Logo
news content

“İstisu” səmimiyyəti
Əliyevlə Pezeşkianın dialoqu kimləri narahat edib?

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü daha çox yadda qalan olur. 

Qırğız Respublikasının paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində onlar arasında maraqlı, müəyyən mənada təəccüblü olay baş verib. 

Onların görüşünün keçirildiyi salonda masanın üstündə Azərbaycanın “İstisu, ”“Badamlı” və “Sirab” mineral suları da olmasına baxmayaraq, Məsud Pezeşkiana köməkçilərindən biri Gürcüstanın “Borjomi” mineral suyunu süzür. 

Azərbaycan Prezidenti buna reaksiya verib deyir ki, “İstisu” için, “Borjomi” də yaxşı sudur, ancaq “İstisu” da yaxşıdır. 

Məsud Pezeşkian ona Azərbaycan türkcəsində “özünlə gətiribsən” deyərək münasibət bildirir. 

Sonra İlham Əliyev “İstisu” süzür və hər ikisi içirlər. 

Düzdür, bu hadisə ilə bağlı İran protokol idarəsinin qarşı tərəfə nəzakətsizliyi, etimadsızlığı çox qabarıq şəkildə özünü göstərib. 

Yumşaq şəkildə ifadə etsək, bu ədəbsizliyi görməzlikdən gələn Tehran təmsilçiləri, panfarsçı qüvvələr, onların buyruqçuları Məsud Pezeşkianı hədəf alıblar. Onlar iddia edib ki, İslam Respublikasında dövlət dili farscadır, ona görə də rəsmi görüşdə hökumət başçısı bu dildə danışmalıdır.

Təbii ki, bu görüş rəsmi deyil, işgüzardır. Başqa bir yöndən isə onlar arasında rəsmi açıqlama verilmir. Adi dialoqdur. Bununla protokol qaydası  və İranın konstitusiyası pozulmur. Ona görə belə iddialar yersiz olduğu qədər də əsassızdır.

Tehranın bu yersiz davranışı mərhum Prezident Heydər Əliyevlə İranın ABŞ tərəfindən öldürülən ali rəhbəri ayətullah Seyid Əli Xameneinin 2002-ci ildə İrandakı görüşünü yada salır. Azərbaycanın dövlət başçısı Azərbaycan türkcəsində İslam Respublikasının ali rəhbərinin doğulduğu Xamənədə vəziyyətin necə olduğunu soruşur: “Xamənədə nə var, nə yox?” 

Rəsmi danışıq zamanı Xameneinin farsca dediklərini İran tərcüməçisi rus dilinə çevirir. Heydər Əliyev buna sərt reaksiya verərək, dərhal tərcüməçini saxlayaraq Xameneiyə müraciət edir: “Ağayi Xamenei, bir az əvvəl sizinlə ana dilimizdə danışırdıq. Başa düşürəm, bura İran dövlətidir və siz rəsmi fars dilində danışmalısınız. Amma mən başa düşmürəm, niyə rus dilinə tərcümə olunur? Mənim dövlətim müstəqildir, onun dövlət dili rus dili deyil, Azərbaycan dilidir". Xamenei bu sarsıdıcı iraddan sonra "Mən elə zənn edirdim ki, dövlətinizin dili rus dilidir" dedikdə, Heydər Əliyev sərt şəkildə bugünkü görüşün ən böyük faydasının elə Azərbaycanın dövlət dilinin rus dili olmadığını öyrənmələri olduğunu bildirir. Xamenei isə cavabında xəcalət çəkərək "Əstəğfürullah! Əstəğfürullah!" deyir.

İlham Əliyevin Məsud Pezeşkianla görüşündə də Azərbaycanın “İstisu”yuna etibar etməyən Tehranın “Borjomi”nin ortalığa çıxarılması həmin eybəcərliyə oxşayır. 

Məsud Pezeşkian 2025-ci ilin aprelində Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə qeyri-rəsmi görüşündə də hər ikisinin ana dili olan Azərbaycan türkcəsində danışıb. 

Ümumiyyətlə, İran Prezidenti İranda müxtəlif tədbirlərdə ana dilində danışmağı özünə ar bilmir. 

Daha bir örnək. Bu günlərdə Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub. Həmin dialoq iki ölkə münasibətlərində yaranmış gərginliyin azalmasına mühüm təsir göstərib. İranın xarici işlər naziri Abbas Əraqçi Naxçıvana dron atılan və münasibətlərin kəskinləşdiyi həmin həssas dövrü xatırladaraq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı vəziyyəti tamamilə dəyişib və iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasına kömək edib. Nazir Məsud Pezeşkianın bu danışığı Azərbaycan türkcəsində aparmasına xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Pezeşkianın ana dilində səmimi müraciəti və Azərbaycan atalar sözlərindən istifadə etməsi də mühüm rol oynayıb.

Nazir bildirib ki, prezidentlər arasındakı bu birbaşa və səmimi ünsiyyət Bakı ilə Tehran arasında münasibətlərin yumşalmasına və qarşılıqlı anlaşmanın güclənməsinə təsir göstərib.

Bu faktlar iki dövlət arasında münasibətlərə Azərbaycan türkcəsinin təsirinə dair örnəklərdir. 

Məsud Pezeşkian ailə üzvləri ilə də türkcə danışır. O, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşündə iştirak etmək üçün Bişkekə qızı Zəhra ilə getmişdi. Pezeşkian Bişkekdəki rəsmi qarşılanma zamanı qızına Azərbaycan dilində müraciət edib: “Zəhra, bura gəl! Keç gəl bura!”.

İran Prezidentinin qızına bu müraciətin videogörüntüsü sosial medianın Azərbaycan sektorunda izləyici marağına səbəb olub.

Qeyd edək ki, Məsud Pezeşkian bəzi vacib xarici səfərlərə adətən qızı Zəhra Pezeşkianla gedir. O, 1994-cü ildə həyat yoldaşı Fatimə Məcidi və bir oğlunu yol qəzasında itirib. İki oğlu və bir qızını tək böyüdüb. Bu faciədən sonra o,  bir daha ailə qurmayıb. Ona görə də protokol üzrə birinci xanımların iştirak etdiyi mərasimlərdə qızı Zəhra xanım təmsil edir.

Məsud Pezeşkianın oğlu və media məsələləri üzrə müşaviri Yusif Pezeşkianın Şərqi Azərbaycan əyalətinin məsul şəxsləri ilə Təbrizdə görüşü zamanı Azərbaycan dilində danışması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

O, çıxışında hökumətin fəaliyyətinə yönələn tənqidlərə toxunaraq, bildirib ki, yalnız tənqid edənlər deyil, hökumətin fəaliyyətinə kömək edə biləcək şəxslər də önə çıxmalıdır. Radikal istifadəçilər Yusif Pezeşkianın hansı əsasla media müşaviri vəzifəsinə təyin edildiyini və rəsmi tədbirdə ölkənin rəsmi dilindən fərqli dildə danışmasını tənqid ediblər.

Bununla belə, bəzi istifadəçilər isə yerli görüşlərdə bölgə əhalisinin dilindən istifadə edilməsini normal hesab edərək Yusif Pezeşkiana yönələn tənqidlərə qarşı çıxıblar.

Yusif Pezeşkianın Təbrizdə ana dilində danışmasını tənqid edənlər hüquqi savadsızlıqlarını, habelə İranın Ana yasasından xəbərsizliklərinin göstəriblər. Əsas qanunda regionlarda yerli dillərdən istifadə qadağan olunmayıb. Odur ki, Azərbaycan əyalətlərində tədbirindən asılı olmayaraq, türkcə danışmaq qanun pozuntusu sayılmır. 

Başqa bir tərəfdən panfarsçılar, fars şonizmi nə vaxtadək türk dilinin kölgəsini qamçılayacaq? Axı, dünya indi başqadır. İranın xüsusən türklərə bu günlərdə çox böyük ehtiyacı var. Bunları nəzərə almayanlar daha çox İslam Respublikasının düşmənləri, qanun pozucularıdırlar, nəinki ana dilində danışan Pezeşkianlar. 

1945-ci il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yarandığı gündür. Bu tarixdə Firqə Azərbaycan türklərinin milli hüquqlarının təmin olunması ilə bağlı 12 maddəlik prinsipi açıqlayıb. 

“Azərbaycanın ibtidai məktəblərində üç kilasa qədər dərslər fəqət Azərbaycan dilində aparılmalıdır. Üç kilasdan yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli darulfununun təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir”, - deyə 3-cü maddədə vurğulanıb.

81 ildir ki, Güney Azərbaycan türkü bu hüququnu reallaşdıra bilmir. Çünki mürtəce düşüncəlilər ona qarşı həmişə bir yerdə olur. Belələri Pezeşkianın ana dilində danışığından ürkür, xoflanır, xoşlanmırlar. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə ana dilində danışığından isə həyəcanlanırlar. Öz işləridir. Xoşu gəlməyən, bir stəkan “istisu” içsin…