Əsirlikdən qaçdı, anasını güllələdilər, xidməti maşında müəmmalı qəzada öldü...
“Xalq düşməni”nin oğlu siyasi olimpin bir addımlığında aradan götürülüb?
05 Oktyabr 2026
1980-ci il oktyabrın 4-də baş verən avtoqəzada Belarusiya Kommunist Partiyasının birinci katibi Pyotr Maşerov həlak oldu. Hadisə böyük rezonans və çoxlu konspiroloji versiyalar doğurdu. SSRİ-yə daxil olan respublikalardan birinin rəhbərinin adi qəzada ölümü ağlabatan görünmürdü. Çünki onlar xüsusi mühafizə olunurdular və adətən hərəkət etdikləri yol bağlanırdı. O zaman qəza necə baş vermişdi və dolaşan şayiələr həqiqətə nə qədər uyğun idi?
***
Pyotr Maşerov 1918-ci il fevralın 13-də Şirki kəndində (indi Belarusun Vitebsk vilayətində yerləşir) beş uşaqlı ailədə anadan olub. 1935-ci ildə orta təhsilini başa vurandan sonra Vitebsk Pedaqoji İnstitutuna daxil olub. Atası Miron 1937-ci ildə antisovet təbliğat ittihamı ilə həbs olunub, 10 il azadlıqdan məhrum edilib və bir neçə aydan sonra ölüb.
Maraqlıdır ki, geniş yayılmış təcrübənin əksinə, bu hadisə Pyotrun taleyinə mənfi təsir göstərmədi – o, nə institutdan, nə də komsomoldan qovuldu. Bu, atasının qolçomaq və ya rəhbər vəzifəli şəxs deyil, sıravi kəndli olmasına görə idi, yoxsa repressiyaların xüsusilə kütləvi xarakter aldığı ildə NKVD-nin diqqətsizliyinin nəticəsi idi, ya da başqa səbəb vardı, söyləmək çətindir. Onu da qeyd edim ki, Miron Maşerova Stalinin ölümündən sonra bəraət verildi.
1939-cu ildə institutu bitirən Pyotr Rossonı qəsəbəsində fizika və riyaziyyat müəllimi işləməyə başladı. Onun böyük qardaşı Pavel də yaxınlıqdakı Dvorişşe kəndində tarix və coğrafiya müəllimi işləyirdi. Pyotr anasını da Rossonıya öz yanına gətirdi.
Qardaşların pedaqoji fəaliyyəti 1941-ci ildə sovet-alman müharibəsinin başlaması ilə yarımçıq qaldı: hər ikisi könüllü orduya yazıldı. Hadisələri qabaqlayaraq deyim ki, Pavel müharibədən sonra da taleyini ordu ilə bağladı, general-mayor rütbəsinə qədər yüksəldi və 1988-ci ildə vəfat etdi.
Pyotr Maşerov isə nizami ordu sıralarında az döyüşdü. Cəmi bir neçə həftə sonra Pskov yaxınlığında yaralanaraq əsir düşdü. Lakin Almaniyaya aparılarkən təhlükəli tullanışla qatardan qaça bildi. Bu zaman ciddi zədələnsə də, xoşbəxtlikdən sınıqları olmadı. O, meşələrlə təkbaşına irəliləyərək Rossonıya qayıtdı və anasının yaşadığı evdə gizlənərək müalicə aldı.

1942-ci ilin aprelində Maşerov bir qrup həmkəndlisi ilə meşəyə çəkilərək Şors adına partizan dəstəsi yaratdı. Partizanlar onu komandir seçdilər, daha sonra bu seçim Belarusiya partizan hərəkatının qərargahı tərəfindən təsdiqləndi.
Pyotr Maşerov tədricən belarus partizan hərəkatının əsas fiqurlarından birinə çevrildi. Bir sıra uğurlu diversiyalara rəhbərlik etdi. 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Rossonıda stomatoloq kimi tanıdığı, partizan dəstəsində həkim işləyən Polina Qalanova ilə evləndi, hələ müharibə bitməmiş –1945-ci ilin aprelində Natalya, dörd il sonra da Yelena adlı qızları oldu.

Amma müharibə Maşerov üçün şəxsi faciəsiz də bitmədi. Anası Darya partizanlarla əlaqə saxladığı üçün, əsas da oğluna görə gestapo tərəfindən həbs edildi. Almanlar ona işgəncə verib partizanların yerini deməsini istədilər, Darya Petrovna isə demədi və güllələndi.
Anasının həbs oluna biləcəyini öncədən anlayan Maşerov onu partizan dəstəsinə aparmaq haqqında düşünürdü. Lakin döyüşçü yoldaşlarının ailələri kənddə qaldığı halda, yalnız öz anasını aparmağı doğru hesab etmirdi. Bu səbəbdən anasının ölümündə özünü günahkar bilib ömür boyu vicdan əzabı çəkdi.
Pyotr Mironoviç müharibədən sonra komsomol və partiya strukturunda çalışdı. Artıq 1947-ci ildə Belarusiya komsomol təşkilatının birinci katibi oldu. Yeddi il sonra partiya xəttinə keçdi. 1954-cü ildə Belarusiya Kommunist Partiyasının (BKP) Minsk vilayət komitəsinin ikinci katibi, 1955-ci ildə də Brest vilayət komitəsinin birinci katibi təyin edildi.
1959-cu ildə Minskə qaytarılan Maşerov BKP-nin Mərkəzi Komitəsinin (MK) katibi, 1962-ci ildə isə ikinci katibi təyin edildi. Respublikanın partiya rəhbəri Kirill Mazurov SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib Moskvaya aparılanda öz yerinə Maşerovu tövsiyə etdi. Kremlin razılığından sonra Pyotr Mironoviç BKP MK-nin birinci katibi oldu. Bir il sonra isə SSRİ Kommunist Partiyasının Politbüro üzvlüyünə namizəd seçildi.
***
1965-ci ildə Belarusiya İkinci dünya müharibəsinin dağıntıları hələ ortadan qaldırılmamış aqrar respublika idi. Maşerovun 15 illik hakimiyyəti tarixə “Belarusiya intibahı” və ya “Qızıl dövr” kimi düşdü. Bu illər ərzində Belarusiya SSRİ-də ən sürətlə inkişaf edən respublika oldu.
Minskdə hələ 1954-cü ildə istifadəyə verilən və “Belarus” markalı televizorlar buraxan cihazqayırma zavodu Maşerovun dövründə nəhəng müəssisəyə çevrildi. Zavodun 1970-ci ildən buraxdığı ağ-qara və rəngli “Qorizont” televizorları SSRİ-nin ən populyar markalarından birinə çevrildi. Daha bir televizor zavodu 1978-ci ildə Vitebsk şəhərində açıldı. Zavod rəngli “Vityaz” televizorları istehsal edirdi.
Minskdə 1968-ci ildə yarımkeçirici cihazlar və inteqral mikrosxemlər istehsal edən “Tranzistor” zavodu işə başladı. 1978-ci ildə istifadəyə verilən “Elektronika” zavodu isə tezliklə bütün SSRİ-də eyni adlı qol saatları ilə məşhurlaşdı. 1979-cu ildə Mogilyovda işə başlayan “Zenit” zavodu hərbi komponentlərlə yanaşı “Belarus-301” markalı məişət maqnitofonları buraxırdı.
SSRİ-nin bir çox respublikalarından fərqli olaraq, Belarusiya müəssisələri təkcə plan doldurmaqla kifayətlənmir, məhsulun keyfiyyətinə də önəm verirdilər. Nəticədə, burada buraxılan yük maşınlarına (nəhəng BelAZ və başqaları), traktorlara, soyuduculara xaricdə də, o cümlədən, qabaqcıl Avropa ölkələrində belə tələbat vardı.
Bütün bunlar Belarusiyanı aqrar ölkədən sənaye ölkəsinə çevirdi və əhalinin urbanizasiyasına təsir göstərdi. 1965-ci ildə əhalinin 62,3 faizi kənddə yaşayırdı. 1980-ci ildə isə artıq şəhər əhalisi üstünlük təşkil edirdi – 56,7%. Əhalisi 1 milyonu keçən Minskdə 1977-ci ildə metropoliten tikintisi başladı (1984-cü ildə, Maşerovun ölümündən sonra açıldı).
Maraqlıdır ki, urbanizasiya kənd təsərrüfatında göstəricilərin azalması ilə deyil, artması ilə müşayiət olundu. Bunun da səbəbi sahənin mexanikləşdirilməsi, elmi yanaşma və düzgün kadr siyasəti idi. Nəticədə həm ümumi məhsuldarlıq, həm də hər hektardan yığılan məhsulun həcmi dəfələrlə artdı.
Maşerovun bir özəlliyi də Moskvadan orden-medal almaq üçün məhsulu respublika əhalisindən kəsib Moskvaya göndərməməsi idi (buna baxmayaraq, 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını aldı). O, ilk növbədə belarusları təmin edir, yalnız izafi məhsulu başqa respublikalara göndərirdi. SSRİ-də geniş yayılmış “pripiska” (şişirilmiş iqtisadi statistika) ənənəsi də Belarusiyada yox idi. Korrupsiya baxımından da birinci katibin şəxsi reputasiyası qüsursuz idi.
***
Məhz Maşerovun israrlı və əzmkar fəaliyyəti nəticəsində Minskə 1974-cü ildə “Qəhrəman şəhər” statusu verildi. Bu termin ilk dəfə Stalinin 1945-ci il 1 may tarixli əmrində Leninqrad, Stalinqrad, Sevastopol və Odessa şəhərlərinə aid edilmişdi. Kiyev 1961-ci ildə “Qəhrəman şəhər” adlandırıldı.
“Qəhrəman şəhər” statusu haqqında Əsasnamə isə yalnız 1965-ci ildə təsdiq olundu və bu zaman termin ilk dəfə Moskvaya da şamil edildi, eləcə də Brest qalası “Qəhrəman qala” adlandırıldı. 1973-cü ildə Kerç və Novorossiysk “Qəhrəman şəhər” oldular.
Sovet rəhbərliyi Minski bu ada layiq bilmirdi. Bir tərəfdən şəhər sovet-alman müharibəsinin başlamasından cəmi 6 gün sonra ciddi müqavimət göstərmədən almanların əlinə keçmişdi. Amma digər tərəfdən, Belarusiya partizan hərəkatının və gizli müqavimətin geniş yayıldığı, əhalinin say nisbətinə görə ən ağır itkilərə məruz qalmış respublika idi: sakinlərin 1/3 hissəsi müharibədə həlak olmuşdu.
Maşerov Minskə Qəhrəman adının verilməsi üçün müxtəlif üsullarla mübarizə aparırdı. Məsələn, “Belarusfilm” studiyasının çəkdiyi “Dağıntılar atəş açır” adlı altı seriyalı film işğal illərində gizli müqavimət hərəkatının qəhrəman fəaliyyətindən bəhs edirdi. Birinci katibin göstərişi ilə tarixçilər, yazıçılar və şairlər belarusların şücaətindən bəhs edən əsərlər yazırdılar. Respublikada müharibə ilə bağlı bir sıra abidələr ucaldılır, memorial komplekslər açılırdı. Nəhayət, 1974-cü ildə Minskə də “Qəhrəman şəhər” statusu verildi.
***
1980-ci il oktyabrın 4-də saat 14:35-də Pyotr Maşerov Mərkəzi Komitənin binasından çıxıb QAZ-13 “Çayka” avtomobilinə əyləşərək Minskdən 57 km aralıda olan Jodino şəhərinə yollandı. Lakin o, təyinat nöqtəsinə çatmadı. Marşrutun təxminən 40-cı kilometrində “Çayka” qarşıdan gələn və kartofla dolu “QAZ-53B” yük maşını ilə toqquşdu. “Çayka”nın sürücüsü, Maşerov və mühafizəçisi həlak oldu.
Moskvadan göndərilən istintaq qrupu yüksək vəzifəli şəxslərin mühafizəsi ilə bağlı əsasnamə və təlimatların xeyli pozuntusunu aşkar etdi. Həmçinin sual doğuran məqamlar mövcud idi.
Məsələn, Maşerovun ixtiyarında zirehli “ZİL-117” avtomobili olduğu halda niyə zirehsiz “Çayka”ya minmişdi? Bu sualla bağlı üç cavab səslənir. Birincisi odur ki, həmin ərəfədə “ZİL”in arxa işıq şüşələri sınmışdı. Bu isə sabotaj ehtimalını mümkün edir və yeni suallar yaradır. İkinci cavab Maşerovun “Çayka”nı daha çox bəyənməsi idi. Üçüncü cavab isə rəhbərin 60 yaşlı sürücüsü, hələ müharibə dövründən yoldaşlıq etdiyi Yevgeni Zaytsevin “ZİL” sürməkdə çətinlik çəkməsi və Maşerovun bunu nəzərə alması idi.
İkinci sual o zaman bütün SSRİ-də səslənirdi: birinci katibin maşını başqa maşınla necə toqquşa bilər? Axı onun hərəkəti zamanı yolda başqa maşınların hərəkəti dayandırılmalı idi? Amma bu sualın cavabını belaruslar, xüsusən də minsklilər yaxşı bilirdilər: Maşerov yolun bağlanmasına icazə vermirdi. Digər sovet vətəndaşları bunu bilmədiklərindən ağıllarına müxtəlif versiyalar gəlirdi: məsələn, “QAZ-53”-ün qəsdən yola çıxıb birinci katibin maşınını taran etməsi kimi.
Əsasnamə və təlimat pozuntularından biri yuxarıda adını çəkdiyim sürücü ilə bağlı idi. İstintaq müəyyən etdi ki, Zaytsev əslində son tibbi müayinədən keçməyibmiş – görmə qabiliyyətinin zəifliyinə görə. Lakin Maşerov məsələyə müdaxilə edəndən sonra eynək taxmaqla sürücülüyü davam etdirməsinə icazə verilib. Qəza günü isə eynəyi taxmamışdı, futlyar pencəyinin cibindən çıxdı. Üstəlik, sürücünün belinə yun şərf dolanmışdı: o, radikulitdən əziyyət çəkirdi. Qısası, xüsusi təlim görməyən, sadəcə təcrübəli sürücü olan Yevgeni Zaytsev yüksək səviyyədə mühafizə olunan şəxsi daşımaq üçün yararsız idi.
Tələblərdən birini Pyotr Maşerov şəxsən pozmuşdu və bunu hər zaman edirdi. O, Jenya deyə müraciət etdiyi köhnə silah yoldaşının sürdüyü maşında rəis ədası ilə arxada oturmağı xoşlamırdı. Həmişə ön sərnişin oturacağında oturur, mühafizə rəisi, KQB mayoru Valentin Çesnokovu isə arxa oturacağa göndərirdi. Qəza günü də istisna olmamışdı.
Faciənin əsas səbəbi isə kortej şəklində hərəkət qaydalarının kobud şəkildə pozulması idi. Qaydalara görə, kortejdə minimum üç eskort maşını olmalı idi. Öndə mütləq sarı-göy rəngli, sayrışan işıqlarla və səsgücləndirici ilə təchiz olunmuş QAİ (indiki deyimlə, yol polisi) maşını getməli idi.
.png)
Lakin Maşerovu cəmi iki maşın müşayiət edirdi, özü də QAİ maşını arxada gəlirdi. İrəlidə isə hər hansı fərqləndirici əlamətləri, sayrışan işıqları olmayan, sadəcə səsgücləndiricisi olan ağ rəngli QAZ-24 “Volqa” avtomobili gedirdi. Daha bir təlimat pozuntusu da o idi ki, “Volqa” “Çayka”dan 150 metr irəlidə getməli olduğu halda, təxminən 500 metr aralanmışdı.
Bir sözlə, kortejdə təlimatın cəmi bir qaydasına əməl olunurdu - saatda 110-120 km sürətlə hərəkət edilirdi. Hesab olunurdu ki, belə sürət odlu silahdan dəqiq atəş ehtimalını minimuma endirir.
Qafilə Minskdən təxminən 40 km aralıda MAZ-503 markalı yük maşını ilə üz-üzə gəldi. “Volqa”dan “sağa çəkilib dayan” əmrini eşidən sürücü Nikolay Taraykoviç maşının ağır tikinti materialları ilə tam yükləndiyini nəzərə alaraq tormoza basmadı, sadəcə ayağını qazdan götürdü və maşını sürət qutusu ilə dayandırmağa çalışdı. Bu zaman onun arxa “stop” işıqları, təbii ki, yanmadı.
Arxadan gələn QAZ-53 maşınının sürücüsü Nikolay Pustovit öndəki maşının dayanmağa başladığını gec fərq etdi. Üstəlik, o, “Volqa”dan səslənən əmri də eşitməmiş, görünüşü məhdud olduğundan korteji də görməmişdi. Sürücü belə vəziyyətdə hamının edəcəyini etdi: sükanı sola buraraq MAZ-ı ötməyə başladı. Bu zaman “Volqa”nın sürücüsü sürət əyləcinə basaraq toqquşmadan yayına bildi ki, bu da qayda pozuntusu idi: onlar QAZ-53-ün qabağına keçib mühafizə etdikləri şəxsi həyatları bahasına xilas etməli idilər.
“Çayka”nın sürücüsü Yevgeni Zaytsev isə əvvəlcə tormoza basdı, daha sonra sürəti artırıb çevik manevrlə toqquşmadan yayınmağa çalışdı. Lakin bu cəhdlərin faydası olmadı, yüksək sürətlə QAZ-53 ilə toqquşan “Çayka”dakı hər üç nəfər dərhal həlak oldu.
.png)
İstintaq ağla gələn bütün versiyaları, o cümlədən MAZ sürücüsü Nikolay Taraykoviçi və QAZ-53 sürücüsü Nikolay Pustovitin şəxsiyyətini araşdırdı, lakin qəzanın qəsd olmasından şübhələnməyə əsas verən sübut tapmadı. Nikolay Pustovit həmin ilin dekabrında 15 il azadlıqdan məhrum edildi.
***
SSRİ-də ətrafında müxtəlif şayiələr dolaşan bir çox müəmmalı hadisələrə yenidənqurma və postsovet dövründə aydınlıq gəldi. Amma Maşerovun ölümü ilə bağlı əksi baş verdi: şayiələr daha da çoxaldı və daha da əsaslı görünməyə başladı. Bu da səbəbsiz deyildi.
Həmin dövrdə ortaya çıxan faktlar Baş katib Brejnevin hakimiyyətinin son illərində gedən hakimiyyət mübarizəsinə, xüsusən də KQB sədri Yuri Andropovun öz rəqiblərini necə zərərsizləşdirilməsinə işıq saldı. Məsələn, məlum oldu ki, Moskvanın ticarət şəbəkəsindəki korrupsiya hallarını ifşa etməklə paytaxtın birinci katibi Viktor Qrişinin hakimiyyət Olimpinə yolunu bağlayıb.
Baş katib postuna ən real namizədlərdən biri, Leninqrad vilayətinin birinci katibi Qriqori Romanov isə sadəcə şayiə ilə zərərsizləşdirildi. Romanov hələ 1974-cü ildə xidməti bağ evində qızına mütəvazi toy etmişdi. Qonaqların sayı cəmi 15-20 nəfər olmuşdu, masa üzərində də qeyri-adi təamlar yox idi.
6-7 il sonra isə dövriyyəyə KQB tərəfindən buraxıldığı şübhə doğurmayan şayiədə iddia olunurdu ki, toy məşhur Tavrida sarayında keçirilib, bu münasibətlə Ermitajdan qədim qab-qacaq və qədəhlər götürülüb, toy zamanı da onların bəziləri sınıb. Şayiə hətta sovet sərhədləri ilə məhdudlaşmadı, Qərb mətbuatı da bundan yazdı, xarici radiostansiyalar danışdı. Sovet insanında dərin hiddət doğuran bu söz-söhbətdən sonra Qriqori Romanovun Baş katib olması imkansız idi (hələ soyad problemi də vardı).
Bu faktların fonunda Maşerovun da aradan götürülməsi daha inandırıcı görünməyə başladı. Qızı Natalyanın da bölüşdüyü bir versiyaya görə, Belarusiya rəhbəri artıq bir müddətdir ki, yataq xəstəsi olan Andrey Kosıginin yerinə SSRİ Nazirlər Sovetinin sədri (baş nazir) təyin olunacaqdı. Bu isə onun Baş katiblik şansını xeyli artırardı.
Amma mən şəxsən bu ehtimalı bölüşmürəm. Leonid Brejnev kadr seçimi zamanı bacarığa, işgüzarlığa deyil, şəxsi yaxınlığa və sadiqliyə önəm verirdi. Yaltaqlığı sevməyən, ad günlərində Baş katibə bahalı hədiyyələr bağışlamayan Maşerova Brejnev xüsusi rəğbət bəsləmirdi. 1980-ci il oktyabrın 23-də Brejnevin Dnepropetrovsk klanına daxil olan 75 yaşlı Nikolay Tixonovun baş nazir təyin olunması da bunu təsdiq edir.
Bir də ki, rəqibi kompromatla, şayiələrlə zərərsizləşdirmək və qətlə yetirmək arasında böyük fərq və mənəvi baryer var. Hər halda həmin dövrdə SSRİ-də siyasi qətllər artıq arxada qalmışdı. Doğrudur, Pyotr Maşerovun fəaliyyətində kompromat tapmaq asan deyildi. Amma Romanov təcrübəsində olduğu kimi bir şayiə fikirləşmək KQB üçün çətin olmazdı.
Onu da deyim ki, Maşerovun arvadı Polina Andreyevna qəsd ehtimalını bölüşmürdü və məhkəmədən az sonra Pustovitin cəzasının yüngülləşdirilməsi üçün sovet rəhbərliyinə müraciət etmişdi. Sürücünün cəzası 1982-ci ildə, SSRİ-nin yaranmasının 60 illiyi münasibətilə verilən amnistiyada yarıbayarı azaldıldı. 1985-ci ildə isə Faşizm üzərində Qələbənin 40 illiyi münasibətilə verilən daha bir amnistiyadan sonra azadlığa çıxdı. O sonuncu dəfə 2000-ci illərin ortalarında müsahibə verib. Hazırda həyatda olub-olmadığı məlum deyil.