İndi ABŞ-ın regionda uğur qazanması əsasən onun Yerevanla Bakı arasındakı barışığa necə yanaşmasından asılı olacaq. Bölgədə hərbi əməliyyatlar başa şatıb. Odur ki, Vaşinqtonun bu regionla bağlı, nəhayət, ardıcıl siyasət yürütməsinin vaxtıdır. Bu siyasətin təməlində isə Ermənistan-Azərbaycan münaqişəsinin birdəfəlik həlli, regional iqtisadi inteqrasiya durmalıdır. Bayden administrasiyası bu mürəkkəb vəziyyətdə yeni addımlar ata bilər.

Birincisi, ABŞ ənənəvi siyasətindən imtina etməlidir. O, regiondakı münaqişələrin “dondurulmasına” deyil, onları həllinə çalışmalıdır. Odur ki, Vaşinqtonun Yerevanla Bakı arasındakı razılaşmanın tam yerinə yetirilməsi istiqamətində səyləri artırmasına ehtiyac var. Tərəflər arasında imzalanmış bəyanat onsuz da ATƏT-in Minsk qrupunun təklif etdiyi baza prinsiplərinə uyğundur. Amerikalı siyasətçilər anlamalıdır ki, Azərbaycan Dağlıq Qarabağsız özünü təhlükəsizlik, coğrafi və iqtisadi nöqteyi-nəzərdən tam həyat qabiliyyəti dövlət kimi görmür. Odur ki, Azərbaycanın milli təhlükəsizliklə bağlı vacib saydığı məqamlar, həmçinin Dağlıq Qarabağdakı etnik azlığın hüquqları nəzərə alınmaqla (məsələn, onlara mədəni muxtariyyət vermək olar), mərhələli proses aparılmalıdır. Bu zaman bir çox əlavə razılaşmalar da imzalana bilər.

Şimalı İrlandiya ilə bağlı sülh prosesi əslində, iki ölkə arasında həqiqi barışıq prosesinin necə uzun və çətin olduğunun nümunəsidir.

İkincisi, Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinə ayrıca problem kimi baxmalıdır. Yəni o, bu münaqişəyə ABŞ-ın Türkiyə və ya Rusiya ilə pisləşən əlaqələrindən, həmçinin NATO-Türkiyə, Rusiya-Türkiyə, yaxud Türkiyə-Ermənistan münasibətlərindən ayrılıqda nəzər yetirməlidir. ABŞ-dakı bəzi qanunvericilərin və erməni lobbisinin təklif etdiyi kimi, bu problemi geosiyasətə və xarici oyunçulara bağlamaq kövrək sülh prosesi ilə bağlı danışıqlar imkanını məhdudlaşdıracaq. Bu, diqqəti əsas məsələlərdən yayındıra da bilər: Ermənistanla Azərbaycan arasında barışıq, müharibədən sonra genişmiqyaslı bərpaetmə işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin qayıtması və s. kimi.

Üçüncüsü, ABŞ neytral və qərəzsiz vasitəçi olmağa çalışmalı, ermənipərəst mövqe sərgiləməkdən çəkinməldir. Bu gün həm Vaşinqton, həm də Moskva Bakı ilə Yerevanın qəbul etdiyi, inandığı qlobal gücdür. Odur ki, amerikalı siyasətçilər bu inamın zəifləməsinə imkan verməməli, əksinə, onu daha da gücləndirməlidirlər. Onlar ABŞ-ı Bakıya təhlükəsizlik sahəsində göstərilən yardıma yenidən baxmağa, yaxud “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına çağırışlar etməməlidirlər. Əks təqdirdə, Azərbaycan cəmiyyəti bu çağırışları ədalətsizlik və ABŞ-ın Ermənistanın ərazi iddialarını dəstəkləməsi kimi qəbul edəcək. Bu isə Vaşinqtonun regionun gələcəyi ilə bağlı istifadə etdiyi yumşaq gücünün və təsirinin ciddi şəkildə azalması ilə nəticələnəcək.

Dördüncüsü, ABŞ Azərbaycanın başçılıq etdiyi, Cənubi Qafqazı Avropa və Şərqi Asiya ilə, xüsusən Çinlə birləşdirən nəqliyyat və enerji layihələrini dəstəkləməyə davam etməlidir. Qarşılıqlı iqtisadi asılılıq və sülhün iqtisadi imkanlarla vəhdəti regionda sülhün bərqərar olması şansını artıracaq. Məsələn, quru yolla dəhlizlər şaxələnəcək və s. Ermənistan, Azərbaycan və Rusiyanın 2021-ci il yanvarın 11-də imzaladığı üçtərəfli bəyanatda bu məqam da yer alır. Bəyanata əsasən, regional dəmir yolları əlaqələri açılacaq, bölgənin iqtisadiyyatını birləşdirəcək yeni nəqliyyat şəbəkələri yaradılacaq. Bu, Ermənistanı Rusiya, İran və Türkiyə bazarları ilə, Azərbaycanı isə Naxçıvan eksklavı və Türkiyə ilə birləşdirəcək. Bu halda istər Bakı, istərsə də Yerevan üçün böyük iqtisadi imkanlar açılacaq. Qeyd edək ki, onların heç birinin dənizə çıxışı yoxdur. Münaqişənin başladığı 1990-cı illərədək Ermənistanın dəmir yolu ilə yük daşımalarının 85%-i Azərbaycan ərazisindən keçib.

Beşincisi, məlumdur ki, ABŞ bir zamanlar Küveytin bərpası üçün humanitar yardımlar göstərib. Vaşinqtonun bu təcrübədən istifadə etməsi yaxşı olardı. Konkret desək, Birləşmiş Ştatların şirkətləri müharibə zamanı dağılmış, işğaldan azad olunmuş ərazilərin bərpası işlərinə qatılarsa, çox yaxşı olar. Onlar təxminən 800 min azərbaycanlı məcburi köçkün və Qarabağ erməniləri üçün yollar, evlər, məktəblər, tibb müəssisələri tikə, kommunal xidmətlərlə bağlı problemlərin həllinə yardım göstərə bilər.

Yeri gəlmişkən, BMT-in hesabatına əsasən, Azərbaycana vurulmuş zərər 53,5 milyard dollardır. Bu, Azərbaycan kimi kiçik ölkə üçün çox ciddi rəqəmdir.

Altıncısı, artıq ümumi regional problemlər ayrı-ayrılıqda, yaxud ikitərəfli əlaqələrlə həll oluna bilməz. Odur ki, bir tərəfdə ABŞ-ın, digər tərəfdə Azərbaycan, Gürcüstan və Ermənistanın iştirak edəcəyi birgə strateji dialoq platformasının yaradılması əslində, mütəmadi təhlükəsizlik məsələlərinin müzakirəsinə, iqtisadi inteqrasiyaya töhfə verəcək, Vaşinqtonun regionla bağlı yeni siyasətinə təkan olacaq. Bu platformada iştirak region ölkələri arasında koordinasiyanı yaxşılaşdıracaq, inamı artıracaq, Yerevanla Bakı arasında sülhü daha da gücləndirəcək.

Bir sözlə, regionda inteqrasiyanın əsas təşəbbüskarı olan Azərbaycanın rolunu nəzər alaraq söyləyə bilərik ki, Vaşinqton bölgədə ən böyük iqtisadiyyata malik olan, çoxşaxəli xarici siyasət yürüdən Bakı ilə münasibətləri strateji dialoq səviyyəsinə qaldırmalıdır. Yəni ABŞ-ın Azərbaycanla əlaqələri Gürcüstan və Ermənistanla münasibətləri ilə eyni səviyyədə olmalıdır. ABŞ Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpa olunduğu dövrdə “Azadlığa Dəstək” Aktına qəbul etdiyi 907-ci düzəlişi də ləğv etməlidir. Bu düzəliş kifayət qədər ədalətsiz olmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərə psixoloji əngəldir. Onun ləğvi ABŞ-Azərbaycan əlaqələrində yeni dövrün əsasını qoya, yeni regional münsibətlərdə uğur qazanılmasına töhfə verə bilər.

Müəllif: Nurlan Mustafayev

(İngilis dilindən tərcümə – WorldMedia.Az. Orijinal: How Biden Can Create Permanent Armenian-Azerbaijan Peace in the South Caucasus)