
“Ürəyimdən atəş aç, sifətimi korlama...” – CİNAYƏT DOSYESİ
“Qastrolçular” bandasının qətl və qarət hekayətləri
17 İyun 2025
“Mən elə də soyuqqanlı qatil deyiləm, meyitlər mənə əzab verirdi. Bilirdim ki, bu həyat uzun davam edə bilməz, pis həyat idi. Düz yola qayıtmadıq, çünki etdiklərimizdən sonra bu çox çətin idi”, – “Qastrolçular” dəstəsinin üzvü Yuri Kazakovun ifadəsindən
***
21 oktyabr 1971-ci il. Kazanın Dekabristlər küçəsində, 186 nömrəli binada yerləşən “Payız” kafesinin qarşısında içində iki inkassator olan “Volqa” dayandı. Taksi idi: həmin gün Kazanın Leninski rayonu üzrə inkassasiya idarəsində boş xidmət avtomobili tapılmamışdı.
“Bizim maşınımız olmalı idi, amma sürücü icazə istəmişdi. Taksi gəlməli idi, o da gəlmədi. Rəis bizə dedi: “Küçəyə çıxın, bəlkə bir taksi tapa bildiniz”, – inkassator Georgi Qriqoryanın xatirələrindən.
Avtomobil tapdılar — taksi sürücüsü Rəfqət Xalitov əlavə qazanc üçün razılaşdı. O, inkassatorları marşrut üzrə 15 nöqtəyə apardı, orada onlar təxminən 67 min rubl topladılar. “Payız” kafesi isə sonuncu məntəqə idi. İnkassator Georgi Qriqoryan təlimata uyğun olaraq kafenin arxa girişindən içəri keçdi, kassirdən içində pul olan paketi aldı və geri yollandı.
Amma onu xoşagəlməz sürpriz gözləyirdi: başa düşdü ki, küçəyə çıxa bilmir — kimsə qapını çöldən bağlamışdı. Bu vaxt iki kişi qaçaraq “Volqa”ya yaxınlaşdı. Soyğunçulardan biri — Yuri Kazakov — demək olar ki, dərhal dörd dəfə atəş açdı, Xalitovu öldürdü, inkassator Mənsur Niqmətullini isə sağ qolundan yaraladı.
“Tərpəndim ki, silahı sol əllə çıxarım. Amma ikinci dəfə atəş açılanda güllə sol əlimə dəydi. Soyğunçu görür ki, yenə də silaha uzanıram — üçüncü gülləni də atdı”, – inkassator Mənsur Niqmətullin xatırlayır.

İnkassatorlar Niqmatullin və Qriqoryan
Bu vaxt Kazakov başa düşdü ki, soyğunu təsadüfən görən Tatyana Morozova adlı bir qadın var — o, evə gedirmiş. Yuri silahı qadına tuşlayaraq, qışqırdı: “Dayan, tərpənmə — vuraram!” Qadın donub qaldı, bu vaxt ikinci soyğunçu — Vadim Sidorov yaralı Niqmətullinin əlindən pul dolu torbanı qapdı və inkassatoru salondan çölə itələdi.
Öldürülmüş taksi sürücüsü Xalitovun cəsədini ön sərnişin oturacağına tullayan Sidorov sükan arxasına keçdi. Kazakov arxa oturacağa əyləşdikdən sonra, Sidorov qaz pedalını basdı və “Volqa” cinayət yerindən uzaqlaşdı.
Uşaqlıq dostları

Gələcək quldur Yuri Kazakov 1945-ci il mayın 3-də Sverdlovsk vilayətinin Verxnaya Tura qəsəbəsində anadan olub. Bu xəbər ailə başçısı üçün xoş olmayan sürpriz olmuşdu: kişi İkinci dünya müharibəsi cəbhələrində döyüşmüş, yalnız qələbədən sonra evə dönmüş və Yurinin doğulmasına heç bir aidiyyəti olmamışdı.
Arvadının xəyanətini bağışlamayan kişi ailəni tərk etdi, yalnız bioloji qızı Valentina üçün aliment ödəyirdi. Amma bu cüzi yardım da çox çəkmədi — 1949-cu ildə Kazakovun atası quldurlar tərəfindən öldürüldü. Yurinin anası iki uşağı dolandırmaq üçün əlindən gələni etdi — Kazakovlar çox kasıb yaşayırdı.
Yuri hələ erkən uşaqlığında qonşusu Vadim Sidorovla dostlaşdı. Vadim 1944-cü il noyabrın 17-də anadan olmuşdu və Kazakovdan yarım il böyük idi. Sidorovun atası mexaniki zavodda usta, anası isə əvvəlcə tibb bacısı, daha sonra Sverdlovsk-45 şəhərinin yeməkxanasında qarderobçu işləyirdi: həm işləyir, həm də oğlu və qızını böyüdürdü.

Vadim idmançı kimi böyüyürdü: 13 yaşından boksla ciddi şəkildə məşğul olmağa başlamış, I dərəcəli idmançı olmuş, şəhər spartakiadası da daxil olmaqla bir çox turnirlərdə qalib gəlmişdi. Bundan əlavə, Sidorov kiçik çaplı tüfənglə atıcılığa da maraq göstərirdi.
Kazakov, dostunun nümunəsindən ilham aldı. O da idmanla məşğul olmağa başladı, yaxşı reaksiyası sayəsində futbol komandasında qapıçı oldu və voleybol üzrə idman dərəcəsi aldı. Onların dostluğunda baş rolu Sidorov oynayırdı: Kazakov ona böyük qardaş kimi baxır, hər şeydə onu təqlid edir və etiraz etmədən sözünə qulaq asırdı.
Dost yolları ayrılır
Məktəbi bitirdikdən sonra dostların yolları ayrıldı: Kazakov orduya çağırıldı və Orta Asiyada xidmətə göndərildi. Hərbi xidmətdən sonra Zərəfşan şəhərində bir il yaşadı və yenidən Turaya qayıtdı. Sidorov isə 15 yaşında atasını torpağa verdikdən sonra Novosibirskə köçdü və orada bədən tərbiyəsi texnikumuna daxil oldu.
Lakin bitirə bilmədi — 1965-ci ildə soyğunçuluq törətdi və həbsə düşdü. 1970-ci ildə azadlığa çıxandan sonra texnikuma bərpa olunmağa çalışdı, lakin rədd cavabı aldı və doğma şəhərinə qayıtdı. Orada Verxnetura maşınqayırma zavodunda işləyən dostu Kazakov artıq onu gözləyirdi.
“İldırım” zərbəsi
Sidorov həmin müəssisənin su stansiyasında işə düzəldi, zavodun “Molniya” adlı boks bölməsinə rəhbərlik etdi və tezliklə yenidən kriminala döndü, Kazakovu da arxasınca sürüklədi. Sidorov Kazakova güclü nokaut zərbəsi vurmağı öyrətdi və onu Nijni Tagilə getməyə razı saldı. Orada ilk cinayətlərini törətdilər — sərxoş yerli sakini qarət etdilər.

Tezliklə dostlar hücumları ard-arda təşkil etməyə başladılar. Tura ətrafında axşamlar sərxoşları güdür, onlara hücum edib qarət edirdilər. Amma sərxoşların çox da pulu olmurdu. Banditlər 1971-ci ilin yayını gözləməyə başladılar — o vaxt Sidorovun əvvəlki məhkumluğu ilə bağlı inzibati nəzarət müddəti bitirdi və o, doğma şəhərdən uzun müddətə çıxmaq hüququ qazanacaqdı.
Nəhayət, iyul ayının sonunda tam azad olan Vadim dostu ilə birlikdə Riqaya yollandı. Orada, birbaşa vağzalda, çoxlu pulu olduğunu ağzından qaçıran sərxoş sərnişini qarət etdilər. Qurbanın təxminən 500 rublunu götürən Sidorov və Kazakov dərhal qatarla Kiyevə yollandılar.
Yolda banditlər yeni planı — inkassatorların qarət olunmasını müzakirə etdilər, lakin bunun üçün silaha, ən yaxşısı, Makarov tapançasına ehtiyac vardı. Məsələ burasındaydı ki, Kazakovun hələ ordudan oğurladığı on ədəd PМ patronu vardı. Ortaqlar Kiyev şəhər sovetini qoruyan milis patrulunun silahını ələ keçirməyə qərar verdilər. Bina Kreşşatik küçəsi, 32 nömrəli ünvanda yerləşirdi.
İnkassator ovu
1971-ci il avqustun 31-i axşam saat 21:30 radələrində, şəhər sovetinin sonuncu əməkdaşı binanı tərk etdikdən sonra, Sidorov cəld addımlarla növbətçi milisə — baş serjant İvan Jarova yaxınlaşdı. Bandit onu üzünə möhkəm zərbə endirib yerə yıxdı, lakin milis tezliklə ayağa qalxaraq fit çalmağa başladı.
Bu zaman Kazakov qaranlıqdan çıxaraq Jarova hücum etdi və onun boğazına, sinəsinə, qarnına səkkiz dəfə bıçaq zərbəsi endirdi. Qanına qəltan edilən milisin üzərindən içində səkkiz güllə olan tapançanı götürən banditlər hadisə yerindən qaçdılar. Jarov iki saat sonra xəstəxanada keçindi. Həmin vaxt quldurlar artıq Kiyev vağzalına çatmış, gecəyarı Odessaya gedən qatarın damına çıxmışdılar.
Orada banditlər əvvəlcə hamama getdilər, sonra isə Qorki şəhərinə (indiki Nijni Novqorod) yollandılar. Sidorovun ilk işi Makarov tapançası üçün eynək futlyarından qobur hazırlamaq oldu. Bundan sonra şəriklər yerli qaraj kooperativindən avtomobil oğurlamağa qərar verdilər.
Planı həyata keçirməzdən öncə Sidorov QAZ zavodunun fəhləsi ilə tanış oldu. Həmin şəxs ona cəmi 10 rubla 90 kontakt açarı olan dəstə satdı. Bu açarlarla banditlər qarajlardan birinə gəldilər, onu sındıraraq içəridə köhnə bir “Moskviç” tapdılar. Lakin avtomobili işə sala bilmədilər və yanındakı boksa keçdilər. Orada dayanan “Volqa M-21” isə problemsiz işə düşdü. Sidorov və Kazakov onunla Kazana yollandılar və burada inkassatorlara hücum etmək qərarına gəldilər.
Kazan şəhərində banditlər Kazan körpütikmə zavodunun qarajından 87-08 ТТЕ dövlət nömrə nişanını oğurlayıb 37-03 ТТЕ şəklində dəyişdirdilər və oğurlanmış “Volqa”ya bərkitdilər. Bütün hazırlıqları tamamladıqdan sonra hücum üçün obyekt axtarmağa başladılar.
Onlar bir inkassator maşını seçərək izləməyə başladılar. Bir neçə gün davam edən müşahidədən sonra aydın oldu ki, maşın hər reysdə 16 məntəqəyə baş çəkir — “Vesna” kafesindən başlayıb, adətən “Osen” kafesində sonlandırır. Banditlər məhz “Osen” kafesinin yanında hücum etməyi planlaşdırdılar. Hadisə yerindən “Volqa” ilə qaçmaq niyyətində idilər, lakin bu vaxt maşın xarab oldu. Sidorov və Kazakov yenə də cinayəti təxirə salmadılar.
“Volqa”nı 46 nömrəli məktəbin yaxınlığında tərk edərək, “Osen” kafesinə yaxın binalardan birinin zirzəmisində gizləndilər. Orada tapdıqları kitablardan özlərinə yataq düzəltdilər, yeməyi isə yaxınlıqdakı anbarları sındıraraq əldə edirdilər.
Hər axşam Sidorov və Kazakov “Osen” kafesinə baş çəkirdilər, lakin ətraf daim adamla dolu olduğundan fürsət tapa bilmirdilər. Nəhayət, Vadim hücum üçün tarixi seçdi — 21 oktyabr. Məqalənin əvvəlində bəhs edilən quldur hücumu məhz həmin gün oldu. Həkimlər güllə yarası alan Niqmətullini həyata qaytara bildilər.
Çöllükdə gizlədilən dəfinə
Əməliyyatçılar hücum yerinə çatanda inkassator Niqmətullin artıq təcili yardıma mindirilirdi. Cinayətkarların ardınca milis iti buraxılsa da, onların izini tapa bilmədi. Bir qədər sonra taksi sürücüsünün meyiti tapıldı — banditlər onu cinayət yerindən 450 metr aralıda, İbrahimov küçəsindəki 5 nömrəli evin həyətinə atıb getmişdilər.
Pul dolu kisəni götürən Sidorov və Kazakov həyətlərlə keçərək Qaqarin və Korolenko küçələrinin kəsişməsindəki 91/2 saylı evə doğru hərəkət etdilər. Bina girişlərindən birinin yanında kömür yeşiyi var idi — quldurlar oğurladıqları pulları ora gizlətdilər. Sonra isə çardağa qalxaraq oradan təxminən saatyarım həyəti müşahidə etdilər.
Təhlükənin sovuşduğuna əmin olduqdan sonra aşağı enib pulu götürdülər və ciblərinə doldurmağa çalışdılar. Lakin çox olduğundan pulun bir hissəsini Kazan yaxınlığındakı Savinovo kəndinin yanında yerləşən boş ərazidə basdırdılar və gecəni yenə də çardaqda keçirdilər.
Səhəri gün Sidorov və Kazakov özlərinə yeni kostyum və qara məxmər yaxalıqlı boz palto, qızıl saat və üzük aldılar, köhnə paltarları isə tulladılar. Pulu daşımaq üçün köhnə sakvoyaj tapdılar. Oktyabrın 29-da şəriklər qatarla Tura şəhərinə yola düşdülər.
Quldur qastrolları
Kazakovun anası oğlunu əvvəlcə tanımadı — çünki o, bığ saxlamış, saqqal buraxmış və olduğundan yaşlı görünürdü. Yuri ona bahalı kapron yaylıq gətirmişdi və bundan sonra hər ay 100 rubl göndərməyə başladı. Zəngin həyatlarını izah etmək üçün banditlər boksda qazandıqları “uğurlar” barədə əhvalat uydurdular. Guya Sidorov məşhur boks məşqçisi, Kazakov isə yüksək maaşlı idman masajçısı idi.
Vətənlərində çox qalmayaraq SSRİ üzrə böyük səyahətə çıxdılar. Quldurlar 19 şəhərdə oldular: Düşənbə, Frunze, Almatı, Səmərqənd, Tallin, Minsk, Moskva, İvanovo və başqaları. Tacikistan və Qırğızıstanda sanatoriyalarda dincəldlər.
Haraya getsələr, romantik münasibətlər qurur, restoranlarda yalnız bahalı içkilər içir, xarici siqaretlər çəkirdilər. Pul tükənməyə başlayanda isə Kazan yaxınlığındakı gizlin yerə — boş sahədə basdırılmış pula qayıtdılar.
Oradakı pulların bir hissəsinin kifləndiyini gördükdə məyus oldular. Amma yararsız hala düşməyən banknotlar da rahat yaşamaq üçün kifayət edirdi. Nağd pulu sakvoyaja yığıb, Xəzər dənizi sahilində yerləşən Şevçenko (indiki Aktau) şəhərinə yola düşdülər.
Sahildə bir mağara tapdılar və orada məxfi yer düzəldib tapançanı və pulla dolu çantanı gizlətdilər. Bu arada Sidorov hiss etdi ki, Kazakov avara həyatdan bezib və ona Xarkov hüquq institutuna daxil olmağı təklif etdi. Bu məqsədlə şəriklər Kazakov üçün “parlaq” bir attestat düzəltmək qərarına gəldilər.
Bunun üçün Novosibirskə yollandılar, gecə saatlarında 73 nömrəli məktəbə girərək attestat blankları, möhürlər və iki gümüş medal oğurladılar. Gələcək imtahanlara qədər olan vaxtı istirahətlə keçirmək üçün Yaltaya getdilər. Orada, Muxin küçəsi 5 nömrəli evin həyətində daha bir məxfi yer təşkil etdilər, silah və patronları gizlətdilər.
Yaltalı milyonçular
Bu vaxt Moskvadan da istintaq briqadasının köməyə gəldiyi Kazan müstəntiqləri amansız basqınçıların izinə düşmək ümidini itirmirdilər. İşə yüzlərlə əməliyyatçı və minlərlə ştatdankənar agent cəlb olunmuşdu. Cinayətkarların oğurladığı “Volqa M-21” tapıldıqdan sonra, istintaq qrupu işi qismən ictimailəşdirmək qərarına gəldi.
Kazan müəssisələrinin rəhbərlərinə təcili yığıncaqlar keçirmək, işçilərə maşının şəklini göstərmək və hər hansı məlumatı olanları milisə müraciət etməyə çağırmaq tapşırıldı. Eyni çağırışları Kazan televiziyasının diktorları da səsləndirildilər.
“Versiyalar çox idi. Avtomobil almağa çalışan, ya da çoxlu pulu olan, demək olar hər şübhəli yoxlanılırdı” — Maksim Belayev, Tatarıstan Ali Məhkəməsi sədrinin müavini xatırlayır.
Nəticədə, istintaq 83 min nəfəri yoxladı, 2 min taksi sürücüsünü dindirdi, 116 cinayətkar tutuldu, 131 cinayət açıldı və 109 ədəd qeyri-qanuni silah götürüldü. İstintaq Sidorov və Kazakovun müraciət etdiyi bir mexanikin və onlara maşını işə salmaqda kömək edən taksi sürücüsünün izinə düşdü.
Şahidlərin sözlərinə görə, bu adamlar özlərini kazanlı kimi təqdim edirdilər, amma bütün Tatarıstanda məşhur olan çay limanının harada yerləşdiyini belə bilmirdilər. Bu zaman istintaqın əsas versiyası formalaşdı: hücumu yerli sakinlər yox, “qastrolçu” cinayətkarlar etmişdi.
Taksi sürücüsü və mexanikin ifadəsinə görə, bu adamların akkumulyatoru boşalmış “Volqa”sı Kazanın Jukovski küçəsində dayanmışdı. Yaxınlıqdakı binaların bir çox sakini həmin maşını və qəribə kişiləri xatırlayırdılar. Onlar deyirdilər ki, guya başqa tatar şəhərindən qazanc üçün Kazana gəlmişdilər.
İstintaq onlara isti su daşıyaraq maşını işə salmağa kömək edən yerli uşaqlarla da danışdı. Cinayətkarların hücumdan əvvəl yaşadığı zirzəmi də bir müddət sonra tapıldı — orada özgə əşyalarla yanaşı kustar tapança qoburu da vardı. Şahidlərin təsvirləri əsasında tərtib olunmuş fotorobotlar televiziyada nümayiş etdirildi.
Amma bu da kömək etmədi. 1972-ci ilin avqustunda istintaq dalana dirəndi və dayandırıldı. Lakin iki ay sonra SSRİ-nin müxtəlif regionlarına göndərilən əməliyyat məlumatları nəticə verdi. Yaltadakı milis əməkdaşlarının diqqətini iki gənc cəlb etdi — onlar dəbdəbəli həyat sürür, pul səpələyirdilər.
Həmin vaxt artıq Kazakov və Sidorov — bu, onlar idi — saxta sənədlər əldə etmişdilər: 1972-ci ilin avqustunda Volqoqrad və Xarkov sakinlərini döyərək onların pasportlarını ələ keçirmişdilər. Beləliklə, Kazakov Anatoli Say, Sidorov isə Vladimir Konkin olmuşdu. Gecələrini Yaltadakı bahalı restoranlarda, qadınların əhatəsində keçirirdilər. Xəbərləri yox idi ki, artıq izlərinə düşülüb.
Yalta cinayət-axtarış şöbəsində xüsusi əməliyyat qrupu yaradıldı və şübhəlilərin saxlanılması üçün plan hazırlandı. Əvvəlcə əməliyyatçılar Sidorov və Kazakovun sevgililərinin mənzillərində axtarış keçirməyə qərar verdilər, quldurlar orada qalırdılar.
“Zina, mən alçağam”
Şübhəlilərin sevgililəri ilə birlikdə Qara dənizdə gəmi gəzintisinə çıxmasını gözləyən əməliyyatçılar Kazakovun yaşadığı Zinaida Sterlixin evinə daxil oldular. Gördükləri mənzərə hətta təcrübəli əməliyyatçıları da təəccübləndirdi: otaqlarda ipdən asılmış, kif basmış pullar qurudulurdu — ümumilikdə 7,5 min rubl.
Bundan əlavə, Kazakovun əşyaları arasında qızıl üzük, “Volqa” markalı avtomobillərə aid 90 açardan ibarət dəstə və narkotik maddə tapıldı. Bu faktlar onun dərhal həbs olunması üçün kifayət idi. Həmin vaxt Sidorov və Kazakov sevgililəri ilə birlikdə Yaltaya qayıtmışdılar. Sidorov sevgilisi Lyudmila Romadinanın evinə getdi, Kazakov isə Sterlixlə kinoya yollandı. Əməliyyatçılar hər iki cinayətkarı eyni vaxtda tutmağa qərar verdilər.
Bir qrup kinoseansın sonunu gözləyərkən gəmidə Sidorov və Kazakovu müşayiət etmiş mülki geyimli milislər qərargahda hesabat verirdilər. Gəzinti zamanı şübhəlilər arasında mübahisə düşmüş, lakin sonra bu mübahisə Sidorovun qəribə barışıq tostu ilə bitmişdi. O, qədəhini qaldırıb belə demişdi: “İkinci dəfə də hər şey alınsın!”
Milislər bilmirdilər ki, cinayətkarlar artıq Yaltadakı əmanət kassalarından birinə yeni hücum hazırlayırlar. Lakin onların planı həyata keçmədi. Kazakov və Sterlix kinodan evə qayıdan kimi xüsusi əməliyyat başladı. Əməliyyatçıları görən Kazakov dərhal ruhdan düşdü: əvvəlcə ifadə verməkdən imtina etsə də, təcridxanaya düşən kimi sevgilisi Sterlixə duyğulu bir məktub yazdı: “Zina, mən alçağam. Əgər bacarsan — bağışla!”
Sidorov, əksinə, özünü olduqca arxayın aparırdı. O iddia edirdi ki, Şevçenko şəhərində çilingər işləyir və guya “Say” (Kazakov) ilə yaxından tanış deyil. Romadinanın evində heç bir sübut tapılmadı və Sidorovu müvəqqəti saxlamaq üçün yeganə qarmaq qeydiyyat yerinin olmaması idi.
Lakin basqınçının bütün lovğalığı boşa çıxdı — onu həbsdən buraxmalı olduqları gün Kazakov qəfil danışdı. O, inkassatorlara hücumu etiraf etdi, həqiqi adlarını bildirdi və tapançanın gizləndiyi yeri göstərdi. Artıq məsuliyyətdən qaça bilməyəcəyini anlayan Kazakov dedi: “Üzərimdə o qədər qan var ki, məni tutanda öldürsəydilər, yaxşı olardı”.
Sidorovun barmaq izlərini kartotekada yoxlayan əməliyyatçılar onun əvvəllər soyğunçuluq üstündə məhkum olunduğunu aşkar etdilər. Beləliklə, Kazakovun dediklərinin doğru olduğu təsdiqləndi.
“Mən onda yaxşı insan görürdüm”
Yuri Kazakov tezliklə milisin və inkassatorların sürücüsünün qətlini etiraf etdi, lakin iddia edirdi ki, başqa çıxış yolu yox idi — çünki qəddar və hövsələsiz Sidorovun kimə gəldi atəş açacağından qorxurdu.
Sidorov isə özünü şəraitin qurbanı kimi göstərməyə çalışır, bütün məsuliyyəti şərikinin üstünə atırdı və yalnız Novosibirskdəki məktəbdən attestat oğurladığını etiraf edirdi. Onu sevgilisi Romadina da dəstəkləyirdi — o, SSRİ Baş Prokurorluğuna dəfələrlə duyğulu məktublar yazaraq Sidorovu müdafiə edir: “Sidorovu sevməyə dəyərdi. O, mehriban, incə, diqqətli və həssas idi. Mən onda cinayətkar görmürdüm. Mən onda yaxşı, xoş xasiyyətli bir oğlan görürdüm”.
Lakin cinayətkarların ölüm hökmündən yayınmaq cəhdləri nəticə vermədi — 1973-cü il dekabrın 18-də Tatarıstan MSSR Ali Məhkəməsi Sidorovu və Kazakovu güllələnmə cəzasına məhkum etdi. Onlar RSFSR Ali Məhkəməsinə şikayətlər göndərməyə başladılar, amma mövqeləri fərqli idi. Kazakov hökmü ədalətli sayır, lakin həyatının bağışlanmasını istəyirdi. Sidorov isə hələ də özünü məsum sayır, bütün məsuliyyəti Kazakovun üzərinə atırdı.
Hər iki şikayət rədd edildi, həmçinin sonra təqdim olunmuş əfv ərizələri də. Lakin Sidorov sona qədər həyat uğrunda mübarizə aparmaq qərarına gəldi. Onunla eyni kamerada cəzasını çəkən residivist Petrov tibbi müayinəyə aparılmalı idi. Qısa dilə tutmadan sonra Petrov razılaşdı — onlar paltarlarını dəyişdilər ki, Sidorov onun yerinə xəstəxanaya aparılsın və yolda qaçsın. Lakin diqqətli konvoyçu onun papağının çox kiçik olduğunu gördü — yalan ortaya çıxdı və Sidorovu ölüm hökmü gözləyənlərin kamerasına saldılar.
1974-cü il oktyabrın 3-də ilk olaraq Kazakov güllələməyə aparıldı — o, hətta taxtdan qalxa bilmədi və konvoy qollarından tutub aparmalı oldu. Sidorov isə özü addımladı. Tapançanın çaxmağının çəkildiyini eşidəndə söylədi: “Düz ürəyimdən vur, sifətimi korlama!”
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada