Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Milyonçuları dilənçiyə çevirən, dünyanı lərzəyə gətirən “ölüm dalğası” - I YAZI
“Böyük depressiya” necə başladı, nə ilə nəticələndi?

1929-cu ilin oktyabrında başlayan Böyük depressiya Nyu-York Fond birjasında səhmlərin qiymətinin sürətli çöküşü ilə başladı. İlk reaksiya bankların kütləvi şəkildə müflisləşməsi oldu. “Estafeti” daha sonra iri müəssisələr qəbul etdi. Maliyyə fəlakəti qısa müddətdə ABŞ sərhədlərini aşaraq qlobal miqyas aldı. Çünki o, təkcə müxtəlif qitələrdə yerləşən dövlətlərə təsir göstərmədi, həm də iqtisadiyyatın əsas sahələrini — sənayeni, kənd təsərrüfatını və maliyyə sektorunu çökdürdü. Dünya miqyaslı fəlakətin illüstrasiyası isə işsizlik, aclıq və yoxsulluq oldu.

ABŞ-da Böyük depressiyanın səbəbləri

Bəzən konfetin parlaq və gözəl kağızı onun daxilindəkinə uyğun gəlmir. 1929-cu il də belə gözqamaşdırıcı “konfet kağızı” oldu. Sonrakı hadisələrin tarixi göstərdi ki, ifrat nikbinlik bəzən acınacaqlı nəticələrə gətirib çıxara bilər.

1929-cu ilin əvvəlində heç nə bədbəxtlikdən xəbər vermirdi. ABŞ və Qərbi Avropa çiçəklənmə dövrünü yaşayırdı. İqtisadiyyat böyüyürdü. Lakin firavanlıq görüntüsünün parlaq kağızı altında sistemli problemlər gizlənirdi. Bəşəriyyət hər ay böhrana bir az da yaxınlaşırdı.

Vəziyyətin paradoksu onda idi ki, firavanlığın əsas göstəricisi kimi görünən amil əslində sistemi daxildən gəmirən “qurd” idi: o qədər çox məhsul istehsal olunurdu ki, insanlar onların hamısını almağa sadəcə imkan tapmırdılar. ABŞ və Qərbi Avropa ölkələrinin müəssisələri bunu nəzərə almır, istehsal həcmini artırmaqda davam edirdilər. Bununla belə, bir çox ölkələrin əhalisi məhdud maliyyə imkanlarına görə heç nə ala bilmirdi. Söhbət aparıcı dövlətlərin əhalisinin çoxu yoxsulluq içində yaşayan müstəmləkələrindən getmirdi. Bu qrupa müstəqil, lakin orta inkişaf səviyyəsinə malik dövlətlər də daxil idi. Məsələn, Sovet İttifaqı və ya Türkiyə. Dünya iqtisadiyyatı uzun müddət boşuna işləyirdi. Bu fakt maliyyə möhtəkirləri tərəfindən səylə gizlədilirdi. Onlar səhm buraxmaqda davam edir, bu zaman cəlb olunan pullar hesabına gələcək mənfəətə ümid edirdilər. 

Bazarın artıq həzm edə bilmədiyi həddindən artıq çoxlu məhsuldan başqa, daha bir səbəb vardı. Dünya iqtisadiyyatına maliyyə möhtəkirliyi də zərbə vurdu. Həmin dövrdə bu fəaliyyətə heç kim nəzarət etmirdi. Səhmlərin alqı-satqısı genişlənir, fırıldaqçılıqla məşğul olan saxta şirkətlər meydana çıxırdı. Nəticədə maliyyə köpükləri yaranırdı.

Bununla belə, ABŞ iqtisadiyyatı böyüməkdə davam edirdi. Belə görünə bilərdi ki, ölkədə hər şey qaydasındadır. Yeni sahələr və texnologiyalar inkişaf edir, işsizlik isə “statistik xəta” həcmində təqdim olunurdu. Səhm bazarı da sürətlə yüksəlirdi. Halbuki təkcə 1920–1924-cü illər ərzində Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini illik 7 faizdən 3 faizə endirmişdi. Nəticədə kreditlər daha əlçatan oldu, investisiyalar üçün əlverişli şərait yarandı. Beləliklə, maliyyə aktivlərinin real dəyəri onlara “yapışdırılmış qiymət etiketindəki” məbləğdən xeyli aşağı idi. Beləcə, möhtəkirlik və maxinasiya üzündən daha bir maliyyə köpüyü yarandı. 

Nyu-York birjası sistemdəki problemlər barədə 1929-cu il boyunca siqnallar verirdi. Bazar gah enir, gah da bir müddət ərzində itirdiyi mövqeləri bərpa edirdi. Təcrübəli oyunçular dəhşətli bir hadisənin yaxınlaşdığını anlayırdılar. Buna görə də pullarını tədricən bazardan çıxarmağa başladılar. Lakin öz vəsaitindən narahat olmayanlar daha çox idi. Məsələ burasındadır ki, birjada çoxlu sayda adi insan da oynayırdı. Onlar böhrana inanmır və bədbəxtliyin onların yanından ötüb keçəcəyini düşünürdülər. Maraqlıdır ki, bəzi iri şirkətlər də belə hesab edirdilər. Buna görə heç bir tədbir görmür, sadəcə gözləyirdilər. 

İqtisadi böhran necə başladı?

1928-ci ilin yazında Federal Ehtiyat Sistemi, nəhayət, baza faiz dərəcəsini tədricən artırmağa başladı. Növbəti ilin fəlakətli payızına doğru bu göstərici illik 6 faizə çatdı. Bu addım, ilk növbədə, iqtisadiyyatın həddindən artıq qızması təhlükəsinin yaranması ilə əlaqədar atılmışdı. Lakin bu tədbir əks nəticəyə gətirib çıxardı. Möhtəkirliklə şişirdilmiş səhm bazarı buna ağrılı reaksiya verdi: sentyabrda “Dow Jones” sənaye indeksi 381 bəndə yüksəldi. Bu, müşahidələrin aparıldığı bütün dövr ərzində ən yüksək göstərici idi. Doğrudur, qısa müddət sonra indeks yavaş-yavaş enməyə başladı.

“Qara cümə axşamı”

Oktyabr ayında ABŞ-ın səhm bazarını qeyri-sabitlik dalğası bürüdü. Səhmlərin qiyməti sanki bir göz qırpımında gah yüksəlir, gah da kəskin şəkildə çökürdü. Dəhşətli bir hadisənin yaxınlaşdığı aydın idi. Lakin heç kim qarşıdakı hadisələrin miqyasını qiymətləndirə bilməzdi.

Oktyabrın 23-ü, çərşənbə günü, səhmlərin qiyməti təxminən 4 faiz aşağı düşdü. Bazar buna dərhal reaksiya verdi. Səhmlərin kütləvi satışı başladı. Nəticədə ertəsi gün fəlakət baş verdi: səhmlərin qiyməti kəskin şəkildə çökdü.

Oktyabrın 24-ü gəlib çatdı. Birja çöküşü tarixə “Qara cümə axşamı” adı ilə düşdü və panika ilə müşayiət olundu. Həmin gün hərrac zamanı “Dow Jones” indeksi 26 faiz — 326 bənddən 272 bəndə qədər düşdü.

“Dow Jones” sənaye indeksi — Çarlz Dou tərəfindən yaradılmış fond indeksidir. O, fond bazarlarının sənaye sektorunun inkişafını daha yaxşı izləmək məqsədilə dövriyyəyə buraxılıb. İndeks özündə Amerikanın onlarla ən iri şirkətini birləşdirir. Onların heç də hamısı birbaşa sənaye ilə əlaqəli deyil.

İnvestorlar qısa müddətdə təxminən 13 milyon qiymətli kağızı satışa çıxardılar. Bu arada Amerikanın ən iri banklarının rəhbərləri səhmləri almağa qərar verdilər. Məntiqə görə, bazara külli miqdarda pulun daxil edilməsi birjadakı panikanı səngitməli idi. Bu üsul yeni deyildi. Bankirlər 1907-ci ildə də heç kimin mahiyyətini anlaya bilmədiyi böhran təhlükəsi yarananda ona əl atmışdılar. 22 il əvvəl bu üsul işə yaradı. Qısa müddət ərzində bazara 20 milyon dollar daxil edildi. O dövr üçün bu, nəhəng məbləğ idi. Səhmlərin alınması davam etdi və qiymətli kağızların ucuzlaşması dayandı. Ardınca hətta cüzi bahalaşma da başladı.

“Qara cümə axşamı” bununla başa çatdı.

Ertəsi gün birja yenidən canlanmağa cəhd etdi. Səhmlərin qiyməti bir qədər yüksəldi. İnvestorlar bazara pul yatırmaqda davam etdilər. Şənbə günü də eyni mənzərə təkrarlandı. Oktyabrın 26-sı günün sonuna doğru tətbiq olunan üsulun işə yaradığı və böyük fəlakətin qarşısının alındığı barədə təəssürat yarandı.

Lakin bazar ertəsi səhər birja 9 faiz ucuzlaşma ilə açıldı. Ən iri qəzetlər bu xəbəri dərhal yayaraq yeni panika dalğasını gücləndirdilər. Kiçik investorlar da daxil olmaqla, hamı qiymətli kağızlardan yaxa qurtarmağa başladı. Birja iştirakçılarını yalnız bir məsələ düşündürürdü: yatırdıqları kapitalı nəyin bahasına olursa-olsun geri qaytarmaq. Nəticədə səhmlərin qiyməti daha böyük sürətlə enməyə başladı.

Çərşənbə axşamı artıq hamıya aydın oldu: böhran qopmuşdu. Uoll-strit buna birjanın çökməsi ilə cavab verdi. 

Uoll-strit — Nyu-Yorkda, Nyu-York Fond birjasının yerləşdiyi küçədir. Zaman keçdikcə “Uoll-strit” ifadəsi bütövlükdə Amerikanın səhm bazarını ifadə etməyə başladı. 

“Dow Jones” indeksi 212 bəndə qədər düşdü. İnvestorların itkiləri isə təxminən 30 milyard dollar təşkil etdi. Məsələn, “Chrysler” şirkətinin səhmləri 27 dəfə ucuzlaşdı. Özü də şirkətin bəxti gətirdi, çünki “General Motors”un səhmləri düz 80 dəfə dəyərdən düşmüşdü.

ABŞ-ın bütün maliyyə rifahı cəmi bir neçə gün ərzində darmadağın oldu.

Böyük depressiya — böhranın mahiyyəti

Oktyabrın sonuna doğru misli görünməmiş hadisə baş verdi: bazarda alıcılar qəflətən tükəndi. Halbuki satışa çıxarılan səhmlərin sayı hələ də çox idi. Qiymətlərin aşağı düşməsi belə artıq heç nəyi dəyişmirdi. Birja sanki komaya düşdü, nəhəng sərvətlər isə sadəcə buxarlanıb yoxa çıxdı Birja iştirakçılarını panika bürüdü. Bəziləri hər şeyini itirdi, digərləri isə külli miqdarda borca düşdülər Bunun ardınca intiharlar silsiləsi başladı. İnsanlar bu zərbəyə tab gətirə bilmirdilər.

Şəhərlərin küçələri bahalı avtomobillərlə dolmağa başladı. Sahibləri həmin avtomobilləri cüzi məbləğə satırdılar. Dünənə qədər varlı olan insanlar heç olmasa borclarının bir hissəsini ödəmək üçün hər cür imkandan yararlanmağa çalışırdılar. Ardınca eyni səbəbdən daşınmaz əmlakın kütləvi satışına başlanıldı.

Birjanın ardınca Amerika iqtisadiyyatı da çökməyə başladı. İri və kiçik şirkətlər hər vasitə ilə ayaqda qalmağa çalışırdılar. Lakin hər növbəti ay kimin üçün isə ölümcül olurdu.

Böhran avtomobil sənayesini üstündən qasırğa kimi keçdi. Vaxtilə populyar olan “Cord”, “Pierce-Arrow”, “Durant” və “Franklin” markaları tarix səhnəsindən silindilər. Sənaye müəssisələri kütləvi şəkildə bağlanırdı. İnsanların dolanışıq vəsaitləri qalmadı. Bəziləri dərhal təslim olur, dilənməyə başlayırdı. Daha dözümlülər isə uyğunlaşmağa çalışırdılar. Ev şəraitində hazırladıqları siqaretləri, nikah üzüklərini və mebelləri satırdılar. Qadınlar cüzi məbləğ müqabilində manikür və ya saç düzümü təklif edirdilər. Əsasən pomidor şorbası ilə qidalanırdılar. Lakin zinət əşyaları və mebel də tezliklə tükəndi. Siqaret almaq və ya manikür etdirmək istəyənlər də tapılmırdı — insanların son qəpiyi də qurtarmışdı.

Amerikalılar — həm sadə vətəndaşlar, həm də şirkət rəhbərləri — kredit götürmək üçün banklara hücum etməyə başladılar. Lakin bütün cəhdlər boşa çıxdı. Bank sistemi bir neçə gün ərzində dağıldı. Maliyyə qurumlarında pul yox idi. Banklar bir-bir müflis olduqlarını elan edirdilər. Bu, iri müəssisələr üçün son zərbə oldu. Kredit dəstəyindən məhrum qalan zavod və fabriklər istehsalı dayandırdılar, işçiləri də ixtisara saldılar.

Hər gün çoxlu sayda amerikalı küçələrdə qalırdı. Onların mənzil haqqını ödəməyə pulları yox idi. Heç kim anlayış və mərhəmət göstərmirdi. Hər kəs bacardığı kimi sağ qalmağa çalışırdı. İnsanlar küçələrdə yaşamağa, karton qutulardan özlərinə sığınacaqlar qurmağa başladılar. Bələdiyyə xidmətləri isə məsuliyyətdən boyun qaçıraraq birbaşa vəzifələrini yerinə yetirməyi dayandırdılar. ABŞ sanitariya fəlakətinin astanasında idi.

Ərzaq problemi son dərəcə kəskinləşdi. Xeyriyyə təşkilatları ehtiyacı olan insanlara kömək etməyə çalışırdılar. Onlar pulsuz şorba paylayırdılar, lakin həmin bir qab şorbanı almaq o qədər də asan deyildi. İnsan sübut etməli idi ki, artıq heç bir əmlakı və gəliri yoxdur, ona kömək edə biləcək qohumları da qalmayıb. Tibbi xidmət sahəsində də problemlər başladı. Ştatdan asılı olmayaraq, bir çox xəstəxana müalicə xərclərini ödəmək imkanı olmayan xəstələri qəbul etməkdən imtina edirdi.

Hökumətə gəlincə, prezident Herbert Huver və köməkçiləri uzun müddət sadəcə gözləmə mövqeyi tutdular. Onlar vəziyyətin düzələcəyinə və iqtisadiyyatın bərpa olunacağına əmin idilər. Məsələn, maliyyə naziri Endryu Mellon da belə düşünürdü.

1932-ci ilin fevralında Federal Ehtiyat Sistemi ilk addımını ataraq yenidən maliyyələşdirmə dərəcəsini 6 faizdən 4 faizə endirdi. Daha sonra Huver pul axını yaratmaqla bazarı canlandırmaq üçün dövlət satınalmaları təcrübəsindən istifadə etməyə qərar verdi. Lakin hətta hökumətin də kifayət qədər pulu yox idi. Bu təşəbbüs heç bir müsbət nəticə vermədi. Böhran genişlənməkdə davam edirdi.

ABŞ-da Böyük depressiyanın xüsusiyyətləri

1933-cü ilin martında elə görünürdü ki, Amerika iqtisadiyyatı, nəhayət,  dibə çatıb. Lakin az sonra ölkəni böhranın yeni dalğası bürüdü. Bu dəfə ən varlı insanlar da daxil olmaqla, hamı zərər çəkdi. Onlar artıq nə dəbdəbəli malikanələrini saxlaya, nə də xidmətçilərinə maaş verə bilirdilər. İşsizlər ordusuna dünənə qədər qulluqçu, aşpaz və şəxsi sürücü işləyən insanlar da qoşuldular. Hər yerdə dəbdəbəli evlər satışa çıxarılırdı, lakin onları alan tapılmırdı.

Orta təbəqə nümayəndələrinin böyük əksəriyyəti dilənçi kökünə düşdü. ABŞ-da elə bir peşə qalmamışdı ki, böhran ona toxunmasın. Müəllimlər də möhkəm zərbə aldılar. Bəzi yerlərdə onlara heç maaş vermirdilər, başqa yerlərdə isə pul əvəzinə bir kasa şorba verirdilər. Çikaqoda vəziyyət xüsusilə acınacaqlı idi: müəllimlərin yarıdan çoxunun başı üzərində dam yox idi, küçələrdə qalırdılar.

Böhranın qızğın vaxtında, 1930-cu ilin yayında, ştatların əksəriyyətini dağıdıcı istilər bürüdü, ardınca isə quraqlıq başladı. İlk baxışdan belə görünə bilərdi ki, bunun nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətləri kəskin artmalıdır. Lakin belə olmadı. Hər şey dəyərdən düşdü. Fermerlər hətta cüzi qiymətə təklif etdikləri az miqdarda məhsulu da, demək olar ki, heç kimə sata bilmirdilər. Nəticədə torpaq zəhmətkeşləri yaşadıqları yerləri tərk etməyə məcbur oldular. Xərcini ödəyə bilmədikləri üçün evlərini, torpaqlarını, məhsullarını və mal-qaralarını geridə qoyub gedirdilər. Fermerlər iş tapmaq ümidi ilə şəhərlərə üz tutdular. Böhranın bir neçə ili ərzində yarım milyondan çox ferma müflis oldu. Minlərlə insan hər şeyini itirdi. Lakin şəhərlərdə də onları xoş qarşılamırdılar: həmin vaxta qədər artıq təxminən 12 milyon insan işsiz qalmışdı. Ölkəni intihar dalğası bürüdü. İşsizlik insanları gələcəyə inamdan məhrum edirdi.

Böyük depressiya dövründə işsizlik

İşsizlərin sayı artmaqda davam edirdi. Bununla belə, dövlətin vəziyyəti düzəltmək üçün heç bir cəhd göstərmədiyini söyləmək olmaz Problem onda idi ki, işsizlərə yardımı regional və yerli hakimiyyət orqanları, eləcə də xeyriyyə təşkilatları göstərirdilər. Onların imkanları, təbii, məhdud idi. Tezliklə maliyyə axını “qurudu”. Təcili tədbirlər görmək lazım gəlirdi.

Bəzi ştatların rəhbərliyi radikal addım atmağa qərar verdi: ehtiyacı olanlara əlavə yardım göstərmək üçün vergiləri artırdı. Əhali buna kəskin reaksiya verdi. Etirazlar başladı və qısa müddətdə genişmiqyaslı iğtişaşlara çevrildi. Bununla belə, qanlı toqquşma baş vermədi. Alovu müəyyən müddətə söndürmək mümkün oldu.

Huver administrasiyası problemlərə reaksiya verməyə çalışırdı. Prezident yanında Məşğulluq Məsələləri üzrə Fövqəladə Komitə yaradıldı. Bir müddət sonra onun yerini İşsizlərə Yardım üzrə Prezident Təşkilatı tutdu. İlk mərhələdə vəziyyəti müəyyən qədər yüngülləşdirmək mümkün oldu. Məsələn, 1932-ci ildə Nyu-Yorkda yoxsullara bələdiyyə tərəfindən ayrılan vəsait təxminən 60 milyon dollar təşkil edirdi. İki il əvvəl bu məbləğ 9 milyon dolları keçmirdi. Xeyriyyə ianələri də 20 milyon dollarlıq həddi aşdı. Lakin tezliklə məlum oldu ki, bütün bu pullar dəryada bir damladır və insanların itirdikləri gəlir mənbələrini əvəz edə bilməz.

Çikaqoda itirilmiş əməkhaqlarının məbləği hər gün 2 milyon dollar təşkil edirdi. Halbuki şəhər hakimiyyətinin göstərdiyi yardım 100 min dollara belə çatmırdı.

Yaranmış mənzərə həqiqətən də insanı ümidsizliyə düçar edirdi: fermalarda sahibsiz qalan heyvanlar aclıqdan ölür, tarlalarda məhsul çürüyür, işləmək qabiliyyətində olan kişilərdən ibarət izdiham isə pulsuz bir kasa şorba almaq üçün nəhəng növbələrdə dayanırdı. Təxmini hesablamalara görə, 1932-ci ildə təxminən 20 min uşaq doyunca qidalana bilmirdi.

Etnik icmalar başqalarından daha çox zərər çəkdilər. Səbəb bu idi ki, onlara xüsusi kredit müəssisələri xidmət göstərirdi. Həmin müəssisələr isə iqtisadi böhranın lap əvvəlində bağlandı. Məsələn, Çikaqoda qaradərili əhaliyə maliyyə xidmətləri göstərən “Binga State Bank” fəaliyyət göstərirdi. Bu bank hələ 1930-cu ildə müflis oldu. Avropa mənşəli icmalara xidmət göstərən banklar da bağlandı.

1932-ci ilə qədər işsizlərin ümumi sayı 10 milyon nəfəri ötdü. Bu, ABŞ-dakı bütün işçi qüvvəsinin 20 faizi demək idi. Problem yaxın keçmişin sənaye nəhəngləri olan şəhərlərdə xüsusilə kəskin idi. Məsələn, Detroyt və Çikaqoda hər iki nəfərdən biri işini itirmişdi.

Böhran başlayanda Detroytda “General Motors” şirkətinin müəssisələrində təxminən 260 min nəfər çalışırdı. Onlardan 100 mindən çoxu ixtisara düşdü. İlk növbədə qaradərili işçilər işdən çıxarıldılar. 

İxtisar dalğası Henri Fordun müəssisəsini də bürüdü. 1932-ci ilin martında burada iğtişaş baş verdi. Bu hadisə tarixə “Fordun aclıq yürüşü” və ya “Ford qətliamı” adı ilə düşdü. İşdən çıxarılmış fəhlələrdən ibarət izdiham polislə və Fordun silahlı mühafizəçiləri ilə qarşı-qarşıya gəldi. Nümayişçilərdən 4 nəfər öldürüldü, onlarla insan yaralandı.

Müəssisə rəhbərləri yaranmış problemlərin öhdəsindən qaradərililərin hesabına gəlməyə çalışırdılar. Məsələn, Pittsburqda afroamerikalılar bütün işsizlərin 40 faizini təşkil edirdilər. Lakin bu tədbir müsbət nəticə vermədi. Sonralar ixtisarlar zamanı dərisinin rəngindən və mənşəyindən asılı olmayaraq işdən çıxardılar.

İşini saxlayan bəxtəvərlərin vəziyyəti də getdikcə gərginləşirdi. Problem onda idi ki, onların bir çoxunu natamam iş gününə keçirmiş, maaşlarını da azaltmışdılar. Gərginlik tədricən artırdı. Bəzi şəhərlərin merləri açıq şəkildə prezidentdən maliyyə yardımı tələb edirdilər. Əks təqdirdə, məmurlar yalnız ordunun yatırmağa qadir olacağı üsyan təhlükəsi ilə hədələyirdilər. Əlbəttə, bu cür bəyanatlar daha çox sözgəlişi deyilirdi. Genişmiqyaslı və əlaqələndirilmiş hər hansı bir üsyandan söhbət gedə bilməzdi. Əksinə, bir çox tədqiqatçı Amerika xalqının itaətkarlığına və stoik səbir nümayiş etdirərək passiv qalmasına heyrətlənirdi.

Bununla belə, Huver başqa addımlar atmağa ehtiyat edirdi. Böhranın başlanmasından xeyli vaxt keçməsinə baxmayaraq, o, hələ də “neytral” mövqedə qalmaqda idi. Prezident Qarner-Vaqnerin yardım haqqında qanun layihəsinə veto qoydu. O, bu qərarını büdcəni kəsirdən, demokratiyanı isə sosial müavinətlər sistemindən qorumaq zərurəti ilə izah edirdi. Lakin 1932-ci ilin iyulunda qanun layihəsini hər halda qəbul etdirməyə nail oldular. Yardım və bərpa haqqında qanun qəbul edildi. Həmin qanuna əsasən, ştatlar 300 milyon dollara qədər vəsait ala bilərdilər. Ancaq “huvervillərdə” yaşayanlar heç bir müsbət tendensiya hiss etmədilər. 

“Huvervill” — işini və evini itirmiş amerikalıların yaşamağa məcbur qaldıqları çadırlardan və daxmalardan ibarət kiçik yaşayış məskəni.

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada