İrana qarşı anti-terror əməliyyatı?
SEPAH-ın terror təşkilatı kimi tanınması bu perspektivi yarada bilər
20 İyul 2026
İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) qarşı qlobal miqyasda təzyiq hərəkatı genişlənir. Artıq Böyük Britaniya hökuməti də bu qurumu terror təşkilatı elan edib. Qərarda bildirilib ki, hökumət qvardiyanın fəaliyyətinə qadağa qoymaq üçün öz səlahiyyətlərindən istifadə edəcək.
Qərara əsasən, bundan sonra SEPAH-a köməklik etmək, ondan maddi mükafat almaq, həmçinin onun dəstəklənməsinə çağırış, yaxud təşkilatı bəyənib, təbliğ etmək qadağandır.
Birləşmiş krallığın təhlükəsizlik məsələləri üzrə nazir Angela İql parlamentə göndərdiyi məktubda bildirib ki, hakimiyyət orqanları Böyük Britaniya ərazisində SEPAH-ın təhdid və qısıtlama xarakterli ilə fəaliyyətini aşkar edib.
Məlumata görə, İranyönlü “Hərəkat Aşab əl-Yamin əl-İslamiyyə” adlı təşkilat da terrorçu qruplaşmalar siyahısına daxil edilib.
SEPAH 1979-cu il fevralı inqilabının ilk günlərində yaranmış hərbi qruplaşmadır. Bu qruplaşma Xomeyni tərəfdarı olan gənclərdən formalaşıb. Belə hesab etmək olar ki, hakimiyyətə gələn yeni qüvvələr rəsmi orduya, yəni Ərteşə etibar etmədiyindən bu silahlı birləşməni təsis edib. İllər ötdükcə SEPAH İran İslam Respublikası daxilində ayrıca bir hakimiyyət formasına çevrilib. Daha doğrusu, hakimi-mütləqə. Yazılı qanunlara görə, SEPAH ali rəhbərə tabedir. O, təkcə ölkənin müdafiəsində deyil, həm də Xomeyninin islam inqilabı düşüncə sisteminin yayılmasında, bu istiqamətdə təşkilatlanmada, habelə müxtəlif silahlı qruplaşmaların yaradılmasında, əks-kəşfiyyatda söz sahibidir. Onun adı dünyanın müxtəlif bölgələrindəki terror aktlarının təşkilində və törədilməsində hallanır.
SEPAH-ın quru qoşunları, hərbi-dəniz və hərbi-hava qüvvələri var. Habelə xarici ölkələrdə fəaliyyət göstərən “Qüds” qoşunu mövcuddur. Bu qurum İrandan kənarda, ölkə daxilində başqa xarici ölkələrin vətəndaşlarından ibarət qruplaşmalar yaradır. Həmin vətəndaşlar öz dövlətlərindəki hakimiyyətin, dövlət quruluşunun dəyişdirilməsi üçün, bir növ, “beşinci kolon” rolunu oynayır: “Zenəbiyyun”, “Fatimiyyun” və başqaları.
Bu qruplaşmanın adı Argentinada İsrail səfirliyi və Yəhudi Mədəniyyət mərkəzinin partladılmasında hallanır. Qeyd edək ki, 32 il öncə, 1994-cü il iyulun 18-də Buenos-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzində törədilmiş partlayış nəticəsində 85 nəfər həlak olmuş, 300-dən çox insan yaralanmışdı. Bu iş üzrə illərdir müxtəlif səviyyələrdə istintaq və məhkəmə araşdırmaları davam edir. Ondan bir müddət əvvəl - 1992-ci il martın 17-də isə Buenos-Ayresdə İsrail səfirliyinin binasında törədilən terror nəticəsində 29 nəfər ölmüş, 242 nəfər yaralanmışdı.
SEPAH-ın, “Qüds” qoşununun adı Yaxın Şərqdə bütün pozuculuq hadisələrində, iğtişaşlarda hallanır. HƏMAS, “Hizbullah”, “Həşte Şəbi” və başqaları qvardiyanın sıx əməkdaşlıq etdiyi silahlı-siyasi birləşmələrdir.
Son illər qvardiyanın müxtəlif vəzifəli yüksək rütbəli zabitlərinin Suriya, İraq, Livanda öldürüldüyünə dair məlumatlar yayılır. Tehran hakimiyyəti “təhlükəsizlik” və “dövlət sirri” kimi ifadələrin arxasında gizlənərək, onların sayını və kimliyini açıqlamır. Rəsmi olmayan məlumatlara, habelə beynəlxalq müşahidəçilərin qiymətləndirmələrinə əsasən, Suriyadakı münaqişə ərzində İranın, onlarla yüksək rütbəli zabit də daxil olmaqla, 1200-dən çox hərbçisi ölüb.
Məlumata əsasən, onlar hərbi müşavir və təlimatçı funksiyalarını yerinə yetirirmişlər.
İnformasiyalara görə, 2013-cü ildən etibarən Suriyada ən azı 15–18 İran generalı öldürülüb. Onların arasında Hüseyn Həmədani, Fərşad Hasunizadə, Rza Xavari və başqaları da var. 2020-ci ilin yanvarında “Qüds” qoşunları komandanı general Qasım Süleymaninin öldürülməsi də xüsusi hadisələrdən sayılır.
Britaniya hökumətinin SEPAH-ı terrorçular siyahısına daxil etməsi təsadüfi deyil.
Məlumatlara əsasən, Britaniya dini zəmində hücumlarla üzləşir. Londonda yəhudi icmasına hücumlar (o cümlədən sinaqoqun yandırılması faktları) daxil olmaqla bir sıra insidentlər fonunda hökumət təhlükəsizlik tədbirlərini sərtləşdirib. Xüsusilə, milli təhlükəsizlik qanunu çərçivəsində İslam İnqilabı Keşikçiləri Qvardiyasının adı bu kimi hadisələrdə tez-tez hallanır.
Britaniya hakimiyyəti və hüquq-mühafizə orqanları hesab edirlər ki, İran düşmən qruplaşmalardan istifadə edərək britaniyalı yəhudilərə zərər vurmağa cəhd göstərə bilər.
Bu kimi hadisələrdə Tehran hakimiyyətinin, özəlliklə SEPAH-ın izi də aşkarlanır.
Böyük Britaniya ilə yanaşı İranın İnqilab Keşikçiləri Qvardiyasını terror təşkilatı kimi qəbul edən əsas ölkələr və qurumlar bunlardır: Amerika Birləşmiş Ştatları (2019-cu ildə xarici terror təşkilatı elan edib), Avropa İttifaqı (2026-cı ildə bütün birliyi əhatə edəcək şəkildə terror siyahısına daxil edib, o cümlədən Fransa, Almaniya, İsveç, Belçika və Litva), Kanada, Avstraliya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Paraqvay, Albaniya, Argentina, Bosniya və Herseqovina.
Britaniya hökumətinin terror təşkilatı olaraq tanıdığı “İslami Əshabi-Yəmin Hərəkatı” (“Əshabi-Yəmin” adı ilə tanınır) İran tərəfdarı olan qruplaşmadır. 2026-cı ilin martından etibarən Avropada yəhudi məktəblərinə, sinaqoqlara və xeyriyyə təşkilatlarına, həmçinin İran İslam Respublikasının müxaliflərinin, ABŞ-nin və İsrailin hədəflərinə qarşı hücumların məsuliyyətini öz üzərinə götürüb.
Bu qrupun fəaliyyətləri ilk növbədə London yəhudi icmasına hücumlar üzərində cəmləşmiş, bundan əlavə Avropanın müxtəlif yerlərində də hücumlar həyata keçirmişdir. Belə hesab olunur ki, bu qrup İslam İnqilabı Keşikçiləri Qvardiyasına bağlıdır. Bu hücumlar antiterror polisi tərəfindən araşdırılır. İdiyədək bu əlaqədə suçlanan 37 nəfər həbs olunub.
Məlumata görə, bu qrup fevralın 28-də ABŞ və İsrailin İrana hərbi əməliyyatlar başlayandan sonra daha açıq şəkildə fəaliyyət göstərir.
SEPAH, yuxarıda qeyd etdiyimiz dövlətlərlə yanaşı, bundan sonra Britaniya üçün “Əl-Qaidə”, İŞİD, “Boko Haram”, “Hizbullah” və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qruplaşmalardan fərqlənməyəcək.
Belə ehtimal etmək olar ki, qvardiyanın terror təşkilatı olaraq tanınması gələcəkdə İslam Respublikasında anti-terror əməliyyatlarının keçirilməsinə əsas verir. Başqa sözlə, ABŞ başda olmaqla koalisiya qüvvələrinin, habelə NATO-nun bir vaxtlar Əfqanıstanda “Taliban” hərəkatına qarşı keçirdiyi anti-terror əməliyyatının SEPAH-a qarşı da reallaşdırması mümkündür. Çünki SEPAH-ın beynəlxalq miqyasda terroru dəstəklədiyinə dair əsaslar var. Bu isə İran İslam Respublikasına qarşı qlobal miqyasda sanksiya ilə nəticələnə bilər. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda işlətdiyi bir ifadə elə bu mətləbdən xəbər verir: “İŞİD-i məhv etdiyimiz kimi İnqilab Keşikçiləri qvardiyasını da məhv edə bilərik”. Bu, qvardiyaya qarşı ABŞ-nin aparacağı mübarizənin anonsu da sayıla bilər.
Hər halda, belə qənaətə gəlmək olar ki, İnqilab Keşikçiləri bundan sonra özünü qorumağa başlayacaq. Çünki onun 40 il ərzində hazırladığı proksilər sıradan çıxır, zəiflədilir. Görünür, növbədə 47 yaşlı SEPAH-dır…