13-cü “döyüşçü”: bakılı çempion qələbəni necə əldə etdi?
Gizli gedişlər, son döyüşün həyəcanı, yarışın ən böyük ironiyası
17 Sentyabr 2026
Dünya şahmat tacı uğrunda Anatoli Karpov və Harri Kasparov arasında ilk matç qalib müəyyənləşmədən yarımçıq dayandırıldı. Birinci matç kimi yenə də Moskvada keçirilən ikinci matç 1985-ci il sentyabrın 3-də start götürdü. Yeni reqlamentə görə, matç 24 partiyadan ibarət olacaqdı, heç-heçə (12:12) bitərdisə Karpov çempion titulunu saxlayacaqdı. Kasparovun çempion olması üçün isə ən azı 12,5 xal toplaması lazım idi.
Harri Kasparovun “Limitsiz matç” kitabında ikinci matçdan bəhs edən “On üçüncü” fəslini ixtisarla təqdim edirik.
İlk partiyada ağ fiqurlar mənə düşdü ki, bu da yaxşı əlamət idi. Bu səviyyəli matçlarda ilk partiyalar çox vaxt kəşfiyyat xarakteri daşıyır. Rəqiblər sanki bir-birlərini müşahidə edib öyrənirlər. Lakin unutmaq olmazdı ki, bu partiya həm də 49-cu ola bilərdi — limitsiz matçın dayandırılmasından çox az vaxt keçmişdi və əvvəlki təəssüratlar hələ yaddaşlardan silinməmişdi. Hər iki iştirakçının əvvəlki qarşılaşmanın mirası olan böyük informasiya materialı vardı. Buna görə də gözləmək olardı ki, rəqiblər ilk partiyalardan etibarən kompromissiz mübarizəyə başlayaraq özlərinin bir-birindən xeyli fərqlənən konsepsiyalarının doğruluğunu müdafiə edəcəklər.
Karpovun “debut hazırlığı Kasparovun oyunundakı ən güclü cəhətdir” sözlərini sanki təsdiqləyərək, artıq ilk partiyada seçimimlə rəqibi çaşdırdım — Nimtsoviç müdafiəsinə yol verdim ki, bunu əvvəllər, demək olar, heç vaxt etmirdim. İlk beş gediş Karpovdan 50 dəqiqə aldı — onun şahmat praktikasında görünməmiş hal idi!
Bütün partiya boyu Karpov yalnız müdafiə olunurdu və ertəsi gün oyunu davam etdirmədən təslim oldu. Bundan əvvəl o, heç vaxt ardıcıl üç partiya uduzmamışdı (əvvəlki matçın sonundakı iki məğlubiyyəti də nəzərə alsaq), eləcə də dünya çempionluğu uğrunda matçda heç vaxt ilk partiyanı uduzmamışdı.
Mark Teymanov “Karpov — Kasparov dünya çempionluğu matçı” (Moskva, 1986) kitabına yazdığı ön sözdə qeyd edir: “Məlumdur ki, birinci partiyanın xüsusi əhəmiyyəti var. Onun nəticəsindən və mübarizənin xarakterindən, ən azı ilkin mərhələdə, adətən tərəfdaşların əhval-ruhiyyəsi və yaradıcılıq vəziyyəti asılı olur. Karpovun dediyi kimi, “dünya çempionluğu matçında ilk partiyanı qazanan ciddi psixoloji üstünlük əldə edir”.
Lakin birinci partiyanın nəticəsi məni, əksinə, çaşqın vəziyyətə saldı. Bir qədər özümü itirdim. Bir tərəfdən, məsuliyyətli yarışda qələbədən sonra həmişə olduğu kimi sevinc hissi, digər tərəfdən isə vəziyyətin psixoloji baxımdan yeniliyi: axı əvvəlki matçın demək olar ki, bütün gedişində uçurumun kənarında müvazinət saxlayaraq geridə qalmış vəziyyətdən çıxmağa çalışırdım. Karpov isə özünü ilk dəfə olaraq təqib edən tərəfin rolunda görürdü. Buna görə də ikinci partiya bu vəziyyətin oyunumuzda özünü necə göstərəcəyinə cavab verməli idi.
Debütdən çıxan kimi özümü baş sındıran çətinliklərə atdım. Halbuki ağların düzgün oynaması halında məni ciddi problemlər gözləyirdi. Lakin Karpov doğru yolu tapa bilmədi və mən bir sıra taktiki zərbələrlə qalib mövqeyə nail oldum. Ancaq seytnotda həlledici davamı gözdən qaçırdım. Bununla belə, təxirə salınmış vəziyyət qələbəyə ümid etməyə imkan verirdi, baxmayaraq ki, yazdığım gediş o qədər də güclü deyildi. Bütün variantlarda aydın qələbə yolu tapdıqdan sonra, oyunun davam etdirilməsinə cəmi iki saat qalmış qəfildən ağlar üçün güclü əks-gediş aşkar etdik. Başqa imkanların axtarışına qızğın şəkildə başladıq, lakin vaxtın azlığı şəraitində dəqiq yol tapa bilmədik.
Oyunun davam etdirilməsinə aydın plan olmadan gəldiyim üçün şahmat taxtası arxasında vəziyyəti düzgün qiymətləndirə bilmədim və təşəbbüsü əldən verdim. Nəticədə heç-heçə.
Belə uğursuzluqlar həmişə adama ağır gəlir, dünya çempionluğu matçında isə hər şey xüsusilə kəskin qəbul olunur. Karpov isə, görünür, həmin axşam yaxşı emosional enerji toplamışdı. Buna baxmayaraq, üçüncü partiyadan əvvəl taym-aut götürdü — yəqin ki, başlanğıcın həyəcanları ondan xeyli güc almışdı.
İlk iki partiyada bir xal üstünlüyüm və oyun təşəbbüsünün məndə olması gələcəyə nikbin baxmağım üçün hər cür əsas verirdi. Üstəlik, qarşıda “ağ” həftə vardı (üç partiyadan ikisində ağ fiqurlarla oynayacaqdım). Lakin matç mübarizəsinin qanunları müəmmalıdır — bu həftə mənim üçün sözün əsl mənasında qara həftəyə çevrildi.
Həftə üçüncü partiyada sakit heç-heçə ilə başladı, lakin sonra ardıcıl iki məğlubiyyət aldım. İngilis qrossmeysteri Entoni Maylz dedi ki, Karpov zəif yerləri tapmaq bacarığını incəliklə nümayiş etdirib. Dominik Louson “Financial Times” qəzetində onu tamamlayırdı: “Karpov ani üstünlüyü hökmran mövqeyə çevirməyi bacarır; o, hörümçəyin yorulmaz zəhməti ilə gedişlərdən incə bir tor toxuyur”.
Beləliklə, cəmi üç gün ərzində matçdakı vəziyyət kökündən dəyişdi. Karpov önə keçdi, üstəlik bir qələbəni qara fiqurlarla qazandı ki, bu da psixoloji baxımdan çox mühümdür. Karpovun müdafiəsini yarmağın çətinliyini və matçda heç-heçənin də onun üçün qənaətbəxş olduğunu nəzərə alsaq, qarşıda məni mürəkkəb vəzifə gözləyirdi. Mətbuatda bunun ilk işartıları artıq görünməyə başlamışdı. Bəzilərinə hadisələrin gedişi hətta əvvəlki matçın başlanğıcını xatırladırdı. Lakin 4-cü və 5-ci partiyalarda yaşadığım sarsıntılara baxmayaraq, mən ümidsizlikdən uzaq idim. Matçdan əvvəl gördüyümüz hazırlığın həcmini nəzərə alaraq, məşqçilərlə birlikdə vəziyyətimi heç də ümidsiz hesab etmirdik. Seçdiyimiz strateji xəttin düzgünlüyünə dair heç bir şübhəmiz yaranmamışdı — oyunumun başlanğıcındakı çatışmazlıqlar həddən artıq aydın görünürdü.
Qarşıda duran vəzifəni qısaca belə ifadə etmək olardı: birincisi, son dərəcə sərt oynayaraq Karpova üstünlüyünü inkişaf etdirmək imkanı verməmək, ikincisi isə mürəkkəb mübarizəyə gedərək oyun təşəbbüsünü ələ keçirmək və imkan daxilində rəqibi taqətdən salmaq. Bundan əlavə, sırf psixoloji problem də son dərəcə vacib idi: mümkün qədər tez mənəvi tarazlığımı bərpa etmək. İndi əminliklə demək olar ki, bu böyük vəzifənin öhdəsindən 6-cı və 10-cu partiyalar arasındakı mərhələdə tam gəldik.
Bu beş görüşün hamısı heç-heçə ilə başa çatdı, lakin hər biri gərgin keçdi və çoxlu güc apardı. Mübarizənin xarakteri dəyişməyə başladı. Mən güclü bir vasitədən istifadə etdim — bu partiyaların hamısında piyada qurban verdim: qara fiqurlarla oynayanda təşəbbüsü əldən verməmək, ağ fiqurlarla oynayanda isə təşəbbüsü ələ keçirmək üçün. 9-cu partiyada hətta üç piyada qurban verdim, lakin oyunun davamında elə təhlükəli hücum qurdum ki, Karpov bir fiqurunu verməyə məcbur oldu. 10-cu partiya da çox mühüm idi. Qara fiqurlarla oynadığım bu partiyada, şərhçilərin dediyi kimi, “heyrətamiz qurbanlar silsiləsi” ilə vəziyyətdən xilas oldum. Görünür, bu, Karpovda dərin məyusluq hissi yaratmışdı.
Matçın ikinci yarısı yaxınlaşırdı və Botvinnikin proqnozu istər-istəməz yada düşürdü: “Kasparov 10–12 partiyadan sonra bərabər hesaba malik olsa və ya hətta bir xal geridə olsa, matçda qələbə qazanmaq üçün yaxşı şansları olacaq”. Macarıstan qrossmeysteri Andraş Adoryan da matçda yaranmış vəziyyəti çox dəqiq qiymətləndirmişdi. 10-cu partiyadan sonra onunla telefonla danışdım. Andraş 7-ci, 9-cu və 10-cu partiyalarda əlverişli imkanları əldən verdiyimə təəssüfləndikdən sonra söhbətin sonunda əlavə etdi: “Əsas məsələ qələbə deyil, tendensiyadır ki, mənim fikrimcə, müsbət xarakter daşıyır”.
Bu sözləri növbəti, 11-ci partiyaya münasibətdə peyğəmbərcəsinə deyilmiş sözlər adlandırmaq olar. Karpov sadə bir tələyə düşdükdən sonra vəzir qurbanı ilə bağlı effektli gediş sayəsində mən 25 gedişdə qalib gəldim. Partiyadan sonra bəzi şərhçilər 22…Tcd8 gedişini həddən artıq bər-bəzəkli ifadələrlə təsvir etdilər: “əsrin səhvi”, “dünya çempionluğu matçında misilsiz hadisə” və s. Lakin görünür, onlar oxşar səhvlərin dəfələrlə baş verdiyini, o cümlədən Fişerin Spasski ilə matçın 1-ci partiyasında belə bir səhvə yol verdiyini unutmuşdular.
Əlbəttə, Karpovun bu partiyadakı kobud səhvi son dərəcə qeyri-adi hadisə idi. Lakin unutmaq olmaz ki, bundan əvvəl 10 çox gərgin görüş keçirilmişdi və son iki partiya Karpovdan böyük əsəb enerjisi tələb etmişdi. Üstəlik, 11-ci partiyanın başlanğıcı da onun üçün asan keçmirdi. Ən pis məqamlar geridə qaldıqdan sonra isə, görünür, vaxtından əvvəl arxayınlaşdı. Bir anlıq arxayınlaşmanın bədəli yüksək oldu...
12-ci partiyada mən mütəxəssisləri Averbaxın “aydın səma altında çaxan ildırım” adlandırdığı davamla heyrətləndirdim: sanki hərtərəfli araşdırılmış mövqedə piyadanı qurban verməklə problemlərin “Qordi düyünü”nü yarmaq mümkün oldu. Həm də Siciliya müdafiəsində qara fiqurlarla! Təsadüfi deyil ki, jurnalistlər d6–d5 gedişini ilin yeniliyi elan etdilər.
Karpov hazırlıqsız halda müzakirəyə girmək istəmədi və fiqurların dəyişdirilməsinə gətirib çıxaran yolu seçdi. Bu isə sürətli heç-heçə ilə nəticələndi. Beləliklə, yolun yarısını bərabər hesabla keçdik.
Matçın ilk yarısı şahmat taxtası arxasında dramatik hadisələrlə zəngin olsa da, hər şeydən hiss olunurdu ki, ən maraqlı məqamlar hələ qarşıdadır. Sanki limitsiz matçın yükünü çiyinlərindən atmış rəqiblər daha sərbəst oynamağa, hər görüşdə təşəbbüsü mümkün qədər tez ələ keçirməyə çalışdılar. Mübarizənin gərginliyi partiyadan partiyaya artacaq və həlledici 24-cü partiyanın beşinci saatında öz zirvəsinə çatacaqdı.
15-ci partiyadakı nisbətən sakit heç-heçə bir çoxlarını matçda sakitlik dövrünün başladığını düşünməyə vadar etdi. Xatırladırdılar ki, ilk beş partiyadakı gur hadisələrdən sonra növbəti on partiyadan cəmi biri məhsuldar olmuşdu. İlk matçdakı heç-heçə silsilələri ilə birbaşa analogiyanın ağla gəlməsi qaçılmaz idi. Lakin matçın bu mərhələsində üstünlük təşkil edən tendensiya göstərirdi ki, inanılmaz dərəcədə güclü daxili gərginlik tezliklə üzə çıxmalıdır...
Bu, 16-cı partiyada baş verdi. Bu partiyanı bu günə qədər öz yaradıcılıq uğurlarımın ən böyüyü hesab edirəm. Əvvəllər də gözəl kombinasiyalar həyata keçirməyə, bütöv və mükəmməl strateji partiyalar oynamağa nail olmuşdum, lakin ümumi ideyanın miqyasına görə onların heç biri bu partiya ilə müqayisə oluna bilməz.
Həmin partiyanı ən yaxşı nailiyyətlərim sırasına daxil etməyimin daha bir səbəbi var. Gözəl qazanılmış hər partiyanın qiyməti rəqibin gücündən və yarışın səviyyəsindən asılı olaraq artır. Bu qələbə dünya çempionu üzərində, şahmat tacı uğrunda matçda qazanılmışdı.
Belə yaradıcılıq yüksəlişindən sonra lazımi emosional köklənməni qorumaq asan deyil. Bundan başqa, matçda dəyişmiş vəziyyəti psixoloji baxımdan dərk etmək lazım idi. Yenidən lider rolunda oynamalı idim və matçın əvvəlində buna hələ öyrəşə bilməmişdim. Lakin indi artıq daxilən matçı qazana biləcəyimə əmin olmuşdum və bu, mənə özünəinam verirdi.
Nisbətən qısa sürən iki heç-heçədən sonra 19-cu partiyanı gözəl üslubda qazandım. Bu partiyada görünməmiş bir hadisə baş verdi: tamamilə qalib mövqedə gedişi yazmaq əvəzinə onu taxtada etdim və bu, zalda alqış püskürtüsünə səbəb oldu. Dünya çempionluğu matçlarında gedişin yazılmadan açıq şəkildə taxtada edildiyi yeganə hadisə idi. Hətta qrossmeyster praktikasında belə bu, nadir haldır.
Bu, strateji baxımdan bütöv bir partiya idi və mənə böyük yaradıcılıq məmnuniyyəti verdi. Amma ən əsası, 19-cu partiyadakı qələbə matçda ümumi qələbə şansımı son dərəcə real etdi. Əhəmiyyətini düşünməyin belə çətin olduğu bir qələbəni...
Belə yeni və qəflətən üzərimə axışan hisslərin yükü ilə oynamağın nə qədər çətin olduğunu növbəti görüşlərdə bütün aydınlığı ilə hiss etdim.
20-ci partiyada yenə gizli gedişimi taxtada etdim. Tamaşaçılar yenidən coşdular, lakin bu dəfə partiya heç-heçə başa çatdı: 85 gediş davam edən, doqquz saatlıq yorucu mübarizədən sonra. Hətta Kampomanesin müavini, venesuelalı Rafael Tudela da özünü saxlaya bilmədi: “Kasparov əvvəlki matçdan bəri xeyli inkişaf edib. Şübhəsiz ki, o, özünü tamamilə idarə edir. Əvvəllər həddindən artıq emosional olması və gəncliyi ilə bağlı zəif cəhətləri aradan qalxıb. Digər tərəfdən, Karpov, görünür, hansısa psixoloji narahatlıq keçirir. Düşünürəm ki, 5:0 hesabı onun ağlından çıxmır”.
Bu partiyadan sonra Karpovun vəziyyəti fəlakətli həddə çatdı. Məni isə qalan dörd görüşdə cəmi üç “yarım xal”, yəni üç heç-heçə lazım olduğu fikri rahat buraxmırdı. Vəzifə o qədər də çətin görünmürdü, axı hətta qara fiqurlarla da mütləq uduzmalı deyildim — sonuncu dəfə qara fiqurlarla məğlubiyyətimdən ayyarım keçmişdi!
Lakin qələbənin yaxınlığı düşüncələrimi bulandırmağa başladı. Nəticədə 21-ci partiyada qələbəni əldən verdim. Çoxları təəccübləndi ki, oyunun davam etdirilməsi zamanı nəzərəçarpacaq üstünlüyüm olduğu halda heç-heçəyə kifayət qədər tez razılaşdım. Məsələ burasında idi ki, oyunun davam etdirilməsi zamanı evdə apardığım analizdə bir səhv aşkar etdim. Bundan məyus olduğum üçün (üstəlik, iki xal üstünlüyümü də xatırlayaraq!) oyunu davam etdirmədim. 12-ci xalı qazanmaq şansım çox real idi və başadüşülən məyusluq əhval-ruhiyyəmə təsir etdi.
22-ci partiyadan əvvəl Karpov sonuncu taym-autundan istifadə etdi. O, çox yaxşı anlayırdı ki, bu partiyada heç-heçə matçdakı məğlubiyyətlə eyni məna daşıyacaq.
Və o, hesab arasındakı fərqi azaltmağa nail oldu. Seytnotda iki impulsiv səhvə yol verdim və bədəli partiyanı uduzmaq oldu. Əslində, qəbul etdiyim hər qərara görə duyduğum böyük məsuliyyət hissi məni iflic etmişdi. Əvvəlki partiyadakı səhv gözümün qarşısında dayanmışdı. Bu, məni həddən artıq ehtiyatlı olmağa vadar etdi və nəticədə seytnota düşdüm. Lakin Karpovun haqqını vermək lazımdır: matçın kritik məqamında o, polad əsəblərə sahib olduğunu sübut etdi.
Bu məğlubiyyət növbəti, 23-cü partiyada taktikanı müəyyənləşdirdi: heç bir riskə yol vermədən özümə heç-heçəni təmin etmək. Bu vəzifənin öhdəsindən gəldim.
Noyabrın 9-u səhər anam məni bu sözlərlə oyatdı: “Üç il əvvəl bu gün Lüsern Olimpiadasında ən yaxşı partiyalarından birini oynamışdın. Xatırlayırsan? Qara fiqurlarla Korçnoya qalib gəlmişdin və nəticədə ilk “Oskar”ını almışdın. Bu, yaxşı əlamətdir”.
Beləliklə, hər şey sonuncu partiyada həll olunmalı idi. Şahmat tarixində misli görünməmiş 72 partiyalı marafonun taleyi onun nəticəsindən asılı idi. Şahmatçının həyatında misilsiz dəyərə malik olan belə görüşlərin öz mübarizə qanunları var. Cəmi bir gedişin “olmaq və ya olmamaq” məsələsini həll edə biləcəyi bir vəziyyətdə düşüncənin mütləq aydınlığını qorumaq çətindir. Bir səhv gedişin taleyüklü ola biləcəyi fikrindən qurtulmaq mümkün deyil, çünki bundan sonra artıq heç nəyi düzəltmək olmayacaq — bu, matçın sonuncu partiyasıdır!
Rəqiblərin əsəb imkanlarının son həddində oynadıqları belə ekstremal vəziyyətlərdə çox şeyi, bəlkə də hər şeyi, psixoloji hazırlıq və oyuna köklənmə həll edir. Daha soyuqqanlı, daha ölçülü-biçili və özünə daha inamlı olan qalib gəlir.
Əlbəttə, Karpov üçün 24-cü partiyada vəzifə daha çətin idi — onu yalnız qələbə qane edirdi. Şahmat yarışlarının təcrübəsindən isə bilirik ki, sonuncu partiyada sifarişlə qələbə qazanmağa yönəlmiş oyun, demək olar ki, həmişə uğursuzluqla nəticələnib. Lakin belə hallarda ehtimal nəzəriyyəsi zəmanət verə bilməz — həmişə qaydanı təsdiqləyən istisna olmaq riskin var...
Həlledici qarşılaşmanın strategiyasının müəyyənləşdirilməsi mənim üçün ciddi problem idi. Məlum olduğu kimi, heç-heçəyə hesablanmış düzxətli oyun böyük təhlükələrlə doludur, üstəlik, mənim şahmat baxışlarıma da heç cür uyğun gəlmir. Buna görə bütün tərəddüdləri bir kənara qoyub prinsipial davam yollarından yayınmamaq, açıq döyüşə girmək qərarına gəldim. Rəqibin irəli atılacağına isə şübhə yox idi.
Karpov Siciliya müdafiəsinə qarşı özünün sevimli quruluşuna sadiq qaldı, halbuki bu quruluş indiyədək ona sevinc gətirməmişdi. Ola bilsin, onun seçiminə Monpelyedə keçirilən namizədlər turnirindəki Sokolov — Ribli partiyası təsir etmişdi; həmin turnir vaxt baxımından bizim matçla üst-üstə düşürdü. Karpov qərara almışdı ki, Sokolovun enerjili, hücum xarakterli planı sonuncu, həlledici partiyanın ruhuna uyğundur. Biz buna hazır idik və həmin partiyanı biz də araşdırmışdıq. Başa düşürdük ki, yaranmış vəziyyətdə rəqibin xoşuna gələ bilər.
Amma iş praktikaya gəlib çatanda Karpov riskli olsa da, həqiqi hücum oyununa başlamağa cəsarət etmədi. O, hadisələri məcburi şəkildə sürətləndirməkdən imtina edərək qələbə qazanmağa çalışırdı. Hətta kritik məqamlarda belə Karpov öz xarakterinə zidd gedə bilmir: o, həmişə “Karpov sayağı” oynamalıdır — mövqeyi gücləndirməli, vəziyyəti kəskin şəkildə həll etməyə çalışmamalıdır. Yəqin ki, daxilən şah cinahında hücuma keçməyin düzgünlüyünə əmin deyildi və buna görə də hücumu cəsarətlə və qətiyyətlə apara bilmirdi. Mən e7 xanasına top qoyanda isə ilk baxışdan olduqca təvazökar bir məqsəd güdürdüm. Karpov uzun müddət tərəddüd etdi — düşünürəm ki, artıq həmin anda nəyisə hiss etmişdi. Əslində, bu, partiyadakı ən orijinal və ən çətin gediş idi. Bundan sonra ağların hücumu tədricən sönməyə başladı.
Mən səhnədə var-gəl edirdim, Karpov isə vaxtının çoxunu sakitcə şahmat masasının arxasında oturaraq keçirirdi. 31-ci gedişdə o, heç-heçəni məcburi şəkildə təmin etmək imkanından imtina etdi — ona yalnız qələbə lazım idi. Lakin beş gediş sonra Karpov kobud səhvə yol verdi və 42-ci gedişdə sanki donub qaldı.
Daha bir neçə dözülməz dəqiqə keçdi və nəhayət, Karpov əlini uzadıb məni qələbə və dünya çempionu titulunu qazanmağım münasibətilə təbrik etdi.
.png)
Elə həmin saniyədə salonda qopmuş göy gurultusunu xatırladan uğultu məni tamamilə inandırdı: bəli, bəli, bu, həqiqətdir! Baş verdi!! Mən qələbə sevinci ilə əllərimi başımın üstünə qaldırdım...

Çölə çıxanda meydanda dayanmış izdihamı gördüm, yenə qışqırıq səsləri ucaldı. Bir müxbir özümü necə hiss etdiyimi soruşdu. “Əla!” — deyə qışqırdım. Bu, həqiqətən də belə idi. Amma həmin anda məni bürüyən qızğın həyəcanı sözlərlə ifadə etmək olardımı?! Yalnız maşında məşqçilərlə, nəhayət, bir-birimizi qucaqladıq.
Biz “sarayımıza” qayıdanda mən təxminən on beş dəqiqə otaqdan-otağa keçib zəfər qışqırıqları səsləndirirdim. Qələbə! Düşünmürəm ki, bundan sonra həyatımda belə bir hisslər qasırğasını yaşamaq bir daha nəsib olsun. Belə bir hissi həyatda heç olmasa bir dəfə yaşamaq kifayətdir.
Məndən soruşurlar ki, bu, sevginin yaratdığı ekstaza bənzəyirmi? Etiraf edim ki, hətta ondan da güclüdür! Sən dünyanın ən yaxşısı olduğunu sübut etmisən, illər əvvəl qarşıya qoyduğun məqsədə çatmısan, qarşına çıxan bütün maneələri dəf etmisən və bundan sonra həyatında nə baş verməsindən asılı olmayaraq, heç kim və heç nə artıq bu nailiyyəti səndən ala bilməz! Sən tarixə düşmüsən... Eyforiya bütün gecə davam edir, sonsuz təbriklər və telefon zəngləri ilə daha da güclənirdi.
10 noyabrda matçın təntənəli bağlanış mərasimi keçirildi. Kampomanesin, Sevastyanovun və Krogiusun qaşqabaqlı üzləri yaddaşımda qaldı. Vəziyyətin ironiyası onda idi ki, mənim başıma dəfnə çələngini qoyanlar bunun baş verməməsi üçün əllərindən gələn hər şeyi etmiş insanlar idi…