Logo
news content
User
Kateqoriyalar

Xəbər

Naxçıvan Konstitusiyasına dəyişiklik edilib

Milli Məclisin iyulun 8-də keçirilən iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Layihədə Naxçıvan Muxtar Respublikasının (NMR) Konstitusiyasına iki yeni maddənin əlavə edilməsi, bir maddənin çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər nəzərdə tutulurdu.

Beləliklə, ölkə Konstitusiyasında NMR-in Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa muxtar respublika konstitusiyasının Preambulasında da əksini tapıb.

Habelə NMR Konstitusiyasına "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı maddə əlavə edilir. Vurğulanır ki, həmin nümayəndəlik NMR-də Azərbaycan prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Onun rəhbərini ölkə prezidenti vəzifəyə təyin edir və vəzifədən çıxarır.

Layihədə həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı yeni maddə yer alıb. Yeni təklifə əsasən, Naxçıvan MR Ali Məclisini 31 deputatın tələbi ilə özü və ya vəzifələrini icra edə bilmədikdə Azərbaycan prezidenti buraxacaq.

Hüquqşünaslar bildirirlər ki, həm Azərbaycan, həm də Naxçıvan MR Konstitusiyasında Ali Məclisin buraxılması ilə bağlı prosedur qeyd olunmayıb.

Eyni zamanda, dəyişikliyə əsasən, NMR Ali Məclisinə seçkiləri Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan prezidenti təyin edəcək.

Nəticə olaraq NMR Ali Məclisinin sədri seçilmək üçün orada beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılır.

Sənəddə əksini tapan digər dəyişiklik isə NMR-in yerli icra hakimiyyətləri başçılarının Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir.

NMR Nazirlər Kabineti onun Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.