Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə telefon açıb. Bu, Co Bayden administrasiyasının fəaliyyətə başladığı 20 yanvar tarixindən bəri Bakı ilə ilk yüksək səviyyəli rəsmi təmas idi. 

Söhbət üçün seçilən tarix də maraq doğurur. Aprelin 28-i Azərbaycanın Rusiya tərəfindən işğalının 101-ci ildönümü idi və elə həmin gün ABŞ-la Azərbaycan arasında bağlanmış irimiqyaslı müqavilə ilə bağlı ictimaiyyətə məlumat açıqlanmışdı. Belə ki, Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti ABŞ-ın “Boeing” korporasiyasına 5 ədəd “Boeing 777 Freighters” yük təyyarəsi sifariş edib. “Silk Way Group“un rəhbəri Zaur Axundov deyib ki, bu saziş şirkətin donanmasının yenilənməsi proqramının bir hissəsidir: “Əminəm ki, yeni yük təyyarələrinin alınması yaxın 15-20 il ərzində qlobal hava yük bazarında lider mövqeyimizi daha da gücləndirəcək”. Təyyarələrin birinin dəyəri 358 milyon dollardır. Bu anlaşmanın imzalanmasından cəmi 4 gün əvvəl ABŞ prezidenti qondarma “erməni soyqırımı” haqqında bəyanat səsləndirmişdi. Azərbaycan bu məsələni Türkiyə ilə yanaşı, özünə qarşı da ədalətsizlik sayır və dövlət səviyyəsində ona etirazını bildirir. 

Amma göründüyü kimi, bəyanatlar, ritorika ayrı, ticarət ayrı. Biri digərinə mane olmur və praqmatik yanaşmalar həmişə qalib gəlir. 

Sıravi vətəndaşlar dərin beynəlxalq məsələlər haqqında fikir bildirərkən bu soyuq gerçəkləri unutmasalar, yaxşı olar. Dövlət rəhbərləri sadə insanlar kimi düşünmür və düşünə də bilməz. 

Telefon söhbətində hansı mövzulara toxunulub?   

Telefon danışığının məzmununa gəlincə, bu barədə Ağ Evin məlumatı qısa olub. Dövlət Departamentinin yaydığı press-relizdə deyilir ki, dövlət katibi Blinken və prezident Əliyev ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığın davamlı əhəmiyyətini vurğulayıblar: 

“Dövlət katibi insan hüquqlarına və əsas azadlıqlara hörmətin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli üçün səylərini davam etdirməyin vacibliyini bildirib”.

Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda müzakirə olunan mövzular daha əhatəli əksini tapıb. Bildirilir ki, ABŞ dövlət katibi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Prezident Əliyev telefon zənginə görə minnətdarlığını bildirərək Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu söyləyib, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə təşəkkür edib.

Söhbət zamanı Qarabağ müharibəsindən sonrakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələyə dair Azərbaycanın mövqeyini çatdırıb, ermənilər tərəfindən dağıdılan ərazilərdə bərpa işlərinin həyata keçirildiyini söyləyib. O, bölgədə kommunikasiyaların açılmasının önəmini və uzunmüddətli sülhün təmin edilməsində Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Telefon söhbətində ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. 

ABŞ rəsmisi ilə müzakirələrdə demokratiya vurğusunun olduğu bu məlumatda da təsdiqlənib. Qeyd olunub ki, tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini qeyd ediblər. 

Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını xəbər verib, İlham Əliyev isə cavabında minnətdarlığını ifadə edib. 

Azərbaycan prezidenti, eyni zamanda, prezident Baydenin “erməni soyqırımı” ilə bağlı bəyanatına da toxunub: “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb“. 

Qeyd edək ki, ABŞ-ın yeni administrasiyasının Azərbaycan rəhbərliyi ilə əlaqəni gecikdirməsi İ.Əliyev tərəfindən tənqid edilmişdi. Dövlət başçısı aprelin 14-də ADA-da keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda aşağıdakıları söyləmişdi: 

“Yeni administrasiyadan bizə heç bir mesaj daxil olmadı. Administrasiya yanvardan formalaşıb, bu gün apreldir. Cənab Blinken Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmayıb. Mən cənab Blinkendən zəng gözlədiyimizi demirəm. Lakin bu, həmsədr ölkədir, onlar tarazlı şəkildə davranmalıdırlar. Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik. Prezident Bayden Novruz bayramı münasibətilə mənə məktub ünvanlayıb. Bunun üçün ona minnətdaram. Lakin bu, sadəcə, təbrik mesajı idi. Mən bu tip mesajların başqa ölkələrə də ünvanlandığını bilirəm”.

Xatırladaq ki, dövlət katibi E. Blinken martın 6-da Ermənistanın baş naziri Nikol Paşinyana telefon açıb. Onlar ölkədə baş verən proseslər və Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar. Ola bilsin ki, Bayden administrasiyası İrəvanda rusiyayönümlü qüvvələrin qərbyönümlü kimi tanınan hökuməti sıxışdırdığına görə, dəstək məqsədi ilə təmasa keçməyi lazım bilib. Burada erməni lobbsinin Ağ Evə təsirlərinin olması da istisna deyil, amma hər halda, prezident Əliyevin dediyi kimi, tarazlıq pozulmuşdu. 

Postsovet məkanında ABŞ-ın prioritetləri 

Bundan sonra ABŞ-Azərbaycan münasibətlərini necə təsəvvür etmək olar? Əliyev-Blinken danışığında aparıcı mövzular açıqlanıb. Burada ənənəvi enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və demokratik islahatlar prioritet istiqamətlərdir. Amma şübhəsiz ki, həm ABŞ-da, həm də regiondakı dəyişikliklər bu üç aparıcı mövzunun sırasını dəyişə bilər. Dövlət Departameninin telefon danışığı ilə bağlı məlumatında demokratik islahatlar və Minsk Qrupunun fəaliyyətinin aktivləşdirilməsi ilk sırada dayanır. Əlbəttə, Əfqanıstandan ABŞ qoşunlarının çıxarıldığı bir mərhələdə bu mövzu da aktualdır.  

Ehtimal etmək olar ki, ABŞ administrasiyasının qeyd edilən 2  prioritet mövzu – Minsk prosesinin davam etdirilməsi və demokratiya, insan haqları məsələsində Bakı ilə dialoqu asan olmayacaq. Əvvəla, Minsk Qrupunun fəaliyyətinin gücləndirilməsi Azərbaycanın maraqları sırasına aid deyil. Çünki hər üç həmsədr ölkə bu və ya digər şəkildə Ermənistanın mövqeyini dəstəkləyir. Bu şəraitdə Qarabağın statusu və sair mövzuların üçlüyün vasitəçiliyi ilə yenidən gündəmə gətirilməsi Azərbaycanı narazı salır. Ona görə də, rəsmi Bakı bu məsələni yaxına qoymur.  

İkincisi, ABŞ-da yeni hakimiyyətin əsas prioriteti olan demokratiya, insan haqları məsələsinin qabardılması da Azərbaycan hakimiyyətinin xoş qarşılayacağı bir məsələ deyil. Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, bunlar ölkənin daxili işidir və xaricdən bununla bağlı hər hansı müdaxilə yolverilməzdir. 

Beləliklə, deyə bilərik ki, yaxın gələcəkdə Bakı-Vaşinqton münasibətləri rəvan olmayacaq. Amma Rusiya faktoru bu münasibətlərdə gərginliyin və böhranın yaranmasına da imkan verməyəcək. Qərbdə başa düşürlər ki, onların demokratiya, insan haqları məsələlərində təzyiqi Azərbaycan kimi postovet ölkələrini Rusiyaya daha da yaxınlaşdıra bilər. Digər tərəfdən, inkarolunmaz faktdır ki, postsovet məkanında ABŞ-ın (həmçinin, Avropa Birliyinin) birinci dərəcəli əhəmiyyət verdiyi ölkələr Ukrayna, Gürcüstan və Moldovadır, Azərbaycan və Ermənistan sıralamada daha sonra gəlir. Bu baxımdan ABŞ-ın siyasətində radikal dəyişikliklərin baş verəcəyini gözləmək doğru olmaz. 

Turqut