Nazirlər Kabineti yanında Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına müvafiq olaraq Bakı şəhərinin bəzi küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrıca hərəkət zolaqlarının təşkilinə başlanılıb.

Həmin zolaqlar xüsusi hərəkət rejimi müəyyən edir. Bu rejimin qaydaları “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsində nəzərdə tutulur. Qanunun tələbinə əsasən, 5.9 nişanı və 1.23 nişanlanması (BUS yazısı) ilə işarələnən bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti məhduddur. Sürücülər bu zolaqla bağlı tələbləri pozmamalıdır. Əgər avtobusdan başqa digər nəqliyyat vasitələri sözügedən zolağa daxil olarlarsa, bu zaman sürücülər 40 AZN məbləğində cərimə ödəməli olacaqlar.

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qəragahın qərarına əsasən şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Belə olan halda həmin zolaqlar boş və istifadəsiz qalır. Digər nəqliyyat vasitələrinin sürücüləri isə cərimə ödəməsinlər deyə bu zolaqlara daxil ola bilmirlər. Nəticədə zolağın boş olmasına baxmayaraq, süni tıxac yaranmış olur. İnsanları narahat edən sual isə ondan ibarətdir ki, əgər şənbə-bazar günləri ictimai nəqliyyat işləmirsə və həmin zolaqlar boşdursa, niyə digər nəqliyyat vasitələri bu zolaqlardan istifadə edə bilmir? Bununla bağlı qərar vermək bu qədərmi çətindir?

Sualımızı öncə bu məsələyə məsul olan qurum – Bakı Nəqliyyat Agentliyinə ünvanladıq. Lakin sorğumuza cavab ala bilmədik.

Zolağa daxil olanları yerindəcə cərimələyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məsələyə münasibət bildirərkən qeyd etdi ki, avtobusların hərəkəti üçün ayrılmış hərəkət zolağında səhər 07:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a kimi avtobusların hərəkəti nəzərdə tutulub:

“Digər saatlarda sürücülər həmin zolaqlardan istifadə edə bilər. Şənbə və bazar günü hələ ki qeyd edilməyib. Hesab edirəm ki, şənbə və bazar günləri də əlavə edilsə, bununla bağlı narazılıq olmayacaq. Hər bir hərəkət iştirakçısı, başda da sürücülər olmaqla, bundan razı qalacaqlar”.

  1. Əsədovun sözlərinə görə, şənbə və bazar günlərinin də zolaqlarda sərbəst hərəkətə şamil edilməsi ilə bağlı iş gedir:

“Bakı Nəqliyyat Agentliyinin avtobus zolaqlarına əlavə lövhələr vurması düşünürəm ki, hamının ürəyincə olacaq. Şənbə və bazar günlərinin də şamil edilməsi ilə bağlı iş gedir. Bakı Nəqliyyat Agentliyi ilə məsləhətləşdikdən sonra ayrıca bu barədə məlumat veriləcək”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Press Klub”a bildirdi ki, onlar bununla bağlı həm BNA, həm də BŞDYP-nə təklif veriblər:

“Bildiyimiz kimi, aprel ayına qədər həftə sonları ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb. Belə olan halda, şəhərdə sıxlığın yaranmaması üçün avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin də istifadə edilməsinə imkan yaradılmalıdır. Həmin qurumlar isə bununla bağlı hər hansı qərarın olmadığını əsas gətirirlər”.

Ekspert hesab edir ki, hər bir məsələni qanunla, rəsmi qərarla tənzimləmək də düzgün deyil:

“Burada məsələni hər iki qurumun şifahi göstərişi ilə də tənzimləmək olar. Bununla bağlı sürücülərə şifahi məlumat verə bilərlər və beləliklə də, bunu reallaşdırmaq o qədər də çətin bir məsələ deyil. Hər bir halda problemin həllinə nail olmaq mümkündür. Bunun üçün kifayət qədər əsas da var. Boş zolaqlardır və həftə sonları da həmin zolaqlara heç bir ictimai nəqliyyat növü daxil olmur, çünki işləmir”.

Ülviyyə Şahin