Bakıdan göndərilən qoşun, kimsəsiz məzar, bir qəsdin tarixçəsi... - II YAZI
Nikita Xruşşovun təsadüfi triumfu və dramatik sonu
03 Noyabr 2026
Əvvəli: Burada
SSRİ-nin xiffətini çəkən şəxslərdən bu xiffətin səbəbini soruşsaq, ilk növbədə dövlətin öz vətəndaşlarını pulsuz təhsillə və mənzillə təmin etməsini deyərlər. Bu zaman onların böyük əksəriyyəti Xruşşov haqqında mənfi rəy bildirərlər.
Halbuki məhz Nikita Xruşşov SSRİ-ni gerçək sosial yönümlü dövlət modelinə yaxınlaşdırdı. Vətəndaşlar üçün kütləvi yaşayış binalarının tikintisinə onun dövründə başlandı. Mənzil tikintisində dünyada birinci yerə çıxan SSRİ-də 1956-cı ildən 1963-cü ilə qədər ümumi mənzil fondu 640 milyon kvadratmetrdən 1 milyard 184 milyon kvadratmetrə çatdı. Xruşşov hakimiyyətdən gedənə qədər 54 milyon insan fərdi mənzillə təmin olundu.
SSRİ-də 1940-1956-cı illərdə orta məktəbin yuxarı (8-10) siniflərində, eləcə də texnikum və institutlarda təhsil pullu idi. Məhz Xruşşovun təşəbbüsü ilə tam pulsuz təhsil bərpa edildi.
İkinci Dünya müharibəsinin başlaması ilə 1940-cı ildə SSRİ-də yeddigünlük iş həftəsi (istirahət günü yox idi) və 8 saatlıq iş günü tətbiq edilmişdi. İşə 20 dəqiqədən artıq gecikmək cinayət məsuliyyəti yaradırdı. 1956-cı ildə 6 günlük iş həftəsi və 7 saatlıq iş günü bərpa edildi, gecikməyə görə cinayət məsuliyyəti qaldırıldı.
Xruşşovun ən önəmli sosial addımlarından biri pensiya islahatı oldu. 1956-cı ilə qədər SSRİ-də vahid pensiya sistemi yox idi. Müxtəlif nazirliklər müxtəlif qaydalar tətbiq edirdilər. Kolxozçulara pensiya ödənilməsi isə kolxozun müstəsna səlahiyyətində idi: maliyyə vəziyyəti yaxşı, sədri humanist olan kolxozlar ödəyirdi, digərləri yox.
1956-cı ilin iyulunda qəbul olunan “Pensiya haqqında” Qanunla vahid pensiya sistemi yaradıldı və dövlət pensiya təminatının əsası qoyuldu. 25 il əmək stajı olan kişilər 60 yaşında, 20 il stajı olan qadınlar isə 55 yaşında pensiyaya çıxa bilərdilər (bu hədd Rusiyada 70 ildən çox, 2018-ci ilə qədər sabit qaldı). Ölkədə pensiyaların məbləği orta hesabla iki dəfədən çox artdı. 1964-cü ildən kolxozçular da təminatlı pensiya almağa başladılar. Doğrudur, ilkin dövrdə cəmi 12 rubl alırdılar.
Bütün bunlarla yanaşı, Xruşşovun mənfi cəhətləri də az deyildi. O, sadəcə ziddiyyətlərdən ibarət deyildi, bir insanda olması mümkün olmayan ziddiyyətlərin toplusu idi.
Ömrünün yeddinci onilliyini yaşayan bu adam olduqca enerjili idi. Üstəlik, daim yeni, heç də həmişə uğurlu olmayan ideyalar püskürürdü. Bir çox mövzuda “cahil cürətkarlığı” nümayiş etdirirdi. O, ən səthi biliklərə malik olduğu sahədə özünü mütəxəssis sayıb əsl mütəxəssislərə mühazirə oxuyurdu. O, hətta qarğıdalını necə yetişdirmək barədə amerikalı fermer dostu, on illər boyu bu işlə məşğul olan Rosuell Qarsta dərs keçməyə çalışdı, lakin Qarst, sovet mütəxəssislərindən fərqli olaraq, ona mədəni şəkildə “öz işinlə məşğul ol” deyə bildi.
Nikita Sergeyeviçin bir cəhəti də kəmhövsələlik idi. Uzunmüddətli və mərhələli planlaşdırmalar, tədricilik ona yad idi. Ən böyük hədəflərə ən qısa müddətdə nail olmaq istəyirdi. 1959-cu ildə ABŞ-a səfəri zamanı Rosuell Qarstın Ayovadakı fermer təsərrüfatına baş çəkən Xruşşov qarğıdalının heyvandarlıqda istifadəsini görüb diletantcasına belə bir qənaətə gəldi: SSRİ-də ət və süd çatışmazlığının yeganə səbəbi bolluca qarğıdalı yetişdirilməməsidir.
Ölkəyə qayıdan Xruşşov qarğıdalı kampaniyasına start verdi. Bu zaman da xarakterinə uyğun olaraq, hədd, hüdud, əndazə gözləmədi. Əgər 1950-ci ildə 3,5 milyon hektarda qarğıdalı əkilirdisə, 1962-ci ildə bu rəqəm 37 milyon hektara çatdı. Qarğıdalı hər yerdə, hətta iqlimi uyğun olmayan Sibirdə və Şimali Qazaxıstanda əkildi. Daha pisi o idi ki, taxılçılıq sahələrini də ixtisar edib, yerini qarğıdalıya verdilər.
Xruşşov avantürizminin daha bir nümunəsi Qazaxıstanın bakir torpaqlarının mənimsənilməsi (Xam torpaq) epopeyası idi. Mütəxəssislər həmin torpaqları tədricən mənimsəməyi, hər iqlim zonasının hansı taxıl sortu üçün daha münasib olduğunu təcrübə yolu ilə müəyyənləşdirməyi təklif edirdilər. Lakin belə şeylər Xruşşova yad idi. Həmin ərazilərdə taxılı saxlamaq və daşımaq üçün infrastrukturun yetərli olmaması, şose və dəmiryolunun çəkilməsinin vacibliyi, küləklərin qarşısını almaq üçün meşə zolaqlarının salınmasının zəruriliyi kimi xəbərdarlıqların da xeyri olmadı.
Xam torpaqlara birdəfəlik hücuma keçildi. İlk illərdə bol məhsul əldə edildi, amma anbar və nəqliyyat çatışmazlığı üzündən məhsulun xeyli hissəsi açıq havada qalıb çürüdü. Sonrakı illərdə isə məhsuldarlıq aşağı düşdü – torpağın ot örtüyünün məhv edilməsi, kəskin çöl küləkləri və toz fırtınaları ucbatından. Nəticədə həm qarğıdalı avantürası, həm də Xam torpaq epopeyasının iflası səbəbindən 1962-1963-cü illərdə kəskin çörək qıtlığı yaşandı.
1957-ci il mayın 22-də Leninqradda kənd təsərrüfatı işçilərinin zona müşavirəsində iştirak edən Nikita Sergeyeviç özünün məşhur şüarını səsləndirdi: “Adambaşına düşən ət, süd və yağa görə üç il ərzində Amerikaya çataq və ötüb keçək!”. ABŞ-a çatmaq üçün isə ət tədarükünü 3,5 dəfə artırmaq lazım idi.
Bəs bunu necə etmək olardı? Axı heyvandarlıq əkinçilik deyil ki, əkin sahələrini artırmaqla və ya gübrəni bol etməklə daha çox məhsul almağa ümid edəsən (hərçənd, bunu da bacarmamışdılar). Heyvandarlıqda artım təbii yolla baş verirsə, üç il ərzində ABŞ-a necə çatmaq olardı? Amma Xruşşovu belə suallar düşündürmürdü və nəticədə haqqında daha əvvəl yazdığım “Ryazan möcüzəsi” kimi qrotesk hadisə baş verdi.
Ciddi sosial yönümlü siyasətinə baxmayaraq, bu kimi avantürist addımları, əhalinin əksər hissəsinin ilahiləşdirdiyi Stalini tənqid etməsi Xruşşovun reytinqinə mənfi təsir göstərirdi. Rejimin yumşaldılması isə narazılığın bəzən kütləvi etirazlar formasında üzə çıxmasına səbəb olurdu.
Hələ 1956-cı ilin martında, XX qurultayda Stalinin tənqid edilməsindən bir neçə gün sonra Tbilisidə etirazlar baş verdi. Beş gün davam edən etirazlar silah gücünə yatırıldı və rəsmi rəqəmlərə görə, 15 nəfər həlak oldu. 1958-ci ilin avqustunda Kuybışevə səfər edən Xruşşov şəhərin mərkəzində əhali ilə görüş-mitinqə gecikdi. Günəş altında gözləməkdən bezən insanlar birinci katibə ağzını açmağa imkan vermədilər. Müxtəlif etiraz şüarları səsləndirdilər, ya da sadəcə uğultu saldılar. Çıxış edə bilməyən Nikita Sergeyeviç əsəbi halda tribunanı tərk etdi.
1962-ci il iyunun 1-də yağ, ət və ət məhsullarının qiyməti artırıldı. Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində yerləşən Elektrikli lokomotiv (elektrovoz) zavodunun minlərlə işçisi üçün bu xəbər dalbadal ikinci zərbə oldu. Çünki bir neçə gün öncə zavod rəhbərliyi istehsal normasının 1/3 artırıldığını elan etmişdi. Bu, o demək idi ki, əvvəlki maaşı almaq üçün 33% daha çox məhsul istehsal etmək lazım idi.
Şəhər əhalisinin xeyli hissəsini təşkil edən zavod işçiləri etiraz aksiyası keçirdilər. Etirazların yatırılması üçün ordudan istifadə olundu. Hadisələr zamanı 19 nəfər öldü, daha 7 nəfər isə məhkəmənin hökmü ilə güllələndi.
Daha bir etiraz aksiyası Sumqayıtda baş tutdu. 1963-cü il noyabrın 7-də “Böyük Oktyabr sosialist inqilabı”nın ildönümü münasibətilə keçirilən nümayiş zamanı iştirakçıların bir hissəsi tribunaya tərəf yürüyərək Xruşşovun böyük portretini qoparıb ayaqlar altına atdı. Yerli milis sayı artan etirazçıların öhdəsindən gələ bilmədikdə, Bakıdan əlavə qüvvələr gətirildi.
***
Birinci katibin nüfuzu təkcə sıravi vətəndaşlar arasında azalmırdı. Gələcəkdə müharibə olacağı təqdirdə hər şeyin raketlər vasitəsilə həll ediləcəyini düşünən rəhbər orduda kütləvi ixtisarlar apardı. Silahlı qüvvələrin şəxsi heyəti 1955-1958-ci illərdə 1/3 dəfə azaldıldı – 5,4 milyondan 3,6 milyona düşdü.
1960-cı ilin yanvarında qəbul edilən qanun ordunun daha 1,2 milyon nəfər azaldılmasını nəzərdə tuturdu. Lakin Berlin və Karib böhranı üzündən bu ixtisar tam aparılmadı. Xruşşov ixtisar nəticəsində əldə ediləcək vəsaiti yeni qoşun növünün – Strateji təyinatlı raket qoşunlarının yaradılmasına sərf etmək fikrində idi.
Bu qərara etiraz edən bir çox tanınmış sərkərdələr – müdafiə nazirinin birinci müavini marşal İvan Konev, Baş qərargahın rəisi marşal Vasili Sokolovski, Belarusiya hərbi dairəsinin komandanı marşal Semyon Timoşenko və başqaları vəzifələrindən uzaqlaşdırıldılar.
İxtisarlar daha çox həqiqi hərbi xidmətə çağırılanları əhatə etsə də, eyni zamanda on minlərlə zabit də ordudan kənarlaşdırıldı. Dövlət onların mülki həyatda iş tapmaları, mənzillə təmin olunmaları üçün heç bir proqram hazırlamadı. Bu da hərbçilərin birinci katibdən narazılığı gücləndirən amil oldu.
***
Nikita Xruşşovun stalinizmi tənqid etməsi və rejimin yumşaldılması SSRİ-nin mədəniyyət və incəsənət xadimləri tərəfindən məmnunluqla qarşılandı. İlya Erenburqun 1954-cü ildə yazdığı “Mülayimləşmə” povestinin adı dövrün adına çevrildi. Amma tezliklə məyusluqlar başladı. Azadlıqlar get-gedə yenidən daralırdı. Birinci katib, hər sahədə olduğu kimi, bu sahədə də özünü mütəxəssis sayırdı və sovet xalqına hansı əsərlərin lazım olub-olmaması barədə təkbaşına qərar verirdi.
Bohemanın Xruşşova münasibətini dəyişən ilk ciddi hadisə şair və yazıçı Boris Pasternakın başına gələnlər oldu. Onun “Doktor Jivaqo” romanı “tarixin təhrifi və sosialist realizminin prinsiplərinə uyğun olmadığına görə” SSRİ-də qadağan edilsə də, xaricdə çap edildi və böyük rezonans doğurdu. Yazıçı 1958-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Bu, SSRİ-də Pasternaka qarşı təqib kampaniyasının başlamasına təkan verdi.
Kampaniyaya Xruşşov özü “Donuz belə yediyi yeri batırmır” sözləri ilə start verdi. Ölkə boyu keçirilən iclaslarda “zəhmətkeşlər” Pasternakı və “Doktor Jivaqo” əsərini tənqid etdilər, yazıçı üçün müxtəlif cəzalar istədilər. Absurd onda idi ki, “Doktor Jivaqo” qadağan olunduğundan bu zəhmətkeşlərin heç biri onu oxumamışdı. Bu səbəbdən də həmin illərdə “Pasternakı oxumamışam, amma pisləyirəm” kimi kinayəli ifadə yarandı və müzakirə olunan predmetlə tanış olmadan fikir yürütməyə cəhd göstərməyin obrazlı ifadəsinə çevrildi.
Pasternakın təzyiq altında Nobel mükafatından imtina etməsi də ona qarşı kampaniyanı dayandırmadı. SSRİ Yazıçılar İttifaqından da qovulan ədibin səhhəti pisləşdi. O, Nobel mükafatına layiq görülməsindən cəmi ilyarım sonra vəfat etdi.
1962-ci il dekabrın 1-də Moskva manejində avanqard rəssamların sərgisində iştirak edən Xruşşov əsərlərə baxandan sonra coşdu və nalayiq ifadələr işlətməkdən çəkinmədi: “Bu nədir? Siz rəssamsınız, yoxsa pederast? Bu rəsmləri uzunqulaq quyruğu ilə çəkmisiniz?” Xruşşov rəssamlardan Yulo Soosteri, Vladimir Yankilevskini, Boris Jutovskini və Eliy Belyutini xüsusilə kəskin tənqid etdi. Amma əsas münaqişə Ernst Neizvestnı ilə yaşandı. Neizvestnı birinci katiblə mübahisə etməkdən çəkinmədi, Xruşşova yaltaqlanmaq üçün söhbətə müdaxilə etməyə çalışan MK katibi Aleksandr Şelepinə və Rəssamlıq Akademiyasının prezidenti Vladimir Serova da kəskin cavab verdi.
Ertəsi gün “Pravda” qəzetində çıxan məqalə Xruşşovun sərgidə səsləndirdiyi fikirlərin daha mədəni şəkildə ifadəsi idi. Bu hadisə sovet sənət aləmində “mülayimləşmə”nin sonu hesab edilir.
***
1957-ci ildəki partiyadaxili mübarizədən qalib ayrılan Nikita Xruşşovun uzun müddət və problemsiz hakimiyyətdə qalacağını gözləmək olardı, amma o, cəmi 7 ildən sonra devrildi. Bu da səbəbsiz deyildi. Nəhənglərə qalib gələn birinci katib digərlərinə cırtdan kimi baxmağa başladı və çox arxayınlaşıb, dalbadal səhvlər buraxdı.
O, “Antipartiya qrupu” ilə mübarizədə özünə xeyli kömək göstərmiş İvan Serovu 1958-ci ildə KQB sədri postundan götürüb hərbi kəşfiyyatın (QRU) başçısı təyin etdi. Serov sovet repressiya aparatında ən odioz fiqurlardan biri idi. O, polşalı əsirlərin güllələndiyi Katın qətliamında, 1940-1941-ci illərdə Baltikyanı ölkələrdə əhalinin bir qisminin və 1944-cü ildə isə Şimali Qafqaz xalqlarının kütləvi deportasiyasında, 1956-cı ildə macar üsyanının yatırılmasında əsas rol alan fiqurlardan idi. Onun daha aşağı vəzifəyə keçirilməsi destalinizasiya istiqamətində mühüm addım idi. Amma Xruşşovun xələflərlə bağlı seçimi uğurlu olmadı.
KQB-nin yeni sədri isə əvvəlki 6 ildə Ümumittifaq komsomol təşkilatının birinci katibi vəzifəsini tutan Aleksandr Şelepin oldu. O, 1961-ci ildə partiyanın MK-nin katibi seçiləndə yerinə Vladimir Semiçastnı keçdi. Semiçastnı Şelepindən sonra bir il komsomola rəhbərlik etmiş, iki ildən çox da Azərbaycan Kommunist Partiyasının ikinci katibi olmuşdu. Məhz Bakıdan Lubyankaya, KQB sədrinin kabinetinə yollandı. Xruşşov Şelepini də, Semiçastnını da öz adamı sayırdı. Sonrakı hadisələr göstərdi ki, Semiçastnı Şelepinin adamıdır, Şelepin isə Xruşşova sadiq deyil.
Serov isə 1963-cü ilin əvvəllərində, QRU polkovniki Oleq Penkovskinin ABŞ və Böyük Britaniya kəşfiyyatına casusluq etməsi aşkar olunduqdan az sonra hərbi kəşfiyyatın rəhbəri vəzifəsindən də uzaqlaşdırıldı, rütbəsi ordu generalından general-mayora endirildi, hətta Sovet İttifaqı Qəhrəmanı adı da alındı.
Bu dövrdə Xruşşov xeyli yeni kadrı irəli çəkdi. Birinci katib hesab edirdi ki, həmin adamların hamısı ona sadiq olmalıdırlar. Nəzəri cəhətdən belə də olmalı idi. Amma olmadı və bunun da iki mühüm səbəbi vardı.
Birincisi, Xruşşov çox kobud adam idi. Rəhbərlikdə təmsil olunan adamları aşağılamaqdan, təhqir etməkdən və hətta söyməkdən çəkinmirdi. Bu da hamıda ona qarşı kin yaradırdı.
Digər tərəfdən, yüksək vəzifələrə, xüsusi imtiyazlara yiyələnən bu adamların ən çox istədiyi şey əldə etdiklərini qorumaq idi. Xruşşov isə buna təminat vermirdi. O, bu gün əzizlədiyi adamın karyerasını sabah məhv edə bilərdi. Üstəlik, birinci katibin aşıb-daşan ideyaları kadr siyasətindən də yan keçməmişdi.
Kommunist Partiyasının 1961-ci ilin oktyabrında keçirilən XXII qurultayında Nikita Sergeyeviçin təşəbbüsü ilə yeni Nizamnamə qəbul edildi. Nizamnamədə yeni bir qayda vardı: partiya kadrlarının sistematik yenilənməsi (rotasiya) prinsipi. Bu yeniliyə görə:
• Sov. İKP Mərkəzi Komitəsinin (MK) və onun Rəyasət Heyətinin (Siyasi Büro) tərkibi hər növbəti seçkidə ən azı dörddə bir (1/4) nisbətində yenilənməli idi;
• Respublika, vilayət və şəhər partiya komitələrinin rəhbər heyəti hər seçkidə üçdə bir (1/3) nisbətində məcburi surətdə dəyişdirilməli idi;
• Aşağı instansiya partiya təşkilatlarının rəhbərləri isə hər seçkidə yarıbayarı (1/2) yenilənməli idi;
• Eyni şəxs ardıcıl olaraq üç müddətdən artıq rəhbər vəzifədə qala bilməzdi.
Rotasiya qaydası o demək idi ki, kimsə özünü toxunulmaz hesab edə bilməzdi. Məhz bu yenilik partiya elitasının Xruşşova qarşı səfərbər olmasının katalizatoru oldu.
Xruşşovun absurd yeniliklərindən biri də 1962-ci ilin payızında qəbul edilən qərarla vilayət, diyar və rayon partiya komitələrinin iki hissəyə - sənaye və kənd təsərrüfatı komitələrinə bölünməsi idi. Bu qərar guya hər iki sahəyə partiya nəzarətini gücləndirməli idi, reallıqda isə xaosa səbəb oldu.
***
2024-cü ildə Pressklub üçün tərcümə etdiyim materialın birinci və ikinci hissəsində Xruşşova qarşı qəsdin necə hazırlanması və həyata keçirilməsi barədə ətraflı məlumat verildiyindən bu barədə daha qısa bəhs edəcəyəm.
Qəsdin əsas təşkilatçıları 4 nəfər idi: MK katibləri Leonid Brejnev, Nikolay Podqornı, Aleksandr Şelepin və KQB sədri Vladimir Semiçastnı. Onlar şəxsi söhbətlərlə MK üzvlərinin əksəriyyətini, o cümlədən müdafiə naziri Rodion Malinovskini öz tərəflərinə çəkməyə nail oldular. Bununla belə, qəsdçilər qəti hücuma keçməyə uzun müddət tərəddüd edirdilər.
1964-cü il sentyabrın 30-da Xruşşov Mikoyanla birlikdə Pitsundaya istirahətə yollandı. Bunu fürsət bilən fronda daha sürətlə hərəkət etməyə başladı. KQB sədri Semiçastnı da onları tələsdirir, iş çox uzandıqca məlumat sızıntısının qaçılmaz olduğunu deyirdi. Oktyabrın 13-də MK Rəyasət Heyətinin, ertəsi gün isə MK-nın iclasını keçirmək qərara alındı.
“Mühüm məsələlərin müzakirəsi” üçün israrla Moskvaya çağrılan Xruşşov və Mikoyanı oktyabrın 13-də hava limanında Semiçastnı qarşıladı. Birinci katibin “Bəs qalanları haradadır?” sualına KQB sədri “Hamı Kremldə sizi gözləyir” cavabını verdi.
Həmin gün Kremlin Senat zalında MK Rəyasət Heyətinin üzvləri Brejnev, Voronov, Kirilenko, Kosıgin, Mikoyan, Podqornı, Polyanski, Suslov, Xruşşov, Şvernik, Rəyasət Heyətinə üzvlüyə namizədlər Qrişin, Yefremov, Mazurov, Mjavanadze, Şelest, Rəşidov və MK katibləri Andropov, Demişev, İliçev, Polyakov, Ponomaryov, Titov, Şelepin toplaşmışdılar. İclasın sədri Xruşşov idi.
Çıxış edən Brejnev, Ukrayna partiya təşkilatının birinci katibi Pyotr Şelest, Dmitri Polyanski və digərləri yekdilliklə Xruşşovu tənqid etdilər. Təkcə Mikoyan barışdırıcı mövqe tutmağa çalışdı. Rəyasət heyəti ertəsi gün MK-nın plenumunu çağırmağı qərara aldı: partiya Nizamnaməsinə görə, birinci katibi yalnız plenum vəzifəsindən azad edə bilərdi.
İclas bitəndən sonra hamı evinə getdi. “İclas bitəndən sonra hamı evinə getdi” cümləsi adi görünə bilər. Amma cəmi 11 il əvvəl belə hal ağlagəlməz idi. Partiyanın və hökumətin başçısını devirmək üçün cəhd göstərilir, sonra da hamı evinə dağılışır. Əvvəllər bu ya rəhbərin, ya da qəsdçilərin yaxşı halda həbsi, daha real halda isə ölümü ilə nəticələnərdi. İndi belə olmaması məhz Xruşşovun xidməti idi.
Xruşşov xeyli götür-qoydan sonra müqavimət göstərməməyi, həm birinci katib, həm baş nazir vəzifəsindən istefa verməyi qərara aldı. Onun ərizəsi oktyabrın 14-də keçirilən MK iclasında qəbul edildi. Rəsmi məlumatda deyilirdi: “MK yoldaş N. S. Xruşşovun yaşının çoxluğu və səhhətinin pisləşməsi ilə əlaqədar birinci katib, Rəyasət Heyətinin üzvü və Nazirlər Sovetinin sədri vəzifələrindən azad etmək barədə xahişini (ərizəsini) təmin etmişdir”. Leonid Brejnev partiyanın birinci katibi, Aleksey Kosıgin isə baş nazir seçildi.
Bununla da sovet tarixinin olduqca maraqlı və heç də birmənalı olmayan dövrü arxada qaldı.
***
Nikita Xruşşov 1971-ci il sentyabrın 11-də 77 yaşında vəfat etdi. Siyasi Büro (1952-1966-cı illərdə Rəyasət Heyəti adlanan qurum indi yenə belə adlanırdı) keçmiş partiya liderinin harada dəfn olunmasını müzakirə edərkən Kosıgin və Podqornı onun Kreml divarında dəfn olunmasını təklif etdilər. Onlar deyirdilər ki, Xruşşov 11 il ölkəyə rəhbərlik edib, üstəlik, rəsmən hansısa nöqsanlarına görə deyil, öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb.
Lakin çoxluq - Brejnev, Suslov, Kirilenko və başqaları - bu təklifə qarşı çıxdılar və keçmiş rəhbərin Novodeviçye qəbiristanlığında dəfn edilməsi qərara alındı. “Pravda” və “İzvestiya” qəzetlərinin bir küncündə yerləşdirilən qısa nekroloqda Xruşşovun tarixdəki rolu, tutduğu vəzifələr barədə heç bir söz deyilmir, sadəcə “İttifaq əhəmiyyətli təqaüdçünün” ölüm xəbəri “dərin hüznlə” çatdırılırdı.
.png)
Nikita Xruşşovun məzarüstü abidəsini isə 9 il əvvəl keçirilən rəssamlıq sərgisində onunla mübahisə etməkdən çəkinməyən Ernst Neizvestnı hazırladı.