“Qanlı Milad”, ingilis barmağı, 70 il yol gözləyən cehizlik... - II YAZI
Türkiyə-Yunanıstan dostluğunun və nifaqının tarixi
29 Sentyabr 2026
Əvvəli: Burada
1878-ci il iyulun 4-də İstanbulda imzalanan konvensiyaya əsasən Osmanlı dövləti Kipr üzərində suverenliyi de-yure özündə saxlamaqla adanın idarəçiliyini Böyük Britaniyaya vermişdi. İngilislər bunun müqabilində, Rusiya ilə yeni müharibə baş verərsə, Türkiyəni müdafiə etməyi, üstəlik, hər il 92800 funt sterlinq ödəməyi öhdələrinə götürdülər (bu məbləğ türklərə ödənilmədi, ingilislərə olan borcdan silindi).
Birinci Dünya müharibəsi başlayanda türklər və ingilislər əks düşərgələrdə yer aldılar və Böyük Britaniya 1914-cü il noyabrın 5-də Kipri ilhaq etdiyini bildirdi. Bir il sonra Yunanıstana bildirildi ki, Antanta tərəfində müharibəyə qoşulmasının mükafatı olaraq Kipri ala bilər. Amma Afina daxili problemlər üzündən bunu qəbul etmədi. Lozanna müqaviləsinə əsasən Türkiyə adaya iddialarından əl çəkdi. 1925-ci ildə Kipr kral koloniyası (Crown Colony) elan edildi.
1921-ci il siyahıyaalmasına görə, adada 310 175 nəfər yaşayırdı və bunun 244 887 nəfəri (78,8%) yunanlar idi (türklər: 61 339 və ya 19,7%). Təsadüfi deyildi ki, burada Yunanıstanla birləşmək (enozis) ideyası geniş yayılmaqda idi.
Kipr yunanlarının Britaniya hakimiyyətinə qarşı ilk ciddi aksiyası 1931-ci ildə baş verən Oktyabr hadisələri oldu. Etirazçılar Nikosiyada Hökumət evini yandırdılar. Yerli qüvvələrin azlığını görən Britaniya administrasiyası Misirdən hərbi qüvvələr gətirməli oldu. Hadisələr nəticəsində 7 yunan öldürüldü, 10 nəfər sürgün edildi, 2 mindən çox adam isə cərimədən həbsə qədər cəzalara məruz qaldı.
İngilislərin sonrakı 10 il ərzində sərt davranışları nəticəsində səngiyən enozis hərəkatı İkinci Dünya müharibəsindən sonra yenidən vüsət aldı. 1950-ci ildə Kipr pravoslav kilsəsinin keçirdiyi və türklərin iştirak etmədiyi qeyri-rəsmi referendumda ada yunanlarının 95,7 faizi Yunanıstanla birləşməyə tərəfdar çıxdı.
1954-cü ilin ortalarında Yunanıstan BMT-yə müraciət edərək Kipr üçün “self-determination” (təyini-müqəddərat) hüququnun tanınmasını istədi. BMT Baş Assambleyası isə “Kipr məsələsi üzrə qətnamə qəbul etmənin məqsədəuyğun olmaması” barədə qərar qəbul etdi.
1955-ci ildə Yunanıstan ordusunun polkovniki, İkinci Dünya müharibəsinin təcrübəli veteranı Georgios Qrivas EOKA təşkilatını (Ethniki Organosis Kyprion Agoniston — Kipr Döyüşçülərinin Milli Təşkilatı) yaratdı. Təşkilatın məqsədi britaniyalılara qarşı terror və diversiya aktları təşkil etməklə onları adadan getməyə məcbur etmək idi.
Bu taktika yeni düşünülməmişdi, yəhudilərin “İrqun” və “Lehi” təşkilatlarının ingilisləri Fələstindən çıxmağa məcbur etmək üçün 1944-cü il fevralın 1-də başladıqları üsyandan alınan örnək idi.
İlk partlayışlar 1955-ci il aprelin 1-də törədildi. Bir neçə aksiyadan sonra ingilis qubernator noyabrın 26-da fövqəladə vəziyyət elan etdi.
Enozis hərəkatı və EOKA terroru genişləndikcə britaniyalılar adadakı türklərə daha çox söykənməyə başlayırlar. Yunanların EOKA-ya xəbərçilik etməsinə görə polis xidmətinə daha çox türk cəlb edilir, terrorla mübarizənin əsas ağırlığı da onların üzərinə düşür. Bu da iki icma arasında münasibətləri kəskinləşdirir, EOKA-nı türklərə qarşı da terrora sövq edirdi.
Türkiyənin Bayar-Menderes iqtidarı Kiprdə başlayan hərəkata əvvəlcə soyuq yanaşır, bunu Britaniyanın daxili işi hesab edirdi. Lakin belə mövqe Britaniyanı qane etmirdi. Fələstində ciddi marağı olmayan və yəhudi üsyanı nəticəsində oradan çıxan ingilislərin Kiprdə ciddi maraqları vardı və buradan çıxmaq istəmirdi.
Belə ki, Misirdə monarxiyanın devrilməsindən sonra hakimiyyətə gələn millətçi zabitlər iqtidarı ilə Britaniya arasında 1954-cü il oktyabrın 19-da imzalanan müqavilə Süveyş kanalı ətrafındakı ingilis hərbi qüvvələrinin 20 ay müddətində çıxarılmasını nəzərdə tuturdu. London kanala nəzarət imkanlarını saxlamaq üçün bu qüvvələri Kiprdə yerləşdirmək fikrində idi. Başlayan “enozis” hərəkatı isə bu planı təhlükəyə atırdı.
Bununla belə, yerli xalq öz müqəddəratını təyin etmək istəyirdisə, açıq-aşkar “olmaz” demək demokratik dövlət imicinə uyğun gəlmirdi. Bir bəhanə lazım idi. London o bəhanəni Türkiyəni masaya çəkmək və iki tərəf arasında fikir ayrılığı yaratmaqla qazanmağı qərara aldı. Beləcə, Kipr məsələsi Britaniya ilə ada əhalisinin deyil, Türkiyə ilə Yunanıstanın ziddiyyətinə çevriləcəkdi.
İngilislərin səyləri öz bəhrəsini verdi. Ankara Kipr məsələsində fəallıq göstərməyə başladı. 1954-cü ilin avqustunda İstanbulda “Kipr türkdür” dərnəyi yaradıldı. Qurumun yaradıcısı iqtidara yaxın sayılan Hikmet Bil idi. Dərnək qısa müddətdə sürətlə böyüyərək Türkiyədə və Kiprdə 84 şöbə açdı. Kiprdə həm də Fazıl Küçükün rəhbərliyi altında eyni adlı partiya yaradıldı. Kipr problemi qısa müddət ərzində Türkiyənin milli davasına çevrildi.
Onu da deyim ki, xarici işlər naziri Fuad Köprülü Kipr məsələsindən ötrü Yunanıstanla münasibətlərin korlanmasının əleyhinə idi. Bu və digər fikir ayrılıqları Köprülünün 1955-ci il aprelin 15-də istefası ilə nəticələndi və onun vəzifəsini Menderes özü icra etməyə başladı. Köprülü həmin ilin dekabrında vəzifəsinə qayıtdı, lakin 7 ay sonra ikinci dəfə istefa verdi, bir il sonra da hakim Demokrat Partiyadan ayrıldı.
1955-ci il avqustun 29-da Londonda Kipr məsələsini müzakirə etmək üçün Üçtərəfli (Böyük Britaniya, Türkiyə, Yunanıstan) Konfrans başladı. Türkiyəni konfransda Menderesin şəxsi nümayəndəsi, 1957-1960-cı illərdə xarici işlər naziri olacaq Fatin Rüştü Zorlu təmsil edirdi.
Kipr məsələsini Afina ilə London arasındakı problem sayan yunanlar Türkiyənin müzakirələrə cəlb edilməsinə təəccüblənsələr də, kəskin etiraz etmədilər. Necə olsa, dost dövlət sayılırdı və artıq bəzi ixtilaflar nəzərə çarpsa da, çıxış yolu tapacaqlarına ümid edirdilər. Amma türklərin tutduğu barışmaz mövqe onları çox heyrətləndirdi. Fatin Zorlu hesab edirdi ki, “Anadolunun təbii davamı olan” Kipr Türkiyəyə qaytarılmalıdır. Bu iddia Britaniyanın adanı Osmanlıdan alması faktı ilə gücləndirilirdi. Zorlu hətta bildirirdi ki, Kipr problemi həll olunmasa, Türkiyə Lozanna müqaviləsini pozmağı belə nəzərdən keçirə bilər.
Türkiyənin daxilində də yerli yunanlara münasibət dəyişməyə başladı. Mətbuat müxtəlif yalanları və şayiələri tirajlayırdı. Məsələn, İstanbulda yaşayan yunanların və İstanbul patriarxlığının silah-sursat almaq üçün Kipr yunanlarına pul göndərməsi, İstanbul yunanlarının sadəlövh türkləri istismar etməsi kimi iddialar qəzetlərdə yer alırdı.
Konfransın getdiyi zaman Zorlu baş nazir Menderesə uzun bir teleqram göndərdi. Danışıqlar barədə ətraflı məlumat verən diplomat sonda qeyd edirdi: “Biz burada elimizden geleni yapıyoruz, fakat Türkiye kamuoyundan gelecek bir destek, bizim işimize yarar”.
1960-cı il çevrilişindən sonra qurulan məhkəmədə Zorlu bu təklifdə məqsədinin dinc aksiyalar olmasını söylədi. Səmimi olub-olmadığını söyləmək çətindir, amma həmin təklif Cümhuriyyət tarixinin ən utancverici hadisələrindən birini tətiklədi.
Tarixçi Dilek Güvenin iddiasına görə, teleqramı alan Menderes “Kipr türkdür” dərnəyinin başqanı Hikmet Bil ilə görüşür və “Zorlu’dan böyle bir telgraf aldım, bir şey organize edilse iyi olur” söyləyir. Amma hadisələri qızışdıracaq təxribatın ölkə hüdudlarından kənarda baş verməsi nəzərə alınsa, bu işdə dövlət orqanlarının iştirakı şübhə doğurmur.
1955-ci il sentyabrın 5-dən 6-na keçən gecə Salonikidə Atatürkün ev-muzeyinin və Türkiyə Baş konsulluğunun yerləşdiyi həyətə kustar üsulla hazırlanmş, partlayış gücü zəif bir bomba atıldı. Onun düşdüyü yerdə kiçik çala yarandı. Konsulluq binasının və muzeyin hərəsinin bir pəncərəsinin şüşələri töküldü. Zatən daha artığı lazım deyildi.
Xəbər ertəsi gün Türkiyəyə yetişdi və Ankara radiosunun saat 13:00 xəbər bülletenində səsləndirildi. Adətən 15-20 min tirajla çıxan “İstanbul Ekspress” qəzeti isə həmin gün “Atamızın evi bombayla hasara uğradı” manşetli xüsusi buraxılışını 290 min tirajla çap etdi.
***
Yunan polisi apardığı araşdırmadan sonra Yunanıstan vətəndaşı olan iki Qərbi Trakiya türkünü günahkar bildi. 21 yaşlı Oktay Engin Türkiyə Respublikasının ayırdığı təqaüd hesabına Saloniki universitetinin hüquq fakültəsində təhsil alırdı, ikinci kurs tələbəsi idi. Hasan Uçar isə Salonikidəki Türkiyə Baş konsulluğunun mühafizəçisi idi.
Polisin iddiasına görə, Türkiyədə bilərəkdən kustar üsulla hazırlanmış zəif güclü bombanı Oktay Engin gətirərək Hasan Uçara verib, o da gecə növbədə olarkən bombanın fitilini yandıraraq həyətə atıb. Həbs olunan Oktay Engin ittihamları rədd etdi, Hasan Uçar etirafedici ifadələr verdi. Həbsdən 9 ay sonra istintaqın uzanması və əməllərinin böyük ictimai təhlükə törətmədiyini əsas gətirilərək (əslində isə Türkiyənin təzyiqləri ilə) zaminə buraxıldılar.
Oktay Engin kəşfiyyat tərəfindən Türkiyəyə qaçırıldı, Hasan Uçar isə türk-yunan diplomatik danışıqları sayəsində ailəsi ilə sərhədi qanuni keçib Türkiyəyə köçdü. Məhkəmə Oktay Engini və Hasan Uçarı qiyabi mühakimə edərək müvafiq olaraq 3 il 6 ay və 2 il həbsə məhkum etdi.
Hasan Uçar sonrakı həyatını gözdən uzaq şəkildə sürdü. İstanbul Universitetinin hüquq fakültəsini bitirən Oktay Engin isə məmur olub Nevşehir valiliyinə qədər yüksəldi. Uzun müddət inkar edilsə də, bu gün Türkiyədə bombanı məhz bu iki nəfərin atması şübhə doğurmur.
“İstanbul Ekspress”in 290 minlik tirajı ilə bağlı isə bir məqam diqqətəlayiqdir. Hakimiyyətdə olduğu ilk illərdə mətbuata bir sıra azadlıqlar tanıyan DP iqtidarı 1954-cü il seçkilərindən sonra mətbuatı sıxışdırmağa başladı. Bunun yollarından biri də qəzet kağızı üzərindəki monopoliyadan sui-istifadə idi.
O zaman Türkiyədə qəzet kağızını dövlətə məxsus SEKA (Türkiye Selüloz ve Kağıt Fabrikaları) istehsal edirdi. Menderes hökumətini tərifləyən qəzetlər tələbatları qədər kağız alırdılar, tənqidçi media isə tez-tez kağız defisiti ilə üzləşirdi. Belə bir zamanda “İstanbul Ekspress” qəzetinin dərhal 290 min tirajla əlavə nömrə buraxması şübhəlidir. Doğrudur, bu qəzet hakimiyyətyönlü idi, amma hətta belələrinə də kağız ürəkləri istədikləri qədər verilmirdi, çünki əlavə qazanc məqsədilə tənqidçi mətbuata sata bilərdilər.
***
Sentyabrın 6-da axşam saatlarına doğru Taksim meydanında aksiya başladı. İştirakçılar əvvəlcə gənclər, universitet tələbələri idi. Daha sonra izdiham böyüdü və kontingent də dəyişdi. İstanbulun orta yaşlı əhalisi, eləcə də yaxın şəhər və kəndlərdən mütəşəkkil şəkildə gətirilən insanlar çoxluq təşkil etdi.
Aksiyanın poqroma çevrilməsinin ilk hadisəsi təxminən saat 19:00-da Şişlinin Pangaltı səmtində bir yunana məxsus “Haylayf” qənnadı mağazasının pəncərələrinin sındırılması hesab olunur. Tezliklə bütün İstanbulu, xüsusən Bəyoğlu, Qurtuluş, Adalar, Üsküdar, Kadıköy, Kuzğuncuk, Çengelköy, Samatya, Yeddiqüllə, Qumqapı, Fatih və s. məhəllələrini poqromlar bürüdü.
İddialara görə, “Kipr türkdür” dərnəyi yunanlara məxsus evlərin, dükanların və digər obyektlərin siyahısını tutmuşdu. Həmin ünvanlara edilən hücumlarda pəncərələr sındırılar, sakinlər döyülür, əmlakı yağmalanır və ya məhv edilirdi. Bəzi türklər qonşularına yardım edir, onların evini öz evi kimi təqdim edib qoruyur, yunanları öz evlərində gizlədirdi, digər türklər də hamıdan əvvəl öz qonşusuna hücum edirdi. Yunanlardan biri yazırdı: “Benim dükkana komşum Laz Mehmet girmiş. Sabahları birlikte çay içerdik. Çok ağrıma gitti”.
İstanbulun ticarət mərkəzi İstiqlal küçəsi idi və burada qeyri-müsəlmanlara məxsus xeyli mağaza vardı. Ən dəhşətli talan da burada baş verdi. Mağazalardan çölə o qədər əşyalar, parçalar, xalçalar, pərdələr, geyimlər atılmışdı ki, asfalt örtüyü görünməz olmuşdu. Küçədə yerimək mümkün deyildi.
O zaman İstanbuldakı 80-dən çox kilsənin 73-ü zərər gördü: çox hissəsi talandı, bəziləri də yandırıldı. Bu zaman xaçlar, ikonalar sındırılır, qızıl və gümüşdən hazırlanmış əşyalar oğurlanırdı. Xristian din xadimləri döyüldülər. Balıklı Məryəm Ana monastırının baş rahibi yepiskop Gerasim aldığı xəsarətlərdən bir neçə gün sonra öldü. Monastırın həyətində dəfn edilmiş İstanbul yunan patriarxlarının sarkofaqları dağıdıldı, sümükləri çölə atıldı.
Poqromun miqyasına baxanda ölü sayı nisbətən az idi. Türklər 11-15 nəfərin, yunanlar isə 30-dan çox adamın öldürüldüyünü deyirlər. Ağır xəsarət alanların sayı 300-400 nəfər idi. Xristian qadınların çoxsaylı zorlanması baş verdi - 60-dan çox belə hadisə qeydə alındı. Lakin bu, cəsarət edib şikayət edən qadınların sayı idi. Gerçəkdə belə halların dəfələrlə çox olduğu təxmin edilir.
Zərər görənlər təkcə yunanlar deyildi. Yağmalanan obyektlərin 17 faizi ermənilərə, 12 faizi isə yəhudilərə məxsus idi.
Hadisələr hakimiyyət orqanlarının tam bir hərəkətsizliyi fonunda baş verdi. Daxili işlər naziri Namık Gedik baş verənləri hətta “gəncliyin milli qiyamı” adlandırdı. Hadisələr nəzarətdən çıxandan sonra, sentyabrın 7-də hərbi vəziyyət elan etdi.
Türkiyə hökuməti baş verənləri əvvəlcə “kommunist təxribatı” adlandırdı. Həbs edilən Aziz Nesin, Kemal Tahir, Asım Bezirci, Nihat Sargın kimi solçular aylarla həbsxanada qaldılar və sonda bəraət aldılar. Talanlarda iştirak ittihamı ilə tutulan insanların da çoxu ya qısa müddətli həbs cəzaları aldılar, ya da bir müddət sonra azadlığa buraxıldılar.
Daxili işlər naziri Namık Gedik istefa verməli oldu, amma cəmi 13 ay sonra Menderes tərəfindən vəzifəsinə qaytarıldı və 1960-cı il mayın 27-də baş verən hərbi çevrilişə qədər bu postda qaldı. Çevriliş zamanı həbs edilən Gedik iki gün sonra saxlanıldığı Ankara Hərb Məktəbinin 4-cü mərtəbəsindən atılaraq (ya da atdılar) öldü.
Çevrilişdən sonra qurulan Yassıada məhkəməsində Adnan Menderes və Fatin Rüştü Zorlu poqromların təşkilində günahkar bilinərək bu ittiham üzrə 6 il həbs cəzasına məhkum olundular.
6-7 sentyabr İstanbul poqromları 25 il davam edən Türkiyə-Yunanıstan dostluğuna son qoydu. Yunanlar bu hadisədən dərhal sonra İstanbuldan getmədilər, amma gələcəklə bağlı baxışları dəyişdi. Poqroma qədər şəhərdəki yunanlar gələcəklərini İstanbulla bağlayır, planlarını İstanbulda qururdular. Burada bizneslərini böyütmək, burada daşınmaz əmlak almaq istəyirdilər. Poqromdan sonra isə vəziyyət dəyişdi. Onların gələcək planlarında artıq İstanbul yox idi.
***
1956-cı ildə Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalını milliləşdirdi. Böyük Britaniya Fransa və İsrailin köməyi ilə Misirə hücum etsə də, az sonra ABŞ və SSRİ-nin təzyiqi ilə geri çəkilməli oldu və kanal üzərində nəzarəti itirməsi ilə barışdı. Bu hadisə Kiprin Böyük Britaniya üçün strateji əhəmiyyətini azaltdı və London adaya müstəqillik verilməsinə daha ağrısız yanaşmağa başladı.
Kipr 1960-cı ildə müstəqil oldu. Lakin nə müstəqillik, nə də Britaniyanın türk-yunan ixtilafında daha maraqlı olmaması tərəflər arasındakı münasibətləri yumşaltmadı. Ada yunanları müstəqilliklə qane olmayaraq Yunanıstana birləşmək istəyirdilər. Bu da adanın müstəqil qalmasını və ya bölünməsini (taksim) istəyən türklərlə tez-tez toqquşmalara səbəb olurdu. İlk böyük toqquşma 1963-cü il dekabrın 21-25-də yunanların günahı üzündən baş verdi və “Qanlı Milad” adını aldı. Hadisələr zamanı 364 türk və 174 yunan öldü.
.png)
Məqalənin birinci hissəsində 1930-cu ildə iki ölkə arasında “İqamət, Ticarət və Gəmiçilik Anlaşması”nın imzalanmasından və bu sənədin İstanbulda yaşayan, amma Yunanıstan vətəndaşı olan yunanlara əlavə heç bir icazə olmadan şəhərdə qalıb yaşamasına və işləməsinə icazə verməsindən bəhs etmişdim.
İsmet İnönünün rəhbərlik etdiyi hökumət “Qanlı Milad”dan 80 gün sonra, 1964-cü il martın 16-da sözügedən müqaviləni birtərəfli qaydada ləğv etdi. İstanbulda yaşayan Yunanıstan vətəndaşlarına ölkədən çıxmaq üçün bir neçə gün vaxt verildi. Onlar özləri ilə yalnız 20 kq şəxsi əşya və 20 dollar apara bilərdilər.
O zaman İstanbulda təxminən 100 min yunan yaşayırdı və onların 15-20 faizi Yunanıstan vətəndaşı idi. Hökumətin qərarı zahirən yalnız onlara şamil edilirdi, gerçəkdə isə vəziyyət başqa idi. Çünki həmin yunanlar Türkiyə vətəndaşı olan soydaşları ilə ailə qurmuşdular, çoxunun övladı Türkiyə vətəndaşı idi. Aydındır ki, ərin (və ya arvadın, atanın və ya ananın) Yunanıstana gedib qalan ailə üzvlərinin Türkiyədə qalmasından söhbət gedə bilməzdi.
Nəticədə, İstanbulun yunan əhalisinin təxminən yarısı 1964-cü ildə ölkədən köçdü. Qalan yarısı da Türkiyə və Yunanıstan arasında permanent gərginlik fonunda özlərini təhlükəsizlikdə hiss etməyib sonrakı 15-20 ildə köçdü. Hazırda İstanbulda maksimum 2000-2500 yunan yaşayır. Türkiyə-Yunanıstan gərginliyi isə səngimək bilmir.
***
Lozanna müqaviləsindən sonrakı əhali mübadiləsi zamanı Dənizlinin Honaz kəndində yaşayan yunan Minoğlu ailəsi Yunanıstana köçərkən qızları üçün hazırladıqları cehizi (əsasən toxunma əşyalar) “bəlkə bir gün qayıtdıq” deyib qonşuluqdakı Ayşə və Kemal adlı türk ər-arvada əmanət edir. Cütlük əmanəti illərlə qoruyub saxlayır, öləndə də Ramazan adlı oğullarına vəsiyyət edirlər. Ramazan isə öləndə cehiz məsələsini oğluna, tanınmış yazıçı Kemal Yalçına danışır və Minoğlu ailəsinin varislərini tapmağı tapşırır.
Cehizlik əşyaları iki çamadana yığıb 1996-cı ildə Yunanıstana yollanan Kemal Yalçın xeyli əziyyətdən sonra varisləri Volos şəhərində tapır və əmanəti təslim edir. Türk ailəsinin üç nəslinin əmanəti göz bəbəyi kimi qorumaları Minoğlu ailəsinin varislərində böyük heyrət və heyranlıq oyadır.
Yazıçı bu səfər zamanı mübadilə həyatı yaşamış bir neçə ailə ilə söhbət edir və onda bu hadisələrdən bəhs edən kitab yazmaq fikri yaranır. O, Türkiyəyə qayıtdıqdan sonra Yunanıstandan köçürülmüş türklərlə də danışır və beləcə 15 türk, 15 yunan ailəsinin başına gələnlər əsasında “Əmanət cehiz” adlı kitab yazır.
Kitabın arxa qapağında müəllifin Yunanıstanda həmsöhbəti olmuş, Ayancıkdan (Sinop vilayəti) köçmüş Baba Yorqo adlı mübadilin sözləri yer alır: Bax bu bağçanın gözəlliyinə. Bu şaftalıya, bu əriyə, bu armuda, bu çiçəklərə bax. Hamısı birlikdə gözəldir... Bir ölkənin içində nə qədər din, dil, irq varsa, o qədər zənginlikdir. Sənə, sinoplulara, ayancıklılara, türklərə son sözüm budur: tək meyvə ilə bağça olmaz.