Logo
news content

Sürgündə doğulan, rəhbəri qarət edən, altı gülləyə öldürülən “Ələkeçməz”
“Bilsəydim Lenindir, girov götürərdim...”

Fevral inqilabından və Oktyabr çevrilişindən sonra Rusiyanı bürüyən xaos zamanı çoxlu kriminal qruplar yarandı. Bu qruplar hətta Moskva və Petroqrad kimi böyük şəhərləri qorxu altında saxlayırdılar. Onlar gündüzlər də bekar qalmırdılar, qaranlıq düşən kimi isə sovet hakimiyyətini kriminalın hakimiyyəti əvəz edirdi. Hər gün onlarla qətl, qarət, zorakılıq törədilirdi. Lakin 1919-cu il yanvarın 6-da baş verən hadisə bu cinayətlər sunamisində belə xüsusi yer tutur. Həmin gün Yakov Koşelkovun rəhbərlik etdiyi dəstə elə-belə adamı deyil, sovet hökumətinin başçısı Vladimir Lenini qarət etdi, pul, sənədlər və silahla yanaşı maşınını da əlindən alıb, piyada yola saldı. 

*** 

Əsl soyadı Kuznetsov olan Yakov 1890-cu ildə Sibirdə anadan olub. Peşəkar cinayətkar olan atası buraya ömürlük sürgün olunmuşdu. Lakin personajımızın hansı şəhərdə, hətta hansı quberniyada anadan olması məlum deyil.

Yakov cinayətkar fəaliyyətə lap erkən yaşlarından başlayıb. 1913-cü ildə, 23 yaşında artıq çar polisində təcrübəli ev oğrusu kimi qeydə alınmışdı. Amma Yakov təkcə evlərə deyil, ciblərə də girirdi. Məhz buna görə ona Koşelyok (pulqabı) ləqəbi verildi və sonra bu ləqəb Koşelkov şəklində soyadına çevrildi.

Yakov əsasən Moskvanın Xitrovka deyilən ərazisində — Xitrovo bazarı ətrafında fəaliyyət göstərirdi. Bu yer cinayətkar aləmin ən sevimli məkanlarından biri idi və oranı hətta məhəbbətlə “Azad Xivə dövləti” adlandırırdılar. 

Koşelkovun 1917-ci ilə qədər 10 dəfə tutulub mühakimə edilməsinə əsasən deyə bilərik ki, öz sənətinin heç də ən mahir ustası deyildi. Amma oğurluqdan fərqli olaraq, həbsdən qaçmağı yaxşı bacarırdı və heç bir cəzasını sonuna qədər çəkməmişdi. Buna görə də ona “Ələkeçməz” ləqəbi verilmişdi. Sonuncu dəfə Fevral inqilabından sonra Sibirdən qaçıb Moskvaya gəldi. 

Yakovun daha əvvəl qətl törətməsi barədə məlumat yoxdur. Amma bu dəfə 20-25 nəfərlik dəstə yığıb silahlı qarət və qətllər törətdi, VÇK-nın (Ümumrusiya Fövqəladə Komissiyası) ən çox axtardığı adamlardan birinə çevrildi. 

1918-ci ilin fevralında Koşelkovun Vyazmaya toya getməsi barədə məlumat alan çekistlər (VÇK əməkdaşları) onu burada ələ keçirdilər. Lakin qatarla Moskvaya gətirilən quldur yolda qaça bildi. Onunla eyni vaqonda gələn yoldaşları yolda buxanka çörək alıb, içinə “Brauninq” yerləşdirdilər. 

Qatar Moskvanın Aleksandrovski (indiki Belorusski) vağzalına çatanda, dəstə üzvlərindən biri konvoya yaxınlaşdı və guya dustağa rəhmi gəldiyindən ona çörək vermək istədiyini söylədi. Təcrübəsiz nəzarətçilər çörəyi yoxlamadan Yakova verdilər (cinayətkarlığın belə vüsət almasının önəmli səbəblərindən biri də çar dövrünün təcrübəli polisinin ləğvi idi). 

Vağzaldan piyada həbsxanaya aparılan Koşelkov çörəyi parçaladı, silahı çıxardı və üç nəzarətçidən birini öldürdü, digərini ağır yaraladı. Üçüncü nəzarətçini isə dostlarından biri öldürdü.

Bu qaçışdan sonra kriminal aləmdə xüsusi ad-san qazanan Koşelkov cinayətkar fəaliyyətini daha amansız şəkildə davam etdirdi. Amma bir daha ələ keçməmək üçün Xitrovkadan Sokolnikiyə keçdi. 

*** 

Sovet hökumətinin başçısı Vladimir Leninin həyatına ilk dəfə 1918-ci il yanvarın 1-də, paytaxt hələ Petroqradda olanda qəsd edildi. Mixaylov manejində keçirilən mitinqdən hökumətin yerləşdiyi Smolnıya qayıdan Leninin avtomobili saat 19:30-da Fontanka çayı üzərindəki Simeonov (indi Belinski) körpüsündən keçərkən atəşə tutuldu. Maşında olan isveçrəli sosial-demokrat Frits Platten əli ilə Leninin başını aşağı əydi. Sürücü Taras Qoroxovik sürətlə hadisə yerindən uzaqlaşdı. Avtomobilə bir neçə güllə dəydi, Platten əlindən yaralandı, amma Lenin xəsarət almadı. 

Sona çatdırılan ikinci cəhd daha məşhurdur, çünki bu zaman Lenin ağır yaralandı. 1918-ci il avqustun 30-da Moskvada Mixelson zavodundakı mitinqdən çıxan hökumət başçısına bir qadın üç atəş açdı və güllələrin ikisi hədəfə dəydi. Birinci güllə Leninin qol sümüyünü sındırdı, ikincisi isə kürəyindən daxil olub sol ağciyərini zədələdi və yuxarıya doğru hərəkət edərək çənənin altında dayandı. Yaraların ciddiliyinə baxmayaraq, Lenin artıq sentyabrın 17-də işə qayıtdı. 

Hadisə yerindən bir qədər kənarda həbs edilən köhnə inqilabçı, eser partiyasının üzvü Fanni Kaplan Leninə atəş açdığını etiraf etdi. O, hərtərəfli istintaq aparılmadan və məhkəmə keçirilmədən sentyabrın 3-də Kremlin həyətində güllələndi və cəsədi dəmir çəlləkdə yandırıldı. 

Onu da deyim ki, Kaplanın sürgündə keçirdiyi xəstəlik üzündən görmə qabiliyyətinin böyük hissəsini itirməsini və hadisənin saat 23:00 ətrafında baş verməsini əsas gətirən bir çox tədqiqatçılar qəsdin həqiqətən onun törətməsinə şübhə edirlər. 

*** 

Bu iki və VÇK tərəfindən qarşısı alındığından sona çatdırılmayan digər qəsdlərə baxmayaraq, Lenin şəxsi mühafizədən qəti imtina edirdi. Uzun təkidlərdən sonra yanında bir mühafizəçinin olmasına razılaşdı. Bundan əlavə, əsas sürücüsü olan Stepan Gilin və özünün də silahı vardı.

1919-cu il yanvarın 6-da axşamüstü Lenin zob xəstəliyindən əziyyət çəkən və Sokolnikidəki sanatoriyada dincələn arvadı Nadejda Krupskayaya baş çəkməyi qərara aldı. Hökumət başçısı həm də burada yerləşən məktəb-sanatoriyada məktəblilərlə Yeni ili qeyd etməyi planlaşdırırdı. 

Stepan Gilin idarə etdiyi “Delaunay-Belleville” avtomobilində rəhbərin bacısı Mariya Ulyanova və mühafizəçisi İvan Çabanov vardı. 

Yakov Koşelkov və beş yoldaşı isə növbəti qarət planlaşdırmışdılar və avtomobilə ehtiyacları vardı. Onlar Sokolniki şossesində (indiki Rusakovskaya küçəsində) bir maşının gəldiyini görüb, qarşısını kəsdilər. İddialara görə, Lenin onları patrul hesab etdi (o zaman hərbi forma yox idi) və sürücüyə maşını saxlamasını söylədi. 

Maşın dayanan kimi içindəkilərə silahlar tuşlandı və yerə enmələri əmr edildi. Quldurlara maşın lazım olsa da, əllərinə düşən “frayer”lərin üst-başlarını da axtardılar. Leninin sənədləri, pulları və “Brauninq” markalı tapançası öz cibindən Koşelkovun cibinə köç etdi. 

Bəzi mənbələrdə yazılır ki, Lenin özünü təqdim edərək quldurları dayandırmaq istəyib, lakin dəstə başçısı onun soyadını səhv eşidib və “Nə edim ki, Levinsən, mən də Koşelkovam, gecələr şəhərin ağası” cavabını verir. Digər mənbələr isə bu rəvayətin uydurma olduğunu deyirlər. 

Rəhbərin yol yoldaşlarını da qarət edən quldurlar avtomobilə oturub uzaqlaşdılar. Bir qədər gedəndən sonra Koşelkov sənədlərə baxdı və soyduqları adamın Lenin olduğunu anladı. O, maşını idarə edən quldura tez geri qayıtmağı əmr etdi, lakin Lenini tapmadılar. 

Lenin bu zaman yaxınlıqdakı rayon sovetinin binasında idi. Maraqlıdır ki, qapıdakı gözətçi də onu tanımayaraq içəri buraxmaq istəmirdi. Sənədləri isə quldurlar aparmışdı. Bununla belə, gözətçini dilə tutub birtəhər içəri keçə bildilər və VÇK sədrinin müavini Yakov Petersə zəng etdilər. 

Eşitdiklərinə əvvəlcə inanmayan, kiminsə onu doladığını düşünən Peters sonda inandı və Sokolniki sovetinə silahlı çekistlərlə dolu üç avtomobil göndərdi. Onlar Lenini ciddi mühafizə altında Krupskayanın və məktəblilərin yanına apardılar.

*** 

Bu hadisədən sonra Yakov Koşelkov çekistlərin ən çox axtardıqları adam oldu. Dəfələrlə reydlər təşkil edildi, pusqular quruldu. Atışmalarda həm çekistlər, həm quldurkar itki verirdilər, amma quldurbaşı özü hər dəfə aradan çıxırdı. 

Koşelkovun Bojedomka (indiki Durov) küçəsindəki mənzillərin birində yaşadığını öyrənən çekistlər 1919-cu il iyulun 26-da burada pusqu qurdular. Yakov və iki dostu binadan çıxan kimi atəş altına düşdülər. İki cinayətkar dərhal öldü, Yakov isə hələ bir müddət atışdı. Sonda o da öldürüldü: bədəninə altı güllə dəydi. 

Quldurun üst-başını axtaran çekistlər Leninin brauninqini tapdılar. Mənzildə axtarış zamanı isə məlum oldu ki, Koşelkov gündəlik tuturmuş. Leninlə qarşılaşması barədəki hissəsində Koşelkov yazırdı ki, əlindəki adamın kim olduğunu bilsəydi, onu girov götürüb hökumətdən xeyli pul alar, həm də Butirka həbsxanasındakı dustaqların buraxılmasını tələb edərdi. Tələbləri yerinə yetiriləndən sonra isə hökumət başçısını öldürmək fikrində imiş.