“Doktor”u kimlər və niyə sıxışdırır?
Böhran barədə açıq danışması Məsud Pezeşkianı hədəfə çıxarıb
21 Sentyabr 2026
İran İslam Respublikası yaranandan bəri hakim komandanın daxilində ziddiyyətlər davam edir. Bu, bütün istiqamətlərdə, o cümlədən Yaxın Şərqə, ABŞ-yə, müharibəyə, regional hegemonluğa və başqa məsələlərə münasibətdə də özünü göstərir.
1979-cu il fevral inqilabından sonrakı ilk illərdə hakimiyyətdaxili ziddiyyətlər bəzi titullu, nüfuzlu din xadimlərinin müəmmalı qətli, ev dustaqlığı ilə nəticələnmişdi.
Sonrakı illərdə də hakimiyyət daxilindəki ziddiyyətlər, fikir ayrılıqları nəticəsində bu cür hadisələr baş verib. Onlardan biri və ən qalmaqallısı “zəncirvari qətllər” adlanır.
1988-1998-ci illər arasında İslam Respublikasının idarəetmə sistemini və mövcud quruluşu tənqid edən müxalif ziyalılar, yazıçılar, şairlər və siyasi fəallar hakimiyyətin gizli agentləri tərəfindən sistemli şəkildə qətlə yetirilmiş və ya izsiz-soraqsız yoxa çıxmışlar. Bu hadisələr bir-biri ilə sıx bağlı olduğu və bənzər metodlarla törədildiyi üçün tarixə “zəncirvari qətllər” olaraq düşüb.
Araşdırmalara görə, bu kampaniya çərçivəsində yüzə yaxın şəxs qətlə yetirilib. Cinayətlər təkcə İran daxilində deyil, həm də ölkə xaricində (məsələn, Almaniyada) həyata keçirilib. Şübhə doğurmamaq üçün qurbanlar fərqli üsullarla öldürülüb.
Həmin illərdə İraqla müharibədən sonra İranda islahatların aparılması, idarəetmədə müasir dünyanın tələblərinə cavab verilməsi istənilirdi. Arxasında İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) durduğu üçün hakimiyyətdəki mühafizəkar adlanan qrup onları susdurmaq metodunu seçirdi. Başqa sözlə, problemi həll etməyə deyil, “günah keçisi” axtarmaqla məsuliyyətdən xilas olmağa çalışırdılar.
İranda prezidentlər səlahiyyət müddətinə başa vurduqdan sonra daim onlar həbslə təhdid olunublar. Məhəmmədəli Rəcai və Seyid Əli Xamenei istisna olmaqla, bütün prezidentlər – Əli Əkbər Haşimi-Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinejat, Həsən Ruhani zaman-zaman “günah keçisi” rolunda təqdim olunublar.
İbrahim Rəisi helikopter qəzasında öldüyü üçün ona qara yaxmaq mümkün olmadı.
İndiki Prezident Məsud Pezeşkiana isə hər addımda problem yaradılır. Xüsusən onun müxtəlif dövlət və qeyri-dövlət tədbirlərində ana dilində danışmasını panfarsçı düşüncənin daşıyıcıları həzm edə bilmir.
Pezeşkian 2024-cü ildən prezidentdir. Elə həmin vaxtdan da daim ona müxtəlif səpkili təzyiqlər edilir.
Son zamanlar isə ABŞ ilə danışıqlar mövzusunda tutduğu mövqeyə görə keçmiş rəqiblərinin irad və tənəsi ilə üzləşir.
İran ali təhlükəsizlik şurasının keçmiş katibi, 2024-cü il prezident seçkisində Məsud Pezeşkiana ikinci turda məğlub olmuş Səid Cəlili hökumət başçısına tez-tez məsləhətlər verir, ona iradlar tutur.
Məsud Pezeşkian bu günlərdə universitet müəllimləri ilə keçirdiyi toplantıda keçmiş rəqibinin iradlarına münasibət bildirərək deyib ki, Səid Cəlilinin ona məsləhət verməyini yox, imkanı varsa, problemlərin həllinə kömək etməsini arzulayır. Hökumət başçısı bildirib ki, problemlərin həllində kömək etmək niyyəti olsa, mümkün olan hər yerdə ona bu işi görmək üçün səlahiyyət verməyə hazırdır: “Mən məsləhət istəmirəm. Bizə problemləri həll edə biləcək insanlar lazımdır”.
Yeri gəlmişkən, Pezeşkian toplantıda ölkədə yaranmış yanacaq və elektrik enerjisi qıtlığından da bəhs edib. O, yanacaq istehlakını azaltmaq üçün hökumətin bəzi mədəni proqramların, o cümlədən dövlət qulluqçularına həftədə ən azı bir gün avtomobilsiz gəlmələrinə icazə verilməsini, tələbələrə ictimai nəqliyyat biletlərinin verilməsini qeyd edib. Bu yolla hökumət yanacağa qənaət etmək niyyətindədir.
Prezident soyuq mövsümdə qazın saxlanması məqsədilə əhatəli planlaşdırmanın zəruriliyindən danışaraq, qışda elektrik enerjisinə qənaət etmək məqsədilə nazirliklərin bəzi mərkəz və bölmələrinin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, qışda bir sıra dövlət idarələri uzaqdan iş rejiminə keçirməyi planlaşdırırlar. Tehran hakimiyyəti yanacağa qənaət etmək üçün məşhur Səadabad sarayını bağlamaq niyyətindədir.
Bu açıqlama göstərir ki, hakimiyyət ötən ilki problemləri - yanacaq qıtlığı və elektrik enerjisi çatışmazlığını həll edə bilməyib. Sadəcə ondan yayınmağı yollarını axtarır. Prezident bununla İran əhalisinə bu il də ötən ilki kimi yanacaq və elektrik enerjisi təminatında böhranın olacağına işarə edib.
Pezeşkian çıxışlarından birində demişdi ki, onu müharibədən çox ölkənin və xalqın iqtisadi vəziyyəti maraqlandırır.
Universitetlərlə bağlı yığıncaqda isə hökumət başçısı vurğulayıb: “Mən müharibənin davam etməsi ilə razı deyiləm. Davamlılığı artırmaq üçün bizi düşmənlə başqa şəraitdə danışıqlara məcbur etmək yolunu tutmalıyıq”. (Yazı hazırlanan vaxt ABŞ Prezidenti Donald Trampın Pezeşkianla görüşməyə hazır olduğunu bildirməsi barədə məlumat yayıldı – S.S.)
Görünür, problemləri bu cür açıq şəkildə cəmiyyətə çatdırdığı üçün də hakimiyyət daxilində və ətrafında olan siyasi qüvvələr ona hücum edirlər.
Son zamanlar güc strukturlarının başçıları etiraz aksiyası keçirənləri yenə hədələyirlər.
İran Polis Qüvvələrinin komandanı Əhməd Rza Radan deyib: “Təhlükəsizliyi pozmağa çalışan şəxslərə qarşı düşmən kimi davranılacaq və heç kimə güzəşt edilməyəcək. Etirazçılara qarşı düşmən kimi davranacağıq”. O, polisin tam hazırlıq vəziyyətində olduğunu və “barmaqlarının ordu və SEPAH kimi tətiyin üzərində” olduğunu söyləyib.
Əhməd Rza Radan ötən il dekabrın sonunda 2026-cı il yanvarın ortalarında keçirilən etirazları “çevriliş cəhdi” adlandıraraq, həmin hadisələr zamanı 6 mindən çox şəxsin saxlanıldığını bildirib.
İslam Respublikası rəhbərliyi dinc aksiya iştirakçılarına odlu silahdan öldürmək məqsədi ilə atəş açılmadığını bildirir.
Ancaq əvvəlki və bu ilin yanvarında keçirilən etirazların gülləbaran edildiyini müxtəlif beynəlxalq təşkilatlar və ölkə daxilindəki müstəqil mənbələr təsdiqləyir.
Polis qüvvələrinin başçısı bununla cəmiyyətin baş verən qanun pozuntulara etiraz etmək istəyənləri ölümlə hədələyir.
Bütün cəmiyyətlərdə olduğu kimi, İranda da tələbələr başda olmaqla yeni nəsil etirazçı təbəqənin əsasını təşkil edir. Ehtimal etmək olar ki, polis qüvvələrinin başçısı daha çox tələbələri ölümlə hədələyir.
1978-ci il sentyabrın 8-də Məhəmmədrza şahın əmri ilə ordu Tehranda Jalə meydanında (indi Şəhidlər meydanı adlanır) dinc etirazçılara atəş açmışdı.
Həmin qətliamdan sonra xalqın II Pəhləvi rejiminə ümidi tamamilə qırıldı. Jalə meydanındakı bu qanlı hadisədən beş ay sonra İranda inqilab qələbə çaldı.
Ancaq təəssüf ki, o da inqilabın baş verməsi səbəblərini aradan qaldırmadı. Şah rejimi ABŞ-yə həddən çox bağlı idisə, indikilər Ştatlardan o qədər uzaq durmağa səy edirlər. Hər ikisi cəmiyyət üçün ziyan verib. Biri köləlik, o biri isə düşmənlik yaradıb.
Etirazları zorla yatıracaqlarına dair bəyanat verən hökumət nümayəndələri, görünür, Jalə meydanında baş verənlərin acı nəticələrindən hələ də dərs almayıblar.
Prezident Pezeşkian isə tələbələri ölkənin böyük sərvəti hesab edərək vurğalayıb: “Tələbələr təhlükə deyil, imkandır. Məhz tələbələr bizə kömək edə bilər. Onların baxışları daha açıq olduğu üçün tələblər bizim istəklərimizə və inanclarımıza zidd bir şey deyirlər. Biz bunu qəbul etməliyik. Ancaq məntiqsiz bir şey deyirlərsə, onlarla məntiqlə danışmalıyıq”.
Hökumət başçısı bu açıqlaması ilə etirazçıları, o cümlədən belə tələbələri dialoqa çağırır. Onların etirazlarında haqlı olduqlarına diqqəti çəkir.
Bu onu deməyə əsas verir ki, İslam Respublikası hakimiyyəti 47 il ərzində bütövləşə bilməyib.
Ölkənin rəsmi teleradio şirkəti Prezidentin çıxışlarını senzura edir. Yaxud keçmiş prezidentlər barəsində qərəzli fikirlər yayır.
Qurumun rəhbəri Peyman Cəbəli "Transformasiya üfüqü" görüşündə çıxışında təşkilatın ideoloji yolundan geri çəkilmək niyyətində olmadığını vurğulayıb: “Kimsə İran-İslam kimliyi ilə bağlı bütün bu səylərdən sonra "Səda və Sima"nın (teleradio şirkətinin) geri çəkiləcəyini gözləyirsə, səhv edir”.
Peyman Çəbəli deyib ki, şirkət “yolunu tapıb”, daha çox səy və qüdrətlə həmin yola davam edəcək. “Saxta şəxsiyyətlər” və “siyasi şəriklik” ifadələrini açıqlamadan, bildirib: “Saxta kimlik və siyasi iştirakçılıq dövrü başa çatıb”.
Yeri gəlmişkən, İranlın keçmiş prezidentləri Məhəmməd Xatəmi və Həsən Ruhani bu şirkəti bir qayda olaraq tənqid edirlər.
İranın Ali Mədəni İnqilab Şurasının katibi höccətülislam Əbdülhüseyn Xosrovpənah da teleradio şirkətinin yararsızlığından bəhs edib. Onun sözlərinə görə, ölkə əhalisinin 60-70 faizi İran teleradio yayım sistemindən istifadə etmir.
Bir müddət öncə keçmiş prezident Həsən Ruhaninin indiki hökumət başçısı Məsud Pezeşkianın rəsmi TV-yə baxmadığını deməsi də bu teleradio şirkəti üçün mənfi göstəricidir. Şirkətin rəhbərini ali rəhbər təyin edir. Bu isə o deməkdir, Peyman Çəbəli Prezident Məsud Pezeşkiana tabe olmaya bilər. Ona görə də qurum rəhbərliyi özünü müstəqil şəkildə Xomeyni ideyalarının təbliğatçısı sayır. Bu da onların SEPAH-a xidmət etməsi deməkdir.
Məsud Pezeşkiana müxtəlif istiqamətlərdən hücum hakimiyyətdaxili ziddiyyətlərin göstəricisi sayılır.
Parlament sədri Məhəmmədbaqer Qalibafın iştirak etdiyi toplantıda deputatlardan biri Prezident Məsud Pezeşkianın “səlahiyyətsizliyinin tanınması” tələbi irəli sürülüb.
Parlamentin əyalət müstəqil fraksiyasının üzvü Həmid Rəsai bildirib ki, prezidentlə şəxsi fikir ayrılığı yoxdur və ona “Bəni Sədr” titulunu vermək istəmir. Onun fikrincə, prezident lazımi səlahiyyətə malik deyil və onun səlahiyyətləri əlindən alınmalıdır. Bu deputat hətta birinci vitse-prezident vəzifəsinə kiminsə təyin edilməsini və prezidentin səlahiyyətlərinin də ona verilməsini təklif edib.
Məhəmməd Baqer Qalibaf isə deputatın dediklərinə “birlik və həmrəyliyin qorunmasının zəruriliyini” vurğulamaqla reaksiya verib.
Keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani də mövcud vəziyyəti tənqid edir, daxili və xarici problemləri həll etmək üçün danışıqlar tərəfdarı olaraq çıxış edirlər. Onların hökumətə başçılıq etdikləri dövrdə İranın nüvə proqramı üzrə danışıqlar uğurlu olsa da, hakimiyyətdaxili ziddiyyətlər səbəbindən onun reallaşmasına şərait yaradılmamışdı. Bu məsələdə qarşı tərəfdə bir sıra sərt addımlar atmışdı.
Keçmiş prezidentlər danışıqlar tərəfdarı olduqları, müharibəyə qarşı çıxış etdikləri üçün onların həbs edilmələrinə çağırışlar edilir. Onları “vətən xaini” belə adlandırırlar.
Keçmiş prezident Həsən Ruhaninin qənaətincə, müharibənin davam etdirilməsi xalqın rəyindən asılıdır: “Biz xalqa deməliyik: biz dünyanın böyük dövlətləri ilə daha 20 il müharibə edəcəyik. Xalq “Biz qəbul edirik” desə, onda biz müharibə etməliyik. Qəbul etməzsə, başqa yol göstərsə, biz onu qəbul etməliyik!”.
Bəzi mənbələrin yazdığına görə, Məsud Pezeşkianın xəbəri olmadan hərbi əməliyyatlar da keçirilir. Bildirib ki, iyulun əvvəlində ondan gizli Hörmüz boğazında üç gəmiyə atəş açmaq əmri verərək ABŞ ilə barışığı qəsdən pozublar. Prezidentin həmin vaxt İraqda səfərdə olduğu deyilir. O, baş verənlərdən qəzəblənərək SEPAH-ın baş komandanı Əhməd Vahidiyə zəng edərək, uca səslə bu addımı “məsuliyyətsizlik” adlandırıb və izahat tələb edib.
Vahidi isə hücum əmri vermədiyini və bu hücumdan xəbərsiz olduğunu bildirib.
Onun sözlərinə görə, Ali Milli Təhlükəsizlik Şurasının da bundan xəbəri olmayıb. Pezeşkian təcili Tehrana qayıdıb, amma növbəti gün ABŞ İrana cavab zərbəsi endirib və nəticədə hər iki ölkə yenidən müharibə vəziyyətinə qayıdıb.
Hökumət və təhlükəsizlik qüvvələri tərəfindən aparılan təhqiqat nəticəsində məlum olub ki, ticarət gəmilərinə zərbə endirmək qərarını SEPAH-ın Kəşfiyyat Təşkilatının keçmiş rəisi və Bəsic dəstəsinin hazırkı rəhbəri Hüseyn Tayib verib.
Yeri gəlmişkən, Hörmüz böhranı İranın logistika imkanlarına da zərbə vurub. Blokada nəticəsində İrana quru daşımaları 4 dəfə bahalaşıb. Hörmüz boğazında yaranan böhran İranın xarici ticarətinə ciddi təsir göstərib. Dəniz daşımalarının məhdudlaşması fonunda Türkiyə və Pakistan üzərindən İrana yükdaşıma xərcləri təxminən 4 dəfə artıb. İranın xarici ticarətinin 80 faizdən çoxu əvvəllər Körfəzdəki Şəhid Rəcai və İmam Xomeyni limanları vasitəsilə reallaşırdı.
Məlumata görə, böhrandan əvvəl Çindən İrana bir konteynerin daşınması təxminən 3 min dollar idisə, hazırda bu məbləğ 12 min dollara yüksəlib.
Bu açıqlamalar və məlumatlar, hadisələr İranla ABŞ münasibətlərinin normallaşmamasının, habelə müharibənin davam etməsinin səbəblərinə müəyyən qədər işıq salır.
Hakimiyyət ayrı-ayrı nümayəndələri “birlik” olduğuna dair açıqlamalar versələr də “görünən kəndə nə bələdçi” ifadəsinə əsaslansaq, İslam Respublikasının vəziyyəti haqqında təsəvvür yaranar. İran hakimiyyətdaxili didişmələrin məngənəsində qalan, günü-gündən zəifləyən dövlətə çevrilir.