Tehran yalanlar və etiraflar məngənəsində
Etirazlar yenidən baş qaldırır, iqtisadiyyat çökür, idarəçilikdə böhran yaranıb...
28 Avqust 2026
İran hakimiyyəti ölkəni əvvəlki illərdə olduğu kimi idarə etməyi bacarmır.
Əvvəllər İslam Respublikası necə idarə olunurdu? Bu hakimiyyətin 47 illik idarəçiliyi altında İranda insanlar əmin-amanlıqda yaşamayıb. İnqilabın ilk illərində “əks-inqilabi ünsürlərə qarşı mübarizə” adı ilə Xomeyni hakimiyyəti, eynən bolşeviklərdə olduğu kimi, müxalifəti məhkəmə funksiyasını icra edən komitələrin hökmü ilə qətlə yetirdi. Müxalif fikirli insanların bir hissəsi ölkəni tərk etməyə məcbur oldu. Bir qismi həbsxanada işgəncələrə məruz qaldı, məhkumluq həyatı yaşadı. Həbs müddəti başa çatandan sonra da təqiblərə məruz qaldılar. Bir hissəsi rejimin əlaltısı oldu. İraqla 8 illik savaş cəmiyyəti basqı altında saxlamaq, fərqli düşünənləri əzmək, onlara təzyiq etmək üçün fürsət rolunu oynadı. Müharibə bitəndən sonra yeni təzyiq üsulları düşündülər. Fərqli düşüncə sahibləri müxtəlif ölkələrin - ABŞ, İsrailin, İngiltərənin casusu sayıldılar. 1990-2000-ci illər iqtisadiyyatda müəyyən sabitlik dövrü sayılsa da, ABŞ başda olmaqla Qərbin sanksiyası Tehranın başı üzərindən əskik olmayıb. Rəhbərlik bu sıxıntılardan, çətinliklərdən cəmiyyətə qarşı dəyənək olaraq istifadə edib.
İslam Respublikasının 47 illik hakimiyyəti dövründə edam etdiyi insanların dəqiq sayı məlum olmasa da, onların on minlərlə olduğu deyilir. Müxtəlif mənbələrin məlumatlarına əsasən, 2025-ci ildə 2000 minə yaxın insan ya dar ağacından asılıb, ya da güllə ilə ölümə məhkum edilib.
Rza və Məhəmmədrza şahların hakimiyyətində də, Xomeyni rejimində də insanlar haqq sözə görə mərkəzi rəhbərlik tərəfindən edamlar cəzalanıblar. Təsəvvür edin ki, şahların bu cəzasından çəkinməyən İran cəmiyyəti qanı bahasına qurduğu rejimdən də mövqeyinə görə eyni münasibət gördü. Tehran isə ənənəvi üsulla onu nə ələ ala bilir, nə Azadlıq istəyinin boğmağa gücü çatır.
Hakimiyyət, özəlliklə, İnqilab Keşikçiləri Qvardiyası yeniliyə, dəyişikliyi hazır deyil.
Ona görə də "müqavimət" adı ilə ölkəni diz çökdürür, onun iqtisadiyyatını siyasi mülahizələr üzündən məhvə sürükləyir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İran İslam Respublikasının vəziyyətini daha aydın xarakterizə edib: "Əminliklə deyə bilərəm ki, sonda ABŞ bu məsələdə daha üstün mövqedə olacaq, İran nüvə silahına sahib olmayacaq və Hörmüz boğazındakı vəziyyət də elə bir həddə çatacaq ki, ABŞ xalqı üçün qaz və neft qiymətləri sabitləşəcək. Məsələ burasındadır ki, iranlılar bəzən öhdəliklər götürür, ancaq bunlara əməl etmirlər; razılaşma əldə edirlər, amma ona riayət etmirlər".
O əlavə edib ki, bu məsələnin dəyişkən və sabit olmayan mahiyyəti ilə bağlı məqamı anlayır: "Lakin hesab edirəm ki, məqsədlərimizi həyata keçirmək üçün çoxlu yol və vasitələrimiz var. Sadəcə bəzən diqqətimizi enerji məsələsinə yönəldirik, çünki amerikalıların neft və qaz qiymətlərinin öhdəsindən gələ bilməsini istəyirik.
Təbii ki, bəzən diqqəti məsələnin hərbi tərəfinə də yönəldirik. Bəzən isə gücümüzü İranın nüvə proqramına sərf edirik".
O, İranla qarşıdurmada ölkəsinin üstün mövqeyindən də bəhs edib.
Bəziləri elə zənn edir ki, Tehrana qarşı fəaliyyətində Vaşinqton mövqeyini, mövzunu dəyişib. Fikrimizcə, bu yanaşma bir qədər yanlışdır. Çünki ona qarşı mübarizə hədəfini İslam Respublikasının fəaliyyəti müəyyənləşdirib. Tehran həm nüvə fəaliyyətləri, həm ballistik raketlər, həm də Ukraynada müharibə aparmaq üçün Rusiyaya göndərdiyi dronlar səbəbindən özünü dünya nəhənglərinin hədəfinə çıxarıb. Eləcə də SEPAH-ın dünyada, o cümlədən Yaxın Şərqdəki fəaliyyəti də Vaşinqton və Təl-Əvivin İranda dağıdacağı yerləri nişan verdi.
ABŞ və İsrail 2025-ci ilin yayında 13 günlük birgə əməliyyatda əsasən, bu istiqamətləri vurublar.
Builki müharibədə isə Tehran, ABŞ başda olmaqla beynəlxalq ictimaiyyəti Hörmüz boğazını bağlamaqla hədələdi. Vaşinqton bu akvatoriyada əməliyyatlar keçirməklə hadisələri İranın cənubuna daşıdı. Yəni Tehran Hörmüz boğazı silahından istifadə etməklə özünə qarşı fəaliyyətin güclənməsinə əsas yaratdı.
ABŞ İranın nüvə obyektlərini dağıtmaqla birinci mərhələdə uğur qazandığını bildirib.
İndi isə o, Hörmüz boğazının ona aid olduğunu, oraya nəzarət etdiyini açıqlayır.
Donald Trampın "İranı məğlub etdikdən sonra (onsuz da çox ağır şəkildə məğlub edilir), tezliklə Hörmüz boğazını Amerika Birləşmiş Ştatlarının ərazisi elan edəcəyəm. Blokadamız davam edir, istəmədiyimiz halda heç bir gəmi oradan keçə bilməz" bəyanatı zarafat sayılsa da, gerçəkliyin payı az deyil. Ştatların Prezidenti son günlər ikinci dəfə Hörmüz boğazını "ABŞ-nin yeni ərazisi" kimi göstərən Yaxın Şərq xəritəsini paylaşıb. Onun "Truth" sosial şəbəkəsində paylaşdığı şəkildə boğaz "ABŞ-nin yeni ərazisi" başlığı ilə dairəyə alınıb.
Onun sözlərinə görə, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki əməliyyatları və strateji əhəmiyyətli su yolu vasitəsilə gəmiçilik üzərində nəzarət ilə əlaqəlidir.
Tehranın “dəlinin yadına daş salması” səbəbindən Hörmüz boğazı ətrafındakı vəziyyət ABŞ və İran arasında əsas gərginlik mənbəyi olaraq qalır. Ona görə də bu yerdə yada
Venesuela hadisələri düşür.
Bu ilin yanvarında ölkə rəhbəri Ştatlar tərəfindən həbs edildikdən sonra ABŞ Venesueladan gündə 500 min bareldən çox neft tədarük edir. Bu da ölkənin ümumi gündəlik "qara qızıl" hasilatının (1,25 milyon barel) təxminən yarısına bərabərdir.
Nəzəri cəhətdən İran nefti və başqa yeraltı-yerüstü sərvətləri üzrə ABŞ ilə əməkdaşlığa dair anlaşmalar imzaladıqdan sonra Tehran - Vaşinqton münasibəti regionda ən yüksək səviyyədə qurula bilər. Bu isə İsrail başda olmaqla Ştatların bölgədəki bir sıra müttəfiqlərinin maraqlarına uyğun gəlmir. Belə vəziyyət SEPAH kimi daxildəki anti-qərb ünsürlərin də sıradan çıxması ilə nəticələnə bilər.
İndi şəraitin İslam Respublikası üçün əlverişli olduğunu hakimiyyətdə də etiraf edirlər.
Prezident Məsud Pezeşkian ölkəsinin Tibb Cəmiyyəti İslam Assosiasiyasının 31-ci Baş Assambleyasındakı çıxışı zamanı bildirib: "Müharibə gec-tez başa çatmalıdır. Nə qədər ki, biz güc və ləyaqət mövqeyindəyik, ona bu gün son qoymaq daha yaxşıdır".
O, ABŞ ilə münaqişənin sərtləşdiyi, Vaşinqtonun Tehrana qarşı sanksiyaları ağırlaşdırması fonunda İranın ciddi sosial problemlərlə üzləşdiyini etiraf edib: "Hazırda cəmiyyətdə çoxlu problemlərin olduğunu anlayıram. Bacardığımız qədər bunların qarşısını almağa çalışırıq”.
Bu, təkcə hökumət tərəfindən deyil, ruhanilərin də etiraf etdikləri bir məsələdir.
İran Dini Ekspertlər Məclisinin və Məsləhət Şurasının üzvü Qulamrza Mesbahi-Müqədəm bildirib ki, ABŞ ilə razılaşma üçün indi ən yaxşı vaxtdır.
O, İRNA-ya müsahibəsində Tehranla Vaşinqton arasında daha əvvəl İslamabadda əldə edilmiş razılaşmanı gələcək danışıqlar üçün əsas götürməyə çağırıb. Əlavə edib ki, həmin razılaşma İrana müharibə nəticəsində əldə etməyə çalışdığı üstünlükləri qazandırıb. Onun sözlərinə görə, razılaşmaya əsasən, Hörmüz boğazı İranın idarəçiliyində qalacaq, sanksiyalar tamamilə ləğv ediləcək və İranın xaricdə dondurulmuş aktivləri azad olunacaq.
Bütün bu etiraflar, müəyyən mənada özünə arxayınlıqla bağlı açıqlamalar İran iqtisadiyyatını ağır vəziyyətdən çıxmağa hələ ki yardım etmir.
Ölkədə sosial vəziyyət günü-gündən ağırlaşır. İşsizlik, bahalıq, dolanışığın çətinləşməsi cəmiyyətdə narazılıqları artırır.
Bu günlərdə Həmədan şəhərində bir qrup tibb işçisi etiraz aksiyası keçirib. Onlar valiliyin binasının qarşısına toplaşaraq iş saatlarına uyğun maaşlarının hesablanma tərzindəki ədalətsizliyə, iş şəraiti ilə bağlı problemlərə etiraz ediblər
Təqaüdçülər isə 50 dərəcə istidə etiraz aksiyası keçiriblər. Xuzistan əyalətinin Şuş şəhərində sosial təminat sahəsində çalışmış təqaüdçülər yaşayış şəraitinə və iqtisadi problemlərə etiraz olaraq aksiya keçiriblər. Aksiyada təqaüdçülər aşağı əməkhaqqı, artan yaşayış xərcləri, inflyasiya, tibbi və təhsil xərclərinin yüksəlməsi, rifah səviyyəsinin aşağı düşməsindən narazılıq ediblər. Onlar “Hökumət xəyanət edir, parlament dəstəkləyir!", “Bizi talayıb, yoxsul etdilər!", “İnsanların həyatının bəlası-bahalıq və inflyasiya!" və “Müharibəni qızışdırmaq yetər, süfrəmiz boşdur!" kimi şüarlar səsləndiriblər. Təqaüdçülər tibbi xidmətlərin yaxşılaşdırılmasını və sosial tələblərinin yerinə yetirilməsini istəyiblər.
Baş verən hadisələr - müharibə, sanksiyalar İran iqtisadiyyatında yeni problemlər yaradır. İyul ayında infilyasiyanın 66 faizə çatdığı, istehlak qiymətlərinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87,9 faiz artdığı və ərzaq inflyasiyasının 128 faizə yüksəldiyi bildirilib. Bu məlumatlar rəsmi statistika əsasında hazırlanıb. Gerçək vəziyyətin daha ağır olduğuna dair məlumatlar da var.
Ötən il dekabrın sonunda başlayıb, bu ilin ortalarınadək davam edən etiraz aksiyaları nəticəsində tutulanların mühakiməsi davam edir.
BMT-nin məlumatına görə, 2026-cı ilin son dörd ayında hadisələrdə iştirak etdiyi iddia olunan azı 56 nəfər milli təhlükəsizlik məsələləri üzrə ittihamlarla edam ediliblər.
Ölkədə vəziyyət ağırlaşdıqca, mümkün etirazlardan ehtiyatlanan hakimiyyətin müxtəlif bəhanələrlə edamları davam etdirəcəyi də ehtimal olunur.
ABŞ-nin İrana qarşı elan etdiyi son sanksiyalar vəziyyəti çıxılmaz hala sala bilər.
İslam Respublikası hərbi əməliyyatlar nəticəsində ali rəhbərini, yüksək rütbəli hərbçilərin, atom-nüvə alimlərini itirib, hərbi sənaye kompleksi, nüvə obyektləri, hərbi bazaları və başqa bu kimi müəssisələri dağılıb. Baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, yuxarı eşelonda ölkənin idarə edilməsində böhran yaşanır. Bir qrup İranı ənənəvi - inqilab dövrünün üsulları ilə idarə etmək istəyir. O biri qrup isə yeniliyə, danışıqlara çalışır. Yeni sanksiyalar isə onun iqtisadiyyatını ağırlaşdıra bilər. Belə vəziyyətdə isə Mirzə Ələkbər Sabirin "Satıram" satirik şeiri yada düşür:
"Moldayı, salmadı el dil boğaza....
Eybi yox, gərçi qoyulduq loğaza,
Yaz bu elanımı da bir kağıza:
Açmışam Reydə geniş bir mağaza,
Çox ucuz qiymətə hər şey satıram,
Ay alan! Məmləkəti-Rey satıram!"
Ona görə də İslam Respublikasının vəziyyətini belə xarakterizə etmək olar: ya o tərk silah olmaq istəyir, ya da uduzulmaq üçün qumara qoyulub…