Fəlakətin kökü, rəhbərin məşum səhvi, aclıqdan ölən 7 milyon...
Nasistlər və kommunistlər Böyük Depressiyadan necə istifadə etdilər
29 Oktyabr 2026
Pressklub.az üçün tərcümə etdiyim məqalənin birinci və ikinci hissələrində 1929-cu ildə ABŞ-da başlayan ümumdünya iqtisadi böhran və onunla mübarizə haqqında ətraflı məlumat verilirdi. Bununla belə, düşünürəm ki, böhranın səbəblərini və Almaniyada nasistlərin hakimiyyətə gəlməsindəki rolunu daha ətraflı təsvir etmək lazımdır. Bundan əlavə, daha çox Böyük depressiya adı ilə tanınan bu böhrandan SSRİ faydalandı ki, sözügedən məqalədə bu məsələyə toxunulmurdu. Yazdığım məqalədə həmin boşluqları doldurmağa çalışıram.
İqtisadi böhranın səbəbləri
ABŞ-da qiymətli kağızların alqı-satqısı ilə məşğul olmaq əvvəllər yalnız zənginlərin fəaliyyət sahəsi sayılırdı. Lakin Birinci Dünya müharibəsi zamanı bu yanaşmanı köklü şəkildə dəyişən bir hadisə baş verdi. Federal hökumət savaş xərclərini maliyyələşdirmək üçün xalqa “Azadlıq istiqrazları” (Liberty bonds) satmağa başladı. 1917–1918-ci illərdə bu istiqrazların 4 buraxılışı reallaşdı, “Azadlığın qələbəsi istiqrazı” adlanan beşinci buraxılış isə artıq müharibədən sonra, 1919-cu ildə baş tutdu.
Bu istiqrazların gəlirliliyi o qədər də yüksək deyildi — illik 3,5 faizdən 4,75 faizə qədər. Buna baxmayaraq, onlar bəhs edəcəyimiz hadisələrdə çox böyük rol oynadılar. Çünki milyonlarla amerikalı həyatında ilk dəfə qiymətli kağız aldı və bunun nəticəsində, cüzi də olsa, müntəzəm qazanc əldə etdi. İstənilən sahədə də, bildiyimiz kimi, ən çətin iş məhz ilk addımı atmaqdır.
Dünya müharibəsinin və ondan daha ölümcül olan “ispan qripi” pandemiyasının fəsadları aradan qalxdıqdan sonra ABŞ iqtisadiyyatı sürətli yüksəliş mərhələsinə qədəm qoydu. Növbəti onillik tarixə “nərildəyən iyirmincilər” (Roaring Twenties) kimi düşəcəkdi.
Bu illərdə ABŞ-da sənaye elə bir sürətlə inkişaf etdi ki, əvvəllər əsrlər boyu baş verməyən texnoloji sıçrayışlar artıq bir neçə ilin içində gerçəkləşirdi. Cəmi on il ərzində ölkədəki avtomobillərin sayı təxminən 3 dəfə artdı.
1920-ci illərin sonunda elektriklə təmin olunan evlərin payı 30 faizdən 70 faizə yüksəldi. Bunun təbii nəticəsi olaraq soyuducu, tozsoran, paltaryuyan maşın, radioqəbuledici, ütü, mikser, toster, saç feni, elektrik üzqırxanları və başqa məişət cihazlarının istehsalı və satışı dəfələrlə artdı. Müvafiq olaraq, həmin istehsal müəssisələrinin səhmlərinin qiyməti də sürətlə yüksəldi.
Bu iqtisadi bum əhalinin gəlirlərini artırdı. İnsanlar artıq sərbəst vəsaitlərini evdə saxlamaqdansa və ya aşağı faizlə banka yerləşdirməkdənsə, dəyəri durmadan artan səhmlərə yatırmağa üstünlük verdilər. Qiymətli kağızlar bazarı təkcə zənginlərin imtiyazı olmaqdan çıxdı; indi hamı səhm alırdı və bu, cəmiyyətdə bir növ dəbə çevrildi.
Lakin bir müddət sonra səhmlərin qiyməti müəssisələrin real uğurlarına və mənfəətlərinə görə deyil, sadəcə süni tələbata görə artmağa başladı və bu artım getdikcə spekulyativ xarakter aldı. Xüsusi zəhmət çəkmədən, qısa müddətdə varlanmaq həvəsi insanları müxtəlif maliyyə avantüralarına sövq edirdi. Məsələn, bir çoxları evini girov qoyaraq bankdan kredit götürür və birjaya yatırırdı. Bəziləri isə aldıqları səhmlərin özünü girov qoyub yenidən kredit götürür və təkrar səhm alırdı.
Məhz həmin dövrdə “marja ticarəti” (buying on margin) çiçəkləndi. Bu ticarətin qaydasına görə, investor səhmin dəyərinin yalnız 10 faizini nağd ödəyir, qalan 90 faizini isə broker kredit şəklində qarşılayırdı. Burada brokerin qazancı yalnız alqı-satqı əməliyyatlarından tutduğu komissiya haqqı və verdiyi borca görə aldığı faizdən ibarət idi. Sistemdə heç bir risk bölgüsü yox idi: səhm bahalaşanda bütün qazanc, ucuzlaşanda isə bütün zərər investorun payına düşürdü.
1920-ci illərin sonlarına doğru artıq real iqtisadiyyatın mühərriki yerində boşuna işləməyə başlamışdı. Daxili bazar doymuşdu və satışlar aşağı düşürdü, lakin zavodlar hələ də əvvəlki həcmdə məhsul istehsal edirdilər. Malların hissə-hissə ödənişlə (taksitlə) satışının tətbiq edilməsi problemin üstünü bir müddət örtsə də, belə vəziyyət uzun davam edə bilməzdi.
Beləliklə, 1929-cu ilə qədər yaranan vəziyyət iqtisadi paradoks təşkil edirdi: satışların aşağı düşməsi fonunda səhmlər reallıqda ucuzlaşmalı olduğu halda, süni şəkildə bahalaşmaqda davam edirdi. İqtisadçıların “maliyyə köpüyü” adlandırdıqları bu şar gec-tez partlamalı idi və nəhayət, 1929-cu il oktyabrın 24-də (“Qara cümə axşamı”) gözlənilən partlayış baş verdi.
Fond birjasının çökməsi ilə milyonlarla insan bir gündə müflis oldu. Borcların ödənilməsi üçün daşınmaz əmlaklar, evlər və mülklər banklarla brokerlər tərəfindən müsadirə edildi. Maliyyə itkiləri səbəbindən insanların xərcləmələrini kəskin azaltması real iqtisadiyyatın sütunlarını çökdürdü — bu zərbə təkcə zavod və fabrikləri deyil, xidmət sektorunu da vurdu. Müəssisələr xərcləri azaltmaq üçün işçiləri kütləvi surətdə ixtisar etməyə başladı. İşsiz qalan əhalinin alıcılıq qabiliyyəti daha da aşağı düşdü və bu, iqtisadiyyatı bir qədər də tənəzzülə uğratdı.
Təşvişə qapılan insanlar pullarını xilas etmək üçün kütləvi şəkildə banklara axışdılar və nəticədə minlərlə bank nağd pul çatışmazlığından müflis oldu. O dövrdə dövlət əmanət sığortası sistemi mövcud olmadığından, əhalinin illərlə yığdığı milyardlarla dollar vəsait bir anda buxarlandı. Pulu batan insanlar xərcləmələrini lap azaltdılar, bu isə iqtisadiyyatı lap çökdürdü. Beləliklə, bir-birini bəsləyən lənətlənmiş dairə yarandı.
ABŞ-ın kənd təsərrüfatı sektoru isə bu ümumi tənəzzül dövrünə sənayedən daha əvvəl qədəm qoydu. Birinci Dünya müharibəsi Avropada aqrar sektoru çökdürdüyündən, savaşdan sonrakı ilk illərdə dünya bazarında ABŞ-ın kənd təsərrüfatı məhsullarına böyük tələbat yarandı.
Həmin dövrdə baş verən texnoloji yeniliklər kənd təsərrüfatından da yan keçmədi. 1920-ci ildə ABŞ-da 246 min traktor və 4 min kombayn qeydə alınmışdısa, cəmi 10 il sonra bu rəqəmlər müvafiq olaraq 920 min və 61 minə yüksəldi. Mexanikləşmə sayəsində artıq daha az insan əməyi ilə qat-qat çox məhsul əldə etmək mümkün idi.
Lakin müharibənin bitməsindən bir neçə il sonra Avropada kənd təsərrüfatı yenidən dirçəldi və Amerika məhsullarına olan xarici tələbat kəskin azaldı. Buna baxmayaraq, amerikalı fermerlər eyni templə əvvəlki həcmdə məhsul istehsal etməyə davam edirdilər. Yaranan ifrat təklif bolluğu qiymətlərin kəskin ucuzlaşmasına səbəb oldu. 1930-cu illərin əvvəllərində baş verən şiddətli quraqlıq və toz fırtınası kimi ekoloji fəlakətlər isə onsuz da ağır vəziyyətdə olan bu sahəni tamamilə çökdürdü.
Böhranın Almaniyaya təsiri
ABŞ-da başlayan iqtisadi böhran tezliklə Avropaya sıçradı və qitənin, demək olar, bütün ölkələri bundan ciddi zərər gördü. Lakin ən ağır zərbə Almaniyaya dəydi ki, bu da səbəbsiz deyildi. Çünki ölkə iqtisadiyyatı Amerika banklarının verdiyi kreditlərin üzərində dururdu.
Birinci Dünya müharibəsindən məğlub ayrılan Almaniya, Versal sülhünün şərtlərinə görə, Böyük Britaniya, Fransa və Belçikaya astronomik məbləğdə təzminat ödəməli idi. Almaniyanın iqtisadiyyatını ayağa qaldırmaq üçün “Daues planı” hazırlandı və qəbul edildi. Plana əsasən, Amerika bankları Almaniyaya nəhəng həcmdə qısamüddətli kreditlər verməyə başladılar. Almaniya bu pullarla yeni zavodlar tikir, infrastrukturunu yeniləyir və qazandığı vəsaitlə müharibə təzminatlarını ödəyirdi.
Almaniyanın ödəniş qabiliyyətli olmasında Vaşinqtonun öz marağı da vardı. Belə ki, savaş illərində London və Paris ABŞ qarşısında xeyli borclanmışdı. Almaniyanın ödədiyi təzminat onlara həmin borcu qaytarmağa imkan verirdi.
1929-cu ilin oktyabrında Amerika birjası çökəndə bu illüziya bir anda dağıldı. Nağd pul böhranı yaşayan Amerika bankları Almaniyaya verdikləri bütün qısamüddətli kreditləri dərhal geri tələb etdilər və yeni maliyyə yardımlarını dondurdular. Almaniya iqtisadiyyatını dirçəldən yeganə dirək bir gündə çəkildi.
İqtisadi böhran ilk növbədə siyasi böhrana səbəb oldu. Sosial-demokrat Hermann Müllerin başçılıq etdiyi koalisiya hökuməti böhranla mübarizə taktikasında vahid rəyə gələ bilmədiyindən 1930-cu il martın 27-də dağıldı. Onun yerinə keçən Henrix Brüningin səhv siyasəti isə böhranı daha da ağırlaşdırdı.
Almaniya cəmi bir neçə il əvvəl — 1923-cü ildə pulun tamamilə zibil kağızına çevrildiyi dəhşətli bir hiperinflyasiya dalğası yaşamışdı. Brüning eyni fəlakətin təkrarlanmasından elə qorxurdu ki, iqtisadiyyata pul buraxmaqdan qəti şəkildə imtina etdi. Əksinə, o, kəskin qənaət (deflyasiya) siyasəti yeritməyə başladı: dövlət işçilərinin maaşlarını və işsizlik müavinətlərini kəsdi, vergiləri artırdı. Bu addım onsuz da can verən bazarı tamamilə öldürdü.
1931-ci ildə fəlakət kulminasiya nöqtəsinə çatdı. Avropanın və Almaniyanın ən böyük maliyyə institutları (xüsusilə “Danatbank”) kütləvi şəkildə müflis oldu. Kredit tapmayan sənaye nəhəngləri istehsalı yarıbayarı azaltdılar. 1933-cü ilin əvvəlinə qədər Almaniyada işsizlərin sayı rekord həddə — 6 milyona çatdı. Bu, ölkədəki hər üç işçidən birinin küçədə qalması demək idi. Küçələr ac, çarəsiz və gələcəyə ümidini itirmiş insanlarla doldu.
Yaşanan sosial fəlakət əhalinin ənənəvi partiyalardan üz çevirməsinə və radikallara üz tutmasına səbəb oldu. Kommunistlərin nüfuzu və seçkilərdə topladığı səslər artdı. Lakin fəlakətin əsas benefisiarı nasistlər oldular ki, bu da daha böyük fəlakətə — İkinci Dünya müharibəsinə yol açdı.
Nasistlərin iştirak etdiyi ilk parlament seçkisi 1924-cü il mayın 4-də keçirildi. Altı ay əvvəl baş verən uğursuz “Pivə qiyamı”ndan sonra NSDAP qadağan edildiyindən, onlar “Nasional Sosialist Azadlıq Hərəkatı” adı altında seçkiyə getdilər və 6,5% səs, 32 mandat qazandılar. Onların bu uğuru bir il öncəki hiperinflyasiyanın gətirdiyi qəzəbin təsiri idi.
Həmin il dekabrın 7-də keçirilən növbədənkənar seçkilər zamanı isə vəziyyət bir qədər sabitləşdiyindən nasistlər cəmi 3% səs və 14 mandat qazana bildilər. Dörd il sonrakı seçkiyə artıq rəsmən NSDAP adı ilə qatılan nasistlərin səsi və mandatı bir az da azaldı — 2,63% səs və 12 yer.
Göründüyü kimi, partiya marginallaşmağa doğru gedirdi və normal şəraitdə heç vaxt hakimiyyətə gələ bilməyəcəkdi. Amma məhz bu zaman iqtisadi böhran Almaniyanı sarsıtdı. 1930-cu il seçkilərində NSDAP 18,25% səs və 107 mandat qazanaraq, sosial-demokratlardan sonra parlamentdə ikinci ən böyük partiya oldu.
Lakin bu, hələ hamısı deyildi. 1932-ci il iyulun 31-də keçirilən seçkilərdə nasistlər 37,27% səs toplayaraq 230 mandata yiyələndilər və ölkənin ən populyar partiyasına çevrildilər. Veymar Respublikasında son azad seçkilər həmin ilin noyabrında keçirildi və nasistlərin populyarlığının azaldığını göstərdi: 33,09% səs və 196 mandat. Bununla belə, NSDAP yenə də birinci partiya olaraq qalırdı.
Nasistlərin demokratik yolla hakimiyyətə yürüşü 1933-cü il yanvarın 30-da Prezident Hindenburqun Adolf Hitleri kansler təyin etməsi ilə yekunlaşdı.
İkinci Dünya müharibəsinin başlanmasından danışanda əsas səbəblərdən biri kimi çox vaxt Versal müqaviləsinin ədalətsizliyini göstərirlər. Fransa marşalı Ferdinand Foşun “Bu sülh deyil, 20 illik atəşkəsdir” sözlərini də sanki İkinci Dünya müharibəsinin qaçılmazlığını sübut edən mütləq bir arqument kimi təqdim edilir. Əslində isə elə deyil. Əminliklə söyləmək olar ki, Böyük Depressiya olmasaydı, nə nasistlər hakimiyyətə gələcəkdi, nə də yeni bir dünya müharibəsi başlayacaqdı.
Səbəblərdən söz düşmüşkən, bu fəlakətli gedişata birbaşa təsir edən digər bir siyasi amili də göstərmək lazımdır. Bu, sovet lideri Stalinin təlimatı ilə Komintern tərəfindən hazırlanan və alman kommunistlərinə sosial-demokratlarla əməkdaşlığı qəti şəkildə qadağan edən fəlakətli qərar idi.
Stalinə görə, fəhlə sinfini inqilabdan yayındıran sosial-demokratlar kommunizmin bir nömrəli düşməni hesab olunurdu. Sosial-demokratiyanı “sosial-faşizm” adlandıran sovet lideri düşünürdü ki, nasistlərin uğuru müvəqqəti haldır və zəhmətkeş siniflər tezliklə yenidən sola üz tutacaqdılar. O zamana qədər isə sosial-demokratları əzmək lazım idi ki, solda yalnız kommunistlərin səsi eşidilsin.
Stalinin bu dəhşətli korafəhmliyi nasizmə qarşı vahid sol cəbhənin yaranmasına imkan vermədi. Halbuki 1932-ci ilin noyabr seçkilərində belə, sosial-demokratlarla kommunistlərin qazandıqları ümumi mandat sayı nasistlərinkindən çox idi: nasistlərin 196 mandatına qarşı sosial-demokratların 121, kommunistlərin isə 100 mandatı vardı.
SSRİ-nin Böyük Depressiyadan uduşu
1929-cu ildə başlayan iqtisadi böhranın bəşəriyyətə vurduğu ən böyük zərərlərdən biri də Qərb ölkələrində kommunizm sisteminə və sovet rejiminə rəğbətin görünməmiş həddə artması oldu. Bu rəğbətin yüksəlməsinin zahirən kifayət qədər əsaslı səbəbləri vardı. Qərb ölkələrində milyonlarla insan işsiz qalıb dilənçi kökünə düşərkən, SSRİ-də işsizlik yox idi, nəhəng sənaye müəssisələri dalbadal tikilir və istifadəyə verilirdi.
Lakin bu parıltılı vitrinin arxasında insanlıq tarixinin ən böyük faciələrindən biri gizlədilirdi. Sənayeləşməni yürütmək və Qərbdən müasir avadanlıqlar satın almaq üçün təcili xarici valyutaya ehtiyac vardı. O zaman hələ neft və qaz satmayan SSRİ həmin valyutanı yalnız bir yolla əldə edə bilərdi — kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın böyük həcmdə ixracı ilə. Bu məqsədlə kəndlərdə kütləvi kollektivləşmə aparılır, uğurlu fermerlər “qolçomaq” adı altında amansızlıqla ortadan qaldırılır və əhalinin əlindəki bütün taxıl zorla müsadirə edilirdi.
Bunun təbii nəticəsi olaraq ölkənin bir çox regionlarında, xüsusən də Ukrayna və Qazaxıstanda dəhşətli aclıq yaşandı. Rusiya Dövlət Dumasının 2008-ci il rəsmi qiymətləndirməsinə görə, həmin dövrdə 7 milyona yaxın insan acından öldü. Amma Moskva bütün bu dəhşətləri Qərb dünyasından gizlətməyi bacardı. Hətta ölkəyə səfər edən bəzi məşhur Qərb ziyalıları vətənlərinə qayıtdıqdan sonra SSRİ-dəki vəziyyəti çəhrayı rənglərlə təsvir edərək sovet rejiminin əlində “faydalı əbləh” rolunu oynadılar.
Beləcə, inanılmaz bir paradoksal vəziyyət yarandı. ABŞ-da iqtisadi böhran nə qədər fəlakətli şəkil alsa da, orada kütləvi ölüm halları qeydə alınmadı. Məsələn, nəhəng Nyu-York şəhərində bilavasitə aclıqdan ölüm halı ən çox 1934-cü ildə qeydə alındı və bu rəqəm cəmi 110 nəfər idi. SSRİ-də isə məhz hökumətin apardığı amansız siyasət üzündən milyonlarla insan qırıldı. Amma bu dəhşətli həqiqətin gizlədilməsi və Qərbdəki “faydalı əbləhlər” sayəsində sovet sisteminin dünyadakı nüfuzu durmadan artdı.
Bu ideoloji rəğbət partlayışı özünü ən qabarıq şəkildə kəşfiyyat sahəsində büruzə verdi. Qərb cəmiyyətinin hətta hakim təbəqələrinə və elitasına məxsus şəxslər ideoloji səbəblərdən Moskvaya casusluq etməyə başladılar. Sovet kəşfiyyatının bu qızıl dövrünün ən parlaq nümunəsi Böyük Britaniyada yaranan və tarixə “Kembric beşliyi” kimi düşən məşhur qrupdur (Kim Filbi və başqaları). SSRİ-nin İkinci Dünya müharibəsindən sonra çox qısa zamanda atom silahına yiyələnməsində və ABŞ-ın nüvə monopoliyasını qırmasında da məhz həmin kommunist əqidəli şəxslər — Klaus Fuks, Teodor Holl, Etel və Yulius Rozenberqlər misilsiz rol oynadılar.