Bu gün Təhsil Nazirliyinin brifinqi keçirildi. Brifinqdə baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarı açıqlandı.

Qərara əsasən 1 fevral tarixindən Bakı, Sumqayıt, Abşeron və ölkənin bütün rayonlarında 1-4-cü siniflər həftədə 3 dəfə olmaqla, əyani təhsilə başlayır. Sıxlıq az olan kənd məktəblərində həftənin 4-5 günü əyani təhsil olacaq. Fevralın 1-dən sonrakı 2 həftə ərzində 5-9-cu siniflərdə dərslərin qismən bərpa olunması üçün qərarların verilməsi nəzərdə tutulur. 10 və 11-ci siniflərdə təhsilin bərpası haqda fevralın 1-dən sonrakı 2 həftə ərzində, yoluxmalardan asılı olaraq qərar veriləcək.

Ali təhsil müəssisələrində təhsilin bərpasına fevralın 1-dən sonrakı 2 həftə ərzində, yoluxmalardan asılı olaraq qərar veriləcək.

Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla, repetitor xidmətləri bərpa olunacaq.

Lakin valideynin öz övladının yalnız distant formada təhsilini davam etdirmək istəmək hüququ var.

Yeni qərarları ekspertlərlə müzakirə etdik.

Təhsil eksperti Qoşqar Məhərrəmov bunun uyğun qərar olduğunu vurğuladı:

“Çünki pandemiyanın yayılma qrafikinə baxdığımız zaman məktəblərin açılması və ya qapadılması yoluxmanın artıb-azalmasına çox da təsir etmir. Həm də bir bioloq olaraq deməliyəm ki, COVİD-19 evlərə qapanmaqla ölkədən çıxıb getmir. Virusla sadəcə, bir mübarizə üsulu var: ümumi kütləvi immunitetin əmələ gəlməsi. Əgər peyvəndləmə işə yarayacaqsa, virusla mübarizədə uğur əldə olunacaq”.

Ekspert düşünür ki, hazırda məktəblərin fəaliyyətə başlaması və yavaş-yavaş normal həyata geri qayıtmaq daha uyğun olar:

“Məktəblərdə lazımı tədbirlərin görülməsi, müəllimlərin, şagirdlərin qaydalara riayət etməsi nəticəsində, peyvəndlər də vurulduqdan sonra, insanlar normal həyatına yavaş-yavaş geri qayıdacaq. Çünki pandemiya dövründə nə qədər onlayn dərslər təşkil etsək də, müəllimlərimiz nə qədər virtual məktəb platformasından, “Microsoft Office”, TEAMS proqramlarından istifadə etsə də, bir çox şagird bundan faydalana bilmədi. Çünki bəzilərində internet, bəzilərində avadanlıq problemləri var idi. Müxtəlif subyektiv və obyektiv səbəblərə görə bir çox şagirdin təhsilə əlçatanlığı olmadı. Bütün bunların nəticəsində dərslərin keyfiyyəti sual altında qaldı”.

Məhərrəmov bildirdi ki, pandemiyanın ilk günlərindən məktəblərin qapadılmasının əleyhinə olub:

“Ölkə səviyyəsində deyil, hansı ərazilərdə ki ciddi epidemiya hökm sürmür, yoluxma sayı azdır, həmin kənd və qəsəbələrdə məktəblər bağlanmaya bilərdi. Çünki həmin kənd və qəsəbələrdə internet problemi var, maddi-iqtisadi vəziyyət ürəkaçan deyil, şagirlərin sayı da azdır. Həmin məktəblərdə dərslər davam edə bilərdi. Amma davam etmədi. Bunun da nəticəsində onlarla şagird, xüsusilə periferik zonalarda təhsildən uzaq qaldı. Ona görə də mən bugünkü qərarı müsbət qiymətləndirirəm. Amma gecikmiş addımdır”.

Təhsil eksperti qeyd etdi ki, 1-4-cü siniflər dərslərə başladığı zaman ciddi problemlər olmasa, digər siniflərin də əyani fəaliyyəti gözləniləndir:

“Çünki peyvənd artıq ölkədədir. “Sinovac”la müəllimlər də tanış olacaq. Bundan  sonra ümid edirəm ki, təhsil öz normal səviyyəsinə qayıdacaq. Bunun üçün tədbirlər görülməlidir. Məktəblərin sanitar qovşaqları xüsusilə nəzarətdə olmalıdır”.

Məhərrəmovun fikrinsə, heç kim heç nəyə məcbur edilməməlidir:

“Şagirdlər nə onlayn dərslərə, nə də ənənəvi təhsil almağa məcbur edilməlidir. Seçimi onların özlərinə buraxmaq düzgün yanaşmadır. İnsanlar bununla adaptasiya olunacaq və yavaş-yavaş normal həyata geri dönə biləcəklər”.

Həkim-farmakoloq Müşfiq Hüseynov hesab edir ki, tək 50 yaşdan yuxarı müəllimlər deyil, bütün müəllimlər peyvənd olunsa, normal tədris fəaliyyətinə başlamaq olar:

“Əvvəldən də qeyd etdiyim ki, bütün məktəb müəllimləri vaksinasiyaya cəlb edilsə, bu problem öz həllini tapmış olacaq. Statistika göstərdi ki, 50 yaşdan aşağı olanlar da koronavirusa yoluxur. Bu zaman uşaqlar da faktiki olaraq, təhlükə qarşısında qalacaqlar. Həkimlərə yaş fərqi qoyulmadısa, müəllimlər üçün də yaş fərqi qoyulmamalıdır. Yoluxma sayı aşağıdır və müəllimlərin peyvəndlənməsi mümkün qədər tez olmalıdır. Azərbaycanda peyvəndlənməyə artıq bir həftədən çoxdur ki, başlanıb. Amma həkimlər arasında da hələ peyvənd olunmayanlar var. Prosesi sürətləndirmək və kütləviləşdirmək lazımdır. Bunu etməsək, üçüncü dalğaya tuş gəlmə ehtimalımız yüksəkdir”.

Yuxarı siniflərin dərsə gec başlaması qərarının metroların qapalı olması ilə əlaqələndirilməsinə gəldikdə isə ekspert bunu maraqlı yanaşma kimi qiymətləndirir:

“Kiçik yaşlı uşaqların hamısı məktəblərə maşınla getmir. Piyada, avtobusla gedənlər var. Məncə, bu qərarı metroların qapalı olması ilə deyil, yuxarı siniflərin onlayn dərslərə qatılmasının daha asan olması ilə əlaqələndirmək mümkündür. Çünki yuxarı siniflərin həm tədris təcrübələri var,  həm də böyükdürlər. 1-4-cü siniflər isə daha təcrübəsiz və kiçik yaşdadır. Məhz sadaqladığım məsələyə görə belə bir qərarın verilməsi normaldır. 9-10-cu siniflərin dərslərinin heç bir mənasını görmürəm. İlin sonu yaxınlaşır. Hazırlaşan hazırlaşır, oxumayan isə onsuz da oxumur. Amma 1-4-cü siniflər üçün verilən qərarı düzgün hesab edirəm”.

M.Hüseynov hesab edir ki, qərarların bir çoxunun altı boşdur:

“Dərslərin həftədə 3 dəfə olması heç bir məntiqə sığmır. Məktəblərdə o qədər boş siniflər olacaq ki… Yalnız 1-4-cü siniflər dərslərə başlayırsa, orada hansı sıxlıqdan söhbət gedə bilər? Hətta hər sinifə bir mərtəbə belə ayırmaq olar”.

Ülviyyə Şahin