Böyük qəsd: rəhbərin devrilməsi, tənha ölümü və gizli dəfni...
Sovet tarixinin ən qalmaqallı epizodlarından biri haqqında həqiqətlər
16 Oktyabr 2024
Əvvəli: Burada
“Mən sizi həmfikir hesab edirdim”
Təəccüblüdür, amma Xruşşov sakitcə yatmağa yollandı. Pitsundadan uçuşu oktyabrın 13-ü günorta saat 1-ə təyin etdi və özünümüdafiə üçün heç bir tədbir görmədi. Əvəzində kimsə sahilə sərhədçi kateri göndərmişdi... Xruşşov səhər fransalı diplomat Qaston Pavlevski ilə görüşdü, kosmonavtlar ekipajını təbrik etdi.
Moskvada enən Xruşşov və Mikoyanı general Semiçastnı qarşıladı, Kremlə müşayiət etdi və öz çekist göstərişlərini verdi: “Elə ki, Kremlə gəldik və onlar zala daxil oldular, mən qəbul otağındakı mühafizəni dərhal dəyişdim. Mənzil və bağ evindəki mühafizəni də dəyişdim. Daha əvvəl mühafizənin rəisi polkovnik Litovçenkonu məzuniyyətə göndərməyə fürsətim olmuşdu. Onun yerinə cavan uşağı qoydum, Vasya Bunayevi. Ona dedim: “Qulaq as! İndicə MK RH-nin iclası başlayıb. Hər şey ola bilər. Mən RH və MK-nın iradəsini yerinə yetirirəm. Sən bir kommunist kimi hər şeyi doğru anlamalısan. Sənin sonrakı taleyin bu qərardan asılıdır. Yadında saxla: mənim xəbərim olmadan nə bir komanda, nə bir əmr, nə bir göstəriş olacaq. Mən sənə qadağan edirəm”.
Oktyabrın 13-də Kremlin Senat zalında MK Rəyasət Heyətinin üzvləri Brejnev, Voronov, Kirilenko, Kosıgin, Mikoyan, Podqornı, Polyanski, Suslov, Xruşşov, Şvernik, Rəyasət Heyətinə üzvlüyə namizədlər Qrişin, Yefremov, Mazurov, Mjavanadze, Şelest, Rəşidov və MK katibləri Andropov, Demişev, İliçev, Polyakov, Ponomaryov, Titov, Şelepin toplaşmışdı. İclasın sədri Xruşşov idi.
Vilayət partiya komitəsi kaiblərinin fikirlərinə istinad edən Brejnev birinci çıxış etdi. Yeddiillik planlaşdırmadan səkkizilliyə keçmək nəyə lazımdır? Kənd təsərrüfatı üzrə plenum Xruşşov tərəfindən digər rəhbərlik üzvlərinin rəyi nəzərə alınmadan hazırlanır. Brejnev vilayət partiya komitələrinin bu yaxınlarda sənaye və kənd rayonlarına bölünməsini tənqid etdi. Onun fikrincə, kənd təsərrüfatında və sənayedə idarəçiliyin tez-tez dəyişməsi zərərlidir. Nəhayət, Brejnev elan etdi ki, Xruşşov yoldaşlarla partiyalıya yaraşmayan şəkildə davranır: yarlıqlar yapışdırır, kobudluq və ərköyünlük edir, başqalarının rəyini dinləmir. Xruşşov etiraz etdi: qərarlar kollektiv qəbul olunub: “Prinsipial fikir ayrılığı vardısa, onları söyləmək olardı. Niyə susurdular?” Vilayət komitələrinin bölünməsi vahid rəhbərliyə zidd deyil. Sərtlik və kobudluğa görə Xruşşov üzr istədi.
Pyotr Şelestin xatirələrinə görə, Xruşşov dedi: “Bəzi məsələlərlə bağlı təkliflərimə gəldikdə, onlar yaxşılığa yönəlmişdi, pisliyə yox. Mən sizi rəqib və ya düşmən deyil, həmfikir sayırdım. Hamı kimi mənim də çatışmazlıqlarım var, bəs niyə heç kəs bunu mənə əvvəl və açıq deməyib? Məgər bu, sizin tərəfdən prinsipiallıqdır? Kobudluqlara gəldikdə, əgər baş veribsə, bilərəkdən olmayıb, üzr istəyirəm. Kimsə məni ittiham edə bilməz ki, yaxşılığa doğru addımlar atmırdım. Mən partiyaya və xalqımıza sadiqəm”.
İkinci çıxış edən Pyotr Şelest Brejnevi dəstəklədi. Onun fikrincə, Xruşşov “öz səlahiyyətlərini aşır. Bu, işi tormozlayır, cavab tələb edən xeyli suallar yaranır, MK plenumlarında isə ancaq nailiyyətlərdən danışılır, çatışmazlıqlar barədə danışmaq uyğun sayılmır”. Şelest Xruşşovun kənd təsərrüfatında islahatla bağlı plenuma çıxarmaq istədiyi yeni ideyalarını da tənqid etdi.
Ukrayna rəhbəri iddia edirdi ki, birinci katibin avtoritar qərarları partiya siyasətini diskreditasiya edir: kənd təsərrüfatı məhsullarına görə ABŞ-a çatmaq və ötmək tapşırığı uğursuzluğa uğrayıb. Vergilərin azaldılması, mənzil tikintisi, fəhlə və qulluqçuların maaşının artırılması haqda vədlər yerinə yetirilmir. Xruşşovun planlaşdırma barədə yeni təklifləri də aydın deyil. Şelest problemlərin dərindən araşdırılmasını və “vəziyyətin kökündən düzəldiməsi üçün siyasi-təşkilati tədbirlər görülməsi”ni tələb etdi.
SSRİ Nazirlər Soveti sədrinin müavini Dmitri Polyanski elan etdi ki, Xruşşov daha əvvəlki deyil. “Başqa Xruşşov olub, son zamanlar partiyanın fövqündə durmağa çalışır. Kobudlaşıb”. Kənddə işlər qaydasında getmir. Hamını kənd təsərrüfatından kənarlaşdırıb. “Stalini pisləməkdə ifrata varıb”. Polyanski Xruşşovu Kalinovka kəndindən olan yerlilərini himayə etməkdə günahlandırdı: onların vergi borcu qanunsuz silinib.
Xruşşov “volyuntarizmi”nin tənqidi ilə Voronov, Şelepin, Kirilenko, Mazurov, Yefremov, Mcavanadze, Suslov, Qrişin və Rəşidov çıxış etdilər. Kosıgin və Podqornı onlarla həmrəy oldular. İclas iştirakçıları Xruşşovun üzərinə real və uydurma səhvlər qoyurdular, kənd təsərrüfatına yanlış rəhbərlikdən tutmuş Karib böhranında avantürizmə qədər. Birinci katib müfəssəl şəkildə etiraz edirdi.
Xarici səfərlərə ailə üzvlərini aparması qınanırdı. Xruşov bəhs edirdi: arvadım protokola uyğun gedib, oğlum və ya qızım isə dəvət edən tərəfin hesabına, nümayəndələrin uçduğu təyyarədə isə həmişə boş yer olurdu. Daha bir ittiham: Misirin ali mükafatı, “Nil ordeni” ilə təltif olunanda əvəz olaraq Misir prezidenti Naserə və vitse-prezident Amerə Sovet İttifaqı Qəhrəmanı adı vermək lazım deyildi. Xruşşov bu qərarı protokol xidmətinin uğursuz məsləhəti ilə izah edirdi.
Anastas Mikoyan Xruşşovu Nazirlər Sovetinin sədri vəzifəsindən saxlamaqla MK birinci katibi vəzifəsindən azad etmək təklifini irəli sürdü. Ancaq veteranın kompromis variantı rədd edildi. Yalnız Yefremov qismən tərəfdar çıxdı.
İclasın təşkilatçıları bilirdilər: qüvvə tarazlığı elədir ki, MK plenumunda da çoxluq Xruşşovun tərəfində olmayacaq. Amma 330 MK üzvü və üzvlüyünə namizədlər arasında Xruşşovun tərəfdarları da ola bilərdi. Buna görə də birinci katibin gedişini öz təşəbbüsü kimi qələmə vermək istəyirdilər. Oktyabrın 13-də Xruşşovu “könüllü” istefa verməyə razı salmaq mümkün olmadı. Diskussiya iştirakçıları qərar qəbulunu ertəsi günə saxlayaraq, evlərinə dağılışdılar.
Hadisələrin inkişafının alternativ variantları - Xruşşova Sov.İKP MK RH-də üzvlük və ya MK-nın müşaviri postunun verilməsi kimi kompromislər alınmadı. Hərçənd, ertəsi gün alına bilərdi. Amma usanmış birinci katib rəqiblərlə döyüşə davam gətirmədi.
Gecə Nikita Xruşşov qərar verdi ki, hakimiyyət uğrunda daha mübarizə apara bilməz və bu barədə telefonla Anastas Mikoyana xəbər verdi: “Artıq qoca və yorğunam. Qoy indi özləri işləsinlər. Əsas işi görmüşəm. Aramızdakı münasibətlər, rəhbərlik tərzi kökündən dəyişib. Bizlərdən kiminsə ağlına gələ bilərdimi ki, Stalinə deyək, daha bizi təmin etmir və istefaya getməsini təklif edək? Bizi yox edərdi. İndi hər şey başqa cürdür. Qorxu yox olub, bərabər söhbət gedir. Bu, mənim xidmətimdir. Mübarizə isə aparmayacağam”, - Xruşşov vəd etdi. KQB-nin qulaq asdığı danışıqdan tezliklə Brejnev və Şelepin xəbər tutdu.
Ertəsi gün, oktyabrın 14-də Brejnev və tərəfdarları bayram edirdilər. MK RH-nin səhər iclasında Nikita Xruşşov tam təslim oldu: “Sizinlə mübarizə apara bilmərəm, çünki sizinlə birlikdə antipartiya qrupu ilə mübarizə aparmışıq. Səmimiliyinizi dəyərləndirirəm... Özümə mərhəmət istəmirəm - məsələ həll olub. Yoldaş Mikoyana dedim, mübarizə aparmayacağam. Nəyə görə boyalar axtarım və sizin üzərinizə çəkim? Həm də sevinirəm, nəhayət, partiya yetkinləşib və istənilən adama nəzarət edə bilir. Toplanmısınız, nəcis atırsınız, mən də etiraz edə bilmirəm. Hiss edirdim ki, bacarmıram, həyat isə tutduğunu buraxmır, adamı qudurdur. Azad olunmağımı xahiş edirəm”.
Xruşşov dedi ki, Moskvanı tərk edə bilər. Kimsə onun tərəfini saxladı: “Niyə ki?” Öz xahişi ilə getmək ərizəsi MK plenumunun problemsiz keçməsinə yol açırdı. Brejnev Xruşşovun qısa vida nitqi ilə çıxış etməsi variantını rədd etdi. RH-nin ikinci toplantısı yarım saata sığdı. Plenuma Leonid Brejnevin MK birinci katibliyinə, Aleksey Kosıginin də Nazirlər Sovetinin sədrliyinə namizədliyi elliklə irəli sürüldü.
“Yaşımın çoxluğu ilə əlaqədar olaraq...”
1964-cü il oktyabrın 14-də saat 18-də Kremlin Yekaterina zalında Sov.İKP MK-nin növbədənkənar plenumu başladı. İfşaedici məruzəni Dmitri Polyanski yazmışdı. Çıxışı MK katibi Mixail Suslova həvalə etdilər. O, Xruşşovun təşəbbüskarlığı və enerjisi, Stalinin şəxsiyyətinə pərəstişinin pislənilməsində rolu, “Molotov, Kaqanoviç, Malenkovun antipartiya qrupu” ilə mübarizəsinə və dinc yanaşı yaşamaq siyasətinə verdiyi töhfə haqqında bir neçə cümlə söylədi. Bundan sonra tənqid başladı. Xruşşov partiya rəhbərliyi normalarını pozmaqda günahlandırıldı: işləri təkbaşına həll edir, kollektiv rəyə məhəl qoymur. Nailiyyətləri öz ayağına yazır, çatışmazlıqları başqasının üstünə yıxır. RH üzvlərinin arasını vurmağa çalışır, öz şəxsiyyətinin vəsfinə şərait yaradır. Belə yanlış rəhbərlik metodları partiya və sovet aparatının yenidən qurulması zamanı kobud səhvlərə səbəb olur. Bunlar - rayon partiya komitələrinin ləğvi, MK-nın qeyri-işgüzar təntənəli plenumlarının çağırılması, beşilliklərin yeddiillik planlarla əvəzlənməsi, kənd təsərrüfatına rəhbərliyin inhisara alınması, qarğıdalı aludəçiliyi, ordenlərlə təltif zamanı özbaşınalıq, Elmlər Akademiyasını ləğv etmək təhdididir, - Mixail Suslov sadaladı.
Məruzədən sonra müzakirə açmamaq qərara alındı. Birinci “Yoldaş Xruşşov haqqında” qərar qəbul edildi: o, “yaşının çoxluğu və səhhətinin pisləşməsi səbəbindən” tutduğu vəzifələrdən azad edildi. Bundan sonra Sov.İKP MK-nin birinci katibi və Nazirlər Sovetinin sədri vəzifələrini eyni adamın tutması məqsədəmüvafiq sayılmadı. Xruşşovun jurnalist kürəkəni Aleksey Acubey MK heyətindən çıxarıldı. Birinci katib seçilən Leonid Brejnev partiya yığıncaqlarında Xruşşovun istefası mövzusunu ətraflı müzakirə etməməyi tövsiyə etdi.
Plenumda susan Nikita Xruşşov üçün pensiya dövrü başladı. O, Moskva ətrafında Petrovo-Dalneye bağ evində vaxtını çox maraqlı memuarların diktəsinə həsr edirdi. MK ilə konfliktdən, KQB-nin əlyazmaları və audioyazıları götürmək cəhdindən sonra Nikita Xruşşovun xatirələri 1970-ci ildə ABŞ-da çap olundu. Bu, inqilabi hadisə idi. Memuarlara görə Xruşşovu iki dəfə MK-ya çağırdılar və bu araşdırmalar onun səhhətinin pozulmasında az rol oynamadı və infarktlara səbəb oldu.
Nikita Xruşşov 1971-ci il sentyabrın 11-də vəfat etdi. Bu barədə xalq sentyabrın 13-də məlumat verildi. Yalnız ailə üzvlərinin və yaxınlarının iştirak etdiyi “vida mərasimi” xəstəxanada keçirildi, dəfn isə gecə saat 12-də Novodeviçyevo qəbiristanlığında baş tutdu. Dəfnində dövlət rəsmilərindən heç kim iştirak etmədi...
***
Hakimiyyətdəki vakant postlar qaliblərə çatdı. 1964-cü il plenumunda MK-nin birinci katibi seçilən Brejnevə rəqibləri müvəqqəti yumşaq fiqur kimi baxırdılar və ciddi yanılırdılar. Brejnev onların hamısını uddu. Güclü siyasi ambisiyaları olmayan təsərrüfatçı rəhbər kimi görünən Aleksey Kosıgin Nazirlər Sovetinin sədri oldu. Onun SSRİ-də təsərrüfat hesablı iqtisadi islahat keçirmək cəhdi uğursuz oldu və 70-ci illərdə neft-qaz gəlirlərinin artması ilə dayandırıldı. Xruşşovun hiperaktivliyini Brejnev astagəlliyi, sonra da durğunluğu əvəz etdi. Destalinizasiya durduruldu. Dissidentlərə qarşı repressiyalar gücləndi.
Nikolay Podqornı artıq 1965-ci ilin sonunda SSRİ Ali Soveti RH-nin sədri postunda Anastas Mikoyanı əvəz etdi. O, 70-ci illərin ortalarına qədər nüfuzlu fiqur olaraq qalırdı və gərginliyin azaldılmasının əleyhdarı idi. 1977-ci ildə Leonid Brejnev onun da vəzifəsini tutmağı qərara aldı. Podqornını asanlıqla pensiyaya göndərdilər.
Xruşşov əleyhinə məruzənin gerçək müəllifi Dmitri Polyanski elə həmin Nazirlər Soveti sədrinin müavini vəzifəsində qaldı. 1973-cü ildə isə Brejnevin şəxsi istəyi ilə gözlənilmədən meşə təsərrüfatı naziri təyin olundu, sonra da Yaponiyaya səfir göndərildi.
Ambisiyalı Aleksandr Şelepin Nazirlər Soveti sədrinin müavini qalmaqla, təkcə MK katibi deyil, faktiki ikinci katibi olmaq istəyirdi. Onun vəzifəsi yüksəldi, MK RH üzvü oldu. Amma Brejnev onun “komsomolçuları”nı tədricən real hakimiyyətdən uzaqlaşdırdı. 1966-cı ildə Vadim Tikunovu RSFSR ictimai asayişin mühafizəsi (DİN belə adlanırdı) naziri vəzifəsindən götürdülər, Yuxarı Voltaya səfir göndərdilər. Vladimir Semiçastnı isə guya Stalinin qızı Svetlana Alliluyevanın SSRİ-dən qaçmasına görə KQB rəhbərliyindən uzaqlaşdırılaraq, Ukrayna Nazirlər Soveti sədrinin müavini təyin olundu.
Leonid Brejnev hakimiyyəti tədricən öz əlində cəmləyirdi. Şelepini 1967-ci ildə həmkarlar ittifaqına rəhbərlik etməyə göndərərək, MK işlərindən daha da uzaqlaşdırdılar. 1975-ci ildə Siyasi Bürodan çıxardılar və pensiyaya qədər texniki-peşə təhsili üzrə komitəyə sədr müavini yolladılar.
Xruşşovu tənqid etməsi qaliblərə qoşulan Leonid Yefremovun işinə yaramadı. O, tezliklə MK RH-i üzvlüyünə namizəd statusunu itirdi və Stavropol partiya komitəsinin birinci katibi oldu.
Xruşşov əleyhinə ən fəal təbliğatçı Nikolay İqnatov əvvəlki “RSFSR prezidenti” vəzifəsində çox qalmadı. O, gözlənilmədən 1966-cı ildə öldü və tezliklə də unuduldu. Tarix hər kəsə əməlinə görə qiymət verdi.
Hazırladı: Yadigar Sadıqlı