Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Ölən” dövlətlər, qızılın süqutu, faşistlər üçün fürsət - II YAZI
“Böyük depressiya” necə başladı, nə ilə nəticələndi?

Əvvəli: Burada

Huverin proqramı

Herbert Huverin bəxti gətirməmişdi. O, 1929-cu ilin martında ABŞ-ın 31-ci prezidenti oldu. Cəmi yeddi ay sonra isə iqtisadi böhran baş qaldırdı. Yeni prezident təcili tədbirlər görməli oldu. Böhranın ilk mərhələsində o, nikbinliyini qoruyur və insanları sakitləşdirməyə çalışırdı. Kəskin suallara Huver belə cavab verirdi: “Depressiyanın əsas qüvvələri Birləşmiş Ştatların hüdudlarından kənarda yerləşir”. İnsanlar prezidentə inanırdılar və bu inam kifayət qədər uzun müddət davam etdi.

Lakin 1931-ci ildə aydın oldu ki, Huver və onun administrasiyası bacarmır. Buna baxmayaraq, ölkə rəhbəri hər şeyin nəzarət altında olduğunu göstərməkdə davam edirdi. 1931-ci ilin sonunda prezident səylərini ABŞ iqtisadiyyatını qorumağa yönəltdi və etiraf etməli oldu ki, onlar Almaniyanı və ya Böyük Britaniyanı xilas etmək problemi ilə deyil, özlərini xilas etmək problemi ilə üzləşiblər.

Təbii ki, müdaxilə etməmək siyasəti ilə yanaşı səslənən belə bir bəyanat Huverin siyasi nüfuzuna heç bir müsbət təsir göstərmirdi. Xalq ondan vəziyyəti dəyişə biləcək radikal tədbirlər gözləyirdi. Lakin belə tədbirlər görülmürdü. Bazar iqtisadiyyatı isə hakimiyyətin gözləntilərinin əksinə olaraq, öz-özünə bərpa olmağa tələsmirdi.

“Müdaxilə etməmək” siyasəti administrasiyanı çıxılmaz vəziyyətə saldıqdan sonra böhranla mübarizə istiqamətində ilk və ehtiyatlı cəhdlər göstərildi. Banklara yardım məqsədilə bir növ fond rolunu oynayan Milli Kredit Təşkilatı yaradıldı. Fond 1932-ci ildə Maliyyə Bərpa Korporasiyasına çevrildi. Yardım yalnız bank sektoruna deyil, kənd təsərrüfatına və sənayeyə də göstərilməyə başladı. Paralel olaraq Huver işsizlik problemini həll etməyə çalışırdı. Lakin bütün bunlar vəziyyətin yalnız müvəqqəti yaxşılaşmasına səbəb oldu. Bundan sonra böhran yenidən şiddətləndi.

Bunun ardınca Huver subsidiyaların həcmini və ştatların federal xərclərini artırmağı tapşırdı, ev sahibləri və fermerlər üçün xüsusi banklar yaratdı. O, iş adamları və sənayeçilərlə tez-tez görüşür, onlardan faydalı məsləhətlər almağa çalışırdı. Lakin artıq gec idi. 1930-cu ildə qəbul edilmiş Smut-Houli qanunu (gömrük tarifləri haqqında qanun) ABŞ iqtisadiyyatına ağır zərbə vurdu. Qanuna əsasən, idxal rüsumu 40 faizə çatdırılmışdı. Kağız üzərində bu, daxili bazarın etibarlı müdafiəsi kimi görünürdü. Lakin Avropadakı tərəfdaşlar bu addımı bəyənmədilər və eyni qaydada cavab verdilər. Nəticədə amerikalı istehsalçılar xarici bazarlarını itirdilər. Bu da tabuta vurulan daha bir mismar oldu. Ticarətin azalması satışların aşağı düşməsinə, ardınca da iş yerlərinin ləğvinə gətirib çıxardı. Beləliklə, pazl tamamlandı.

Böyük depressiya və Ruzveltin “Yeni kurs”u

Prezident seçkiləri ərəfəsində Huverin vəziyyəti acınacaqlı idi. O, iqtisadi böhranın öhdəsindən gəlməyi bacarmadı, xarici siyasətdə də aydın mövqe nümayiş etdirə bilmədi. Halbuki məhz xarici siyasət hesabına öz mövqeyini yaxşılaşdıra bilərdi. 1932-ci ilin fevralında Yaponiya Mancuriyada marionet hökumət yaradaraq özünü bütün dünyaya səs-küylə tanıtdı. ABŞ-dan qətiyyətli və sərt cavab gözlənilirdi, lakin bunun əvəzində ehtiyatlı “Huver doktrinası” ortaya çıxdı. Bu, zəiflik əlaməti kimi qəbul edildi, özü də təkcə Asiyada və Avropada deyil, həm də Amerikanın özündə. Mətbuat prezidentin üzərinə hücuma keçdi. Artıq hamıya aydın idi: Huver vəziyyətin öhdəsindən gələ bilməyib. Bir vaxtlar “böyük mühəndis” adlandırılan adam indi “ən nifrət edilən və xor görülən şəxsiyyət” kimi təqdim olunurdu.

1933-cü ilin martında Franklin Ruzvelt ABŞ prezidenti oldu. O, qollarını çırmalayıb Huverdən miras qalmış “Avgi tövlələrini” təmizləməyə girişdi. Hakimiyyətinin ilk 100 günü ərzində Ruzvelt böhrana qarşı yönəlmiş qanunların qəbul edilməsi ilə məşğul oldu. Həmin vaxt prezidentin əsas vəzifəsi dayanmaq bilməyən böhranın qarşısını almaq və onun sürətini azaltmaq idi. İslahatlar proqramı 1938-ci ilə qədər davam etdi. Onu iki dövrə bölürlər.

 

Birinci dövr 1933–1934-cü illəri əhatə edirdi. Prezident seçildikdən sonra Ruzvelt maliyyə müəssisələrinə diqqət yetirdi. İlk növbədə bankların fəaliyyətini müvəqqəti dayandırdı, yəni onları “tətilə” göndərdi. Ardınca maliyyə müəssisələrinin fəaliyyət imkanlarını, demək olar ki, tamamilə məhdudlaşdıran qanun qəbul edildi. Bundan sonra fəaliyyətini bərpa etmək istəyən hər bir bank sanasiya prosedurundan keçməli idi. Üstəlik, bu proseduru xüsusi dövlət orqanları həyata keçirirdi. Sistemdən yayınmaq isə son dərəcə çətin idi.

Sanasiya — hər hansı müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmağa yönəlmiş tədbirlər sistemidir. Müflisləşmə təhlükəsi real olduqda və ya şirkətin rəqabət qabiliyyətini artırmaq məqsədilə sanasiyaya müraciət edilir.

Komissiya bankın fəaliyyətini davam etdirməyə qadir olduğu qənaətinə gəlsəydi, federal hökumət ona maliyyə dəstəyi göstərirdi. Əks qərar çıxarıldıqda isə bank birdəfəlik bağlanırdı.

Əslində, Ruzvelt qanunun hərfi tələblərinə əsaslanaraq ABŞ-ın bütün bank sistemini milliləşdirə bilərdi. Bu fikir hakimiyyətin ən yüksək dairələrində də müzakirə olunurdu. Lakin Franklin belə bir addım atmadı. O, əvvəlcə bank sistemini, sonra isə bütövlükdə maliyyə sistemini bərpa etməyin zəruri olduğu qənaətinə gəldi. Çünki bunlar olmadan Amerika iqtisadiyyatının dirçəlməsi mümkün deyildi.

Daha sonra Ruzvelt sənayeyə üz tutdu. Ədalətli rəqabət üçün şərait yaratmağa yönəlmiş müvafiq qanun qəbul edildi. Nəzərdə tutulurdu ki, bu, tədricən həm istehsalın bərpasına, həm də qiymətlərin artmasına gətirib çıxaracaq. Əslində, Ruzvelt ən iri və perspektivli şirkətləri uçurumdan çıxarmağa çalışır, bunun müqabilində kiçik müəssisələri qurban verirdi. Kiçik şirkətlər nəhənglərlə bərabər rəqabət aparmaq iqtidarında deyildilər və tezliklə müflisləşirdilər. Çoxları bu siyasətdən narazı qalsa da, prezident öz xəttini inamla davam etdirirdi.

Ruzvelt kənd təsərrüfatını da diqqətdən kənarda qoymadı. Fermerlərin məhsullarının qiymətini artırmaq yolu ilə onlara dəstək verməyi nəzərdə tutan qanun qəbul edildi. Düzdür, bu qanunu həyata keçirmək üçün sərt tədbirlər lazım gəldi. Qiymətlərin artırılması, borc öhdəliklərinin yerinə yetirilməsi və maliyyə itkilərinə görə kompensasiya verilməsi birbaşa istehsal olunan məhsulun miqdarından asılı idi. Hökumət fermerlərə belə bir təklif verdi: kompensasiya müqabilində mal-qaranın sayını azaltsınlar və yeni məhsul əkməsinlər. Seçim imkanı olmayan fermerlər razılaşdılar.

Heyvanların, taxılın, südün və digər məhsulların planlı şəkildə məhv edilməsinə başlanıldı. Bütün bunlar ölkənin real aclıq təhlükəsi ilə üzləşdiyi bir vaxtda baş verirdi. Təxmini hesablamalara görə, təxminən 6 milyon donuz məhv edildi. Əti bazara çıxarıb satmağın və ya aclıq çəkənlərə paylamağın mümkünlüyü barədə hökumət düşünmək belə istəmədi. Ruzvelt bu məsələdə də öz xəttini davam etdirir, zəiflikdə ittiham olunmamaq üçün əlindən gələni edirdi.

Böyük depressiyadan necə çıxmaq mümkün oldu?

Hakimiyyətin səylərinə baxmayaraq, maliyyə sistemində aparılan islahatlar tez nəticə vermədi. Bəli, vəziyyət yaxşılaşmışdı, lakin böhranın başa çatmasından danışmaq hələ tez idi. Bütün qanunların tam gücü ilə işləməsi üçün vaxt tələb olunurdu. Ruzvelt diqqətini başqa sahələrə yönəltdi. Sosial islahatlara ehtiyac çoxdan yetişmişdi, lakin prezident yalnız 1935-ci ildə bu məsələyə diqqət ayırdı.

İslahatların ikinci dövrü başlandı. Bu mərhələ 1935-ci ildən 1938-ci ilə qədər davam etdi. İlk növbədə, işsizlik problemini hansı yolla olursa-olsun həll etmək lazım idi. İşini və dolanışıq vasitələrini itirmiş 12 milyondan çox amerikalı, eləcə də onların ailələri böhranın qurbanına çevrilmişdi. O dövrdə ailənin gəlirini, bir qayda olaraq, kişi təmin edir, qadın isə ev işləri və uşaqların tərbiyəsi ilə məşğul olurdu. Deməli, böhran bir neçə dəfə çox insana təsir göstərmişdi. Onların böyük əksəriyyəti küçələrdə qalırdı. Ruzvelt, əlbəttə ki, bu problemdən xəbərdar idi. O, çıxış yolunu tapdı: ölkədə ictimai işlər proqramları yaradıldı.

İnsanlar işlə təmin olundular, deməli, müəyyən qədər pul qazanmaq imkanları da yarandı. Bu, əvvəlki vəziyyətlə müqayisədə artıq böyük irəliləyiş idi. İctimai işlər proqramları, əsasən, müxtəlif ictimai binaların və infrastruktur obyektlərinin tikintisini nəzərdə tuturdu. Məsələn, məktəblər, körpülər, yollar, su elektrik stansiyaları və sair. İşlərin siyahısı geniş idi. Buraya milli parkların və qoruqların abadlaşdırılması da əlavə edildi. Daha sonra proqramın yaradıcı istiqaməti meydana çıxdı: tamaşaçılar üçün pulsuz teatr tamaşaları göstərilir, konsertlər təşkil olunurdu. Aktyorların və musiqiçilərin haqqını tamaşaçılar deyil, dövlət ödəyirdi.

Bu proqramların əsas üstünlüyü müxtəlif peşələrə mənsub və müxtəlif yaşlarda olan insanların eyni obyektlərdə çalışması idi. Bu, ümumi bəla qarşısında bütün amerikalıların birliyinin rəmzinə çevrildi. Ruhlanan insanlar səylə işləyirdilər — tunelin sonunda işıq görünməyə başlamışdı.

1935-ci ildə əmək münasibətlərini tənzimləyən mühüm Vaqner qanunu qəbul edildi. ABŞ-da həmkarlar ittifaqlarının yaradılması üçün hüquqi imkan yarandı. Amerika fəhlələri qanuni şəkildə tətil etmək hüququ qazandılar. Prezident ölkəni yavaş-yavaş, lakin qətiyyətlə dəyişirdi. O və köməkçiləri anlayırdılar ki, bu cür yeniliklər olmadan dövləti xilas etmək mümkün deyil.

Daha sonra sosial sığorta haqqında qanun qəbul edildi. Bu, köklü dəyişikliklərə doğru atılan daha bir addım idi. Rəsmi olaraq işsizlik müavinətləri və yaşa görə pensiyalar tətbiq olundu. İşə qəbul şərtləri haqqında qanun isə bu tədbirləri tamamladı. Minimum əməkhaqqı və iş saatlarının sayı anlayışları qanunla təsbit edildi.

Lakin çoxsaylı yeniliklərə baxmayaraq, iqtisadi böhranın öhdəsindən gəlmək mümkün olmurdu. Vaxt və səbir lazım idi. Amerikalılar isə inanırdılar. Huverin dövründə sadə insanların düşüncələrinə ümidsizlik hakim idisə, Ruzveltin prezidentliyi dövründə ümid yaranmışdı.

1939-cu ildə vəziyyət yaxşılığa doğru dəyişməyə başladı — Avropada İkinci Dünya müharibəsi başlandı. ABŞ üçün bu müharibə tezliklə Ruzveltin öz həmvətənlərini “Amerika arzusu”na doğru apardığı “sarı kərpicli yola” çevrildi. İqtisadiyyat sürətlə vəziyyətə uyğunlaşdı və hərbi relslərə keçdi. Hərbi-sənaye kompleksi tam gücü ilə işləməyə başladı. İş yerləri açıldı, pul meydana gəldi. Necə deyərlər, “müharibə kimisi üçün fəlakət, kimisi üçün anadır”. 

Ruzveltin “Yeni kurs”u bəşər tarixinin ən böyük hərbi münaqişəsi sayəsində nəticə verdi. Bununla belə, 32-ci prezidentin dövründə dövlətin “insani sima” almağa başladığını da inkar etmək olmaz. Dövlət hakimiyyətinin rolu ciddi şəkildə dəyişdi, iqtisadiyyat isə sərt tənzimləmə nəzarəti altına alındı. Ruzveltin administrasiyası düzgün nəticələr çıxardı və hər şeyi, o cümlədən maliyyə sistemini nəzarətə götürdü. Böyük depressiya dövrü Amerikanı daha da gücləndirdi, halbuki ölkənin tam iflasa uğramasına cəmi bir neçə addım qalırdı.

1930-cu illərdə dünyada iqtisadi böhran dövrü

Böyük depressiyanın başlandığı və başa çatdığı tarixləri təkcə ABŞ-a deyil, Avropaya da aid etmək olar. Okeanın o tayında baş verən faciəli hadisələr Köhnə Dünyanı əsaslı titrətdi. Planeti inamla bürüməkdə olan qloballaşma özünün əsas çatışmazlığını bütün çılpaqlığı ilə nümayiş etdirdi. 1930-cu illərin əvvəllərində Avropa ilə ABŞ iqtisadi baxımdan bir-birinə sıx bağlı idi. Buna görə də tərəflərdən birində baş verən böhran digərinə də ağır zərbə vurdu. Böyük depressiya dövründə dünya ticarətinin həcmi təxminən üçdə iki azaldı. Avropanın aparıcı ölkələrinin iqtisadiyyatları getdikcə yayılan böhran qarşısında aciz qaldı.

Avropada Böyük depressiya

Bütün Avropa ölkələri arasında ən müdafiəsiz vəziyyətdə Almaniya qaldı. Birinci Dünya müharibəsindəki məğlubiyyətin yaratdığı böhrandan yenicə çıxmağa başlayan ölkə yeni sarsıntı ilə üzləşdi. Ölkəni dibə çəkən əsas amil təzminatlar oldu. Almaniya qalib ölkələrə külli miqdarda pul ödəyirdi. Lakin 1930-cu illərin əvvəllərində məlum oldu ki, dövlət bu öhdəlikləri yerinə yetirmək iqtidarında deyil. Hökumət ödənişləri müvəqqəti dayandırmaq qərarına gəldi. 1931-ci ilin yayında prezident Paul fon Hindenburq bu barədə Huverə məlumat verdi. Amerika lideri Almaniyaya birillik möhlət verməyə razılaşdı. O vaxt nə Huver, nə də Hindenburq Böyük depressiyanın hansı miqyas alacağını hələ tam anlamırdı.

Lakin bu, batan iqtisadiyyatı xilas edə bilməzdi. Ölkədə inflyasiyanın daha da ağırlaşdırdığı işsizlik baş qaldırdı. Ardınca böhran istehsal sahəsini də bürüdü. Bundan əvvəl Almaniya iqtisadiyyatı Avropa ölkələrinin ölkəyə yatırdığı investisiyalar hesabına ayaqda qalırdı. İndi isə maliyyə “çeşməsi” bağlanmışdı. Hər ölkə öz problemlərini düşünürdü. Yaxın keçmişdəki müharibənin fəlakətini və onun ardınca baş vermiş hiperinflyasiyanı hələ də xatırlayan Almaniya əhalisi fəal etirazlara başladı. İnsanlar yoxsulluqdan və dağıntılardan qorxurdular. Yeni iqtisadi böhranın günahını isə almanlar Amerika maliyyə bazarındakı köpüklərdə deyil, ilk növbədə öz hökumətlərində görürdülər.

1931-ci ilin yayında Almaniya sürətlə dibə çökdü. Onun maliyyə və bank sistemləri iflasa uğradı. Ölkə kapitalın kütləvi axını ilə üzləşdi. Reyxsbank qızıl-valyuta ehtiyatlarından istifadə etməyə başladı, lakin bu ehtiyatlar tezliklə tükəndi. Ölkəyə təcili pul axını lazım idi. Öz maliyyə imkanları artıq kifayət etmədiyindən Almaniya hökuməti başqa ölkələrdən yardım istədi. Lakin heç kim kredit vermirdi. Fond birjası bağlandı, sənaye böhranı başlandı, ölkəni işsizlik bürüdü. Parlament demokratiyasına qarşı kütləvi narazılıq qısa müddətdə Nasional Sosialist Partiyasına səmimi dəstəyə çevrildi. Almanlar böhranın öhdəsindən gələ biləcək insanı məhz Adolf Hitlerdə gördülər.

Bu arada təzminatların ödənilməsi vaxtı gəlib çatdı. Almaniya hökuməti bu öhdəliyi yerinə yetirə bilməyəcəyini bəyan etdi. Beynəlxalq maliyyə münasibətlərinə güclü zərbə vuruldu. Bir sıra Avropa ölkələri Almaniyanın yolunu tutaraq öz borc öhdəliklərini yerinə yetirməkdən imtina etdilər. Nəticədə bir çox dövlət suveren defolta uğradı.

Almaniyanın iflası Avropa üçün xüsusilə ağır nəticələr doğurdu. Ən çox zərər çəkən ölkələrdən biri Böyük Britaniya oldu. Məsələ burasında idi ki, Britaniyanın maliyyə vəsaitləri Almaniyada “dondurulmuşdu” və London onları geri çıxara bilmirdi. İngiltərənin tədiyə balansı tədricən pisləşməyə başladı. Gəlirləri əhəmiyyətli dərəcədə azaldı, xərcləri isə əksinə, artdı. Nəhayət, bəzi Avropa ölkələri kapitallarını Böyük Britaniyadan çıxarmağa başladılar. Məsələn, İsveçrə və Niderland belə etdilər.

Fransızlar daha incə yol seçdilər. Paris Londonu Almaniya ilə Avstriya arasında gömrük ittifaqının yaradılmasına mane olmağa çalışmaqda ittiham etdi. Bundan sonra Fransa hökuməti Britaniya iqtisadiyyatından öz vəsaitlərini çıxarmağa başladı. Məqsəd yalnız bir idi — Londona siyasi təzyiq göstərmək. Fransanın ardınca daha bir neçə dövlət də bu yolu tutdu. Qızıl axını başladı. Artıq 1931-ci ilin payızında Britaniya funt sterlinqi dəyərdən düşdü və güclü böhran başladı. Böyük Britaniya qızıl standartından imtina etməyə məcbur oldu.

Avropada qızıl standartının çökməsi ilk dəfə baş verirdi. Dağılan kart evciyi kimi, funt sterlinqin ardınca Avropa ölkələrinin, Latın Amerikasının və Britaniya dominionlarının valyutaları da devalvasiyaya uğradı. 1932-ci ilin sonuna qədər 30-dan çox dövlət Böyük depressiyanın məngənəsinə düşdü. Onların hamısı öyrəşdikləri qızıl standartından imtina etməli oldular. Növbəti il eyni aqibət ABŞ-ın da başına gəldi.

Almaniya və Böyük Britaniyanın ardınca İtaliya da böhrana qoşuldu. Yoxsulluq və işsizlik insanların Benito Mussoliniyə fəal dəstək verməsinə səbəb oldu. Beləliklə, eyni vaxtda iki Avropa dövlətində hakimiyyət faşistlərin əlinə keçdi.

Böhran bəlası Yaponiyaya da çatdı. İlk növbədə kənd təsərrüfatı zərər çəkdi. Xüsusilə də ölkə üçün böyük əhəmiyyət daşıyan ipəkçilik ağır vəziyyətə düşdü. Kəndli təsərrüfatlarının, demək olar ki, yarısı bu sahədə fəaliyyət göstərirdi.

1933-cü ildə, böhranın başa çatmasına hələ çox qaldığı bir vaxtda, dövlətlər çıxış yollarını səylə axtarırdılar. Nəticədə üç variant müəyyənləşdi:

Neoliberal yol. ABŞ və Böyük Britaniya bu yolu seçdilər.

Totalitar yol. Burada əsas söz sahibi Almaniya və İtaliya idi.

Burjua-islahatçı yolu. Böhrandan o qədər də ciddi zərər çəkməyən digər Avropa ölkələri bu istiqamətdə hərəkət etdilər.

Bununla yanaşı, Fransa öz yolunu — sosial-islahatçı modeli seçdi. Bu model istehsalın tam deyil, yalnız qismən milliləşdirilməsini, iqtisadiyyatın planlı təsərrüfat prinsipləri əsasında qurulmasını, eləcə də sosial sahədə genişmiqyaslı islahatların aparılmasını nəzərdə tuturdu. Təxminən 1936-cı ildə fransızlar böhranın “şişini” aradan qaldıra bildilər.

Böyük depressiya SSRİ-yə necə təsir göstərdi?

 1920-ci illər SSRİ üçün dövlət quruculuğu uğrunda mübarizə dövrü oldu. İnqilab və Vətəndaş müharibəsindən sonra ölkə xarabalığa çevrilmişdi. Demək olar ki, bütün sənaye sahələri fəaliyyətini dayandırmışdı. Sovet hökuməti hər şeyi sıfırdan qurmalı idi. 1925-ci ildən etibarən SSRİ sənayeləşmə kursunu götürdü.

Yeni zavodların tikintisinə, infrastrukturun inkişafına və istehsal güclərinin modernləşdirilməsinə külli miqdarda vəsait yatırılırdı. 1930-cu illərin ikinci yarısına doğru Sovet İttifaqı dünya bazarında 10 faizlik paya sahib olmağa nail oldu.

Belə bir fikir var ki, sənayeləşmə kursu iqtisadi fəlakətdən qoruyan sipərə çevrildiyindən Böyük depressiya SSRİ-dən yan keçib və ona təsir göstərməyib. Lakin bu, tam doğru deyil. Həqiqət, həmişə olduğu kimi, ortadadır. Sənaye sahəsində Sovet İttifaqı həqiqətən nəzərəçarpacaq irəliləyiş əldə etdi. Dünya bazarı dibə doğru yuvarlanmağa başlayanda Amerika və Avropanın çoxsaylı ixtisaslı mütəxəssisləri işsiz qaldılar. Məhz bu zaman SSRİ xilasedici halqa kimi ortaya çıxdı. Mühəndislər və sahibkarlar sovetlər ölkəsindən sifarişlər almağa başladılar. Məsələn, Amerikanın “Arthur McKee Company” şirkəti Maqnitoqorsk metallurgiya kombinatının layihəsini hazırladı. Nijni Novqorodda avtomobil zavodu isə “Ford Motor Company” şirkətinin sayəsində yarandı. Amerikanın “Albert Kahn Inc” şirkəti SSRİ-də, Nijni Novqoroddakı müəssisə də daxil olmaqla, beş yüzdən çox sənaye obyektinin yaradılmasına kömək etdi.

Lakin məsələnin başqa tərəfi də var idi. Böyük depressiya başlanana qədər SSRİ kənd təsərrüfatı məhsullarını böyük həcmdə ixrac edirdi. 1929-cu ildən sonra isə ixrac axını kəskin azaldı. Bunun əsas səbəbi tərəfdaş ölkələrin öz istehsalçılarını qorumaq məqsədilə idxal rüsumları tətbiq etmələri idi. Nəticədə dünya ticarəti daraldı, böhran isə getdikcə dərinləşdi.

Taxıl ixracı SSRİ üçün son dərəcə vacib idi, çünki ölkəyə xarici valyuta gətirirdi. Qiymətlərin çökməsi və tədarükün azalması nəticəsində maliyyə vəsaitlərinin axını, demək olar ki, dayandı. Həmin dövrdə ixrac gəlirlərinin əsas valyutası funt sterlinq idi. İngiltərədə qızıl standartının süqutu və devalvasiya baş verdikdə, Sovet İttifaqı da zərər çəkdi. Təxmini hesablamalara görə, böhran dövründə SSRİ xarici ticarətdə bir milyard rubldan çox vəsait itirdi.

Beləliklə, SSRİ sənayeləşməni səmərəli şəkildə həyata keçirə bildi, lakin bunun əvəzini ixracdan əldə etdiyi gəlirlərin azalması ilə ödədi.

Böyük depressiyanın nəticələri və fəsadları

- Böhran dövründə sənaye istehsalının səviyyəsi XX əsrin əvvəllərindəki göstəricilərə qədər gerilədi. İstehsal 56 faiz azaldı.

- Bazar iqtisadiyyatına malik sənayeləşmiş ölkələrdə ümumilikdə təxminən 30 milyon işsiz var idi. Təkcə ABŞ-da 12 milyondan çox insan işini itirdi. Təxminən 3 milyon insan evsiz qaldı.

- Fermerlərin, orta sahibkarlıq nümayəndələrinin və kiçik tacirlərin maliyyə vəziyyəti xeyli pisləşdi. Bir çox insan hər şeyini itirərək dilənçi vəziyyətinə düşdü.

- Demoqrafik böhran baş verdi.

- ABŞ-da 5 mindən çox bank, 135 mindən artıq şirkət və 900 minə yaxın fermer təsərrüfatı müflis oldu.

- “Dow Jones” indeksi yalnız 1954-cü ildə, 1929-cu ilin sentyabrındakı səviyyəni keçə bildi.

- Avropada ifrat sağçı partiyaların tərəfdarlarının sayı xeyli artdı.

- Qızıl standartı ləğv edildi.

- Avropanın aparıcı dövlətlərinin bank sistemləri çökdü.

- İqtisadiyyatda əhəmiyyətli geriləmə baş verdi.

- İstehsal azaldı.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada