Ermənistan rəhbərliyi dövlət sərhədində baş verən intensiv atışmalarla bağlı mürəkkəb, çoxvektorlu oyun oynamağa çalışır. Nikol Paşinyan hökumətin son iclasında Azərbaycanla sərhədə Rusiya qoşunlarının yerləşdirilməsini təklif edib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) monitorinq qrupunun da sərhədə gəlməsini istəyib. Amma hələ ki o, Moskvadan və hərbi blokdan birmənalı müsbət cavab ala bilməyib.

Paşinyan həm də Qərb ölkələrini – ABŞ və Fransanı bölgəyə müşahidəçilər göndərməyə dəvət edib. Məlumdur ki, Qərbin belə bir missiyanı həyata keçirməyə xüsusi həvəsi yoxdur, bunun üçün onların hazırlığından əvvəl Rusiyanın buna razılığı lazımdır. Lakin siyasi səviyyədə Paşinyanın çağırışlarına dəstək elə Qərb ölkələrindən gəlir. Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri atışmaların baş verdiyi sərhəd zonasına baş çəkmişdi. Fransa səfiri isə sərhədin Naxçıvan-Yerasx (Arazdöyən) istiqamətində atəşkəsin pozulmasına “Yerasx yata bilməyəndə Yerevan da oyaqdır” deyə reaksiya verib və Ermənistanın müraciətlərini nəzərdən keçirəcəklərini söyləyib. ABŞ Dövlət Departamenti də bəyanat verərək atəşi dayandırmağa, tərəfləri Minsk Qrupunun prinsipləri əsasında substantiv danışıqlar aparmağa çağırıb. İyulun 28-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Rəsmi məlumata görə, tərəflər bölgədə mövcud vəziyyəti və üçtərəfli bəyanatın həlli ilə bağlı məsələləri müzakirə ediblər. Sərhəddə yaşanan gərginlikdən narahatlıq ifadə edən F. Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasında isə erməni qrupunun üzvləri hərəkətə keçiblər. Xarici yardımları nəzərdə tutan qanuna konqresmen Frenk Pallone və onun erməni qrupu üzrə həmkarlarının təklif etdiyi düzəliş qəbul olunub. Düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını, “Beynəlxalq Hərbi Təhsil və Təlim” və “Xarici Hərbi Maliyyələşdirmə Proqramı” qanunları üzrə Azərbaycana yardımların dayandırılmasını nəzərdə tutur. Amma qeyd olunur ki, bu, Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlıqların verilməsinə təsir göstərməyəcək. Növbəti mərhələdə qanun layihəsi Senatda müzakirəyə çıxarılaraq səsə qoyulmalıdır.

Onu da xatırladaq ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı üzrə Ermənistana 5 illik müddət üçün 2,6 milyard avro ayırıb.

Beləliklə, Nikol Paşinyan Rusiya və KTMT-dən hərbi dəstək istəyib, ala bilmədiyi bir şəraitdə Qərbdən siyasi və maliyyə dəstəyi alır. Bu istiqamətdə addımlar daha da güclənəcək. Hiss olunur ki, Qərb siyasi dairələrində Azərbaycanın Rusiya ilə birlikdə Paşinyan iqtidarını təzyiq altında saxladığı barədə rəylər güclənir. Əlbəttə, burada erməni lobbi qruplarının xüsusi əməyi var. Onlar beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşdırmağa çalışırlar ki, demokrat Paşinyan hakimiyyətinə qarşı avtoritar Rusiya Azərbaycanla birlikdə təzyiq siyasəti həyata keçirir.

Bu barədə fikirlərini “Press Klub”la bölüşən siyasi təhlilçi Azər Qasımlı hesab edir ki, Azərbaycan düşməni dosta çevirəcək xarici siyasət formalaşdırmalıdır. Onun sözlərinə görə, ölkələrlə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləri qurmaq vacibdir:

“O cümlədən qonşu ölkələrlə. Bu, bizim təhlükəsizlik və siyasi maraqlarımıza tam uyğundur. Başqa tərəfdən, bizim müttəfiqlərimiz olmalıdır. Yalnız Türkiyə deyil, Qərb dünyasında da müttəfiq qazanmalıydıq. Amma Türkiyə, Pakistan və cəmi bir neçə ölkəni çıxsaq, bizim bu cür strateji tərəfdaşlarımız və müttəfiqlərimiz yoxdur, qazana bilməmişik. Çünki ölkəmizin imici müsbət deyil, korrupsiyalaşmış, insan hüquq və azadlıqlarını mütəmadı pozan ölkə imici var. Bununla yanaşı, hazırkı iqtidar hər zaman balanslaşdırılmış siyasət yürütməyə çalışıb. Amma bu, o demək deyil ki, hamı ilə dost ola bildik, yaxud müttəfiqlər qazandıq”.

A.Qasımlı vurğulayır ki, Qərblə münasibətlərimizə də bu prizmadan baxmaq lazımdır:

“Hazırkı xarici siyasətlə bundan o tərəfə gedə bilməzdik. Çünki Azərbaycan Qərb institutlarına siyasi-iqtisadi inteqrasiya yolu seçməyib. İqtidar bunu etmir, ona görə ki, daxildəki gücünü, resurslarını, nəzarətini itirməkdən çəkinir. Hakimiyyətdən getmək istəmirlər, əsas məqsəd onu qoruyub saxlamaqdır. Xarici siyasət də bu məqsədə qulluq edir. Heç bir milli təhlükəsizlik maraqları bunun fövqündə deyil”.

ABŞ Konqresində qəbul olunmuş “Pallone düzəlişi”ndən danışan ekspert Konqresdə belə ab-havanın olmasını, müəyyən qrupların bu tip qanun layihələrini ortaya çıxarmasını təbii sayır:

“Biz elə işlər görməliydik ki, bunlar baş verməsin. Əlbəttə, ABŞ-da da aydın görürlər, Azərbaycan Rusiya ilə tam yaxınlıq edir. Paşinyanı devirmək üçün Putin Azərbaycanın imkanlarından da istifadə etməyə cəhd göstərir. Dünyada hər kəs bunu başa düşür. Nümayəndələr Palatasından keçmiş layihə hələ Senatda təsdiq olunmayıb. Görək, Azərbaycan iqtidarı onun qarşısını almaq üçün nə edəcək, hansı addımlar atacaq”.

Turqut