Logo
news content

“Zəbani madər”in iç üzü açıldı
Tehran qonşularla niyə dost ola bilmir?

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan da daxil olmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmağa səy göstərir. Ancaq təəssüf ki, buna hələ də nail ola bilmir. ABŞ və İsrailin İrana qarşı həbi əməliyyatları zamanı onun qonşu ərəb dövlətləri münasibətləri pozuldu. 2026-cı il martın 1-dən bu gərginlik fonunda Birləşmiş Ərəb Əmirlikləri ilə İslam Respublikası arasında bütün münasibətlər kəsilib. Səudiyyə Ərəbistanı ilə əlaqələr Çinin vasitəçiliyi ilə yenicə bərpa olunmuşdu. Ancaq məlum hadisələr, o cümlədən Yəməndəki İranyönlü husi qiyamçıların Krallığa hücumları münasibətlərin yenidən pozulmasına səbəb olub. Qətər və Oman istisna olmaqla başqa ərəb dövlətləri ilə İslam Respublikasının əlaqələri heç də normal sayılmır.

Talibanın başçılıq etdiyi Əfqanıstanla əlaqələr su problemi və İrandakı mühacir əfqanlara görə kövrəkdir.

İslam Respublikasının Ermənistanla münasibətlərində heç vaxt sərinlik olmayıb. Əksinə, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu illərdə belə Tehran İrəvanı dəstəkləyib, ona ərzaq, yanacaqla yardım edib. ABŞ və İsrailin İrana məlum hücumları dövründə də İslam Respublikası bu qonşusundan heç vaxt ehtiyatlanmayıb. Hətta Tehranın heç bir rəsmisi, habelə SEPAH Ermənistan qarşı bu istiqamətdə qarayaxma kampaniyası aparmayıb.

Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda səfərdə olub. Səfər çərçivəsində o, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb, ikitərəfli münasibətləri müzakirə edib.

Ermənistanlı nazir Zəngəzur yolu layihəsinin reallaşmasının gedişatı barədə də İranın hökumət başçısına məlumat verib. Tərəflər energetika sahəsinə əməkdaşlıq və kommunikasiya xətlərinin açılması üçün infrastruktur sahəsində qarşılıqlı əməkdaşlığa xüsusi diqqət yetiriblər. Bundan başqa görüşdə regional sabitlik və təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bu, İran-Ermənistan ənənəvi münasibətlərinin davam etdiyini göstərir. Zəngəzur yolu layihəsi ətrafında Tehranın yaratmaq istədiyi qalmaqal da baş tutmadı. Hətta bu məsələdə belə İslam Respublikası Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyi kimi məsələlərin arxasında gizlənirdi.

Tehranın Ankara ilə də əlaqələrində son illərdə müəyyən narahatlıqlar yox deyil. Xüsusən Türkiyə-İsrail münasibətləri ilə bağlı İran Ankaraya təzyiqlər göstərir. Tərəfdarlarını Türkiyəyə qarşı qaldırır və s.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İran hakimiyyətinin münasibəti heç vaxt birmənalı xoş niyyətli olmayıb. Ermənistanın işğalı və təcavüzü dövründə İslam Respublikası hadisələrə ya göz yumub, ya mahiyyətini təhrif edib, ya da İrəvanın mövqeyini dəstəkləyib.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra da İranın münasibəti heç də qonşuluğa yaraşan səviyyədə olmayıb.

Məlum əməliyyatlar zamanı İran Azərbaycan ərazisinə dronla hücum etdi. Bu, azmış kimi SEPAH Azərbaycana qarşı təbliğata başladı. “Respublika ərazisindən İsrail İrana hücum edir” kimi cəfəng fikirlər yayır.

2024-cü ildən etibarən İran münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başladı. Məsud Pezeşkian qonşular və müsəlman dövlətləri ilə münasibətlərin normallaşması və əlaqələrin güclənməsi istiqamətində addımlar atır.

Bu günlərdə Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev Tehranda səfərdə olub. O, İslam Respublikası hökumətinin başçısı Məsud Pezeşkianla da görüşüb. İran Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması və əlaqələrin möhkəmləndirilməsi ilə bağlı irəli sürdüyü təkliflər aşağıdakı kimi sıralamaq olar:

-quru, hava və dəmir yolu marşrutlarının inkişaf etdirilməsi;

-qonşuluq siyasətinə diqqət yetirilməsi;

-iki ölkə arasında müqavilələrin həyata keçirilməsi, nəqliyyat marşrutlarının inkişafının sürətləndirilməsi üçün birgə imkanlardan maksimum dərəcədə istifadə edilməsi;

- iki ölkə əhalisinin bir-biri ilə etnik qohumluğunun vurğulanması;

- iki ölkə arasında elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində münasibətlərin gücləndirilməsi;

-ortaq sərhədin potensialından və iki ölkənin coğrafi mövqeyindən yararlanılması və s.

Prezident İlham Əliyevin İranın hökumət başçısı Məsud Pezeşkianı doğum günü münasibəti ilə təbrik etməsi də onların arasındakı əlaqələrin iki ölkə üçün faydalı olduğuna örnəkdir.

Bununla belə, İranda elə qüvvələr tapılır ki, iki qonşu dövlətin münasibətlərinin normallaşmasına və güclənməsinə problemlər yaradırlar.

Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyev çıxışında bir sıra ölkələrin Azərbaycana qarşı kampaniya apardığını xüsusi qeyd edib və həmin ölkələr tərəfindən Azərbaycan dilində yaranan resursların göstərdiyi neqativ fəaliyyətdən, anti-Azərbaycan mövqedən bəhs edib: “O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.

Bir tərəfdən əməkdaşlıq təklif edib, qardaşlıq, qohumluq əlaqələrindən danışıldığı halda, o bir tərəfdən Azərbaycan türkcəsində  Azərbaycana qarşı təbliğat aparır, onun milli dövlətçilik təməllərinə zərbə vurmağa salışırlar.

Bu günlərdə sosial şəbəkədə Təbriz şəhər şurasının üzvü Rəsul Bərginin bu ikiüzlülüyü təsdiqləyən açıqlamaları yayılıb. O, çıxışlarından birində guya türk dilində danışırmış kimi “mənim “zəbani madərim” türkidir” (demək istəyir ki, mənim ana dilim türk dilidir) demişdi. Bununla da özünü türk millətinin  hüquqlarının qoruyucusu kimi göstərməyə çalışıb.

Belələrinin əsas niyyəti fars düşüncə sisteminə daha çox xidmət etməkdir. Çünki o, hələ ana dilim deməyə cürət etmir, “zəbanı madərimiz” söyləyir. Hakimiyyət bu kimi alətlər vasitəsi ilə milli hüquqlarının təminini, Azərbaycan türkcəsində məktəbin olmasını tələb edənlərdən diqqəti yayındırmağa səy göstərir.

“Bizim zəbani madərimiz türki”dir deyən bu şura üzvü əslində Güney və Quzey Azərbaycana qarşı çıxış edib. Bərgi kimilərin əsas hədəfi Azərbaycan türklərinin diqqətini hədəfdən, ölkədəki çoxsaylı problemlərdən yayındırmaqdır.

O, bu çıxışının ardınca Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib. Oktyabrın 5-də Şuranın dünənki iclasında Azərbaycan Respublikasını “İran torpağı” adlandırıb: “Sərhədin o tayında olan bəziləri çiçəklənirlər, mənim bəzi çıxışlarımdan sui-istifadə edirlər. Bilməlidirlər ki, biz İranın olan Azərbaycana inanırıq. O biri Azərbaycan da İranındır və bizdən ayrılıb, bir gün yenə İranın olacaq”.

“Biz Quzey Azərbaycan, Güney Azərbaycan türkləri deyilik, biz hamımız İranın türkləriyik və İran türkləri olmağımızla fəxr edirik” deməklə Azərbaycan müstəqil olandan bəri davam edən ənənəvi hikkəli təbliğat fikirlərini təkrarlayıb. Vaxtilə Azərbaycan türkü sayılanlar bu sayaq fikirləri çox söyləyiblər.

Rəsul Bərgi sepahsayağı hədələmələrdən də özünü saxlamayıb: “Özlərini yığışdırsınlar, mən İran bayrağının tozunu belə onların bayraqları ilə dəyişmərəm”.

Bu şura üzvü örnək göstərdiyimiz iki çıxışı ilə maskasını özü yırtıb. Türk məsələsinə gəldikdə isə onun nə dərəcədə bu etnosa aid olduğu hələ şübhəlidir. Başqaları da özünü türk elan edib, ona qarşı fəaliyyət göstərir.

Tehran hakimiyyətinin vəziyyəti günü-gündən ağırlaşır. Ölkə əhalisinin ən fəalı türklərdir. Onları zəiflətmək üçün Bərgi kimi alətlərdən istifadə edilir. Bu cür kampaniyalar türklər arasında qarşıdurma yaratmağa da xidmət edir. Kəsəsi, belə insanların və çıxışların məqsədi iki ölkə, Güney və Quzey Azərbaycan türklərinin arasını vurmaqdır. O “qaşınmayan yerdən qan çıxaranlardan”dır. Özünü türk sayan, adlandıran Məsud Pezeşkianla iki ölkənin münasibətlərin inkişafından danışdığı halda “mənim zəbani mədərim türkidir” deyən Bərgi arasında fərq doğrudan da böyükdür…