
Azərbaycan ənənə və innovasiya arasında: mədəni özünəməxsusluğu necə qorumaq olar?
“Ənənə külə sitayiş deyil, alovun ötürülməsidir” – Qustav Mahler, avstriyalı bəstəkar
30 İyun 2025
Elə bir hiss yaranır ki, yaxın keçmişdə böyük ümidlər bəslənilən qloballaşma dövrü tədricən yeni bir mərhələyə – “postqloballaşma” dövrünə keçir. Bu mərhələdə lokal dəyərlər yenidən ön plana çıxır. Dünya bir daha “identiklik”, “köklər”, “mədəni özünəməxsusluq” anlayışlarını kəşf edir. Bəs insanlıq qloballaşmadan tamamilə imtina edirmi? Yəqin ki, yox. Biz çox güman ki, onun transformasiyasının şahidi oluruq. Yeni, hibrid model formalaşır: yerli maraqlar artıq qlobal maraqlarla qarşı-qarşıya qoyulmur – onlar bu maraqların bir hissəsinə çevrilir.
Və Azərbaycan bu kəsişmədədir. Şərqlə Qərbin çoxdan dostlaşdığı, müasir biznes mərkəzlərinin qədim karvansaralarla yanaşı mövcud olduğu, muğamın caz intonasiyaları ilə səsləndiyi bir ölkə. Amma nə milliliyi, nə də qlobal dünyanın təqdim etdiyi imkanları itirmədən bu tarazlığı necə qorumaq olar?
Mədəniyyət zamanların qovşağında
Azərbaycan sadəcə coğrafi məkan deyil – bu, mədəniyyət düsturudur. Burada xalqların tarixləri, Şərq bazarlarının ətri və Avropa memarlığı, Nizaminin poeziyası və XXI əsr urbanizmi bir-birinə qarışıb.
Amma bizdə də ritm dəyişir. Gənclik getdikcə daha çox beynəlxalq brendlərə, Qərb şablonlarına və ingiliscə sözlərə üstünlük verir (“okey”, “vayb”, “çellenc”, “fleks” eləmək, “layfhak”, “kəmon” və s.). Ənənəvi sənətlər, xalq musiqisi, adətlər isə ilham mənbəyi kimi yox, daha tez-tez keçmişin xatirəsi, əvvəlki dövrün ənənəsi, “old school” kimi qəbul olunur. Bu, pisdir? Mütləq olaraq belə deyil. Məsələ buna necə yanaşmadadır.
Açıq dünya: itki, yoxsa qazanc?
Bəli, qloballaşma sərhədləri silir. Bəs o, millətin ruhunu da silə bilərmi? Çətin. Bu gün etnik motivlər yalnız folklorda deyil, pop musiqidə, modada, qastronomiyada da trendə çevrilir. Bu gün milli mətbəxin müəllif interpretasiyaları, sənətkarlığın müasir dizayn formasında təqdimatı artıq ekzotika yox, dəbdir.
Mədəni irs – sadəcə tarix deyil. Bu, həm də iqtisadiyyatdır. Turizm marşrutları, festivallar, suvenirlər, qastro-turlar... Mədəni kod mədəni kapitala çevrilir. Bu kod nə qədər güclüdürsə, ölkəyə maraq da bir o qədər çox olur.
İdentikliyin qorunması – təcrid olunmaq demək deyil. Bu, yox olmadan yanaşı yaşaya bilmək qabiliyyətidir. Bəzən bu incə sərhəd mübahisələrə səbəb olur. Rusdilli məktəblər bağlanmalıdırmı? Gənclərin nitqindəki ingilis sözləri ilə mübarizə aparılmalıdırmı? Yoxsa əksinə, milli dilin arxaizm deyil, inkişaf və özünüifadə üçün platforma olduğu çoxdilli həyat tərzinə uyğunlaşmağı öyrənməliyik? Üstəlik, rus və ingilis dillərini bilmək bu gün təkcə top-menecerlər üçün vacib deyil. İlk növbədə xidmət sahəsində, nəqliyyatda çalışanlar, hətta mehmanxanalarda ofisiant və xadimə işləyənlər üçün vacibdir. Məhz dilləri bilmək bizə turizm sahəsində işə düzəlmək imkanları açıq, burada hər söz, hər jest qonaqpərvərliyin bir hissəsidir.
Qloballaşmanın dili artıq çoxdan gündəlik həyatın bir parçasına çevrilib. “Okey” ictimai nəqliyyatda eşidilir, “Wi-Fi” hər kafedə var, “drayv”, “şopinq”, hətta “luk” (stil/obraz mənasında) – dəb söhbətlərində işlədilir. Bu sözlər doğma dili sıxışdırmır, onun bir hissəsinə çevrilir. Dil bu şəkildə özünü itirmədən dünyaya uyğunlaşır – sərhədlərini genişləndirir.
Mədəni dəyişiklik salnaməsi
Gündəlik həyatımıza baxın – necə dəyişib! Toy adətləri “qlamur” Qərb üslubu qazanır. Xına gecəsinin yerini dənizkənarı fotosessiyalar tutur. Bir dam altında bir neçə nəsil əvəzinə – gənclərin studiya mənzilləri...
Və hətta musiqi də yeni dildə danışır. Muğam artıq çoxdan elektron aranjemanla duetdədir. Əlixan Səmədov xalq melodiyalarını rəqəmsal səslə birləşdirərək balabanı populyarlaşdırır. Deməli, məsələ qloballaşmaya qarşı durmaqda deyil, ənənələri müasir dünyaya düzgün şəkildə necə inteqrasiya etməkdədir.
Nə etməli? Seçimlər göründüyündən də çoxdur
Ənənələrin qorunması – muzey vitrini deyil. Bu, canlı prosesdir. Onun davam etməsi üçün müasir alətlərə ehtiyac var. Hansılara?
Mədəniyyətə texnologiya dəstəyi. Xalq sənətlərinə dair onlayn kurslar, muğamın rəqəmsal arxivləri, sənətkarların əl işlərini satdığı virtual platformalar (marketpleyslər). Bu cür təşəbbüslər gənc nəsli mədəniyyətə rahat formada cəlb edir.
Turizm mədəni səhnə kimi. Plov, xalça, musiqi və memarlıq – sadəcə məişət atributları deyil, Azərbaycanın mədəni cəbediciliyə çevrilə biləcək aktivləridir. Məsələn, plov və dovğa bişirmək üzrə ustad dərsləri və turlar təkcə yerli deyil, xarici turistlər üçün də maraqlı ola bilər.
Ən yaxşı nümunələrdən öyrənmək. Yaponiyanın texnologiya və ənənəni birləşdirən “high-tech” modeli, Fransanın mətbəx və dəbi mədəniyyətin əsas elementi kimi qoruyub saxlaması, Türkiyənin kino və qastronomiya vasitəsilə mədəni brendini təşviq etməsi – bütün bunlar bizim kontekstdə uyğunlaşdırıla biləcək təcrübələrdir.
Sənətkarlara dəstək. Fondlar, qrantlar, təhsil proqramları – YouTube və ya Wikipediya ilə ötürülə bilməyən bilik və bacarıqları qorumağa kömək edir. Məsələn, Türkiyə və İranda xalçaçılıq və milli keramika sənəti üzrə ustaları dəstəkləyən xüsusi fondlar mövcuddur.
Təhsil və dil. Yay məktəbləri, mədəni mübadilələr, tarix və dil öyrənmək üçün rəqəmsal platformalar – bütün bunlar identikliyin gələcəyinə sərmayədir.
Nöqtəsiz final
Qloballaşmayla mübarizə aparmaq küləyə qarşı dayanmağa çalışmaq kimidir. Amma o küləyi öz yelkənlərimizə yönəltmək – bax, əsas məqsəd budur. Azərbaycan öz unikal kimliyini dayağa və rəqabət üstünlüyünün mənbəyinə çevirmək üçün bütün imkanlara malikdir.
“Ənənələr — keçmişlə gələcək arasında körpüdür, amma bu körpüdən geriyə baxa-baxa getmək olmaz”, – Nizami Gəncəvi belə deyib. İndi o körpü ilə irəli getməyin vaxtıdır – milli vurğu ilə, dünyaya açıq baxışla.