Amerika İranda kiminlə döyüşür?
Bu qarşıdurma müharibədən daha çox SEPAH-a qarşı antiterror əməliyyatıdır
09 Sentyabr 2026
ABŞ-İran qarşıdurmasında çox əcaib mənzərə yaranıb. Tehran hakimiyyətində təmsil olunanların və siyasi elitanın bir hissəsi qəti şəkildə silahlı qarşıdurmanın əleyhinə çıxış edirlər. Onda sual yaranır: ABŞ İranda kimlə savaşır?
Bu günlərdə Prezident Donald Tramp İranda "böyük uğur" qazandıqlarını bildirib.
Onun qənaətincə, administrasiyası bu uğuru İranın nüvə silahı əldə etməsinə imkan verməməklə əldə edib. Donald Tramp Ştatların İslam Respublikasını, daha əvvəl Venesuela ilə davrandıqları kimi, nəzarət altına aldığını bəyan edib: “Biz Venesuelanı nəzarət altına aldıq. Əslində, İranı da nəzarət altına aldıq”. O qeyd edib ki, vacib olan İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir.
ABŞ lideri İranla indiki hərbi qarşıdurmanı müharibə hesab etmədiyini də vurğulayıb: “Bizim üçün bunlar xırda şeylərdir, böyük bir şey deyil”.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ və İranın zərbə mübadiləsi aparması iki ölkə arasında bir aydan artıq müddətdən sonra münaqişənin yenidən kəskinləşməsinə əsas yaradıb.
Bunun ardınca ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus bəzi hədəfləri vurduqlarını bildirib. Əməliyyat SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərinə və ABŞ hərbiçilərinə qarşı fəaliyyəti ilə əlaqədar həyata keçirilib.
Bildirilib ki, zərbələr zamanı qvardiyanın hava hücumundan müdafiə vasitələri, radar sistemləri, dəniz infrastrukturu, minalar və rabitə mərkəzləri hədəfə alınıb.
İran mediası isə ölkənin cənubundakı bir sıra bölgələrdə raket zərbələri və partlayışlar barədə məlumat yayıb. Çabahar və Konərək limanlarının yaxınlığında, eləcə də Bəndər Abbas, Qeşm adası və Sirik ətrafında partlayışlar qeydə alınıb.
Habelə İranın əsas enerji və neft-kimya mərkəzlərindən biri - Əsəluyə şəhərində güclü partlayış səsinin eşidildiyi açıqlanıb. Bunlardan sonra ABŞ İranın körfəzdəki Xark adasına da zərbələr endirdiyini bildirib.
SEPAH isə ABŞ-nin İordaniya, Küveytdəki bazalarına raketlərlə hücum etdiyini açıqlayıb.
İnqilab keşikçiləri bildiriblər ki, Ştatların İordaniyadakı dəniz piyadaları kazarmalarına endirdikləri raket zərbəsi nəticəsində çoxlu sayda amerikalı əsgər ölüb. ABŞ isə sentyabrın əvvəlində İrana endirdiyi zərbələr nəticəsində daha 6 İran hərbçisinin həlak olduğunu açıqlayıb. Bir müddət əvvəl İslam Respublikası Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin 3 pilotunun həlak olması barədə də məlumat yayılmışdı.
Bu kimi xəbərlərə əsasən, demək olar ki, ABŞ İranda SEPAH-la döyüşür. Bu, onun və başlıq etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı keçirdiyi əməliyyatlara oxşayır.
Ağ evin mövqeyindən bunu belə qiymətləndirmək mümkündür. Çünki ABŞ başqa müttəfiqləri ilə birlikdə SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib. Ona görə də onun İran ərazisində bu hərbi birləşməyə qarşı keçirdiyi əməliyyatları müharibə deyil, antiterror əməliyyatı saymaq olar.
SEPAH İslam Respublikasının siyasi-ideoloji və silahlı qüvvəsidir. O, bir təşkilat olaraq, Xomeyni ideyaları uğurunda, bu ideyanı başqa müsəlman ölkələrində reallaşdırmaq yolunda mübarizə aparır. İŞİD, Əl-Qaidə də bu kimi işlərlə məşğul olur. Hətta, Həsən Sabbah və tərəfdarları da vaxtı ilə bu istiqamətdə fəaliyyət göstəriblər. Ancaq onların hamısının fəaliyyəti sonucda iflasa uğrayıb. Bəzilərinin “Haşhaşilər” adlandırdıqları Həsən Sabbahın təriqəti əsr yarım mövcud olsa da, nəticədə, əsası zəif olduğundan davam gətirə bilmədi. Hülakü xan 1256-cı ildə Ələmud qalasını ələ keçirməklə onların mövcudluğuna son qoydu.
SEPAH-ın mübarizəsi də bir sıra aspektdən onları xatırladır.
İranda hökumət var. Bu icra orqanı təhlükəsizlik, müdafiə, siyasi-diplomatik məsələlərlə yanaşı, ölkə əhalisinin dolanışığı və s. gündəlik problemlərinin həlli ilə də məşğul olur.
Hökumətin başçısı, Prezident Məsud Pezeşkian səlahiyyətlərini icra etməyə başlayandan diqqəti iqtisadiyyata yönəldib, qərblə danışıqlara üstünlük verib: “Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır”.
O, iqtisadiyyatın inkişafını nüvə sənayesindən öndə sayır. Pezeşkian bəyan edir ki, İranın nüvə fəaliyyətlərinin əsas məqsədi hərbi güc nümayişi deyil, mülki sahələri inkişaf etdirmək, xalqın sosial-iqtisadi problemlərini həll etmək və insanların rifahını təmin etməkdir.
Hökumət başçısı ölkənin gələcəyinin nüvə qarşıdurmalarından deyil, güclü daxili istehsaldan və iqtisadi islahatlardan asılı olduğunu müdafiə edir.
Məsud Pezeşkian bu günlərdə ölkəsinin iqtisadi vəziyyətindən danışarkən nefti sata bilmədiklərini, fabriklərin dağıldığını deyib. O, xərclərin artması, neft satışının azalması və sənaye müəssisələrinə dəyən ziyanın dövlət gəlirlərinə ciddi təsir etdiyini də vurğulayıb.
Prezidentin sözlərinə görə, idxal olunan məhsullar artıq ölkəyə əvvəlki kimi birbaşa yollarla çatdırılmır. Müxtəlif marşrutlardan istifadə olunması isə məhsulların son qiymətinin artmasına səbəb olur: “Gəlirimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”.
O, sənaye müəssisələrinin də müharibə zamanı zərər gördüyünü, əksər fabriklərə zərbələr endirildiyini, nəticədə onların dağıdıldığını da bildirib. Bu kimi səbəblərdən müəssisələrdən vergi toplaya bilmədiklərini, onların dirçəlməsi üçün isə əlavə kapital yatırmalı olacaqlarını vurğulayıb.
Onun oğlu və müşaviri Yusif Pezeşkian da diqqəti iqtisadiyyatın inkişafına yönəldərək deyib ki, uranın zənginləşdirilməsinə qarşı olmasa da, hesab edir ki, nüvə proqramı iranlıların həyatını xilas etməyəcək: “Bizim həyatımız zənginləşdirmədən asılı deyil. Zənginləşdirmə etməsək, biz ölməyəcəyik... Mənim qeyd etmək istədiyim odur ki, qərarımızın ölçülərini bilməliyik”.
Müşavirin açıqlaması da bir oğulun deyil, hökumət müşavirinin münasibəti, İranın mövqeyidir.
Hökumət ölkə iqtisadiyyatının neftdən asılı olduğunu, onun hasilatında və satışında yaranan problemləri hər kəsdən daha yaxşı bilir.
BBC-nin farsca redaksiyasına Kepler şirkəti tərəfindən təqdim edilən məlumatlar görə, İran neftinin tədarük həcmləri martda təxminən gündə 1,83 milyon barreldən avqustda təxminən 255 000 barrelə qədər azalıb.
Bir müddət əvvəl “Reuters” agentliyi də bildirmişdi ki, ABŞ-nin dəniz blokadası iyulun 14-dən, bərpa edildiyi andan etibarən Hörmüz boğazından Çinə İran xam neftinin əhəmiyyətli partiyaları daxil olmayıb. Məlumatda deyilir ki, hazırda Çində boşaldılan neftin böyük hissəsi blokadanın sərtləşdirilməsindən əvvəl yüklənib.
Yeni məlumatlarda bildirilir ki, neftin ixracının azalması istehsala da təsir edib. Kepler-in təxminlərinə görə, İranda neft hasilatı martda gündə 3,24 milyon barreldən avqustda gündə 1,755 milyon barrelə düşüb. Bu, təxminən 46 faizlik azalma deməkdir. Kondensat hasilatı da ilin əvvəlindəki gündə təxminən 800 000 barreldən gündə 625 000 barrelə enib.
Məlumatlara əsasən, hasilatın azalma tendensiyasına baxmayaraq, İran terminallarında, neft emalı zavodlarında və digər yerüstü yataqlarda mövcud olan ümumi neft həcmi iyulun 14-dəki təxminən 58,2 milyon barreldən avqust ayının sonuna qədər 67,4 milyon barrelə yüksəlib.
Neft ehtiyatlarının artması ixracatın kəskin düşməsi ilə birlikdə bu məhdudiyyətlərin neft yataqlarına təsir etməsinə gətirib çıxaracaq və İranı hasilatı azaltmağa məcbur edəcək.
Bu isə nəticədə iqtisadiyyatın çökməsini sürətləndirəcək. O zaman 400 kiloqramdan artıq zənginləşdirilmiş sarı, yaşıl, narıncı rəngli uran “piroqu”, “sarı tort” ölkə əhalisinin çörəyə, suya, işığa, duza, şəkərə, müxtəlif ərzaq məhsullarına olan ehtiyacını heç ödəməyəcək.
Bütün bunlar görünür, SEPAH-ın heç vecinə də deyil. Əks halda, bu hərbi birləşmənin bir generalı, yüksək vəzifəli şəxsi ölkə iqtisadiyyatının yaşadığı ağır vəziyyətdən də danışardılar. Bəlağətli, “düşmən” adlandırdıqları qarşı tərəfi hədələyici çıxışlar etməklə də İslam Respublikası xilas etmək, əhalisini razı salmaq çətin mümkün olsun. Bu iqtisadiyyatdır, gəlişigözəl sözlərlə idarə olunmur.
İranın keçmiş Prezidenti Həsən Ruhani ölkəsinin teleradio şirkətinin fəaliyyətini tənqid edərək, müharibənin "şərəfli" şəkildə başa çatdırmağa çağırıb.
O, bəzi insanların danışıqlara nifrət etdiyini də vurğulayıb. Həsən Ruhani İran teleradiosunda “xüsusi azlığın” dominantlığını tənqid edib: “Kim danışıqlar aparmaq istəyirsə, onlara kimin rəhbərlik etməsindən asılı olmayaraq, hamımız onları dəstəkləməliyik”.
ABŞ-nin maliyyə naziri Skott Bessentin açıqlamasında SEPAH-la hökumət sanki ayrılır: “Prezident Donald Tramp deyib ki, anlaşma memorandumunun uğursuz olmasının səbəbi onların razılaşmaya hazır olmamasıdır. Görək onlar razılaşmaya nə vaxt hazır olacaqlar”.
Onun sözlərinə görə, Məsud Pezeşkian da danışıqlara hazır olduqları, İslamabad memorandumuna qayıtmaq istədikləri barədə çıxış edib.
Baş verənlərdən, İran daxili siyasi çəkişmə və müzakirələrdən göründüyü kimi, SEPAH ABŞ ilə müharibəni və qarşıdurmanı davam etdirməyin, hökumət və onu dəstəkləyən keçmiş islahatçılar isə danışıqların və müzakirələrin tərəfdarıdır. Məhz buna görə deyirik ki, ABŞ İranla deyil, SEPAH-la savaşır, ona qarşı əməliyyat keçirir.