Logo
news content

Tehran məqam gözləyir
“Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır

Fürsət gözləyirmişlər. Son günlər Azərbaycanda məktəbli geyimləri ilə bağlı yaranmış vəziyyətdən Tehran rejimi dərhal istifadə etməyə çalışıb. Oktyabrın 14-də Tehranda Azərbaycana qarşı mitinq keçirilib. Bu, İslam Respublikasının Azərbaycanın daxili işinə qarışması faktıdır. Tehran özünü gizlədə bilmədi...

İran hakimiyyəti Quzey Azərbaycana qarşı təbliğat aparmaq üçün bu cür hadisələrdən həmişə sui-istifadə etməyə çalışır. Son beş-altı ildə Tehran rejiminin Azərbaycana yönəlik bu cür cəhdləri uğursuzluğa düçar olub.

Ali liderin Azərbaycan Respublikası üzrə o vaxtkı nümayəndəsi höccətülislam Əli Əkbər Ocaqnejadın arzuedilməz şəxs elan olunaraq ölkədən qovulması, Zəngəzur dəhlizi ilə bağlı yanlış iddiaların doğrulanmaması və başqa bu kimi hadisələr Tehranın qapısına Bakıdan vurulan çoxsaylı qollara nümunə sayıla bilər.

Son hadisələrdən Azərbaycana qarşı istifadə etmək istəyənlərin xəbis niyyəti də eyni aqibətlə üzləşəcək.

Azərbaycan müstəqilliyini bərpa edəndən günümüzədək Tehran hakimiyyətində bu niyyətli rəsmilər, qüvvələr mövcuddur. Onlar bu günlərdə Azərbaycana qarşı olan daxili və xarici həmfikirləri ilə birləşiblər.

Oktyabrın 14-də Tehranda axşam saatlarında Azərbaycan Respublıikasına qarşı mitinq keçirilib, şüar səsləndirilib.

İran hakimiyyəti Bakıda baş verənlərdən İslam Respublikası daxilində Azərbaycana qarşı təbliğat kampaniyası aparmağa çalışıb. Tehran rejiminin Quzey Azərbaycandakı səfirliyi isə ölkəsindəki bu hadisələri ört-basdır etməyə çalışıb, bu barədə yazılanları “qərəzli məlumat” adlandırıb. Diplomatik missiyadan bildirilib ki, İslam Respublikasının prinsipial xarici siyasəti həmişə “qarşılıqlı hörmət, yaxın qonşuluq və digər dövlətlərin milli suverenliyinə ehtiram üzərində qurulmuşdur”.

Ancaq gerçəkdə baş verənlər Tehran hakimiyyətinin bu prinsipə əməl etmədiyini isbatlayır.

Səfirlik İrandakı qüvvələrin Azərbaycanın daxili işinə qarışmasını görməzlikdən gələrək iddia edib ki, guya bu kimi xəbərləri yayanlar “iki ölkənin və ümumilikdə müsəlmanların düşmənlərinin maraqlarına xidmət edir”. Əslində, ifadə düzdür, lakin İran İnqilab Keşikçiləri Qvardiyasına, SEPAH-a şamil edilir. Çünki Ermənistan və Rusiya (Xəzərdə qonşudur) istisna olmaqla, İran başqa 13 qonşusu ilə heç də xoşməramlı davranmır.

SEPAH “Qüds” qoşunu vasitəsi ilə onların daxili işinə qarışır, yaxud ölkəni daxildən qarışdırmağa çalışır. Bu siyasi-ideoloji-hərbi qruplaşma müsəlmanlar arasında nifaq salmağa çalışır. İran rəhbərliyi özünün hər dəfə vurğuladığı “müsəlman ölkələrinin birliyi”nə belə davranışı ilə ziyan vurur.

İrandakı qüvvələrin iki ölkə arasında münasibətlərin normallaşmasına, inkişafına problem yaratması ilə bağlı bir neçə örnək sadalayaq:

İranın Qum şəhərində fəaliyyət göstərən ayətullah Məhəmmədcavad Fazil Lənkərani (ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu) vahid məktəbli geyimlərinin tətbiqini “hicabın qadağan edilməsi” kimi qələmə verərək, Azərbaycan Respublikasını ittiham edib. O, baş verənləri “müsəlmanlığa zidd” addım adlandırıb. Lənkərani bir az da dərinə gedərək, bu hadisəni “Allaha, Qurana və İslama qarşı” hərəkət adlandırıb. Bu ayətullah etirazları davam etdirməyə çağıraraq, İran rəsmilərindən Azərbaycan hökumətinin “addımlarını pisləməyi” tələb edib.

Lənkərani Azərbaycanda etirazların davam etməyə çağırmaqla İranın bu iğtişaşın yaranmasında “əməyini” isbatlayıb. Azərbaycan vətəndaşlarının dinlə bağlı öz qurumları sinaqoqu, kilsəsi, məscidi, onlara uyğun ravvini, keşişi və axundu var. Onlar ölkədə dinlə bağlı məsələləri tənzimləməyi bacarırlar. Kənardan, el dilində ifadə etsək, mollalıq etmək iğtişaşa, iki ölkə arasında münasibətlərin korlanmasına səbəb olur.

Azərbaycanın böyük qardaşa ehtiyacı yoxdur. Çünki sovetlər dövründə Moskva “bratın” kommunist ideologiyasının əsasında “velikorus şovinizmi” dururdu, bu iddiada olan Tehran “bəradərin” islamının altında isə fars şovinizmi dayanır.

İslam inqilabının baş verməsi yollunda qanını tökən, canından keçən  Güney Azərbaycanda milyonlarla insanın ana dilində nəinki məktəbi, bir sinfi belə yoxdur.

Ona görə də Lənkərani və onun kimi Azərbaycanın iç işlərinə müdaxilə edənlərin daha çox bu məsələyə diqqət yetirməsi həm də inqilabın “Ədalət!”, “Yox olsun milli sitəm” kimi şüarlarının həyata keçməsinə yardım edər.  

SEPAH-ın təbliğat kanallarının “xəbərlərindən” elə zənn edilir ki, Azərbaycanın küçə və xiyabanları az qala vahid məktəbli formasına qarşı olanlarla dolub-daşır.

Qvardiyanın Azərbaycan vətəndaşlarından formalaşdırdığı kanallarda vahid məktəbli formasına qarşı aksiyaya çağırışlar paylaşılmışdı.

Odur ki, iki ölkə arasında münasibətlərə zərbə vuran, islam həmrəyliyini korlayan, təfriqəçilik yaradan qaynaqlar İrandadır. Necə deyərlər, qalanı təfərrüatdır, yaxud Səməd Mənsur demiş, “rəngüdür”.

Baş verənlər isbatlayır ki, Tehrandakılar, elə Qumdakılar da Azərbaycan buna oxşar hadisələrə bənddirlər. Dərhal fəaliyyətə keçirlər. Özlərini də guya heç nədən xəbərləri olmamış kimi aparırlar. Sonra da adamın gözünün içinə baxa-baxa yalan danışıb, birlik və kiminsə nifaq salmasından danışırlar. Müsəlman dövlətləri arasında birlik bir-birinin dövlətinə, kimliyinə, sayğı şərtilə baş tutar. Yoxsa, bir-birinə proksi qüvvə kimi baxıb, özünü düşmən bildiklərindən qorunmaq üçün onlardan alət olaraq istifadə edilməyə cəhd göstərildikcə, tərəflər arasında etimad, inam olmayacaq. 

İddia və hikkəni başqasına zorla qəbul etdirmək təkəbbürdür. Ən yaxşısı ortaq dəyələr ətrafında münasibət qurmaq və əməkdaşlıq etməkdir. O da içində kin yoxdursa…