“Sonuncu leninçi” qiyamçılara qarşı: liderin aqibəti - I YAZI
Nikita Xruşşovun təsadüfi triumfu və dramatik sonu
02 Noyabr 2026
16 aprel 1964-cü il, Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri və sovet hökumətinin başçısı, üç dəfə Sosialist Əməyi Qəhrəmanı Nikita Xruşşov 70 illiyi münasibətilə və “Kommunist Partiyası və sovet dövləti qarşısında kommunist cəmiyyətinin qurulmasında, Sovet İttifaqının iqtisadi və müdafiə qüdrətinin möhkəmləndirilməsində, SSRİ xalqlarının qardaş dostluğunun inkişaf etdirilməsində, Leninin sülhpərvər siyasətinin həyata keçirilməsində, həmçinin Böyük Vətən müharibəsi dövründə hitlerçi işğalçılara qarşı mübarizədə göstərdiyi görkəmli xidmətlərinə görə…” Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülür, Qızıl Ulduz medalı və Lenin ordeni ilə təltif olunur.
Bir gün əvvəl isə yubilyarın Lenin (indi: Vorobyov) təpələrində yerləşən iqamətgahında keçirilən ziyafətdə partiyanın Mərkəzi Komitəsinin (MK) Rəyasət Heyətinin (RH, Siyasi Büro 1952-1966 illərdə belə adlanırdı) üzvləri iştirak edirdilər. Çıxış edənlər səbəbkarın ünvanına çoxlu təriflər yağdırdılar. Onu sadiq leninçi, beynəlxalq kommunist və fəhlə hərəkatının görkəmli xadimi, imperializmə qarşı və sülh, demokratiya uğrunda cəsur mübariz adlandırdılar, Xruşşovla eyni dövrdə yaşamaqdan və onun rəhbərliyi altında işləməkdən qürur duyduqlarını dilə gətirdilər və əlbəttə ki, ona hələ uzun müddət ölkəyə rəhbərlik etməyi arzuladılar.
Sonuncu arzu xüsusilə riyakarca idi. Çünki iclasda iştirak edənlərin çoxu artıq bir neçə ay idi ki, Xruşşovu devirmək üçün partiyanın Mərkəzi Komitəsinin (MK) üzvləri arasında iş aparırdı.
***
Ağır insult keçirən Stalinin daha ayağa qalxmayacağı məlum olandan sonra aparılan hakimiyyət bölgüsü yetərincə dinc alındı. 1953-cü il martın 4-də Kommunist Partiyası rəhbərliyinin toplantısı keçirildi və bir sıra qərarlar qəbul edildi. RH üzvlərinin sayı 25 nəfərdən 11 nəfərə endirildi. İndiyə qədər Stalinin tutduğu Nazirlər Sovetinin sədri (baş nazir) vəzifəsinə Malenkovun gətirilməsi, Beriya, Bulqanin, Kaqanoviç və Molotovun onun birinci müavinləri təyin edilməsi barədə ilkin razılaşma əldə olundu. Stalinin 1949-cu ildə çıxdaş etdiyi Molotov həm də yenidən xarici işlər naziri olacaqdı.
Martın 5-də axşam saat 8-də Mərkəzi Komitə plenumunun, Nazirlər Sovetinin və Ali Sovetin Rəyasət Heyətinin birgə toplantısı keçirildi. Toplantıda bir gün əvvəl Nazirlər Sovetinin tərkibində dəyişikliklərlə bağlı alınan qərarlar bəyənildi və rəsmiləşdirildi. Bundan əlavə, Ali Sovetin Rəyasət Heyətinin sədri Şverniki marşal Voroşilovla əvəzləmək qərara alındı. Eləcə də MK-nın yeni katibliyi seçildi.
MK katiblərinin dördü başqa işə keçmələri, Stalin isə səhhəti ilə əlaqədar vəzifələrindən azad edildilər. Onların yerinə üç yeni katib seçildi. Həm Malenkov, həm də Xruşşov MK katibi vəzifəsində qaldılar. Plenumun qərarına görə, MK işinə daha çox diqqət ayıra bilməsi üçün Xruşşov Moskva partiya komitəsinin birinci katibi vəzifəsindən azad edildi.
Bu “dostanə bölgü” uzun sürmədi və tezliklə “diadoxların savaşı” başladı. Mühüm postlara yiyələnənlərin, demək olar, hamısı uzun illər təhlükəsizlik orqanlarına rəhbərlik etmiş, 5 mart plenumunun qərarlarına əsasən Dövlət Təhlükəsizlik Nazirliyinin də birləşdirildiyi qüdrətli Daxili İşlər Nazirliyinə rəhbərlik edən Beriyadan, onun bir gün çevriliş edəcəyindən bərk qorxurdular. MK RH-nin 1953-cü il iyunun 26-da keçirilən toplantısı zamanı Beriya həbs edildi və dekabrın 23-də altı yaxın adamı ilə birlikdə məhkəmənin hökmü ilə güllələndi. Bundan sonra “qazanda iki qoçun başı” qaldı: Xruşşovun və Malenkovun.
Kommunist Partiyasının rəhbəri olmaqla yanaşı, həm də hökumət başçısı olan Stalinin hakimiyyətinin son illərində idarəçilikdə partiyanın rolu zəifləmişdi. 1939-cu ildə keçirilən XVIII qurultaydan sonra XIX qurultayı keçirilməsini tam 13 il gözləmək lazım gəldi. Qurultaylararası dövrdə ali partiya orqanı olan MK plenumları da az-az keçirilirdi. Məsələn, 1947-ci ilin fevralından 1952-ci ilin avqustuna qədər 5,5 il müddətində heç bir plenum keçirilmədi. Bu illər ərzində real hakimiyyət hökumətin əlində cəmləşdi.
Bundan əlavə, 1922-ci ildə təsis edilən partiyanın Baş katibi postu 1934-cü ildə ləğv edilmişdi. Stalin faktiki partiya rəhbəri sayılsa da, rəsmən MK katiblərindən biri idi. Onun ölümü ərəfəsində keçirilən 5 mart plenumunun qərarlarından aydın olurdu ki, partiyanın işinə faktiki Xruşşov rəhbərlik edəcək, amma o, de-yure 8 katibdən biri idi və ilk baxışda mövqeləri güclü deyildi.
Bütün bunlara görə, təsadüfi deyil ki, daxildə və xaricdə çoxları məhz Malenkovu Stalinin xələfi, SSRİ-nin yeni rəhbəri kimi qəbul edirdilər. Amma o, bir sıra səhvlərə yol verdi. Məsələn, diqqətini daha çox hökumətin işinə yönəltmək üçün 1953-cü il martın 14-də keçirilən plenumda MK katibi postundan imtina etdi. Bu, Xruşşova partiya rəhbərliyində de-fakto yeganə lider olmağa imkan verdi. Partiya məmurlarına verilən “konvertlər” – maaşdan kənar qanunsuz ödəmələr – mayda Malenkovun təşəbbüsü ləğv edildi ki, bu da həmin məmurların narazılığına səbəb oldu. Çox yaxın münasibətlərə malik olduğu Beriyanın həbsi də baş nazirin mövqeyini zəiflətdi.

1953-cü il sentyabrında keçirilən plenum partiyada MK-nın birinci katibi postunu təsis etdi və həmin vəzifəyə Xruşşov seçildi. Beləliklə o, rəsmən partiyanın rəhbər şəxsinə çevrildi. Malenkovun buna mane olmaq üçün heç bir cəhd göstərməməsi bəlkə də ən böyük siyasi səhvi idi.
Sonrakı müddətdə mövqelərini möhkəmlədən, Molotov, Kaqanoviç və digər liderlərin dəstəyini alan Xruşşov 1955-ci ilin yanvar plenumunda Malenkova hücum etdi və onu bir sıra nöqsanlarda günahlandırdı. Fevralın 8-də Malenkov hökumət başçısı vəzifəsindən azad edildi və ertəsi gün elektrostansiyalar naziri kimi xeyli aşağı vəzifəyə təyin olundu. Xruşşov baş nazir vəzifəsinə özünə rəqib görmədiyi, son iki ildə müdafiə naziri vəzifəsini tutan Nikolay Bulqaninin təyin edilməsinə nail oldu. Müdafiə naziri postunu isə marşal Georgi Jukov tutdu.
Poststalin dövrünün ən böyük hakimiyyət toqquşması 1957-ci ildə baş verdi. Bu dəfə Malenkov, Molotov və Kaqanoviç Xruşşova qarşı birləşdilər. MK Rəyasət Heyətinin iyunun 18-də keçirilən iclasında Xruşşov ciddi iradlara və tənqidlərə məruz qaldı. 11 nəfərlik RH-də 7 nəfər birinci katibin əleyhinə çıxdı. Amma RH-nin Xruşşovu vəzifədən çıxarmaq səlahiyyəti yox idi. Qurum sadəcə MK-ya müvafiq tövsiyə verə bilərdi. Bu qərarın lehinə Malenkov, Molotov və Kaqanoviçlə yanaşı Voroşilov, Bulqanin, Mixail Pervuxin və Maksim Saburov, əleyhinə isə Xruşşov, Mikoyan, Mixail Suslov və Aleksey Kiriçenko səs verdi.
Plenum dörd gün sonraya təyin edildi. Toplantının təşkilində müdafiə naziri Georgi Jukov və KQB sədri İvan Serov böyük rol oynadılar. Onlar qurumlarının ixtiyarında olan təyyarələrlə Xruşşov tərəfdarı olan və uzaq ərazilərdə yaşayan MK üzvlərini Moskvaya daşıdılar.
İyunun 22-29-da keçirilən plenum birinci katibin triumfu ilə yekunlaşdı. “Antipartiya qrupu” adını alan frondanın üzvləri Molotov, Malenkov, Kaqanoviç RH və MK üzvlüyündən, xarici işlər naziri Dmitri Şepilov isə MK üzvlüyündən xaric edildilər (1962-ci ildə dördü də partiyadan qovuldu).
RH-də Xruşşovun əleyhinə səs vermiş digər dörd nəfər - Voroşilov, Bulqanin, Pervuxin və Saburov daha yumşaq cəzalandırıldılar. Onların adları plenumun qərar mətninə heç salınmadı. Salınsaydı, daha ayıq-sayıq vətəndaşlar RH üzvlərinin çoxunun Xruşşova qarşı çıxdığına diqqət yetirərdilər.
Baş nazirin birinci müavinləri Saburov və Pervuxin bir il sonra müvafiq olaraq əyalətə zavod direktoru və Şərqi Almaniyaya səfir göndərildilər. Bulqanin baş nazir postunu 1958-ci ilin martında itirdi. Müdafiə naziri olarkən aldığı marşal rütbəsi də general-polkovnikə endirildi. Voroşilov isə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində daha üç il qaldı, 1960-cı ildə pensiyaya göndərildi.
Maraqlıdır ki, cəzalananlar təkcə Xruşşova qarşı çıxanlar olmadı. Birinci katibə böyük dəstək verən və iyun plenumunda partiyanın RH-nə seçilən Georgi Jukov dörd ay sonra, oktyabrın 26-da müdafiə naziri vəzifəsindən, üç gün sonra da RH üzvlüyündən çıxarıldı. Görünür, Xruşşov ordunun başında Jukov kimi populyar sərkərdənin olmasını təhlükəli hesab edirdi. Yeni müdafiə naziri sovet-alman müharibəsi zamanı Xruşşovla yolları dəfələrlə kəsişən Rodion Malinovski oldu.
Jukov əhvalatında ən acı ironiya ondan ibarətdir ki, Kommunist Partiyasının 1961-ci ildə keçirilən XXII qurultayında Xruşşov Jukovu həyasızcasına “Antipartiya qrupunun üzvü” adlandırırdı və mətbuat da bunu təkrar edirdi. Bu, bir ölkədə alternativ mətbuatın olmamasının necə oruellvari süjetlər yaratdığının bariz nümunəsidir.
Stalinin ölümündən sonra başlayan hakimiyyət mübarizəsində Nikita Xruşşov heç də ən əlverişli vəziyyətdə deyildi. İctimai rəy və elita Stalinin xələfi kimi Georgi Malenkovu görürdü. Beriyadan fərqli olaraq Xruşşovun əlində real güc yox idi. Rəhbərlikdə ən savadlı və ən intellektual sayılmazdı. Buna baxmayaraq, siyasətdə heç də diletant olmayan qorxulu rəqiblərinin hamısına qalib gəldi.
***
Nikita Xruşşovu sovet liderləri arasında ən mürəkkəb fiqur adlandırmaq olar. Stalin repressiyalarının fəal iştirakçısı olan bu siyasətçi sonralar həmin cinayətlərin ifşası və destalinizasiya istiqamətində önəmli işlər gördü. SSRİ-ni qaniçən dövlətdən daha abırlı hala gətirdi. Bununla belə, 1956-cı ildə Macarıstana qanlı müdaxilə, 1962-ci ildə Novoçerkassk etirazlarının silahla yatırılması göstərirdi ki, Xruşşov da “vegetarian” deyil.
Xruşşovun xarici siyasəti ziqzaqlı idi. 1956-cı il fevralında partiyanın XX qurultayında kapitalist sistemlə dinc yanaşı yaşamağın mümkünlüyünü bildirdi. Həmin ilin noyabrında isə xarici səfirlərə “Biz sizi basdıracağıq” dedi. Birinci katib bu zaman, ehtimal ki, sosializmin kapitalizmə qalib gələcəyini nəzərdə tuturdu (Xruşşov marksizm-leninizm təliminin doğruluğuna inanan son sovet lideri idi, yəqin ki), amma xaricdə bunu birbaşa hərbi təhdid kimi qəbul etdilər.
O, Stalin dövründə pozulan SSRİ-Yuqoslaviya münasibətlərini yaxşılaşdırmaq üçün 1955-ci ilin yazında Belqrada səfər etdi. Həmin ilin payızında sovet qoşunlarını Avstriyadan çıxardı. Amma bir il sonra Macarıstana qoşun yeridib antikommunist hərəkatı qan içində boğdu.
1959-cu ilin iyulunda ABŞ-ın vitse-prezidenti Riçard Nikson SSRİ-də 10 günlük səfərdə oldu.

Həmin il Xruşşovun ABŞ səfəri daha uzun, 13 gün sürdü (15-27 sentyabr). Birinci katib səfər zamanı prezident Ayzenhaueri SSRİ-yə səfərə dəvət etdi. Sanki iki sistemin arasındakı buzlar əriyirdi, amma bu tendensiya tezliklə dəyişdi.
1960-cı il mayın 1-də SSRİ HHM qüvvələri sovet hava məkanına girmiş ABŞ-a məxsus U-2 kəşfiyyat təyyarəsini vurdular. Bu hadisə ABŞ, Böyük Britaniya, Fransa və SSRİ rəhbərlərinin Paris sammiti ərəfəsində baş verdi. Xruşşov sammitin mayın 16-da keçirilən ilk toplantısında impulsiv, qeyri-adekvat çıxış etdi.
O, Ayzenhauerin üzərinə bağırdı və ondan rəsmi surətdə üzr istəməyi, casus uçuşlarını tamamilə dayandırmağı və bu uçuşlara məsul şəxslərin cəzalandırılmasını tələb etdi. Xruşşov səsini o qədər yüksəltdi ki, ev sahibi de Qoll ona “cənab baş nazir, bu otağın yaxşı akustikası var, səsinizi bu qədər ucaltmağa ehtiyac yoxdur” deməli oldu.
Ayzenhauer uçuşların dayandırıldığını desə də, üzr istəməkdən imtina etdi. Xruşşov Ayzenhauerin SSRİ-yə səfərlə bağlı dəvətini ləğv etdiyini bildirdi və Parisi tərk etdi. Əlbəttə, təyyarənin vurulmasından siyasi demarş üçün istifadə etmək olardı, amma bütün ölkələrin məşğul olduğu casusluğa görə bu qədər mühüm sammiti boykot etmək absurd idi.
1961-ci ilin Berlin böhranı və 1962-ci ilin Karib böhranı zamanı isə ABŞ və SSRİ nüvə müharibəsinin astanasına gəldilər.
SSRİ-nin kosmonavtika sahəsindəki uğurları, xüsusən də Yuri Qaqarinin 1961-ci il aprelin 12-də kosmosa uçması SSRİ-nin beynəlxalq nüfuzunu xeyli artırdı. Amma bu uçuşdan cəmi dörd ay sonra Xruşşovun təşəbbüsü ilə Berlin divarının inşası həmin nüfuzu yerlə bir etdi.
(Davamı olacaq)