İyulun 20-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri planlaşdırılıb. Rusiya mənbələrinin yaydığı məlumata görə, İ.Əliyev Vladimir Putinlə bir araya gələcək. Görüşdə ikitərəfli münasibətlər, regionda və Qarabağ məsələsi ətrafında mövcud vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, iyulun 13-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda olub və prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib. Bundan başqa, ikitərəfli əlaqələr, ticarət dövriyyəsi, sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması, digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Putin-Əliyev görüşündə Qarabağ ətrafında cərəyan edən proseslər, xüsusən 10 noyabr Bəyanatının tam yerinə yetirilməsi əsas müzakirə mövzusu olacaq. Azərbaycan rəhbərliyi bu mövzuların masaya yatırılmasında israrlıdır. Çünki atəşkəsdən 8 aydan çox zaman keçib, bu müddətdə sənəddə əskini tapan bir sıra vacib öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməyib. Bölgədə hərbi-siyasi vəziyyətə, bəyanatın icrasına məsul olan Rusiya isə ortaya kəsərli mövqe qoymur, İrəvana hər hansı təzyiq göstərmir. Söhbət ilk növbədə Azərbaycan üçün daxili kommunikasiyaların – Tərtər-Ağdərə-Kəlbəcər və Füzuli-Şuşa yolunun açılmasından gedir. Azərbaycan bu marşrutlardan ancaq Rusiya sülhməramlılarının müşayəti altında, onların yoxlamasından sonra istifadə edə bilir. Doğrudur, hazırda Azərbaycan Şuşaya alternativ yolların açılması istiqamətində geniş infrastruktur quruculuğu aparır, yeni yol, tunel, körpü tikilir. Amma söhbət Azərbaycanın öz ərazisində üzləşdiyi məhdudiyyətlərin aradan qaldırılmasından gedir. 

Bundan başqa, Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalan erməni silahlı birləşmələrinin bölgədən çıxarılması məsələsi də İlham Əliyev tərəfindən qaldırıla bilər. 10 noyabr sənədində 1-ci və 4-cü bəndlərdə bununla əlaqədar ziddiyyətli cümlələr olsa da, ümumilikdə qanunsuz silahlı dəstələrin orada qalması Bəyanatın ruhuna ziddir və sülh quruculuğu ilə bir araya sığmır. Məlumdur ki, son bir həftədə Şuşa şəhəri və Ermənistanla dövlət sərhəddinin Naxçıvan, Kəlbəcər istiqamətlərində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bu hadisə Rusiya hərbi missiyasının fəaliyyətinə kölgə salır. Azərbaycan Müdafiə Nazirliyinin bu barədə bəyanatında “Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı qanunsuz erməni silahlı birləşmələri” ifadəsi Moskvadan açıq narazılığı ifadə edir. Çox güman ki, Əliyev Putinlə görüşdə bu məsələnin üzərində geniş dayanacaq. 

Azərbaycan dövlət başçısı şübhəsiz ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələni də qaldıracaq. Rəsmi Bakı Ermənistanda keçirilmiş seçkilərə qədər gözlədi, indi İrəvandan sərhəd xəttinin dəqiqləşdirilməsi istiqamətində addımlar atmağı tələb edir. Rusiya bu məsələ üzrə də əsas vasitəçidir, üç ölkə arasında yaradılan komissiyanın işçi qurupları bu ayın sonlarında görüşməlidir. Amma hiss olunur ki, Ermənistan prosesin ləngiməsində maraqlıdır. Nikol Paşinyan son vaxtlar “əvvəl status, sonra sərhədlərin tanınması” tezisini irəli sürüb. Bu da Bakını narahat edir. 

10 noyabr Bəyanatına uyğun olaraq regional kommunikasiyaların açılması məsələsi də Moskva görüşünün müzakirə mövzularından biri ola bilər. Azərbaycan bu məsələdə əməli işə keçib, öz tərəfindən dəmir yolu və avtomagistralın tikintisinə başlayıb, bu xətlər beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsini təşkil edir. Amma Bakının Ermənistan qarşısında əlavə tələbləri var. Məlumdur ki, işğal dövründə Ermənistan məqsədli şəkildə bütün regional layihələrdən kənarda saxlanılıb və bu, Bakının İrəvanı iqtisadi blokadaya salmaq siyasətinin tərkib hissəsi olub. 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yaransa da, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımır, Qarabağın statusu ilə bağlı məsələni önə sürməyə çalışır. Xatırladaq ki, iki həftə əvvəl Nikol Paşinyan Moskvada Putinlə görüşüb. O, qayıtıdıqdan dərhal sonra Qarabağ separatçılarının başçısı Araik Arutunyanı İrəvana dəvət edərək Qarabağa iqtisadi yardımları müzakirə edib və onunla status məsələsinə dair ortaq bəyanat səsləndirib. Ümumiyyətlə, bu görüşdən sonra Paşinyan Azərbaycana qarşı ritorikasını sərtləşdirib. 

Bəs, Moskvanın Azərbaycandan gözləntiləri nədir? Sirr deyil ki, Rusiya Azərbaycanın Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə qoşilmasında maraqlıdır. Bu məsələ iki həftə əvvəl Dövlət Dumasının spikeri Vlolodin tərəfindən günəmə gətirilib və Bakının reaksiyası yoxlanılıb. Amma Azərbaycan rəhbərliyi hələ ki bu məsələyə açıq reaksiya verməyib. Əksinə, bu günlərdə rəsmi kanallar prezident İlham Əliyevin Qoşulmama Hərəkatına üzv dövlətlərin XİN rəhbərlərinin onlayn toplantısında çıxışını tirajlayır. 

Əgər Moskva görüşündə Putin Azərbaycanı Rusiyanın inteqrasiya layihələrinə dəvət edərsə və İlham Əliyevdən müsbət cavab almazsa, onda Azərbaycan liderinin görüşdə qaldırılacağı məsələlərin həllində ciddi irəliləyiş gözləməyə dəyməz. 

Turqut