaqlar üzərində?

Fürer Rusiya haqqında məlumatlarda yalnız özünün “gil ayaqlı nəhəng” nəzəriyyəsinə uyğun gələnləri görmək istədi. O, Stalin tərəfindən həyata keçirilən Böyük terrorun sovet sisteminin dayanıqlığını sarsıtdığına və Qırmızı ordunu tamamilə dezorganizə etdiyinə əmin idi. 1937–1939-cu illərdə SSRİ-də 1-ci və 2-ci dərəcəli 19 ordu komandanı, eləcə də xüsusi hərbi təhsil almış, təcrübəli və peşəkar hərbi rəhbərlik təbəqəsinə aid azı 503 yüksək rütbəli zabit — marşallardan briqada komandirlərinə qədər — fiziki cəhətdən məhv edilmişdi. Onların yerinə isə tez bir zamanda vəzifəyə gətirilmiş, əksəriyyəti real döyüş təcrübəsi və strateji hazırlığı olmayan şəxslər keçmişdi. Bu kadrlar arasında istedadlı insanlar da vardı, lakin onlar üçün ani yüksəliş əvəzinə, bilik və təcrübə toplamaq daha faydalı olardı.

Sistemin daxildən sarsılması ilə bağlı qənaət yalnız qismən doğru idi. Təcrübəli kadrların məhv edilməsi komanda heyətini zəiflətsə də, eyni zamanda sistemi qorxu ilə betonlaşdırdı, hərçənd istənilən təşəbbüsü dondururdu. Repressiyalar sıralarda birliyi möhkəmləndirməyin ən yaxşı yolu deyildi, lakin opriçnina metodlarını tətbiq edən rəhbər sağ qalmış, əsl stalinçi kadrları bir arada saxlamaq üçün başqa bir yol tapa bilmədi. Həm də demək olmaz ki, terror yalnız 1937–38-ci illərlə – bədnam “Yejov dövrü” ilə məhdudlaşdı. 1941-ci ildə, müharibədən az əvvəl, SSRİ Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrinin rəhbərləri – generallar Yakov Smuşkeviç, Pavel Rıçaqov və Qriqori Ştern – həbs edilərək payızda güllələndilər. 1941-ci ilin yayında Qırmızı ordunun keçmiş Baş Qərargah rəisi Kirill Meretskov və silah sənayesi üzrə xalq komissarı Boris Vannikov da həbs olundu. Onlar möcüzə nəticəsində sağ qalıb, gözlənilmədən vəzifələrinə qaytarıldılar. Qeyd etmək lazımdır ki, Meretskov 1941-ci ilin yanvarında Stalin qarşısında Almaniya ilə müharibənin labüdlüyünü və Sovet silahlı qüvvələrinin tam döyüş hazırlığına gətirilməsinin vacibliyini bildirdiyinə görə Baş Qərargahın rəhbərliyindən uzaqlaşdırıldı.

Onun yerinə Georgi Jukov təyin olundu; o da eyni xətt üzrə hərəkət etməyə çalışırdı, lakin bir o qədər ardıcıl deyildi. 1941-ci il üçün sənaye üçün yeni səfərbərlik planının layihəsini Jukov Xalq Komissarları Soveti yanında Müdafiə Komitəsinin rəhbəri Kliment Voroşilova hələ martda təqdim etdi, lakin plan iyunun sonuna qədər təsdiqlənmədi, Jukovun şəxsən Stalinə şikayət etməsinə baxmayaraq. Görünür, döyüşlər və səfərbərlik başlayandan sonra orduda adi tüfənglərin və mühəndis alətlərinin çatışmazlığı təsadüfi deyildi. Orduda avtonəqliyyat çatışmazlığı hələ 1939-cu ildə 14 min vahid təşkil edirdi və iki il ərzində bu problem aradan qaldırılmamışdı. 45 mm-lik tank əleyhinə toplar üçün mərmilərdən kifayət qədər (90%) olsa da, 76 mm-lik toplar üçün bu göstərici cəmi 16% idi. Bütün bunlar, şübhəsiz ki, Qırmızı ordu üçün problemlər yaradırdı, lakin onu döyüş qabiliyyətsiz və ya tamamilə müdafiəsiz etmirdi.

Nasist rəhbərləri alman hərbi texnikasının tam üstünlüyünə və kiminsə, xüsusən də SSRİ-nin onu üstələməyəcəyinə əmin idilər. Almaniyada nüvə fizikası, raket və elektromexaniki hesablayıcılar sahəsində tədqiqatlar aparılırdı. Alman konstrukturlarının reaktiv aviasiya üçün eksperimental mühərriklərin yaradılması sahəsində uğurlu təcrübələrini bilən Hitler və Görinq 1940-cı ildə SSRİ-yə alman təyyarələrinin seriyalı nümunələrini almağa icazə verdilər. Alman texniki üstünlüyü haqqında bu yanlış təsəvvür sovetlərin əlinə oynayan kobud səhv oldu. Almanlar sovet Hərbi Hava Qüvvələrinin imkanları barədə İspaniyada aparılmış müşahidələr əsasında hökm çıxarırdılar. Vətəndaş müharibəsində respublikaçılara kömək edən SSRİ bu münaqişədə İ-15 biplanı və İ-16 monoplanından istifadə etmişdi ki, onlar da sürət və silahlanma baxımından alman Mе-109-larından geri qalırdılar. 1941-ci ildə Sovet HHQ rəhbərlərindən biri olan Pavel Rıçaqov, görünür, Stalinə onun yüksək qəza göstəriciləri ilə bağlı sualına cavabında dediyi “Siz bizi tabutlarda uçmağa məcbur edirsiniz” sözlərinə görə həbs olundu. Köhnə tipli faner təyyarələri güclü mühərrikləri olan alüminium gövdəli alman monoplanları ilə çətinliklə mübarizə apara bilərdilər.

Bununla belə, gündə orta hesabla ikidən çox qəza kimi yüksək göstərici təkcə aviasiya sənayesindəki problemlərlə deyil, həm də pilotların yetərincə keyfiyyətli hazırlıq keçməməsi ilə bağlı idi. Pilotların kütləvi buraxılışı artmışdı, lakin bu, nə məktəblərdə, nə buraxılışdan sonra uçuş saatlarının artması ilə müşayiət olunurdu. As pilot Dmitri Popov kimi xatirə müəlliflərinin qeyd etdiyinə görə, 1941-ci ilin yayına qədər köhnə təyyarələrdə hazırlaşmış və Kiyev ətrafındakı hissələrə göndərilmiş gənc pilotlar nəinki yeni təyyarələr barədə heç nə bilmirdilər, həm də İ-15 və İ-16 təyyarələrində cəmi 30 saata qədər uçuş təcrübəsinə malik idilər. Onları birbaşa döyüşə buraxmaq təhlükəli idi. Kursantların zəif uçuş təlimi, neft sənayesinin yüksək oktanlı aviasiya benzinini kifayət qədər istehsal etməməsi ilə əlaqədar idi. Stalin özü də təlim zamanı yanacağa qənaət etməyə çağırırdı, bu da sonra təcrübəsiz pilotların qəzalara uğraması ilə nəticələnirdi. Müharibə dövründə aviabenzin tədarükü lend-liz çərçivəsində həyata keçirilirdi, lakin ön cəbhə prioritet olduğundan, təcrübəsiz pilotlar problemi savaşın sonuna qədər aktual oldu. Müharibədən əvvəl Pavel Rıçaqov kursant üçün ümumi uçuşun 120 saata çatdırılması məsələsini qaldırmışdı, lakin Xalq Müdafiə Komissarlığının əmri ilə müharibədən üç ay əvvəl qırıcı pilotlar üçün təlim müddəti hətta azaldılaraq 30 saatdan 24 saata endirildi. 

Lakin sovet hərbi sənayesinin yeni təyyarə modellərinin istehsalına sürətlə başlamaq imkanları var idi. Belə ki, 1940–41-ci illərdə konstruksiyasında ağacdan istifadə olunmasına baxmayaraq, müasir döyüş təyyarələrinin – Yak-1, LaQQ-3 və MiQ-3 qırıcılarının istehsalına başlanıldı, İl-2 zirehli hücum təyyarəsi meydana çıxdı. Bütün bu təyyarələr çətinliklə də olsa “Messerschmitt”lərlə rəqabət apara bilirdilər.

Eyni zamanda, almanların İspaniyada Ju-87 tipli şığıyıcı bombardmançı təyyarələrdən uğurla istifadə etmələrinə baxmayaraq, SSRİ-də şığıyıcı hücum texnologiyası gec mənimsənildi. Şığıyıcı bombardmançılar hazırlanması tapşırığı verilmişdi, lakin idarələrarası intriqalar səbəbindən Arxangelskinin uğurlu AР-2 təyyarəsi istehsaldan çıxarıldı. Petlyakovun Pe-2 təyyarəsi isə nəzərdə tutulduğu kimi şığıyıcı bombardmançı kimi yox, üfüqi bombardmanlar üçün istifadə olundu. Yalnız 1942-ci ilin ikinci yarısında uğurlu şığıyıcı bombardmançı – Tupolev Tu-2-nin kütləvi istehsalına başlanıldı.

1941-ci ilin yayı üçün Qırmızı ordunun 10 mindən çox, Almaniyanın malik olduğundan üç dəfə çox tankı var idi. SSRİ-nin qərb hərbi dairələrindəki qoşunları tankların sayına görə Almaniya və onun müttəfiqlərinin təcavüz üçün ayırdığı qüvvələri 3,6 dəfə, təyyarələrin sayına görə isə 2,2 dəfə üstələyirdi. Bəli, tankların əksəriyyəti 1930-cu illərin ortalarına aid köhnə modellər idi, zirehi və silahlanması zəif sayılırdı. Amma T-26, BT-5 və BT-7 tankları almanların T-II və T-III modelləri, eləcə də Almaniyanın istifadə etdiyi çex qənimət maşınları ilə müqayisə oluna bilərdi. Yeni T-34 orta tankı isə zireh və silahlanmanın bütün parametrlərinə görə almanların əsas tankı olan T-IV-dən üstün idi: T-IV- mərmiləri T-34-ə zərər vura bilmirdi. Almaniyada sovetlərin KВ-1 tankı ilə müqayisə oluna biləcək bir dənə də olsun ağır tank yox idi. T-34 və KV-1 tanklarının qərb hərbi dairələrində min ədəddən artıq miqdarda yerləşdirilməsi alman tankçıları və piyadaları üçün böyük sürpriz oldu. Almanların bu tanklara qarşı əsas effektiv vasitəsi 88 mm-lik universal zenit topları idi. 

Sovet aviasiyası və zirehli texnikasının əsas texniki problemi yanacaq, sursat təminatının logistikası və yeni texnikanın keyfiyyətli texniki xidməti idi. Hələ 1939-cu ilin sentyabrında Qırmızı ordunun Polşaya daxil olması zamanı tankların kütləvi şəkildə sıradan çıxması, texniki nasazlıqları, tank və avtonəqliyyat üçün yanacağın çatdırılmasında problemlər aşkar edildi. Bu məsələyə diqqət yetirilsə də, 1941-ci ilin yayına qədər hər iki problem tam həll olunmadı. Yeni texnikanın istifadəsi həm də onları mənimsəmiş hərbçilərin sayının kifayət qədər olmaması ilə çətinləşirdi.

Bundan əlavə, raket silahlarının buraxılmasını ləngidən repressiyalara baxmayaraq, 1941-ci ildə reaktiv minaatanlar – BM-13 (“Katyuşa”) silahlanmaya qəbul edildi və düşmənə qarşı yeni, effektiv zərbə vasitələrindən birinə çevrildi.

Ümumilikdə, Finlandiyaya qarşı “Qış müharibəsi”ndən sonra Qırmızı ordunun sürətlə modernləşdirilməsi başlanmışdı, amma proses zaman tələb edirdi. Düşmənin bu dəyişiklikləri görməzdən gəlməsi sovet hərbçilərinə əlavə üstünlüklər qazandırırdı. Bu üstünlüklərdən mövcud şəraitdə daha yaxşı istifadə oluna bilərdimi? Şübhəsiz ki, bəli. Və bunun üçün məsuliyyəti həm şəxsən Stalin və hakim elita, həm də Qırmızı ordu komandanlığı daşıyırdı.

(Davamı olacaq) 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada