“Mehriban düşmənlər”: Kralın qızıl vazası, baş nazirin ərəb atları... – I YAZI
Türkiyə-Yunanıstan dostluğunun və nifaqının tarixi
28 Sentyabr 2026
Türkiyə-Yunanıstan münasibətlərindəki gərginlik Qurtuluş savaşının qalibiyyətlə bitməsindən və Lozanna müqaviləsinin imzalanmasından sonra da bir müddət davam etdi. Lakin daha əvvəl beş dəfə Yunanıstanın baş naziri olmuş Elefterios Venizelosun 1928-ci ildə yenidən bu vəzifəni tutması ilə vəziyyət dəyişdi.
İyulun 4-də hökumətin başına keçən Venizelos avqustun 30-da baş nazir İsmet İnönüyə göndərdiyi məktubda türklərin Zəfər bayramını, yəni yunanlar üzərində qələbələrini təbrik edirdi. Venizelos həmçinin İnönüyə bildirirdi ki, Afina iki ölkə arasındakı sərhədləri tanıyır, paytaxtı Konstantinopol olan “Böyük Yunanıstan” yaradılmasını nəzərdə tutan və bir zamanlar özünün də dəstəklədiyi “Megali İdea”dan (“Böyük ideya”) vaz keçir.
Yunan baş nazirin belə cəsarətli addımı Ankarada məmnuniyyətlə qarşılandı və münasibətlər yumşalmağa başladı. İsmet İnönü sentyabrın 27-də göndərdiyi məktubunda Ankaranın Afina ilə dostluq münasibətləri qurmağa hazır olduğunu, iki ölkənin regional maraqlarının üst-üstə düşdüyünü yazırdı.
1930-cu il martın 25-də Türkiyənin Afinadakı səfiri Enis Akaygen Yunanıstanın Milli Dirçəliş günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etdi. 1821-ci il martın 25-də (yeni təqvimlə: aprelin 6-da) yunanlar Osmanlı əsarətinə qarşı üsyana qalxmış və sonda müstəqillik qazanmışdılar. Türkiyə səfirinin belə bir tədbirdə iştirak etməsi əlamətdar hadisə idi.
Həmin il iyunun 10-da isə ölkələr arasında “Ankara Anlaşması” imzalandı. Sənəd Lozanna müqaviləsində nəzərdə tutulan əhali mübadiləsi məsələsindəki boşluqları doldurdu. 1923-1928-ci illərdə tərəflər arasındakı gərginlik əsasən bu boşluqlardan doğurdu.
“Ankara Anlaşması”ndan sonra Mustafa Kamal paşa (o zaman hələ Atatürk soyadını qəbul etməmişdi) Elefterios Venizelosu Türkiyəyə dəvət etdi. Türk-yunan münasibətlərində önəmli rol oynayan bu səfər 1930-cu il 27-31 oktyabr tarixində baş tutdu. Ankarada yüksək səviyyədə qarşılanan Venizelos və xarici işlər naziri Andreas Mixalakopulos iki gün sonra Türkiyə Cümhuriyyətinin 7-ci ildönümü münasibətilə keçirilən balda da iştirak etdilər.

Səfər zamanı üç mühüm sənəd imzalandı. Bunlardan birincisi “Dostluq, Bitərəflik, Uzlaşma və Arbitraj Müqaviləsi” idi. Müqaviləyə görə, tərəflərdən biri üçüncü dövlətin hücumuna məruz qaldıqda, digəri bitərəf qalacaq, bir-birinin əleyhinə yönəlmiş koalisiyalara qoşulmayacaq, aralarındakı mümkün ziddiyyətləri arbitraj vasitəsilə dinc yolla həll edəcəkdilər.
İkinci sənəd “Hərbi Dəniz Qüvvələrinin Məhdudlaşdırılmasına dair Protokol” adlanırdı. Tərəflər Egey dənizində hərbi donanmalarını böyütməmələrini, yeni hərbi gəmi sifariş verərkən qarşı tərəfi 6 ay öncə məlumatlandırmağı öhdələrinə götürürdülər.
Nəhayət, üçüncü müqavilə “İqamət, Ticarət və Gəmiçilik Anlaşması” adlanırdı. Sənədin mövzumuz üçün əhəmiyyətli tərəfi ondan ibarət idi ki, İstanbulda yaşayan və Yunanıstan vətəndaşı olan yunanların şəhərdə qalıb yaşamasına və işləməsinə qanuni icazə verilirdi. Bunun üçün onlar xüsusi icazə almalı deyildilər.
Qeyd etmək lazımdır ki, avtoritar təkpartiyalı rejimə malik Türkiyədən fərqli olaraq güclü müxalifətin olduğu Yunanıstanda belə bir siyasət yürütmək asan deyildi. Venizelos da dəfələrlə satqınlıq ittihamlarına və təhdidlərə məruz qalmışdı.
1931-ci il oktyabrın 3-6-da İsmet İnönü Yunanıstana cavab səfəri etdi. Bu, onun baş nazir kimi ilk xarici səfəri idi və olduqca yüksək səviyyədə keçdi. Səfər zamanı tərəflər “Dostluq, Bitərəflik, Uzlaşma və Arbitraj Müqaviləsi”nin ratifikasiya olunmuş surətlərini mübadilə etdilər. İnönü 1937-ci ildə bir daha Yunanıstana səfər etdi.
***
Elefterios Venizelos fasilələrlə 1933-cü ilin martına qədər hakimiyyətdə oldu. Lakin Türkiyə-Yunanıstan münasibətlərinin istiləşməsi bundan sonra da davam etdi. Zatən İtaliyada Mussolininin, Almaniyada Hitlerin hakimiyyətə gəlməsi, Bolqarıstanın Balkandakı sərhədlərə revizionist baxışı Ankara və Afinanın maraqlarını xeyli yaxınlaşdırmışdı.
1933-cü il sentyabrın 14-də Türkiyə və Yunanıstan arasında “Səmimi Razılaşma Paktı” imzalandı. Bu müqavilə aradakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı. Həmin il Yunanıstan hökuməti Mustafa Kamal paşanın Salonikidə doğulduğu evi, Respublikanın yaranmasının 10 illiyinə hədiyyə olaraq Türkiyəyə bağışladı. Evin yerləşdiyi küçəyə də Türkiyə prezidentinin adı verildi.
1934-cü ildə iki ölkənin, eləcə də Rumıniya və Yuqoslaviyanın iştirakı ilə hərbi-siyasi ittifaq - Balkan Antantası yaradıldı.
Ankara və Afina münasibətləri o qədər istiləşdi ki, artıq keçmiş baş nazir olan Elefterios Venizelos 1934-cü il üçün Nobel sülh mükafatına Mustafa Kamal paşanın namizədliyini irəli sürdü. Bu, cəmi 12 il əvvəl bir-birinə qarşı amansızlıqla, çox vaxt da müharibə qanunlarını pozaraq savaşan iki xalqın münasibətlərində heyrətamiz və tarixdə bənzərinə rast gəlinməyəcək bir transformasiya idi.
Mustafa Kamal paşa şort-listə düşsə də, mükafat “Beynəlxalq tərksilah uğrunda ardıcıl mübarizəsinə görə” britaniyalı siyasətçi, 1932-ci ildə Millətlər Cəmiyyətini tərksilah üzrə konfransına rəhbərlik etmiş Artur Hendersona verildi.
Türkiyə Bosfor və Dardanel boğazlarının statusuna yenidən baxılması, bu boğazların öz suverenliyi altına qaytarılması üçün beynəlxalq konfrans keçirilməsini tələb edəndə Yunanıstandan birmənalı dəstək gördü. 1936-cı il iyulun 20-də imzalanan Montrö konvensiyası Türkiyənin boğazlarla bağlı istəklərinin əksəriyyətini nəzərə aldı.
Ankara və Afina 1930 və 1933-cü illərdə imzalanan dostluq və səmimi razılaşma paktlarına əlavə olaraq yeni bir müqavilə imzaladılar. Bu müqavilə ilə tərəflər öhdəliklərini daha da sərtləşdirdilər: hər hansı bir regional müharibə təhlükəsi anında iki ölkə heç bir beynəlxalq qurumu gözləmədən dərhal ortaq hərbi hərəkət strategiyası müəyyən etməli idi.
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün 1938-ci ildə vəfatı Yunanıstanda böyük kədərlə qarşılandı. Dövlət bayraqları yarıya qədər endirildi. Baş nazir İoannis Metaksasın verdiyi bəyanatda deyilirdi: “Biz — kral hökuməti, ellin xalqı və şəxsən mən — dostumuz və müttəfiqimiz Türkiyənin milli matəmini bölüşürük. Yunanıstan bu çətin vaxtında alicənab və dost xalqa ən dərin kədərini ifadə etmək qərarına gəlib. Yunanıstan Böyük Rəhbəri, cəsur əsgəri və Türkiyənin yaradıcısını ehtiramla yad edərkən prezident Kamal Atatürkün Türkiyə-Yunanıstan sülh və əməkdaşlığının banisi olması faktını unutmayacaq. Yunanıstan alicənab türk millətinin taleyini dəyişmiş Böyük Xilaskarın işıqlı xatirəsini həmişə yaşadacaq”.
***
1940-cı ilin oktyabrında İtaliya Yunanıstana qarşı hərbi əməliyyatlara başladı. Müharibənin gedişi asan qələbəyə ümid bəsləyən Benito Mussolini üçün rüsvayçı oldu. Yunanlar italyanları vurub ölkədən çıxardılar. Belə olduqda, Hitler müttəfiqinə kömək etmək qərarına gəldi. 1941-ci ilin aprelində başlayan alman hücumu nəticəsində Yunanıstan tez bir zamanda işğal edildi. Ölkə Almaniyanın, Bolqarıstanın və İtaliyanın işğal zonalarına bölündü.
Məhvər ölkələrinin ərzaq məhsullarını müsadirə etməsi, iqtisadiyyatın və nəqliyyat infrastrukturunun çöküşü, eləcə də Britaniyanın dəniz blokadası Yunanıstanda humanitar fəlakətə səbəb oldu. Artıq oktyabrda “Böyük aclıq” (“Megalos Limos”) başladı. Aclıq Afina, Pirey, Saloniki kimi şəhərlərdə xüsusilə güclü oldu.
Geridə qalmış kənd təsərrüfatı ölkəsi olan Türkiyədə də vəziyyət yaxşı deyildi. Ölkə İkinci Dünya müharibəsinə qoşulmasa da, səfərbərlik keçirdi və ordunun sayını beş dəfə artıraraq 1 milyon nəfərə çatdırdı. Bu da iqtisadiyyata təsirsiz ötüşmədi. Çünki orduya çağrılanlar iqtisadi cəhətdən fəal insanlar, ilk növbədə kəndlilər idi. Üstəlik, orduya çağrılmayan kəndlilər də tez-tez müxtəlif məcburi işlərə cəlb olunurdular.
İşçi qüvvəsinin azalması ilə əkin sahələri və məhsuldarlıq azaldı. Bu səbəblərdən, eləcə də 1 milyonluq ordunu saxlamaq zərurətindən 1942-ci ilin əvvəllərindən çörək kartoçkaları tətbiq edildi. Üstəlik, müharibədən və aclıqdan qaçan 70 minə yaxın yunan da Türkiyəyə sığındı.
Özünün ağır vəziyyətinə baxmayaraq, Türkiyə Yunanıstana humanitar yardım göndərmək qərarına gəldi. Həm Məhvər ölkələri, həm də Elladanı blokadada saxlayan Britaniya ilə danışıqlardan sonra oktyabrın 6-da “Kurtuluş” gəmisi ilə Yunanıstana ərzaq göndərildi. Doğrudur, yardımın xeyli hissəsinin dəyəri ABŞ-dakı yunan diasporu və İstanbul yunanları tərəfindən ödənilirdi. Amma həmin dövrdə Türkiyənin özündə çörəyin kartoçka ilə satıldığını bir daha xatırlatsaq, göndərilən yardımın böyük bir fədakarlıq olması aydın olar.
“Kurtuluş” Pirey limanına dörd dəfə reys etdi və 6,75 min ton yük - ərzaq və tibbi ləvazimat daşıdı. 1942-ci ilin fevralında beşinci səfərə başlarkən Mərmərə dənizində güclü fırtına nəticəsində qayalıqlara çırpılaraq batdı. Gəmi heyətindən ölən olmadı.
Buna baxmayaraq, Ankara başqa gəmilərlə yunanlara yardım göndərməkdə davam etdi. Bu kampaniyada iştirak edən “Dumlupınar” gəmisi səfərlərindən birində 1000 xəstə uşağı müalicə almaq üçün İstanbula gətirdi. Onlar müharibə bitənə qədər burada qaldılar.
Dostluq münasibətləri İkinci Dünya müharibəsindən, eləcə də Türkiyədə Cümhuriyyət tarixində ilk hakimiyyət dəyişikliyindən sonra da davam etdi. Hər iki ölkə 1952-ci ildə NATO-ya üzv oldu. Həmin ilin aprelində baş nazir Adnan Menderes və xarici işlər naziri Fuat Köprülü, noyabrında da prezident Cəlal Bayar Yunanıstana səfər etdilər. Yunan tərəfdən isə kral Pavel və kraliça Frederik 1952-ci ilin iyununda, baş nazir Aleksandros Papaqos 1953-cü ilin iyununda Türkiyəyə gəldilər.

Bütün səfərlər yüksək səviyyədə keçdi və tərəflər bir-birinə ehtiramlarını müxtəlif yollarla bildirdilər. Məsələn, Bayar yunan kralı və kraliçasına iki ərəb atı hədiyyə etdi. Öz növbəsində kral Bayara Miken sivilizasiyasına aid qədim bir qızıl vazanın replikasını — xalis qızıldan hazırlanmış kral gerbli vazalar təqdim etdi. Türkiyə prezidenti həm də Afinanın fəxri vətəndaşı oldu. Eyni zamanda Qərbi Trakiyada yerləşən Komotini (Gümülcine) şəhərində indi də fəaliyyət göstərən Celal Bayar Türk Liseyinin açılışında iştirak etdi, Salonikidə Atatürkün ev-muzeyini ziyarət etdi.
İki ölkənin dostluq münasibətləri sarsılmaz təsir bağışlayırdı. Mustafa Kamal paşanın 1930-cu ildə Elefterios Venizelosu qəbul edərkən söylədiyi “Üzücü mazi ebediyen kapanacaktır. Artık aramızda harp olmayacaktır” sözləri həqiqətə heç zaman olmadığı qədər yaxın görünürdü. Amma cəmi bir neçə il sonra münasibətlər son dərəcə pisləşdi, Türkiyə və Yunanıstan bir-birini əsas xarici təhdid kimi görməyə başladılar. Bu təmayülün bir səbəbi vardı: Kipr...
(Davamı olacaq)