
Milyonların ölümünə səbəb olan inad, yay gecəsinin dəhşətli xəbəri... - II YAZI
Stalin və Hitlerin yanlış hesablamaları, dünyanı qana çalxayan “Barbarossa”
11 İyun 2025
Bir ay əvvəl Rusiyada nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümü təntənəli surətdə qeyd olundu. Bəs bu müharibə necə başladı? 1939-cu ildə faktiki ittifaq bağlayan və Avropanın şərqini bölüşdürən Hitler və Stalin necə oldu ki, üz-üzə gəldilər? “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik.
Əvvəli: Burada
Stalin nə bilirdi və nəyə inanmırdı?
Moskva isə öz növbəsində, Polşa və Fransada aparılan hərbi əməliyyatlar zamanı vermaxtın xüsusən aviasiya və zirehli texnikanın hücumlarının səmərəli şəkildə koordinasiyası sahəsində əldə etdiyi döyüş təcrübəsinin əhəmiyyətini layiqincə qiymətləndirmirdi. Böyük tank birləşmələrinin əsas zərbə qüvvəsi kimi istifadəsi isə gözdən qaçmamışdı. 1941-ci ilin əvvəlində təcili şəkildə hər biri 1000 tankdan ibarət olmaqla 29 mexanikləşdirilmiş korpusun yaradılması qərara alındı və ordu müharibəyə bu komanda strukturunun yenidən qurulması prosesində yaxalandı. Bundan əlavə, Qırmızı ordu ərazi prinsipindən kadr prinsipinə əsaslanan, əraziüstü komplektləşdirmə sisteminə keçirdi və əlavə səfərbərlik hesabına qoşunların sayı artırılırdı, bu da islahatın ilk mərhələsində döyüş qabiliyyətinin azalmasına səbəb oldu.
Eyni zamanda, Stalinin Böyük Britaniya ilə dənizdə rəqabət aparmaq istəyi kimi geosiyasi ambisiyalarından doğan səhvlərə də yol verildi. Belə ki, 1939-cu ildə Nikolayev və Molotovskda (indiki Severodvinsk) “Sovet İttifaqı” tipli 4 superqüvvətli xətt gəmisinin təməli qoyuldu və inşasına başlandı. Lakin bu gəmilər heç vaxt tamamilə hazır olmadı və ölkə üçün olduqca baha başa gələn, prioritet sayılmayan bu layihəyə sərf olunan vəsaitə açıq-aşkar dəymirlər.
SSRİ müharibəyə on ildən çox hazırlaşırdı. Kəndlilərin talan olunması hesabına ağır sənayenin qurulması əməliyyatı qismən uğurla nəticələndi. Yeni hərbi sənaye müəssisələri, tərsanələr və metallurgiya zavodları yaradıldı. Lakin Qolodomor və beşillik tikintilərinə sürgün nəticəsində milyonlarla insan, o cümlədən çağırış yaşında olanlar həlak oldu. Stalinin baxışına görə, “varlı kəndli” – qolçomaqla müharibə onun xeyrinə bitmişdi. Amma bu, reallığı tam əks etdirmirdi. Salamat qalan kəndlilərin böyük bir hissəsi şəhərlərə köç etmiş və Stalin rejiminə qarşı dərin inciklik bəsləyirdi. Bu isə Qırmızı ordunun siyasi dayanıqlığına təsirsiz ötüşməyə bilməzdi. Ordunun bir çox əsgəri onları torpaqlarından, bəzilərini isə yaxınlarından və doğmalarından məhrum edən sistemi canla-başla müdafiə etməkdə tərəddüd keçirirdi.
Böyük terrorun sovet cəmiyyətində dayanıqlığın pozulmasında rolunu xüsusi vurğulamaq lazımdır. Qərb müşahidəçiləri rəsmi mətbuatın “xalq düşmənləri”ni ifşa edən materialları sayəsində yalnız üzdə olanı görürdülər: köhnə bolşevik nomenklaturasının “təmizlənməsi” və Qırmızı ordu rəhbərlərinin məhvi. Halbuki qırğınlar bütün səviyyələrdə aparılırdı və bunun üçün müxtəlif meyarlar yetərli idi: inqilabdan əvvəlki partiyalara üzvlük, antikommunist müqavimətdə iştirak, kollektivləşmə dövründə repressiyalara məruz qalmaq, NKVD-nin nəzərində “şübhəli” sayılan milli mənsubiyyət (Baltikyanı xalqlar, polyaklar, almanlar, finlər), siyasi qeyri-loyallıq və s. 1936–1938-ci illərin repressiyaları kütləvi idi: bu dövrdə ən azı 680 min insan güllələnmişdi ki, onların əksəriyyəti kişilər idi. 1940–41-ci illərdə QULAQ koloniyalarında və düşərgələrində orta hesabla 2,5 milyon insan saxlanılırdı. Milyonlarla insan SSRİ-nin uzaq bölgələrinə sürgün olunmuşdu. Rəhbərliyin həmin dövrdə “kontingent” adlandırdığı bu kütlənin artımı, həbslər, repressiyaya məruz qalanların yoxa çıxması və ya məhkum olunması onların yaxınlarının və ətrafdakıların əhval-ruhiyyəsinə təsirsiz ötüşə bilməzdi. Onlar hərbi xidməti qeyri-insani sistemin xeyrinə yerinə yetirilən məcburi öhdəlik kimi qəbul edirdilər.
Bu arada Almaniyanın SSRİ ilə sərhədə qoşun toplaması barədə məlumatlar onlarla mənbədən Kremlə çatırdı. Hələ 1941-ci il aprelin 3-də Çörçill SSRİ-dəki Britaniya səfiri Kripps vasitəsilə Stalini Almaniya qoşunlarının SSRİ-yə hücum məqsədilə yerdəyişməsi barədə xəbərdar etmişdi. Aprelin 18-də teleqramla təkrar xəbərdarlıq göndərildi, Stalinin diqqətini cəlb etmək üçün daha sonra da bir neçə cəhd göstərildi, lakin hamısı Stalin tərəfindən inkar edildi. Bu xəbərdarlıqlar arasında iyunun 18-də göndərilən və sovet sərhədi boyunca 147 alman diviziyasının cəmlənməsi barədə məlumat da var idi.
Almaniya dezinformasiya kampaniyası aparırdı: diplomatlara Britaniyaya müdaxilə hazırlığı, qoşunların bir hissəsinin bombardmanlardan qorunmaq üçün şərqə çəkilməsi barədə versiya ötürürdü… Və sənədlərdən göründüyü kimi, əldə olunan materialların Sovet Baş Qərargahının Kəşfiyyat İdarəsinin (BQ Kİ) rəisi Filipp Qolikov tərəfindən təhlili alman dezosunun və sovet rəhbərinin istəklərinin ruhuna tam uyğun aparılırdı: guya alman qoşunları qərbdəki bombardmanlara görə istirahətə çəkilib, Britaniya mənbələri isə SSRİ ilə Almaniyanın arasını vurmaqda maraqlıdırlar.
1940-cı il iyunun 1-dən 1941-ci il iyunun 22-dək BQ Kİ rezidenturalardan təxminən 270 məlumat aldı, onlardan 129-u Stalinə məruzə edildi. Hələ 1940-cı ildə 25 məlumat Almaniya rəhbərliyinin SSRİ-yə münasibətinin dəyişməsindən bəhs edirdi. Berlin şəhərindəki hərbi-dəniz attaşesi Vorontsov və hərbi attaşenin köməkçisi Xlopov tərəfindən hücumun tarixlərini ehtiva edən, reallığa yaxın olan məlumatlar göndərilmişdi. Almaniyanın Moskvadakı səfirliyində sovet agenti Keqel var idi ki, SSRİ-yə hücumun tarixini bildirmişdi. Qolikov həmin məlumatın üzərinə belə bir qeyd yazmışdı: “Görünür, dezinformasiyadır”. Moskvada isə üstünlük “Litseist” ləqəbli mənbəyə verilirdi – bu, NKVD-nin Berlin rezidenti Amayak Kobulovu gestaponun xüsusi seçilmiş dezinformasiyası ilə təmin edən jurnalist Orest Berlinks idi. Onun ötürdüyü məlumatlar SSRİ-yə hücum hazırlığını gizlətmək məqsədilə hazırlanmışdı: “Hitler SSRİ-yə hücumu yalnız imitasiya edir. O, iki cəbhədə müharibədən çəkinir. SSRİ ilə müharibə, olsa belə, ən tez 1,5-2 ildən sonra olacaq”.

Tokiodakı Almaniya səfirliyində fəaliyyət göstərən rezident Rixard Zorgenin (“Ramzay”) Almaniyanın SSRİ-yə hücuma hazırlaşması barədə verdiyi mühüm məlumatlar, habelə Berlində Luftvaffe Baş Qərargahından və İqtisadiyyat Nazirliyindən gizli məlumatlar alan antinasist “Qırmızı kapella” qrupunun məlumatları da eynilə nəzərə alınmadı. Bu isə təəccüblü deyil, çünki NKVD-nin Dövlət Təhlükəsizlik Baş İdarəsinin (DTBİ) təxminən 450 əməkdaşından yalnız Böyük terror dövründə 275 nəfəri repressiyaya məruz qalmışdı. Berlin və London rezidenturaları bağlandı və yalnız müharibə ərəfəsində bərpa etməyə başladılar. BQ Kİ-nin dörd rəhbəri güllələnmiş, hərbi kəşfiyyatın bölmə rəhbərləri isə repressiya olunmuşdu. Bu, Üçüncü reyxin gerçək planlarının aşkarlanması üçün sovet kəşfiyyatına dəhşətli bir zərbə idi.
Birinci zərbəni kim vurmaq istəyirdi?
Bu günədək mübahisə doğuran xüsusi sual budur: Stalinin SSRİ sərhədində cəmləşən alman qoşunlarına qarşı qabaqlayıcı zərbə endirməyə hazırlaşması barədə iddialar nə dərəcədə əsaslıdır? Almaniya öz hücumunu Sovet İttifaqının hiyləgər planını pozmaq və preventiv zərbə endirmək zərurəti ilə izah edirdi. Bu versiya keçmiş Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşı Viktor Suvorovun “Buzqıran” adlı əsəri sayəsində yenidən gündəmə gəldi. Müəllif bu əsərdə Stalin ekspansiyasının tarixindən və öz müşahidələrindən – məsələn, zirehli qoşunların yaradılması və ordunun hücum doktrinasının təkamülü prosesindən – çıxış edirdi. Bu hipotezin bir çox tərəfdarı sovet hücumunun 1941-ci il iyulun 15-də planlaşdırılmış ola biləcəyini ehtimal edirlər.
Arxiv inqilabı adlanan dövr ərzində Qırmızı ordunun mümkün təcavüzə cavab olaraq nəzərdə tutulmuş hücum planlarının mövcudluğunu göstərən Baş Qərargah sənədləri üzə çıxarıldı. Lakin konkret tarixlər göstərilən hücum əməliyyatı planı aşkar edilmədi. Şübhəsiz ki, Stalin müdafiə naziri Timoşenko və Baş Qərargah rəisi Jukovun sərhəd qoşunlarını döyüş hazırlığına gətirmək barədə verdiyi davamlı təkliflərdən narahat idi, lakin bu tədbirləri həyata keçirməkdən imtina edirdi. O hesab edirdi ki, qoşunların ön xətt rayonlarına çıxarılması Almaniyanı hücuma təhrik edə bilər.
Guya azaraq mütəmadi sovet ərazisinin dərinliklərinə girən alman təyyarələrinə atəş açmamaq barədə zenit artilleriyası və aviasiya qüvvələrinə Stalinin göstərişi “Hitleri təhrik etmək” əndişəsindən doğurdu. Bu, alman ordusuna Sovet İttifaqının qərb hissəsinin aerofotoçəkilişini maneəsiz şəkildə aparmağa və bombalanmalı olan hərbi obyektlərin ətraflı xəritəsini tərtib etməyə imkan verdi.
Bundan əlavə, Stalin səhvən əmin idi ki, hərbi əməliyyatların başlanmasından əvvəl Almaniya müəyyən tələblər irəli sürəcək, bir növ ultimatum olacaq. Ola bilsin ki, o, Hitlerin Polşaya hücumu ərəfəsindəki vəziyyətin təkrar olunacağını düşünürdü – o zaman, doğrudan da, tələblər irəli sürülmüş və yalnız pauzadan sonra hərbi əməliyyatlar başlamışdı. Bu isə Polşaya silahlı qüvvələrini mövqelərə yerləşdirmək və səfərbərlik keçirmək imkanı verdi – hərçənd təcavüzə effektiv müqavimət göstərmək baxımından kifayət etmədi. Qəribədir ki, sovet diktatoru digər nümunələri görmək istəmədi: Almaniyanın xəbərdarlıq etmədən Danimarka, Norveç, Niderland, Belçika, Yuqoslaviya və Yunanıstana hücumları. Stalin bu acı təcrübəni görməməzlikdən gəldi.
Eyni zamanda Hitler deyirdi: “Stalin sağ olduqca Almaniyanı heç nə təhdid etmir”. Gerçəkdən alman fürer Qırmızı ordunun preventiv zərbəsindən ehtiyat etmir və rahatca hücumu hazırlayırdı. 1941-ci il yanvarın 31-də o, Baş Komandanlığın (OKH) qoşunların strateji yerləşdirilməsinə dair gizli direktivini təsdiqlədi. Bu sənəddə məqsəd belə qoyulurdu: “Qərbi Rusiyada yerləşən bütün sovet qoşunlarının tam məhv edilməsi. Eyni zamanda, döyüş qabiliyyətli sovet hissələrinin ölkənin dərinliklərinə çəkilməsinin qarşısı alınmalıdır”. “Alta” mənbəyi (İlza Ştöbe) bu direktivin qısa məzmununu 28 fevralda ötürdü – burada üç ordu qrupunun yaradılmasından və onların Leninqrad, Moskva və Kiyev istiqamətində hücum planlarından bəhs olunurdu. Hücuma hazırlıqla bağlı yeni-yeni məlumatların gəlməsinə baxmayaraq, BQ Kİ rəisi Qolikov 1941-ci il martın 20-də Stalinə, Timoşenkoya və Jukova təqdim etdiyi hesabatda faktlara zidd olan nəticələr çıxarmışdı: “SSRİ-yə qarşı hərbi əməliyyatların başlanması üçün ən mümkün vaxt – İngiltərə üzərində qələbədən və ya Almaniya üçün şərəfli sülh bağlandıqdan sonra olacaq”. “Bu ilin yazında SSRİ-yə qarşı müharibənin qaçılmazlığı ilə bağlı şayiə və sənədlər ingilis, hətta bəlkə də alman kəşfiyyatının yaydığı dezinformasiya kimi qiymətləndirilməlidir”. Halbuki, həmin “şayiə və sənədlər” alman qoşunlarının şərqə cəmləşməsi və müharibəyə hazırlığı ilə bağlı faktları tam dəqiqliklə əks etdirirdi.
Alman qoşunlarının sayının artması barədə məlumatlar BQ Kİ-nə apreldə də daxil olmaqda davam edirdi. Aprelin 26-da sovet rəhbərliyinə “qoşunların bizim qərb sərhədimizə və Balkanlara fasiləsiz şəkildə daşınması” barədə məlumat verildi. Dəqiq rəqəmlər göstərilirdi: SSRİ-yə qarşı 103–107 diviziya cəmləşdirilib. Beləcə, Moskva vermaxtın sərhəd boyunca cəmləşməsindən xəbərdar idi. Konkret məlumatların həcmi artırdı. BQ Kİ-nin 5 may 1941-ci il tarixli məlumatında qeyd olunurdu ki, SSRİ-yə qarşı qruplaşmaların “qərb və cənub-qərb sərhədi boyunca gücləndirilməsi” gedir. İki ay ərzində diviziyaların sayı “37 ədəd artıb (70-dən 107-yə)… Rumıniya və Macarıstan orduları ilə birlikdə bu, təxminən 130 diviziya təşkil edir. Diqqət çəkən məqam – tank qoşunlarının 9 diviziyadan 12-yə qədər gücləndirilməsidir”. Göstərilir ki, dəmir yolları, “sursat, yanacaq və digər hərbi təminat anbarlarının tikintisi aparılır. Aerodromlar və enmə meydançaları şəbəkəsi genişləndirilir”.
1 iyun tarixli məlumatda SSRİ-yə qarşı cəmləşdirilmiş qoşunların sayı “120-122 diviziya, bütün cəbhələrdə İngiltərəyə qarşı – 122-126 diviziya. Ehtiyatda isə – 44-48 diviziya” kimi göstərilmişdi. Nəticəyə gəlinirdi ki, “almanlar əməliyyat dərinliyinin yaradılmasına başlayıblar və… Lodz – Krakov xəttindən qərbdə 6–8 diviziya cəmləşdiriblər. Yuqoslaviya, Yunanıstan və Bolqarıstandan böyük qüvvələrini Rumıniya ərazisinə köçürməklə, almanlar SSRİ-yə qarşı sağ cinahlarını əhəmiyyətli dərəcədə gücləndiriblər”. Rumıniyada faktiki səfərbərlik barədə Buxarestdən və alman qoşunlarının Finlandiya üzərindən şimala daşınması barədə Helsinkidən çoxsaylı məlumatlar daxil olurdu.
Hazırlıq(sızlıq) səviyyəsi
Təəccüblüdür, bu cür məlumatlar almasına baxmayaraq, Stalin hələ də güman edirdi ki, SSRİ-yə qarşı müharibə 1941-ci ildə başlamayacaq. Ola bilsin, onu bu fikrə Qərbi Avropada çoxsaylı alman diviziyalarının mövcudluğu barədə məlumatlar sövq edirdi (sonradan məlum oldu ki, ehtiyat hissələr və köhnə texnika idi). Həmin məlumatlarda bu diviziyaların sayı şişirdilmiş, sovet sərhədi yaxınındakı qüvvələrin sayı isə əksinə, az göstərilmişdi. Bununla belə, Stalin bəzi tədbirlər görmək qərarına gəldi. Belə ki, may ayının ortalarından başlayaraq, qərb hərbi dairələrinə əlavə dörd ümumqoşun ordusunun və bir atıcı korpusun (ümumilikdə 28 diviziyanın) göndərilməsi başlandı – bu qüvvələr Dnepr və Qərbi Dvina çayları boyunca müdafiənin ikinci eşelonunda yerləşdirildilər. Bundan əlavə, təlim adı altında ehtiyatçılar arasında qismən səfərbərlik həyata keçirildi. 1941-ci ilin may–iyun aylarında ehtiyatdan təxminən 800 min nəfər çağırıldı. Mayın 27-də Baş Qərargah səhra cəbhə komanda məntəqələrinin təcili tikilməsini əmr etdi və iyunun 19-a qədər bu məntəqələrə Baltikyanı, Qərb və Kiyev hərbi dairələrinin rəhbərliklərinin çıxarılması planlaşdırıldı. Elə həmin 19 iyun tarixində qoşun hissələrinin kamuflyaj olunması və təyyarələrin səpələnməsi haqqında gecikmiş əmr verildi. Müdafiə naziri Timoşenko və Baş Qərargah rəisi Jukov bu qərarları sovet diktatorundan az qala yalvar-yaxarla qoparmışdılar. Stalin son günə qədər Hitlerə bəhanə verməkdən çəkinirdi. Ola bilər, sovet rəhbərinə Almaniya silahlı qüvvələrinin sayının 8,5 milyon nəfərə çatması, 214 diviziyadan təxminən 120-sinin SSRİ-yə qarşı müharibə üçün nəzərdə tutulması barədə son məlumatlar təsir etmişdi (iyunun 22-də Baş Qərargah Şərq cəbhəsində 191 diviziya və briqadanın cəmləşdiyini, onlardan 146-nın alman diviziyası olduğunu elan etdi. Əslində isə, Üçüncü Reyx və müttəfiqlərinin qoşun qruplaşması artıq 226 diviziya və briqadadan ibarət idi).
Stalinin guya Hitlerə müharibə üçün bəhanə vermək istəməməsi əslində zərərli və təcavüzə təşviq edən siyasət idi. Çünki Hitlerin gözündə potensial düşmənin hərbi zəifliyini gizlədən güzəştlər kimi qəbul olunur və təcavüzkarı 4,5 milyon nəfər səfərbər etdiyi hücum üçün düzgün vaxt seçdiyinə olan əminliyini daha da möhkəmləndirirdi. Əslində isə “təcavüzü qızışdırmaq” sadəcə mümkün deyildi: Berlində SSRİ-yə qarşı müharibəyə başlamaq barədə strateji qərar 1941-ci ilin yazı üçün artıq qəbul olunmuşdu.
Müharibə ərəfəsində, 1941-ci ilin iyununda Qırmızı ordu qüvvələrinin konfiqurasiyası hücum planına uyğun görünmürdü, lakin eyni zamanda, aydın müdafiə xarakteri də daşımırdı. Ola bilər, bu yerləşmə SSRİ rəhbərliyinin və ordu komandanlığının alman hücumunu sərt mövqe müdafiəsi ilə deyil, hücum edən düşməni əks-hücumla dəf etmək ümidi ilə bağlı idi. Müharibə başladıqdan sonra da Moskvadan qoşun qərargahlarına bu ruhda – yəni əks-hücumlara hesablanan göstərişlər verilirdi. Bu cür plan kobud səhv kimi görünür. Çünki vermaxt özünün əsas zərbə istiqamətlərində düşməni canlı qüvvə, tank və artilleriya baxımından 3-5 dəfə üstələyirdi və sərhədyanı sovet aerodromlarına endirilən qəfil zərbə sayəsində havada tam üstünlüyə malik idi.
1941-ci ilin yayında baş vermiş ilk döyüşlərin sağ qalan iştirakçılarının xatirələrindən aydın görünür ki, sovet qoşunları açıq-aşkar savaşa hazır deyildilər. Xeyli sayda məlumat təsdiqləyir ki, bir çox hissələr təlimlər keçirmək üçün hərbi şəhərciklərdən səhra düşərgələrinə çıxarılmış, lakin real döyüşlər üçün lazım olan qədər sursatla təmin olunmamışdı. Təyyarələr bir çox səhra aerodromlarında açıq vəziyyətdə, kamuflyajsız və səpələnməmiş halda düzülmüşdü. Bununla belə, bəzi hissələrdə təşəbbüskar komandanlar aviasiyanı səpələmiş və sayıqlığı artırmışdılar. Yüksək səviyyəli təşəbbüslər də var idi. Məsələn, 21 iyun axşamı Hərbi Dəniz Donanmasının xalq komissarı Nikolay Kuznetsov Baltik və Qara dəniz donanmalarında döyüş həyəcanı elan olunması əmrini verdi. Bu əmr sayəsində növbəti gecə Sevastopola hücum edən alman aviasiyasına cavab verilməsinə imkan yaradıldı. Hətta belə bir əmr olduğu halda düşmən bombardmançıları Qara dəniz donanmasının əsas bazasına yaxınlaşdıqda donanma komandanlığında atəş açmaqla bağlı tərəddüdlər mövcud idi. Qoşunların döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı birbaşa göstərişlərin olmadığı şəraitdə hər şey yerli komandirlərin təşəbbüsündən asılı idi. Onların əksəriyyəti isə yuxarıdan əmr almadan riskli səfərbərlik addımları atmağa cəsarət etmirdi.
Stalin rəhbərliyinin ən zərərli addımlarından biri, SSRİ-nin köhnə sərhədi boyunca yerləşən möhkəmləndirilmiş rayonlardan qoşunların çıxarılması və həmin ərazilərin qismən silahsızlaşdırılması oldu. Hətta tam tikilib başa çatdırılmamış, amma artilleriya və pulemyotlarla təchiz edilmiş müdafiə xətti mövqelərin ikinci eşalonunun və ehtiyat qüvvələrin müdafiəsi üçün mühüm rol oynaya bilərdi. Lakin 1940-cı ildən etibarən böyük resurslar Almaniya tərəfindən işğal olunmuş Polşa ilə təmas xətti boyunca yeni istehkamların tikintisinə yönəldildi. Tikinti işlərinə 300 minə yaxın insan cəlb olundu. Stalin və SSRİ Müdafiə Xalq Komissarlığı səhv qərar verərək, köhnə möhkəmləndirilmiş rayonlardan artilleriya və pulemyotları çıxarıb yeni müdafiə xətlərini silahlandırmağa çalışdılar. Nəticədə nə yeni möhkəmləndirilmiş rayonlar tam şəkildə yaradıldı, nə də köhnə bölgələrdən yetərincə istifadə olundu, çünki orada nə qoşun, nə də silah var idi. Ancaq bəzi yerlərdə köhnə istehkamları müdafiəyə yenidən uyğunlaşdırmaq mümkün olduqda, sovet döyüşçüləri bir müddət almanların irəliləməsini ləngidə bildilər, Pskov yaxınlığında olduğu kimi.
Müharibə ərəfəsində

1941-ci il nümunəsində Qırmızı ordu ümumi mənzərədə vermaxtdan güclü deyildi, xüsusilə komandanlığın müasir taktikadan istifadəsi və çatışmayan rabitə vasitələrinin tətbiqi sahəsində geri qalırdı. Tanklarda və təyyarələrdə radiostansiya, demək olar ki, yox idi. Bu problemi yalnız ABŞ-dan lend-lizlə radiostansiyalar, telefon aparatları və kabellərin tədarükü sayəsində həll etmək mümkün oldu.
Eyni zamanda, savaşın başlanğıcında Qırmızı ordu kifayət qədər müasir silahlara, təyyarələrə, tanklara, eləcə də bu silah və texnikadan istifadə etməyi bacaran hərbi qulluqçulara malik idi. Əgər sovet-alman paktının qüvvədə olduğu illərdə nasist rejiminə qarşı münasibət adekvat şəkildə saxlansaydı, onun real planlarının aşkarlanması məqsədi qoyulsaydı və ölkə açıq şəkildə nasizmə qarşı mübarizəyə hazırlanmış olsaydı, qərb hərbi dairələrinin məğlubiyyətinin miqyası, əsir düşənlərin və itirilən texnikanın sayı xeyli kiçik olardı. Lakin SSRİ-də antifaşist təbliğat 1939-cu ilin payızından etibarən dayandırılmışdı – yenə də guya pakt üzrə partnyorları narahat etməmək üçün. İdeoloji silahsızlanmadan imtina etməyə dair bəzi cəhdlər yalnız 1941-ci ilin may ayında müşahidə olunmağa başladı. Digər tərəfdən, TASS-ın 14 iyun tarixli bəyanatı hər kəsi Moskvanın sülhpərvərliyinə inandırmağa xidmət edirdi: “SSRİ, sülhsevər siyasətindən irəli gələrək, sovet-alman hücum etməmək paktının şərtlərinə əməl edib və bundan sonra da əməl etmək niyyətindədir. Buna görə də SSRİ-nin Almaniya ilə müharibəyə hazırlaşdığı haqda yayılan şayiələr yalan və təxribat xarakterlidir”.
Lakin Almaniya da təhlükəli hesab olunmurdu: “Almaniya da, SSRİ kimi, hücum etməmək haqqında sovet-alman paktının şərtlərinə ardıcıl şəkildə əməl edir. Buna görə də sovet dairələrinin fikrincə, Almaniyanın bu paktı pozmaq və SSRİ-yə hücum etmək niyyətində olması barədə şayiələr istənilən əsasdan məhrumdur”. Vermaxt qoşunlarının “Almaniyanın şərq və şimal-şərq bölgələrinə” yeridilməsi isə sovet-alman münasibətləri ilə əlaqəsi olmayan hərəkətlər kimi təqdim olunurdu. Qırmızı ordunun yay toplanışları və qarşıdakı manevrləri isə hər il keçirilən tədbirlər kimi qiymətləndirilirdi və Stalinin müəllifi olduğu TASS bəyanatı bu sözlərlə yekunlaşırdı: “Qırmızı ordunun bu tədbirlərini Almaniyaya qarşı düşmənçilik kimi təqdim etmək, azı, cəfəngiyyatdır”. Sakitləşdirici mətn ordu və cəmiyyəti açıq şəkildə silahsızlaşdırır, SSRİ vətəndaşlarında təhlükə hissini zəiflədirdi. 1939-cu ilin payızına qədər sovet təbliğatının xalqı hazırladığı və illərlə gözlənilən müharibənin iyunun 22-də doğurduğu gözlənilməzlik effektin məhz bundan doğurdu.

1941-ci il iyunun 21-də axşam saatlarında Kiyev hərbi dairəsindən Baş Qərargaha məlumat verildi ki, sərhədçilər tərəfə alman hərbçi Alfred Liskov keçib. O bildirirdi ki, “alman qoşunları hücum üçün ilkin mövqelərə çıxır və iyunun 22-də səhər müharibə başlayacaq.” Sərhəd dairələrindən alman qoşunlarının hərəkəti ilə bağlı məlumatlar daxil olurdu. Baş Qərargah rəisi Georgi Jukov, onun müavini Nikolay Vatutin və müdafiə naziri (xalq komissarı) Semyon Timoşenko qoşunların döyüş hazırlığı vəziyyətinə gətirilməsi zəruriliyinə Stalini inandırmaq üçün onun yanına yollandılar. Diktator narahat idi, lakin 21 iyun saat 20:50-də başlayan və bir saat yarım davam edən müşavirə zamanı o, nə Timoşenkoya, nə də Jukova döyüş hazırlığının ən yüksək dərəcəsinin tətbiqini həyata keçirməyə icazə verdi. Yalnız qarışıq məzmunlu 1 saylı direktivin qoşunlara göndərilməsinə razılaşdı.
Direktivdə qeyd olunurdu ki, 22–23 iyun tarixlərində Almaniyanın SSRİ-yə qəfil hücumu mümkündür; bu səbəbdən qoşunlar tam döyüş hazırlığı vəziyyətində olmalı, eyni zamanda mümkün təxribat xarakterli hərəkətlərə uymamalıdır. Göstərilirdi ki, iyunun 22-ə keçən gecə dövlət sərhədindəki möhkəmləndirilmiş rayonların atəş nöqtələri gizli şəkildə tutulmalı, bütün aviasiya səhra aerodromlarına yayılmalı və ciddi kamuflyaj olunmalı, eləcə qoşun hissələri də səpələnib kamuflyaj olmalıdırlar. Direktiv iyunun 22-də saat 00:30-da təcili qoşunlara göndərildi. Lakin görünür ki, hərbi əməliyyatların başlanğıcına qədər bu sənəd yalnız dairə qərargahlarına çatmışdı — çünki Stalinin razılığı ilə verilən əmrlər Moskvadan zəncirvari şəkildə getdiyindən briqada və diviziya səviyyəsinə çatmadılar.
Hətta Stalini oyadıb müharibənin başladığını xəbər verdikdən sonra belə, o, alman generalların təxribatından şübhələnməkdə davam edirdi və 22 iyun saat 05:45-də, hücumdan sonra Kremldəki ilk hərbi müşavirədə belə dedi: “Hitler yəqin ki, bundan xəbərsizdir”. Saat 06:30-a qədər Stalin cavab atəşi açmağa icazə vermirdi, ta ki, Molotov Almaniyanın öz səfiri vasitəsilə rəsmən SSRİ-yə müharibə elan etdiyini xəbər verənə qədər. Jukov xatirələrində yazır: “Biz dərhal Stalindən xahiş etdik ki, qoşunlara təxirəsalınmaz cavab tədbirləri görmək və düşmənə əks-zərbələr endirmək əmri versin. “Molotovun qayıtmasını gözləyək”, – deyə cavab verdi”. Jukov təklif etdi ki, “sərhədyanı hərbi dairələrdəki bütün mövcud qüvvələrlə müdafiəni yarmış düşmən hissələrinə dərhal zərbə endirilsin və onların irəliləməsi dayandırılsın. “Dayandırmaq yox, məhv etmək” – deyə Timoşenko düzəliş etdi. Stalin 2 saylı direktivə razılıq verdi, lakin xəbərdarlıq etdi ki, xüsusi göstəriş olmadan quru qoşunları dövlət sərhədini keçməsin.
22 iyun axşamı vəziyyətə adekvat olmayan, düşmənin öz ərazisində darmadağın olunmasını tələb edən 3 saylı direktiv ortaya çıxdı. Jukov iddia edir ki, o, əvvəlcə Cənub-Qərb dairəsinin qərargahından ön cəbhədə nələr baş verdiyini dəqiqləşdirməyi təklif etmişdi, amma Stalin hücum əməliyyatları barədə qərarı artıq verdiyindən, Baş Qərargah rəisi sənədi imzaladı. Savaşın ilk günlərindəki xaos şəraitində, müdafiə əvəzinə bütün cəbhələrdə mexanikləşdirilmiş korpusların qüvvələri ilə əks-zərbələr endirməyə cəhd göstərilməsi böyük itkilərlə nəticələndi. Məsələn, Cənub-Qərb cəbhəsi tanklarının yarıdan çoxu sıradan çıxdı. Təkcə döyüşlərin ilk həftəsində cəbhənin 4 mindən çox tankından 2600-ü itirilmişdi.
1941-ci il iyunun 22-də saat 03:00-da alman ordusunun sapyor qrupları sovet ərazisinə keçdi, saat 04:00-da isə, güclü artilleriya hazırlığından sonra vermaxtın ön dəstələrinin hücumu başladı; onların arxasınca əsas qüvvələr hərəkətə keçdi. Düşmənin hücumu Qırmızı ordunu tamamilə hazırlıqsız yaxaladı: döyüşlərin ilk günündə on minlərlə hərbi qulluqçu həlak oldu, sursat, yanacaq və texnikanın böyük hissəsi məhv edildi, təxminən 1200 təyyarə sıradan çıxarıldı. Bu itkilər – digər amillərlə yanaşı – Almaniyanın bir neçə aylıq üstünlüyünü təmin etdi. Cəmi altı gün sonra Minsk işğal edildi…
Döyüş hazırlığının vaxtında artırılacağı, qoşunların hücumdan bir neçə saat yox, bir neçə gün əvvəl tam döyüş vəziyyətinə gətiriləcəyi və müdafiə taktikasının seçiləcəyi halda Qırmızı ordunun potensial imkanları – hətta səfərbərlik olmadan belə – bu fəlakətin qarşısını almağa imkan verərdi. Lakin 1941-ci ildə Stalin hakimiyyətinin şaquli idarəetmə sistemi diktatorun obsessiv ideyasına tabe idi — elə bir ideya ki, nə faktlar, nə də tabeliyində olanların ehtiyatla söylədiyi fikirlər onu bu düşüncədən döndərə bilmədi. Yuxarıdan ötürülən və yerinə yetirilməsi mütləq sayılan rəhbər fikrə — yəni Almaniyanın hücumunun qarşısını almağın mümkün olduğuna dair Stalinin inadkar mövqeyinə, — reallıqla hesablaşmayan bu düşüncəyə bağlılıq milyonlarla insanın həyatına başa gəldi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada