Uzun illərdir belə zövqlü sloqan eşitməmişdim. Ürək coşduran şüardır! Adama küçə hürriyyətinə hakimlik duyğusu aşılayır.

1988-ci ilin 17 noyabrında universitetimizin həyətindən başlayıb şəhərin küçələrəni bir-bir fəth edərək Lenin meydanına yetişən yürüşümüz vaxtı yaşamışdım bunu. Bu duyğunun gücüylə Azadlıq səhnəsinə çevirmişdik şəhərin baş meydanını. Dünənki videoları izlədikcə xatırladım.

Bir yandan mübariz gəncliyimizlə fəxr edirsən. Bir yandan da bu gəncliyə Qarabağsız ölkə, azadlıqların boğulduğu bir məmləkət qoyduğumuzun utancını yaşayırsan. Öz yükünü balaların çiyninə ötürən ata kimi…

Dünənki yürüş həm də təfəkkürlərarası mübarizəyə səhnə oldu.

“Avropa dəyərlərini bəyənmirsən, özün də Avropa stilində geyinirsən. Onda, Avropasayaq geyinmə də, get çadraya bürün!”

Bu sözləri yürüş iştirakçılarına etiraz edən bir qadının atmacasına cavab olaraq yazıçı Zümrüd Yağmur dedi. BBC-nin yayımladığı süjetdə eşitdim.

Bu sözlər tək günümüzün yox, zəmanəmizin sloqanıdır. Avropa dəyərlərinə ən yüksək səviyyədə tənələr edilir. Sən demə bütün bəlalarımızın səbəbi Avropa dəyərləriymiş. Sanki şahsevənlik də, korrupsiya da, çapolçuluq da, yaltaqlıq da, torpağı düşmənə verib arsız yaşamaq da, haqsızlıq da, ədalətsizlik də, bərabərsizlik də Avropa dəyərləriymiş.

Özülü Avropa dəyərləriylə qoyulmuş bir ölkədə bu dəyərlərə ağız büzülməsinin siyasi təbliğata çevrilməsi prosesi gedir. Görünən budur!

Görünən həm də odur ki, işimiz ağırdır, hələ gediləsi yolumuz uzundur.

***

“Bizimdir hürr küçələr!” Gəncliyin olan hər yer hürrdür. Bu vətən də onların sayəsində hürr olacaq!

Bizi bağışlasınlar!

Vahid Qazi

9 mart 2020

Mənbə