Logo
news content

İranda avtoritet boşluğunu kim dolduracaq?
Pezeşkianın son çıxışı cəmiyyət üçün yeni alternativ yaradıb

Belə görünür, İranda lideri axtarışı başa çatır. Bu ilin martında İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei öldürüləndən sonra ölkədə müəyyən çaşqınlıq yarandığı hiss olunurdu. Yaranmış boşluğu Prezident Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqer Qalibaf doldurmağa səy göstərirdilər. Ara-sıra İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandanı Əhməd Vahidinin özünü lider kimi apardığına dair söz-söhbətlər gəzir.

Ölkədə yaranmış avtoritet boşluğunu adı çəkilənlərdən heç biri nə ayrılıqda, nə də müxtəlif şuralar adı altında birləşərək doldura bilmirlər. Yeni ali rəhbər Müctəba Xameneinin üzdə olmaması, hətta səsli müraciətinin belə yoxluğu insanlarda onun sağlıq durumu ilə bağlı müəmmaların yaranmasına səbəb olub.

Ona görə də hakimiyyətin yuxarı eşelonundakı vəziyyətlə bağlı müxtəlif xəbərlər, şayiələr yayılır. Məsələn, iddia olunur ki, ölkəyə nəzarət məsələsində son söz sahibi Qalibafdır.

Bu günlərdə ultramühafizəkar deputat Həmid Rezai onu ittiham etdiyinə görə həbs olunub. O, Tehranda "Evin" həbsxanasında 10 aylıq cəza müddətini çəkməyə başlayıb. Deputat, Məhəmməd Baqer Qalibafın şikayətindən sonra "zərər vurmaq məqsədilə yalan məlumat yaymaqda" təqsirli bilinib. Rezai sentyabrın 27-də ruhanilər üçün xüsusi həbsxana bölməsinə köçürülüb.

Ona barəsində cinayət işi 2024-cü ilin əvvəlində açılıb. Həmin vaxt o, deputat deyildi. Ultramühafizəkar xətt yürüdən qəzetə rəhbərlik edirdi. Orada Qalibafın parlament sənədlərini saxtalaşdırdığını iddia edən material dərc olunubmuş. Rezai həmçinin qəzetdə sədri “parlament diktatoru” adlandırıbmış. Ancaq bu epizoda görə o, bəraət almışdı. Məhkəmənin qərarına əsasən, o, qəzetin birinci səhifəsində eyni şrift və ölçüdə təkzib dərc etməlidir. Halbuki nəşr təxminən iki ildir çap olunmur.

Rezai üzr istəməkdən imtina edərək, hökmü “hüquqi deyil, siyasi” adlandırsa da, məhkəmənin qərarına tabe olacağını bildirmişdi. O, “cəzanı həddən artıq ağır” adlandıraraq ilk dəfə məhkum olunan şəxs kimi minimum cəza almalı olduğunu iddia etmişdi.

Rezai və ona yaxın ultramühafizəkarlar parlament sədrini ABŞ-yə həddindən artıq güzəştlər etməkdə ittiham, həm də Qalibafı Vaşinqtonla danışıqlardakı roluna görə tənqid edirlər.

Rezai prezident Məsud Pezeşkianın və islahatçı xətt tərəfdarlarının davamlı olaraq əleyhdarıdır.

Müctəba Xameneinin adından İranı faktiki olaraq SEPAH idarə edir. Onun rəhbərlik etdiyi İranda məhkəmə sisteminin ən radikal siyasətçi barəsində belə hökm çıxarması müəyyən mənada təəccüblü sayılır. Odur ki, SEPAH rəhbərliyinin ölkədə elan edilməmiş fövqəladə vəziyyət yaratdığına dair xəbərlərin yayılması da təsadüfi sayılmır.

Bu silahlı qruplaşma İran qonşu və müsəlman dövlətlərlə münasibətlərinə problem yaradır. O, Prezident Məsud Pezeşkianın həmin ölkələrlə münasibətlərin normallaşması istiqamətində fəaliyyətinə zərbə vurur. Bununla da onun cəmiyyətdə və beynəlxalq aləmdə artan nüfuzunu ləkələməyə çalışır. Belə təəssürat yaranır ki, İran seçiciləri tərəfindən seçilmiş prezidentin rəsmi görüşlərdə verdiyi sözlər, açıqlamalar heç bir əhəmiyyət daşımır.

Məsələn, bu günlərdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranda səfərdə olub. O, Prezident Məsud Pezeşkian başda olmaqla bir sıra rəsmilər, o cümlədən milli təhlükəsizlik şurasının katibi Möhsen Rezai ilə də görüşüb. Görüşdə tərəflər qarşılıqlı münasibətlərin inkişaf etdilməsindən danışıb.

Ancaq SEPAH-a bağlı informasiyaya kanalları Şahin Mustafayevlə görüşdə Möhsün Rezainin ədalı davranışının videosunu yayaraq, ənənəvi anti-Azərbaycan ritorikasını nümayiş etdirib. SEPAH-ın təbliğat mənbəsi yazıb ki, İran kiminlə və hansı formatda dialoq apardığını yaxşı bilir: “Biz illüziyalara qapılmırıq, bağlı qapılar arxasında baş verənləri, maraqlarımıza qarşı atılan addımları bilirik”.

ABŞ bu günlərdə İrana qarşı tətbiq etdiyi aviasiya sanksiyaları tətbiq edib. Həmin yasağa əsasən, İslam Respublikası aviaşirkətlərinin beynəlxalq uçuşları və üçüncü ölkələrin bu sektora göstərdiyi xidmətlər kəskin şəkildə məhdudlaşdırılıb.

ABŞ yalnız İranın öz aviaşirkətlərinə deyil, həmçinin İran təyyarələrinə yanacaq dolduran, bilet satan, texniki xidmət və başqa aviasiya dəstəyi göstərən üçüncü ölkələrin şirkətlərinə qarşı da sanksiya tətbiqi ilə bağlı xəbərdarlıq edib.

Bir sıra ölkələrin aviaşirkətlərinin uçuşları məhdudlaşdırılıb və ya tamamilə dayandırılıb.

Möhsən Rezai bu sanksiyadan sonra hədələyərək deyib ki, ABŞ-nin sanksiyaları çərçivəsində İran reyslərini dayandırılan qonşu ölkələrin hava limanlarına qarşı tədbirlər görülə bilər: “Qonşu ölkələr ABŞ ilə əməkdaşlıq edərək İran reyslərini dayandırarsa, Tehran bunu cavabsız qoymayacaq. Qonşu ölkələr İran reyslərinin dayandırılmasında ABŞ-yə qoşularsa, onların hava limanları da işləyə bilməyəcək”.

O, İranın görəcəyi tədbirlərin nə olacağını və ya bu xəbərdarlığın aid olduğu ölkələrin adını açıqlamayıb.

Sanksiyalar qüvvəyə mindikdən sonra İran aviaşirkətlərinin bəzi beynəlxalq reysləri ləğv edilib.

SEPAH-ın keçmiş komandanı Möhsün Rezainin bu açıqlaması isə qonşu və region ölkələrini açıq şəkildə təhdid etməkdir. Çünki heç bir ölkə İran hakimiyyətinin iddiasına və ya bu rejimin qorunmasına görə öhdəlik götürməyib, yaxud buna oxşar məsələlərə dair İslam Respublikası ilə müqavilə imzalamyıb. Tehran özünü qorumaq, regional hegemon güc olmaq üçün “İsrail ölüm!” və “Amerikaya ölüm!” şüarları əsasında hər iki dövlətlə müharibə aparır, yaxud mübarizə edir. Bu ideyaların heç birinin qonşulara və region ölkələrinə aidiyyəti yoxdur. O, bu mübarizəsi ilə həm də qonşu və region ölkələrinin təhlükəsizliyini zərbə altına atır, onları təhdid etmiş olur.

Möhsün Rezai kimi SEPAH-çılar isə özlərini İranın tək sahibi, yiyəsi, ağası kimi aparır. Belə hikkəli davranış və ritorika Məsud Pezeşkianın dinc qonşuluq siyasətinə uyğun gəlmir.

BMT-dək çıxışından bəzi siyasi dairələr hətta, SEPAH və onun yarımhərbi dəstəsi olan bəsic Məsud Pezeşkianı alqışlamışdı.

Basici təşkilatı prezidentin BMT Baş Assambleyasındakı çıxışına cavab olaraq mesajında vurğulamışdı ki, o, İranın “beynəlxalq arenada əzəmətini, nüfuzunu və möhkəm mövqeyini bir daha nümayiş etdirdi”.

Məhkəmə hakimiyyətinin başçısı Qulamrza Möhsün-Ejei prezidentin ardıcıl və möhkəm şəkildə İran xalqının qanuni hüquqlarını müdafiə etdiyini vurğulayıb.

SEPAH-ın indiki komandanı Əhməd Vahidi də Məsud Pezeşkianı l çıxışını “lyüksək qiymətləndirib: “Müharibədən qorxmuruq ismarışı ilə Prezident müharibədən qorxmadığımızı, İran millətinin güclü, qətiyyətli və dəyişməz səsini bütün dünyaya çatdırıb”.

Bu çıxışlar İran hakimiyyəti daxilindəki qüvvələrin Məsud Pezeşkian ətrafında birləşməsi ismarışı kimi anlaşıla bilər. Çünki əvvəllər BMT-nin Baş Assambleyasında çıxış edənlər, Nyu-Yorka gedənlər sonradan mühafizəkarların tənqidinə tuş gəlirdilər, onları hətta ABŞ ilə əməkdaşlıq etməkdə suçlamışdılar. Ona görə də Məsud Pezeşkianın çıxışına görə alqışlanması yeni hadisə sayıla bilər. Əvvəllər Nyu-Yorkda çıxış edənlər o vaxtkı ali rəhbər Seyid Əli Xamenenin göstərişi və xeyir-duası ilə çıxış etdiklərini desələr də tənqi edilirdilər.

Ona görə belə ehtimal etmək olar ki, Müctəba Xameneinin üzə çıxmasının gecikməsi hakimiyyət və cəmiyyətdəki avtoritet boşluğunu Məsud Pezeşkianla doldurmaq cəhdi də ola bilər.

Ancaq Möhsün Rezai kimilərin davranış və çıxışları bu ideyanın reallaşmasına mane olur. Bu boşluğu gələcəkdə Müctəba Xameneinin özünün belə (üzə çıxarsa və fəaliyyətə başlayarsa-S.S.) dolduracağı az inandırıcıdır. İranda Məsud Pezeşkian ətrafında cəmləşmək, Müctəba Xamenein yan-yörəsinə toplanmaqdan daha effektiv ola bilər. Çünki indiki Prezident görünməyən, cəmiyyətin o qədər də yaxından tanımadığı, “inkoqnito” ali rəhbərdən daha faydalı olar.