“İran düyünü” yeni mərhələdə
“Nə müharibə, nə sülh” formulu kimə fayda verəcək?
01 Noyabr 2026
Vaşinqton-Tehran münasibətlərində gərginlik yüksəldikcə suallar da artır. Başlıca suallar bunlardır: Danışıqlar başlayıbmı? Müharibə olacaqmı? Birinci kim vuracaq? ABŞ-dəki aralıq seçkilərdən sonra nə olacaq? Müctəba Xamenei danışığa razılıq verəcəkmi? Məsud Pezeşkianın mövqeyi uğur qazanacaqmı? Və s.
Əvvəla, tərəflər arasında danışıqlarda fasilələr yaransa da, heç vaxt kəsilməyib. Vasitəçilərin yardımı ilə olsa belə ötən ilki müzakirələr onların bir-birinə yaxınlaşma meylini isbatlayır. Başqa sözlə, ABŞ İrana münasibətdə dialoq istəməsəydi, nəticəsindən asılı olmayaraq, günümüzədək müharibə davam edərdi. Yaxud, qarşı tərəf Ştatlara bağlı istiqamətlərə hücumu davam etdirərdi.
Deməli, hər iki tərəf anlaşmaq tərəfdarıdır.
Bəs, problem nədir? Niyə bu baş vermir?
Əsas məsələ İran hakimiyyətinin iddialı davranışı, Rusiya və Çinin əlində ABŞ-yə təzyiq aləti rolunda olmasıdır. Çünki 12 və 40 günlük müharibələrdən sonra İranın hərbi cəhətdən özünü bərpa etməsi Tehranın xaricdən dəstəklənməsi məsələsinə şübhələri artırır.
Yeri gəlmişkən, Yəməndə husi qiyamçıları da eyni zamanda güclənib. İranın həm də onları hərbi texnika, o cümlədən ballistik raketlərlə təmin etməsi elə də inandırıcı görünmür. Bu şəraitdə, istər-istəməz, elan edilməyən anti-ABŞ və anti-İsrail qüvvələr yada düşür.
İranın Yaxın Şərqdə ABŞ-yə müqavimətini uzatmaq həmin qüvvələrin geopolitik maraqlarının təmininə xidmət edə bilər. Onlar bu yolla həm də ABŞ-nin daxili və xarici siyasi kursuna da təsir göstərmiş olur. Belə ehtimal etmək olar ki, qüvvələr bu yolla ABŞ iqtisadiyyatına da zərbə endirməyə çalışırlar.
İranda SEPAH-ın özündənrazı, ambisiyalı davranışı həmin xarici qüvvələrin maraqlarına cavab verir. Çünki ölkədə cəmiyyətin vəziyyəti ilə bu siyasi-hərbi qruplaşmanın durumu bir-birindən fərqlidir. Sanki İranda iki cür cəmiyyət var: SEPAH-ın İranı və vətəndaşların İranı.
Birinci ikincinin maraqlarını nəzərə almır. O, daha çox hakimiyyətinin ömrünün uzanmasına çalışır. Belə ehtimal etmək olar ki, SEPAH-ın bu xüsusiyyətindən anti-ABŞ qüvvələr də istifadə edir.
Ona görə də danışıqlara meyilli İran hakimiyyəti SEPAH-xarici sponsorlar cütlüyünün savaşcıl mövqeyinə görə bu istəyini reallaşdıra bilmir. Müzakirə tərəfdarları və bu prosesdə iştirak edənləri (Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi – S,S.) SEPAH ələ salır. Ona bağlı mediada XİN başçısının ABŞ-nin “Cəhənnəm atəşi” (AGM-114 “Hellfire”) raketi ilə üz-üzə oturduğu yerdə karikaturası dərc edilib. Həmin materialda Əraqçi onunla danışıq aparır.
Bu, SEPAH-ın danışıqlar tərəfdarı olan hökumətə ironik yanaşmasıdır.
Ancaq bütün hallarda, ABŞ-dən İrana məktub ünvanlanıb. Məlumatlara əsasən, vitse-prezident Cey di Vens İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə birbaşa danışıqlarla bağlı məktub göndərib.
ABŞ lideri Donald Tramp "İranla sülh danışıqlarına başlamaq" əmri verdiyinə dair məlumatı təkzib edərək, bildirib ki, bu, tibbi ləvazimatların təmin edilməsi ilə bağlı yardım məsələsi olub.
Ehtimal edilir ki, Cey Di Vens bununla Tehran və Vaşinqtonun qarşılıqlı anlaşmaya nail olub-olmayacağını öyrənməyə cəhd edib. O da qeyd edilib ki, bu anlaşma Donald Trampı yaxın həftələrdə İrana qarşı qısamüddətli, ancaq sərt zərbə barədə son əmri verməkdən çəkindirə bilərdi.
ABŞ lideri bildirib ki, İranın dərman preparatlarına yardıma ehtiyacı var: “Əslində, söhbət xəstələrə kömək üçün bu ləvazimatların çatdırılmasından gedir”.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Cey Di Vensin əlaqə yaratmaq cəhdlərindən xəbərdar olmadığını bildirib.
Bu arada Qətər İrana müharibənin dayandırılması üzrə yeni razılaşma layihəsi təqdim etdiyinə dair məlumat yayıb. Tehranın bu təkliflərə həftə sonuna qədər cavab verəcəyi gözlənilir. Orada İranın və ABŞ-nin narahatlıqlarının aradan qaldırılmasına yönəlmiş yeddi günlük qrafik nəzərdə tutulur.
Sənəddə hər iki tərəfin atmalı olduğu gündəlik etimadyaradıcı addımlar müəyyən edilib. Razılıq olarsa, təkliflərin icrasına noyabrın əvvəlindən başlanılacaq.
Bir neçə ölkə mümkün razılaşmanın qarantı kimi çıxış edəcək. Tehranın və Vaşinqtonun öhdəliklərinin konkret detalları açıqlanmır.
Məlumatlara əsasən, Qətərin təklifinin məzmununu təxminən aşağıdakı kimi formalaşdırmaq olar:
- Etimadın möhkəmləndirilməsi üçün yeddi gün ərzində Tehran və Vaşinqton hər iki tərəfin narahatlıqlarını aradan qaldırmaq istiqamətində gündəlik qarşılıqlı addımlar atacaq;
- Qətər İranı nüvə proqramında güzəştlərə getməyə və BMT müfəttişlərinə zədələnmiş nüvə obyektlərini açmağa çağırır. Bunun qarşılığında isə Ştatlar iqtisadi sanksiyaları qismən yüngülləşdirir, bank aktivlərini dondurmaq qərarını ləğv edir;
- Sülh razılaşmasının həyata keçirilməsinə dair öhdəliklərin yerinə yetirilməsi üçün bir neçə ölkənin qarant dövlət olaraq cəlb edilməsi planlaşdırılır.
Tehranının nümayəndəsi bildirib ki, Qətərin müharibəni dayandırmaq istiqamətində ideyaları qəbuledilməzdir.
İndiki danışıqlar mərhələsində Möhsün Rezai amili önə çıxıb. Nəzərə alsaq ki, o, SEPAH-ın keçmiş komandanı olub və danışıqlarıın qəti əleyhdarıdır, onda məsələnin mahiyyəti bir qədər də aydınlaşar.
Çünki bu, danışıqlarda SEPAH-ın təşəbbüsü ələ alması deməkdir. İranın ali rəhbəri Müctəba Hüseyni Xameneinin də üzə çıxması xəbəri, fotolarının yayılması görüş və danışıqlara “nə müharibə, nə də sülh” prinsipi ilə başlanmasının mümkünlüyünü deməyə əsas verir. O zaman ehtimal etmək olar ki, bu mərhələdə danışıqlara ali rəhbər irəli sürdüyü bu prinsiplə rəhbərlik edəcək. Rezai isə ona sözçülük edəcək.
Oktyabrın 25-də Tehranda Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə və İranın yüksək rütbəli təhlükəsizlik nümayəndələrinin görüşü keçirilib. Bu tədbirdə İslam Respublikasını Möhsün Rezai təmsil edib.
ABŞ-nin razılığı ilə Qətərin nümayəndə heyəti danışıqlar aparmaq üçün oktyabrın 30-da Tehranda səfərdə olub. Məlumata görə, onların səfərdə məqsədi ikitərəfli münasibətləri inkişaf etdirmək və regional vəziyyəti müzakirə etməkdir.
Bu kimi məlumatlar deməyə əsas verir ki, Vaşinqtonla Tehran arasında susqunluq yox, dinamika var. Tərəflərin bir-birini hədələməsi, təzyiqlər etməsi, yalan-doğru məlumatlar yayıması, rəqiblərini susdurmaq üçün münasibətlərindən istifadə etməsi, vasitəçilərin yardımı ilə danışıqların aparılması, müxtəlif görüşlər bunu təsdiqləyir.
Ancaq ABŞ-nin İrana humanitar məqsədlə yol açması Tehranın vəziyyətinin ağır olduğunu göstərir. Bir vaxtlar oxşar humanitar jestlər İraqa, Suriyaya, Liviyaya da edilmişdi…