İranın yeni casus proqramı
Rejim bütün dünyada əleyhdarlarını nəzarət altına almağa çalışır
26 Sentyabr 2026
Son iki ildə İranın hüquq-mühafizə orqanları ölkə ərazisində fəaliyyət göstərmiş casus şəbəkəsinin ifşa edildiyinə dair tez-tez açıqlamalar yayırlar. Əvvəllər də İranda istənilən mövzuda keçirilən etiraz aksiyasının təşkilatçılarının xarici dövlətlərlə əlaqəsini aşkarladıqlarını bildirirdilər.
2024-2026-cı illərdə İranda ABŞ və xüsusilə İsrailin “Mossad” kəşfiyyat xidmətinə casusluq ittihamı ilə azı 12 nəfərin edam edildiyinə dair məlumatlar yayılıb.
Casusluq maddəsi üzrə ittiham olunan və edam edilən şəxslərin dəqiq sayı hakimiyyət tərəfindən tam şəkildə açıqlanmır. Bununla belə hüquq müdafiə təşkilatları “milli təhlükəsizliyə qarşı cinayətlərə” görə ölüm hökmlərinin kəskin artdığını qeyd edirlər. Məsələn, 2025-ci ildə İranda azı 1639 nəfərin edam edildiyi bildirilib. Bu il də tendensiya davam edib.
Tehran hakimiyyəti ölkə daxilində “casus ovu” əməliyyatları keçirməklə yanaşı, xarici ölkələrin ərazisində şəbəkələrini də qurur.
Düzdür, ilk baxışdan burada qeyri-adi heç nəyin olmadığını da düşünmək olar. Çünki bütün dövrlərdə ölkələr gücü və qüdrətindən asılı olmayaraq, bu istiqamətdə fəaliyyət göstəriblər.
İranın xüsusi xidmət orqanları, İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) təkcə informasiya toplamaq, “beşinci kolon” yaratmaqla məşğul olmayıb, həm də müxtəlif terror hadisələrini də təşkil etməkdə ittiham olunub.
Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina-İsrail Qarşılıqlı Yardım Assosiasiyasına qarşı terror hücumu işi üzrə yerli məhkəmə İranın yeddi rəsmisi və Livanın bir vətəndaşının məsuliyyətə cəlb olunması barədə hökm çıxarıb.
Onlar 1994-cü il iyulun 18-də assosiasiyanın binasında partlayış törətməkdə təqsirli biliniblər. Hadisə nəticəsində 85 nəfər həlak olmuş, 151 nəfər yaralanmışdı.
Məhkəmənin hökmündə bildirilib ki, təqsirləndirilən şəxslər qətl və dini, irqi nifrət zəminində çoxsaylı xəsarətlər yetirməkdə ittiham ediliblər. Bildirilib ki, hücumun həyata keçirilməsi qərarı 1993-cü ildə İranın yüksək vəzifəli rəsmiləri tərəfindən verilib və onun həyata keçirilməsi “Hizbullah”a həvalə olunub.
Təqsirləndirilən şəxslər arasında İranın keçmiş yüksək vəzifəli rəsmiləri var:
Əli Fəllahian 1989-1997-ci illərdə, Əli Əkbər Haşimi-Rəfsəncaninin prezidentliyi dövründə İranın ETTELAAT naziri olub. Bu vəzifə ilə yanaşı, o, İran Silahlı Qüvvələrinin Əks-kəşfiyyat idarəsinin rəhbəri, hərbi prokurorun müavini, həmçinin ölkənin Ali Rəhbərini seçən Ekspertlər Məclisinin və Məsləhət Şurasının üzvü olub.
Nazir olduğu dövr xaricdə yaşayan İran müxalifəti liderlərinin qətlə yetirilməsi (məsələn, 1992-ci ildə Berlindəki "Mikonos" restoranında terror) və ölkə daxilindəki repressiyalar ("ziyalıların zəncirvarı qətlləri”) ilə yadda qalıb.
1994-cü ildə bəhs etdiyimiz hadisə ilə bağlı İnterpol tərəfindən qırmızı bülletenlə beynəlxalq axtarışa verilib. Almaniya məhkəməsi də Mikonos hadisələrinə görə onun həbsinə order çıxarıb.
Əliəkbər Vilayəti - 1981-1997-ci illərdə xarici işlər naziri olub. Hazırda İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviridir.
Möhsün Rezai İran hərbi xadimi, general-mayordur. 1981–1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun 16 il müddətinə komandanı olub. 1997-ci ildən İslam Respublikası Məsləhət Şurasının katibidir.
2026-cı ilin avqustundan Ali Milli Təhlükəsizlik Şurasının katibidir.
Əhməd Vahidi (əsl ad və soyadı Əhməd Şah Çeraqidir) general-mayor, İranın keçmiş daxili işlər naziri, hazırda İslam İnqilabı Keşikçiləri Qvardiyasının komandanıdır. Bundan əvvəl SEPAH-ın “Qüds” qüvvələrinin komandiri olub. Argentina kəşfiyyat orqanları və Mossad tərəfindən aparılan araşdırma nəticəsində yəhudi mərkəzinə hücumun təşkilatçısı sayılır. İnterpol 2007-ci ildə onu beynəlxalq axtarış siyahısına salıb. Avropa İttifaqı 2022-ci il noyabrın 14-də “İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə" sanksiya siyahısına əlavə edib.
Livan vətəndaşı Salman Rauf Salman hücumun son mərhələsinin koordinatoru kimi müəyyən edilib.
Məhkəmə habelə təqsirləndirilən şəxslərin hər birinin dəyəri 500 milyon dollara qədər olan əmlakının müsadirə edilməsi barədə qərar qəbul edib.
Müsəlman ölkələrində Xomeyninin islam inqilabı ideyalarının yayılması, reallaşdırılması məqsədi ilə “beşinci kolon” yaradılması da SEPAH-ın, habelə xüsusi xidmət qurumlarının başlıca vəzifələrindəndir.
Azərbaycanda Əliəkbər Ocaqnejatın rəhbərliyi altında bu istiqamətdə fəaliyyət göstərilib. Onun ölkədə qovulması, arzu edilməz şəxs elan olunması da vəziyyətin daha mürəkkəb olduğunu deməyə əsas verir.
Ölkə daxilində və xaricində bu kimi kəşfiyyat, terror aktı təşkil etmək kimi əməllərlə yanaşı Tehran xaricdəki müxalifət qruplar, fərdlər arasında da fəaliyyət göstərməkdədir.
Bu istiqamətdə yayılmış bəzi materiallara diqqət yetirək.
Məlumatlara əsasən, İranın xüsusi xidmət orqanları Almaniyada müxalifət nümayəndələrini izləməyə çalışır. Zərərçəkənlər qorxutma və İrandakı ailələrinə təzyiq barədə məlumat verir.
Onlardan biri Hüseyn Yaqubi Euronews-a müsahibəsində deyib: “Almaniyaya gələn kimi ailə üzvlərim həbs edildi (İrandakıları nəzərdə tutur-S.S). Sonra İran hakimiyyəti onlara işgəncə verdi”.
Ona dəfələrlə vəd edilib ki, Tehranla əməkdaşlıq edəcəyi halda ailəsini rahat buraxacaqlar. Agentlər hətta ona İranda yüksək vəzifəli mühəndislik mövqeyi vəd edibmişlər.
Məlumata görə, iranlı siyasi mühacirə Bayram günü təbrik açıqcası göndərilir. Bildirilib ki, bu yolla İranın xüsusi xidmət orqanı əlaqə yaratmağa səy göstərib.
Mühacirətdə olan siyasilər bildirib ki, İrandakı ailə üzvləri hakimiyyətin girovudurlar. Onları dəfələrlə ETTELAAT-a çağırmaqla mühacirətdəki dissidinetlərə təzyiq göstərilir.
Almaniyadakı siyasi mühacirlərdən biri bildirib ki, ona Türkiyəyə getməməklə bağlı xəbərdarlıq da edilib. Çünki müxalifət nümayəndələrinin İran xüsusi xidmət orqanları tərəfindən bu ölkədən oğurlanmasına dair bir neçə fakt məlumdur.
İranın İslam İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələri (o, həm də SEPAH-ın xarici kəşfiyyat orqanıdır) və SEPAH-ın daxili və xarici kəşfiyyat xidmətləri də daxil olmaqla, İranın başqa xüsusi xidmət orqanları da Almaniyada fəal şəkildə fəaliyyət göstərir.
Bu kimi qurumların Almaniyada iranlı mühacirlərin mitinqlərini də izləyir.
Bəs Almaniyada sürgündə olan iranlıları izləyən bu agentlər kimlərdir? Yaqubinin izah etdiyi kimi, onlar çox vaxt İrandan gəlirlər: "Biz bilirik ki, İrana qayıtmaq istəyən insanlar İran səfirliyində adlarını açıqlamağa razılıq verən bir forma doldurmalıdırlar.”
Son zamanlar İran, həmçinin İran üçün işləyən proksilərin, məsələn, "Hizbullah" üzvlərinin tərəfdarlarından istifadə etməyə çalışır.
İranın agentləri mühacirlərə yaşayış yeri ilə bağlı mümkün problemlərdə kömək etməyi təklif edir. Bir neçə mesajdan sonra isə əlaqəsi barədə açıq danışarsa, sığınacaq müraciətinin baxılmasını pozmaqla hədələyir.
Bildirilib ki, Almaniyada 160 min İran vətəndaşı pasportsuz yaşayır. Son illər onların sayı kəskin artıb.
İran mühacirətdəki vətəndaşlarından sanksiyaların təsirinin zəiflətmək üçün də istifadə edir.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ Maliyyə Nazirliyi təxminən 500 milyon dollar dəyərində İranın kriptovalyuta aktivlərini müsadirə edib. O, xüsusilə vurğulayıb ki, ABŞ bu addımları "İran xalqının maraqları naminə" atır.
ABŞ hakimiyyəti bildirir ki, əməliyyatın məqsədi Tehranın maliyyə əlaqələrini zəiflətməkdir. "Biz hər yerdə bank hesablarını dondururuq. Ən vacibi isə insanların bu rejimlə iş görmə istəyini azalatmaqdır”, - Bessent bildirib.
O, həmçinin qeyd edib ki, müsadirə onların Fransanın cənubundakı və bütün dünyada olan bütün villalarını, daşınmaz əmlaklarını da gözləyir.
Maliyyə naziri bu addımların İran hakimiyyəti üçün yaradacağı problemlərdən danışaraq deyib ki, rejim əsgərlərinə maaş ödəyə bilməyəcək və eyni dərəcədə vacib məsələ - o, marionet müttəfiqlərini maliyyələşdirə bilməyəcək: “İstər “Hizbullah”, istər HƏMAS, istərsə də dünyanın başqa yerindəki təşkilatlar olsun”.
İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir. Bildirilib ki, hakerlər hədəf şəxslərə WhatsApp və Telegram üzərindən saxta tibbi müayinə nəticələri və ya tətbiqlər göndərirlər. Fayl açıldıqda və ya yükləndikdə telefonlara "CHOSEN BRICK" adlı casus proqram yoluxur. Bu proqram vasitəsilə kameraya, mikrofona, yazışmalara və kontaktlara tam çıxış əldə edilir.
Böyük Britaniya və ABŞ xəbərdarlıq edir ki, əldə olunan məlumatlar müxaliflərə qarşı psixoloji təzyiq göstərmək və onları nüfuzdan salmaq üçün istifadə olunur.
İslam Respublikası ilə əlaqəli media orqanları xaricdəki müxalifləri və fəalları müəyyən etmək və izləmək məqsədi daşıyan "Əlac" (“Şəfa”) adlı informasiya sisteminin istifadəyə verildiyini elan edib. Dövlət mediası planı təqdim edərkən sistemin hədəf aldığı müxalifləri "xaricdəki xainlər" adlandırıb.
SEPAH-a bağlı “Fars” Xəbər Agentliyi bildirib ki, "Əlac" hökumətin "anti-İran", "separatçı" və ya "sanksiyalar və hərbi hücumların təşviqatçıları" kimi təsvir etdiyi şəxslərin fəaliyyətlərini davamlı olaraq izləyəcək.
Yerli mətbuatda yayılan xəbərlərə görə, bu sistem təkcə məlumat toplamaqla məhdudlaşmır, həmçinin bəzi vətəndaşlıq imtiyazlarının məhdudlaşdırılması və ya aradan qaldırılması, konsulluq xidmətlərinin dayandırılması, maliyyə və mediaya çıxışın məhdudlaşdırılması, eləcə də İran daxilində insanların əmlakının müsadirə edilməsi kimi tədbirləri həyata keçirmək üçün öz gündəmini müəyyənləşdirib.
Məlumatlarda o da bildirilir ki, “Əlac” sisteminin işə salınması rəsmi elan edilməmişdən əvvəl eyni adlı qrup xaricdəki fəalların siyahılarını dərc edib və onlara qarşı məhkəmə tədbirlərinin görülməsini tələb edib. Bəzi yerli KİV-lər də yüzlərlə insanın əmlakının müsadirə olunması üçün tədbirlər görüldüyünü yazıb.
"ƏIac"ın fəaliyyətinin digər bir hissəsi ictimai hesabatların istifadəsinə yönəlib. Sistemin operatorları vətəndaşlardan veb sayt, “Bale” və “İta” messencerləri və Telegram hesabı vasitəsilə İslam Respublikasına qarşı işlədiyinə inandıqları insanların məlumatlarını və şəxsiyyətlərini təqdim etmələrini istəyiblər.
“Əlac” sistemi iddia edir ki, müxbirlərin və ictimai mənbələrin şəxsiyyəti “məxfi və şifrələnmiş” qalacaq. Bu plan vətəndaşları, xüsusən də xaricdə hökumətin opponentləri və tənqidçiləri barədə məlumat verməyə təşviq edir və İslam Respublikasının opponentlərə qarşı təzyiqinin əhatə dairəsini kiberməkandan onların aktivlərinə, konsulluq xidmətlərinə və maliyyə əlaqələrinə qədər genişləndirə bilər.
İran xaricdəki siyasi müxalifəti parçalamaq, onları biri-biri ilə qarşı-qarşıya qoymaq, olduqları ölkələrdə həmin insanlara etimad və etibarı azaltmaq məqsədi ilə bu kimi üsullardan yararlanır. Necə deyərlər, casus hər bir iranlı siyasi mühacirin ocağı başında da ola bilər...