“Adaxlıbazlıq”dan ölüm hökmünə qədər: 7 ölü, 50 yaralı – BİR ÜSYANIN TARİXÇƏSİ
Ölkə rəhbərliyi əraziyə xüsusi təyinatlı ordu qüvvələri yeritməyə məcbur olmuşdu
17 Noyabr 2026
1967-ci il iyunun 12-də Qazaxıstanın Çimkənd şəhər milis şöbəsinə zəng daxil oldu. Zəng edən şəxs yaşadığı binanın önündə sərxoş bir kişinin yatıb qaldığını xəbər verdi. Milis naryadı əraziyə gedib həmin adamı tapdı və ayıltma məntəqəsinə gətirdi. Son dərəcə adi olan bu hadisə Brejnev dövrünün ən böyük iğtişaşının əsasını qoydu.
***
1926-cı il siyahıyaalmasına görə cəmi 21 min əhalisi olan Çimkəndin (indiki adı: Şımkənt) sənayeləşməsi 1934-cü ildə qurğuşun zavodunun istifadəyə verilməsi ilə başladı. Daha sonra yağ-piy kombinatı, corab və güzgü fabrikləri işə düşdü. 1939-cu ildə burada artıq 74 min adam yaşayırdı.
İkinci Dünya müharibəsi zamanı buraya 17 zavod və fabrikin köçürülməsi ilə Çimkənd mühüm sənaye mərkəzinə çevrildi. Şəhərdə yeni sənaye sahələri formalaşdı: ağır maşınqayırma, cihazqayırma, yüngül sənaye və s. Müharibədən sonra isə Çimkənddə kimya, neft-kimya, neft emalı, fosfat, sement və s. zavodlar tikildi.
Bu zavodların bəziləri sağlamlıq üçün zərərli sayılırdı. Sovet təcrübəsi isə belə yerlərdə ucuz işçi qüvvəsindən – məhbuslardan istifadəyə üstünlük verirdi. Buna görə də şəhər yaxınlığında penitensiar müəssisələr salındı. Daha sonra isə cəza müddəti başa çatan məhbusların xeylisi elə Çimkənddə qalmağa üstünlük verdi: necə olsa, buradakı müəssisələrdə onlara ehtiyac vardı. Nəticədə, şəhərdə kriminal keçmişli insanların faizi digər şəhərlərə nisbətən yüksək oldu.
1967-ci ildə artıq 220-230 min əhalisi olan Çimkənd Alma-Ata və Karaqandadan sonra Qazaxıstanın üçüncü böyük şəhərinə çevrildi. Sakinlərin yarısından bir qədər azı (47-48%) ruslar idi. Bundan əlavə, ukraynalı və almanlar kimi avropalı etnosların faizi yüksək idi. Qazaxlar, özbəklər, tatarlar, azərbaycanlılar kimi türk etnosları, eləcə də taciklər, koreyalılar və s. əhalinin üçdə birini təşkil edirdilər.
***
Ayıltma məntəqəsinə gətirilən şəxs isə 29 yaşlı Vasili Ostrouxov idi və o, yerli avtoparkda sürücü işləyirdi. O, gecə iki dəfə milisləri çağıraraq özünü pis hiss etdiyini, təmiz havaya çıxmaq istədiyini dedi. Milislər isə buna icazə verilmədiyini söylədilər. İyunun 13-də saat 6-da oyatmağa çalışanda isə o, artıq nəfəs almırdı.
Məhkəmə-tibbi ekspertizası Ostrouxovun sərxoşluq nəticəsində ağırlaşan hipertonik xəstəlik fonunda beyninə qan sızmasından ölməsi barədə rəy verdi. Amma Vasilinin iş yoldaşları buna inanmadılar, həmkarlarının yetərincə sağlam, heç vaxt yüksək təzyiqdən şikayət etmədiyini söylədilər.
Sürücülərin tələbi ilə avtoparkın direktoru A. Aljanov şəhər morquna gedərək Ostrouxovun meyitinə baxdı və xəsarət izlərinə rast gəldi. O, gördüklərini işçilərindən gizlətmədi. Sürücülərin gəldiyi qənaəti ehtimal etmək isə çətin deyildi: Vasilini milislər döyüb öldürüb.
Yük maşınlarından ibarət avtoparkın və şəhərdəki digər avtomobil müəssisələrinin – taksi parkının və avtobus parkının sürücüləri milis əməkdaşlarından möhkəm yanıqlı idilər, özü də təkcə avtomobil müfəttişlərindən yox. Milis əməkdaşları onlardan pul qoparmaq üçün bəhanə axtarırdılar, hətta aylıq xəraca bağlamışdılar. Hadisələrdən sonra Çimkəndə gələn dövlət komissiyası bir çox zabitlərin kabinetində girov kimi saxlanılan sürücülük vəsiqələri aşkarlayacaqdı.
Milis özbaşınalığının bu həddə çatmasının mühüm institusional səbəbi var idi. Nikita Xruşşovun bitib-tükənməz islahatlarından biri də SSRİ Daxili İşlər Nazirliyinin ləğvi idi. Respublikalarda DİN qalırdı, amma tabe olduqları ittifaq nazirliyi yox idi. Bu da respublikalarda milis əməkdaşlarının məsuliyyət hissinin azalmasına, özlərini daha sərbəst hiss etmələrinə şərait yaratmışdı. Doğrudur, 1966-cı ildə ümumittifaq DİN bərpa edildi. Amma Çimkənd hadisələrinə qədər keçən qısa müddət ərzində, görünür, institusional boşluğun fəsadlarını aradan qaldırmaq mümkün olmamışdı.
Gündüz saatlarında avtopark sürücüləri toplaşaraq milis şöbəsinə yürüdülər. Xəbəri eşidən avtobus və taksi sürücüləri işlərini saxlayıb həmkarlarına dəstək oldular. Milis şöbəsinə gedən yol şəhər bazarının yanından keçirdi və burada onlarla adam yürüşə qoşuldu: yəqin ki, milislərin acgözlüyünün qurbanı təkcə sürücülər deyildi.
Vilayət partiya komitəsinin birinci katibi Vasili Liventsov elə həmin ərazidə yürüşün qarşısına çıxaraq hadisənin obyektiv araşdırılacağına söz verdi, etirazçıları dağılışmağa çağırdı. Amma insanlar dağılışmadılar və katibin ünvanına söyüşlər, hədələr yağdırdılar. Öz təhlükəsizliyi üçün əndişə keçirən Liventsov anladı ki, buralarda çox ləngiməsə yaxşıdır.
Sayı 1000 nəfəri aşan qələbəlik gündüz saat 4 radələrində şəhər milis şöbəsinin qarşısına yetişib buradakı əməkdaşları döyməyə başladı. Vilayət və respublika rəhbərliyi isə silah işlətməyi qadağan etmişdi. Belə olan halda da milislərin qaçmaqdan başqa çarələri yox idi. İnsanlar ələ keçirdikləri binanı, eləcə də xidməti avtomobilləri yandırdılar.
Daha sonra vilayət daxili işlər idarəsinə gedən iğtişaşçılar burada da eyni şeyləri etdilər. Gələn yanğınsöndürən maşınların isə qarşısı kəsildi və alovun söndürülməsinə imkan verilmədi. Hətta maşınlardan biri etirazçıların əlinə keçdi.
Kiminsə ağlına bu yanğınsöndürən maşınla gedib istintaq təcridxanasının divarını taran etmək və oradakı dustaqları buraxmaq fikri gəldi. Lakin bu, o qədər parlaq fikir deyildi. Qarovulda olan daxili qoşun əsgərləri və onların köməyinə yetişən xidmət yoldaşları avtomat silahlardan atəş açaraq hücum edənləri geri oturtdular. Buradan çəkilən aksiya iştirakçıları şəhərin başqa inzibati binalarını ələ keçirib taladılar və yenidən təcridxananı mühasirəyə aldılar. Amma yeni hücuma cəsarət etmədilər.
Hadisələr barədə xəbər artıq Moskvaya çatmışdı və daha aydın idi ki, dinc vasitələrlə aksiyanı dayandırmaq mümkün olmayacaq. Çimkəndə Daşkənddən Türküstan hərbi dairəsinin qüvvələrini göndərmək qərara alındı. General-mayor Georgi Salmanovun rəhbərlik etdiyi bu qüvvələrın əsasını xüsusi təyinatlı 15-ci əlahiddə briqada təşkil edirdi.
İyunun 14-nün ilk saatında Çimkəndə daxil olan hərbçilər aksiyanı dağıtmağa başladılar. İlk növbədə istintaq təcridxanasının ətrafındakılar qovuldular. Məhdud da olsa, odlu silahdan istifadə edildi. Saat 03:00-da şəhər tam nəzarətə götürüldü. Hadisələr nəticəsində 7 nəfər öldü, 50 nəfər yaralandı.
***
İğtişaş yatırılandan sonra Vasili Ostrouxovun ölüm səbəbi bir daha araşdırıldı. İstintaq müəyyən etdi ki, sürücü evli olsa da içəndən sonra məşuqəsinə baş çəkmək fikrinə düşüb. Amma o qədər sərxoş olub ki, binanın mərtəbələrini səhv salıb. Döydüyü qapını açan 19 yaşlı Spabek Sızdıkovla çağırılmamış qonaq arasında mübahisə yaranıb.
Gənc isə samboçu imiş. O, Ostrouxovu döyüb, üstəlik, fənd işlədərək yerə çırpıb. Bu zaman onun başı pillələrdən birinə dəyib. Sızdıkov sərxoş sürücünü aşağı düşürüb binanın qarşısındakı köşkdə əyləşdirib. Dərhalmı, yoxsa bir müddət sonramı özü milisə zəng edib sərxoş vətəndaş barədə xəbər verib. Sonrası isə oxucuya artıq məlumdur.
İstintaqın gəldiyi nəticəyə görə, Vasili Ostrouxovun ölüm səbəbi məhz başının pilləkənə çırpılması nəticəsində aldığı xəsarət olub. Bu versiyaya o zaman da, indi də şübhə edənlər oldu, amma hər halda rəsmi versiya belə idi.
Məsuliyyətə cəlb olunan Spabek Sızdıkovu ilkin instansiya məhkəməsi güllələnməklə ölüm cəzasına məhkum etdi. Hadisənin təfərrüatları nəzərə alınarsa, bu, açıq-aşkar ədalətsiz qərar idi. Təsadüfi deyil ki, Qazaxıstan Ali Məhkəməsi Sızdıkovun cəzasını azaldaraq 8 ilə (bəzi mənbələrə görə, 10 ilə) endirdi.
İğtişaşlarda iştiraka görə isə 43 nəfər cinayət məsuliyyətinə cəlb edildi. Onlardan üçü – Rauf Qatiyatulin, Aleksandr Lomakin və Vladimir Pryaniçkov edam cəzasına məhkum edildilər və güllələndilər. Qalanları isə 5 ildən 15 ilə qədər həbs cəzası aldılar. İnzibati məsuliyyətə cəlb olunanların dəqiq sayı isə bilinmir.
Hadisələrdən sonra Çimkənd milisində də xeyli “təmizləmə” işləri aparıldı.