Müəllif: Meryem Aybike Sinan

Türk dünyasının ən böyük və ortaq kabusu heç şübhəsiz əlifba problemidir!

Qırğızıstandan başqa bu dünyada Latın əlifbasına keçməyən ölkə qalmadı. Ən sonda Özbəkistanın dövlət rəhbəri Şövkət Mirziyoyev imzaladığı fərmanla Kiril əlifbasından Latın əlifbasına keçməyə qərar verdi. Daha öncə Qazaxıstan belə bir addım atmış, 2023-cü ildən bütünlüklə Latın əlifbasına keçməyi qərara almışdı. İndi Qırğızıstan rəhbəri Sadır Caparovdan müjdəli xəbər gözləyirik.

Tarix boyunca çox belə əlifba dəyişikliyi yaşandı və bu, mədəni irsin nəsildən nəsilə vasitəçisiz ötürülməsində xeyli problemə səbəb oldu. Pamukkale Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları kafedrasının professoru Bilge Özkan Nalbantla görüşümdə “Türk milləti bu günə qədər toplam neçə əlifbadan istifadə etdi?” deyə soruşdum:

– Türk dilinin tarixində ticari, mədəni, dini və başqa səbəblərlə bu dilin yazılışında göytürk, mani, soğut, uyğur, brahmi, tibet, süriya, ibrani, yunan, ərəb, kiril, latın əsilli əlifbalardan çeşidli şəkildə istifadə olunub. Bunların içində Göytürk əlifbasının türklərin özlərinə aid bir yazı sistemi olduğu qəbul edilib. Əslində, Yenisey Yazılarında 100-ün üzərində olan damğa (hərf) sayı Orhun Yazılarında 38 damğaya qədər azaldılıb.

– Bilge Hocam, önəmli olan hərf sayıdırmı?

– Yenisey Yazılarındakı hərf çoxluğunun qarşılığında Göytürklər dönəmində hərf sayı azaldılıb. Bu isə yazı sisteminin təkmilləşdiyini göstərir. Məsələn, Yenisey dönəmində saxlanılmayan türk birliyi Göyktürklər dönəmində yaradılıb və dövlət sistemi oturuşub, əlifba birliyi formalaşıb. Əlifba sistemlərində təməl olan hərf çoxluğu deyil, qarşılıqlı şəkildə anlaşa bilməkdir.

– Bu gün türk dünyası ölkələri bir-bir Latın əlifbasına keçərkən nəyə diqqət edilməlidir?

– İndi türk dünyasında müzakirə edilən əlifba birliyi və Latın əlifbasına keçid prosesi dəyərləndirilməlidir, bu zaman qarşılıqlı anlaşmanı çətinləşdirən hərf çoxluğundan özünü qurtarmaq lazımdır. Latın əlifbasına keçid zamanı Türk Cümhuriyyətləri öz dil xüsusiyyətlərinə uyğun bir sıra hərfləri yazı sisteminə salmağa çalışmaqdadırlar. Bu durumu rus siyasəti və onun tərəfdarları da altdan-altdan dəstəkləməkdə və ortalığı qarışdırmaqdadırlar. Türk dünyası qarşılıqlı anlaşmanı çətinləşdirən “əlifba çoxluğu” oyununa getməməli, Türkiyənin qəbul etdiyi 29 hərflik əlifba sisteminə mümkün qədər riayət etməlidir.

– Bu oyuna gedilsə, bizi nə kimi problemlər gözləyə bilər?

– Əks təqdirdə Latın əlifbasına keçməyin bir anlamı olmayacaq. Rusların qəbul etdirdiyi Kiril əlifbası ilə Qərbi Türküstanı, çinlilerin uyğurlara qəbul etdirdiyi Ərəb əlifbası ilə Şərqi Türküstanı və Latın əlifbasını qəbul etmiş Türkiyə Cümhuriyyətini bir-birindən qoparan bu əlifba oyununa təkrar düşüləcəkdir. Təhlükənin başqa bir yönü də Türk Cümhuriyyətlərində qəbul edilən və türkcənin səs sisteminə uyğun olmayan çeşidli işarələrin yazıya düşməsi nəticəsində yeni çap sistemlərinin yaranması məsələsidir. Türk dünyasını boş-boşuna bu qarışıqlığın içinə atmağın kimlərin işinə yaradığı unudulmamalıdır. Türk boyları bir an öncə “boyculuk” təlaşını kənara buraxıb boylar üstü olan “Türklük” bilincinə sahib çıxmalıdırlar…

Ümid edirik ki, Bilge Hocanın xəbərdarlığı Türk Konseyinin də gündəmindədir və əlifba məsələsinə dair bir Türkoloji Konqres düzənləmək gələcək üçün atılmış önəmli addım olacaq.

(Məqalənin orijinalı: Türk dünyasını bekleyen “alfabe” karmaşası!)