Fevralın 28-də 19600 nəfər ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olmaq üçün imtahan verəcək. Bu il əvvəlki illərə nisbətən imtahan verənlərin sayında artım var. İmtahan iştirakçılarından 70 faizindən çoxu paytaxt Bakının payına düşür. Bu da o deməkdir ki, 14 min şəxs təkcə paytaxtda bazar günü imtahana gedəcək. Bu siyahıya nəzarətçiləri və digər iştirakçıları da əlavə etsək, say daha da artacaq. Bəs, onlar bazar günü imtahana nə ilə gedəcəklər? Nəqliyyat problemi necə həll olunacaq?

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bazar günü ictimai nəqliyyat işləmədiyi üçün həmin şəxslər imtahan binasına gecikə bilərlər:

“İctimai nəqliyyat yoxdur, məsələni taksilərin və ya şəxsi avtomobillərin ümidinə buraxmaq düzgün deyil. O qədər adam birdən-birə ictimai nəqliyyatın taksi növündən istifadə etmək istəsə, bunu çatdırmaq olmaz. Bakıda bu qədər sayda taksi yoxdur”.

K.Əsədov problemin həlli üçün öz təkifini də irəli sürdü:

“Ən azından imtahan saatlarında ictimai nəqliyyatın fəliyyətinə icazə verilməlidir. Hətta buraya metronu da daxil etmək olar. Çünki imtahan abituriyentlərin taleyüklü məsələsidir”.

Ekspertin sözlərinə görə, Türkiyə bu təcrübədən yararlanıb:

“İmtahan günü yalnız tələbələr üçün avtobus və metronun fəaliyyətinə müvəqqəti icazə verilir. Türkiyədə keçirilən bu tipli imtahanlarda bütün insanlara küçəyə çıxma qadağası qoyulmuşdu. Yalnız şagirdlər üçün ictimai nəqliyyat işləyirdi ki, onlar imtahan binalarına vaxtında və təhlükəsiz gəlsinlər”.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin katibi Mais Ağayev “Press Klub”a bildirdi ki, bazar günü ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı onlara müraciət daxil olmayıb:

“Əgər aidiyyəti qurumlar belə bir qərar verərsə, avtobuslar ayrıla bilər”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə qeyd etdi ki, yarana biləcək çətinliklərlə əlaqədar imtahanların keçirilməsinin əhatə dairəsi bu il daha da genişləndirilib:

“Əvvəlki illərdən fərqli olaraq, Sumqayıt və Abşeron rayonlarında da imtahan mərkəzləri və binaları yaradılıb. İmtahan binaları iştirakçıların yaşadıqları ünvanlara yaxın olsun deyə ümumilikdə ölkə üzrə 81 imtahan binası ayrılıb. Uzun illərdən bəri tətbiq olunan qaydaya əsasən bakalavrların imtahan verəcəkləri yer onların şəxsi kabinetində qeyd etdikləri, faktiki yaşadıqları məntəqələrə uyğun müəyyən olunub. Şəxsi kabinetdə faktiki yaşadıqları yaşayış məntəqələri qeyd olunmadığı halda bakalavrlar daimi qeydiyyat ünvanlarına ən yaxın yerdə imtahan verirlər. Bundan əlavə, imtahanda iştirak edəcək şəxslər yetkin insanlardır. Yanvar ayının sonunda imtahanların keçiriləcəyi gün 8 fevral elan edilib, 9-19 fevral tarixlərində isə sənəd qəbulu aparılıb. Yəni imtahan iştirakçıları əvvəlcədən ictimai nəqliyyatın həftə sonları işləməməsi haqqında qərarla tanış olmaq imkanına malik idilər. İmtahan verən ən cavan bakalavrın 19, ən yaşlısının isə 58 yaşı var. İmtahan iştirakçıları artıq təhsil müəssisəni bitirmiş insanlardır. Ona görə də, düşünmürəm ki, iştirakçıların imtahan binasına gələrkən hər hansı çətinlikləri olsun. İmtahan binalarının göstərildiyi buraxılış vərəqəsi də bu həftənin birinci günü – fevralın 22-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. İştirakçılar imtahan verəcəkləri binaların yerləşdiyi ünvanları əvvəlcədən dəqiqləşdirməlidir. Bundan əvvəlki həftə sonlarında da Dövlət İmtahan Mərkəzi tərəfindən TOEFL, GRE, İCDL kimi beynəlxalq imtahanlar, həmçinin ədliyyə orqanlarına qəbul, doktoranturaya qəbul imtahanları keçirilib və iştirakçıların imtahan binasına gəlməsində hər hansı çətinlik müşahidə olunmayıb”.

Ülviyyə Şahin