Baş tutmayan iki terakt
London niyə SEPAH-dan şübhələnir?
19 Oktyabr 2026
Ötən ay Böyük Britaniyanın Qlosterşir qraflığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RAF "Fairford" aviabazası yaxınlığında terror cəhdi olub.
Polis əməkdaşları ərazidəki üç furqon və onlara bağlı şəxsləri saxlayıb. Aparılan yoxlamalar nəticəsində şübhəlilər saxlanılıb, onlarda partlayıcı qurğu olmasa da, yandırıcı maye kimi benzin aşkarlanıb. Londonda yaşayan və aralarında gənc Britaniya vətəndaşlarının da olduğu şəxslər terror hazırlamaqda şübhəli bilinərək nəzarətə götürülüblər. Sonradan girov qarşılığında sərbəst buraxılıblar. Bu cinayət işi üzrə istintaq davam edir. Son məlumata əsasən, iş üzrə ümumilikdə 7 nəfər saxlanılıb.
Hadisədən sonra Böyük Britaniyanın Baş naziri Endi Börnhem parlamentdə çıxışında “Fairford” hava bazasına yönəlmiş şübhəli hücum planı ilə bağlı bildirmişdi: “Qiymətləndirməmizə görə, planın İranda koordinasiya edilmiş olmasının yüksək ehtimal olduğunu, İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH-red.) tərəfindən yönləndirildiyini, demək olar ki, qəti şəkildə təsdiqləyə bilərəm”.
Birləşmiş krallıq kimi bir dövlətin hökumət başçısının parlamentdəki bu açıqlamasını etibarlı mənbəyin məlumatı olaraq dəyərləndirmək mümkündür.
Böyük Britaniya da daxil olmaqla 29 dövlət RAF “Fairford” hava bazasına yönəlmiş şübhəli hücum planında İranın rolundan bəhs edən araşdırmanı dəstəkləyiblər.
“İranın bizə və tərəfdaşlarımıza qarşı ölümcül sui-qəsd, yandırma, təxribat, kiberhücum və başqa hibrid fəaliyyətlər də daxil olmaqla zorakılığı ehtiva edən hücumlara əl atmasını sərt şəkildə qınayırıq”, - dövlətlərin məsələyə dair bəyanatında vurğulanıb.
ABŞ, İngiltərə, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveç hökumətlərinin imzası ilə yayılan yazılı bəyanatda hadisədə İranın rolunun olduğu vurğulanıb.
Bəyanatda qeyd edilib ki, İranın xarici ölkələrdəki insanları bu cür yollarla təhdid etmə, susdurma, qorxutma, təqib etmə, zərər vermə və ya təzyiq göstərmə yönündəki bütün cəhdləri "qəbuledilməz"dir. Bəyanatı imzalayanlar xəbərdarlıq edərək bildiriblər: “İran və ya başqa istənilən dövlət adına düşmənlik fəaliyyətləri yürüdən hər kəs bilməlidir ki, biz bu əməlləri aşkar etmək, araşdırmaq, qarşısını almaq və törədənləri mühakimə etmək üçün addım atacağıq. Suverenliyimizi qorumaq, beynəlxalq koordinasiyamızı gücləndirmək, milli dayanıqlığımızı artırmaq, icmalarımızı qorumaq və məsuliyyət daşıyanlardan hesab soğrulamasını təmin etmək məsələsində birlik içində olduğumuzdan və qətiyyətimizi sürdürdüyümüzdən heç bir şübhə olmamalıdır”.
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend bildirib ki, Tehranın Londondakı səfiri bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Qurumun bəyanatına əsasən, səfirə bildirilib ki, Böyük Britaniya İranın qorxutma, hədə-qorxu və ya düşmənçilik hərəkətlərinə dözməyəcək. Bundan başqa, diplomata çatdırılıb ki, Tehran belə davranışa dərhal son qoymalıdır.
Nazir bildirib ki, İranın cinayətkar şəbəkələr, vasitəçi qruplar və dövlət tərəfindən maliyyələşdirilən zərərli fəaliyyət vasitəsilə Böyük Britaniyanın və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini pozmağa davam edən cəhdləri qəbuledilməzdir: “İrana dəfələrlə bildirdiyimiz kimi, Böyük Britaniya öz ərazisində hədələrə dözməyəcək”.
Birləşmiş krallığın yeni sanksiya siyahısına iki nəfər daxil edilib. SEPAH-ın əks-kəşfiyyat əməliyyatlarının rəhbəri adlandırılan Ruhulla Bazkəndi və İran dissidentlərinə qarşı bir neçə sui-qəsd planını təşkil etmiş Zandaşti (daha çox Zindaşti və ya Naci Şərifi Zindaşti kimi də tanınır) cinayətkar şəbəkəsinin üzvü Şəhram Əlirza Təmərzadə Cəkinin də adı var.
Yeri gəlmişkən, Naci Şərifi Zindaşti kürd etnik qrupuna məxsusdur. İranda narkobaron olduğu deyilir. Onun dəstəsi “Zindaşti şəbəkəsi” kimi tanınır. Naci Şərifi iri beynəlxalq cinayət sindikatının liderilərindəndir. Onun İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu bildirilir. Vaxtaşırı olaraq, mediada onun adı siyasi opponentlərin xaricdə qətlləri və sənaye miqyasında narkotik qaçaqmalçılığında hallandırılıb. Bu cür məlumatlara əsasən, şəbəkə İrandan Avropaya uzanan heroin və başqa narkotiklərin iri qaçaqmalçılıq marşrutlarını nəzarətdə saxlayır.
Beynəlxalq araşdırmaların və xüsusi xidmət orqanlarının, o cümlədən Türkiyə və ABŞ-nin məlumatlarına görə, Zindaşti və onun qruplaşması İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) tapşırığı ilə fəaliyyət göstərir. Onlar dünyada İran dissidentlərini, Tehran rejimi tənqidçilərini aradan götürür, qaçırırlar. İranın müxalifət media-meneceri Səid Kərimianın 2017-ci ildə İstanbulda qətli, keçmiş hökumətin informasiya texnologiyası üzrə məsləhətçisi Məsud Mövləvi Vardancəninin 2019-cu ildə aradan götürülməsini örnək kimi göstərmək olar.
Hərbi bazada terror cəhdinə görə Tehran niyə ittiham olunur? Sentyabrda ABŞ Tehran rejiminə qarşı “cəhənnəm sanksiyası” tətbiq edib. Həmin tədbirə əsasən, İrana məxsus aviaşirkətlərə xidmət edən hava limanları da sanksiyalara məruz qalacaq.
Bunun ardınca İslam Respublikasının milli təhlükəsizlik şurasının katibi Möhsün Rezai qonşu dövlətləri təhdid etmişdi: “Biz regionun bütün ölkələrinə Amerikanın bu macərasına qoşulmamalarını xahiş edirik. Qonşu ölkələr ABŞ ilə əməkdaşlıq edərək, İranın uçuşlarını qadağan etsələr, onların öz hava limanlarında da uçuşlar dayandırılacaq”.
Qonşu ölkələr onun təhdidlərinə məhəl qoymayaraq, öz dövlətlərinin maraqları naminə sanksiyaya qoşulub.
Katibin hədələyici çıxışından bir neçə gün sonra - sentyabrın 30-da Dubaydan Təl-Əvivə FZ1073 reysi ilə uçan “Flydubai” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsinin göyərtəsində ikinci pilot tərəfindən terror aktı törətməyə cəhd edilib.
Məlumatlara görə, Oman vətəndaşı olan 29 yaşlı ikinci pilot Həmam əl-Həmmami uçuş zamanı birinci pilota hücum edərək idarəetməni ələ keçirməyə çalışıb. O, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror aktlarının ssenarisini təkrarlamağı və təyyarəni İsrailin Ben Qurion hava limanının terminalına çırpmağı planlaşdırıbmış.
Sentyabrın 27-də isə Britaniyada ABŞ-nin Hərbi Hava Qüvvələri bazasında terror cəhdi ifşa olunub. Hər iki hadisə Rezainin məlum açıqlamasından sonra baş verib. ABŞ RAF “Fairford” bazasından bu il fevralın 28-dən etibarən İrana qarşı aparılan əməliyyatlarda istifadə etdiyi bildirilib.
Bundan başqa, Böyük Britaniya SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib. Ona görə də qvardiyanın Avropada, o cümlədən Böyük Britaniyada terror addımları atması mümkündür. Bu qruplaşma, rəqib tərəfə təzyiqlərini əsasən bu yolla reallaşdırır. Bu baxımdan, RAF “Fairford” və “Flydubai” arasında əlaqə yox deyil. Bu hadisələrin hər ikisi baş tutmayan terror aktları kimi dəyərləndirilə bilər...