Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsi məsələsini qaldırıb. Z.Sultanov sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bunu deyib. O bildirib ki, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlərin əksəriyyətindən nazirin xəbəri olub, bu səbəbdən də onun dindirilməsinə ehtiyac var.

Məhkəmədə məlum olub ki, təkcə Azərbaycan Milli İncəsənət Muzeyinin təmirinə dövlət büdcəsindən 31 milyon manat vəsait ayrılıb. Bu, İncəsənət Muzeyində təmir-bərpa işlərini həyata keçirmiş “Azəraqrartikinti” ASC-nin filial müdiri Nüsrət Ömərov dindirilərkən aydınlaşıb. O, muzeyin bərpa işlərinə niyə tikinti şirkətinin cəlb olunması, 31 milyonluq tenderdə məhz bu şirkətin qalib gəlməsinin səbəbləri, bu qədər böyük vəsaitin hara xərclənməsi haqda sualları cavablandırıb. 

Nüsrət Ömərov bildirib ki, İncəsənət Muzeyinin təmir-bərpasına əcnəbilər, o cümlədən italyanlar da cəlb olunmuşdu. Əcnəbilərin Bakıda yaşayışına yerli işçilərlə müqayisədə daha çox vəsait sərf olunduğunu söyləyən N.Ömərovun sözlərinə görə, vəsaitin 12 milyonu xaricilərə xərclənib: 

“İtalyanlar bizdən 12 milyon pul almışdı. Xaricilər bzimkilər kimi deyil, onlar yaxşı şəraitli ev, istirahət istəyirlər. Bəzən nağd vəsait lazım olurdu. Bu zaman hesabdan çıxarıb nağdlaşdırırdıq, təyinatı üzrə istifadə edirdik”.

N.Ömərov qeyd edib ki, “Azəraqrartikinti” ASC-nin İncəsənət Muzeyindən əvvəl də dövlət əhəmiyyətli binaların təmir-bərpasında təcrübəsi vardı. Onun dediyinə görə, Milli Məclisin binasının, “Gülüstan” sarayının təmiri və başqa böyük layihələr də deputatın şirkətinə həvalə olunubmuş.

N.Ömərov əlavə edib ki, onların həyata keçirdiyi Mədəniyyət Nazirliyinə aid layihələrdə işlərin əksəriyyətindən o vaxtkı nazir Əbülfəs Qarayevin də xəbəri olub: “Əbülfəs Qarayevi dindirin, onun bir çox işlərdən xəbəri var”.

Qeyd edək ki, “Azəraqrartikinti” ASC-nin rəhbəri deputat Ağalar Vəliyevdir.

Şahidin ardınca sabiq Xidmət rəisi Zakir Sultanov da Əbülfəs Qarayevin dindirilməsini istəyib. O da bildirib ki, görülən işlərdən nazirin xəbəri olurdu.

Hakim elan edib ki, ittiham tərəfinin əsas şahidləri dindiriləndən sonra əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər.

Məhkəmə prosesi sentyabrın 16-da davam edəcək.

Xatırladaq ki, Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılaraq iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrılıb. Rafiq Bayramovun məhkəməsi iki həftə əvvəl yekunlaşıb. O, 8 il azadlıqdan məhrum edilib.

Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sabiq xidmət rəisinin yaxınları istintaq dövründə zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Onun 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlakları üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Z.Sultanov məhkəmənin hazırlıq iclasında bu əmlakın qalan zərərin əvəzi kimi hesablanmasına razılıq verib.

Gülər