Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov sentyabrın 13-də məhkəmədə müvazinətini itirərək yıxılıb. Prokurorla mübahisə edən E.Həsənovun vəziyyəti pisləşib, Bakı Ağır Cinayətlər Məhkəməsinə Təcili Tibbi Yardım çağırılıb.

Hələ məhkəmə iclasının əvvəlində Eldar Həsənov xahiş edib ki, onun işinə həftədə bir dəfə baxılsın. Çünki sağlamlığı, fiziki durumu həftədə iki dəfə DTX-nın istintaq təcridxanasından məhkəməyə aparılıb-gətirilməsinə imkan vermir. Vəkilləri də onu dəstəkləyib. Müdafiəçilərdən Cəlil Mirzəyev deyib ki, qanunla hər məhkəmə iclasından sonra üç gün ərzində məhkəmə iclas protokolları ilə tanış olmaq hüquqları var, amma zaman çatışmazlığına görə bunu edə bilmirlər.

Hakim bildirib ki, onlara protokollar ancaq yekunda – hökm çıxarılandan sonra veriləcək.

Eldar Həsənov bu dəfə də işinə qapalı məhkəmədə baxılmasını istəyib: “Çünki mən ittiham olunduğum 15 epizodun hər biri üzrə ifadə verəndə adlar açıqlamalıyam, ətraflı danışmalıyam. İstəmirəm ki, həmin məsələlər ictimailəşsin”.

Hakimlər yenə də bu işdə dövlət sirri təşkil edən məlumatların olmadığını əsas gətirib, keçmiş səfirə “yox” deyiblər.

Ardınca ifadə verən Eldar Həsənov əvvəlcə xarici ölkələrdə səfirlik binalarının alınması zamanı mənimsəməyə yol verdiyi barədə ittihama cavab verib. O bildirib ki, səfir olaraq nə özünün, nə də səfirlik əməkdaşlarının bu prosesdə iştirakı olub. Səfirlik üçün binaların alınmasına xarici işlər nazirinin müavininin sədrliyi ilə yaradılan komissiya nəzarət edib, bina seçimindən tutmuş, vəsaitin ödənilməsinə qədər, bütün proses onların nəzarəti altında həyata keçirilib: 

“2009-2014-cü illərdə Azərbaycan hökuməti qərar verdi ki, xarici ölkələrdəki səfirliklər üçün binalar alınsın. Mən də o dövrdə hansı ölkələrdə səfir olmuşamsa, binalar alınıb. O binaları özüm almamışam. Rumıniyadakı binanın alınması üçün nazir müavini Vaqif Sadıqovun sədrliyi ilə komissiya yaradılmışdı. Belqraddakı binanın alınması da nazir müavininin rəhbərliyi və komissiyanın əli ilə həyata keçirilib. Özləri gəliblər, təklif olunan binalara baxıblar, qərar veriblər. O binaların arasından necə seçim ediblər və sair məsələləri özləri həll edib. Aktda da nə səfirin, nə də səfirlik əməkdaşlarının imzası var”.

Eldar Həsənovun sözlərinə görə, elə hallar olub ki, əmlak sahibi pulun bir hissəsini nağd şəkildə almaq istəyib. Belqradda alınan binanın sahibi istintaqa ifadəsində etiraf edib ki, vergini çox ödəməmək məqsədilə pulun bir hissəsini nağd şəkildə alıb.

Sabiq baş prokurorun sözlərinə görə, Monteneqrodakı binanın sahibi iki qardaş olub. Onlardan biri pulu nağd istəyib, digəri isə bank hesabına köçürülməsini tələb edib: 

“Çox mötəbər şəxsin köməkçisi ilə əlaqə saxlayıb, məlumat verdim ki, belə bir problem var. Onlar problemi özləri həll elədilər. Qardaşın birinə pulu nağd ödədilər, o birinə köçürmə yolu ilə. Obyekt sahibi ifadəsində bildirib ki, binanı 3 milyona istədilər, vermədim. Bina 4 milyona alınıb. Əgər adam öz diliylə deyirsə ki, 3 milyona verməmişəm, müstəntiq 4 milyondan 1,4 milyon yeyintini necə çıxarıb? 24 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm, amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm…”

Bosniya və Herseqovinadakı binadan danışan Eldar Həsənov Sarayevo küçəsindəki evin necə alındığını da açıqlayıb. Onun sözlərinə görə, 5 nəfərdən ibarət komissiya gəlib, seçim edib. O binanın da pulunun bir hissəsi nağd ödənilib: 

“Bir hissəsini isə “Scana” şirkətinə köçürdülər. Bu şirkətin hesabı da Aşur adlı azərbaycanlının adına olub. Müstəntiq bunu araşdırmır ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş həmin ofşor şirkət kimin olub. Sahibi də bəllidir. Aşur isə ortada vasitəçidir, pul köçürmələrinə görə ona da 300-500 dollar verirlər”.

Eldar Həsənov istintaqda çoxsaylı qanunsuzluqlara yol verildiyini vurğulayıb. Onun sözlərinə görə, obyektiv və hərətərəfli araşdırma üçün zəruri olan sənədlərin heç biri cinayət işinin materiallarında yoxdur: 

“Bu qədər amansız, qəddar, qanunsuz münasibət olar?! Nə Tender Komissiyası, nə tenderdə iştirak edən şirkətlər nəzərə alınıb, nə protokollara baxılıb. Ortada guya 50 cildlik cinayət işi var, amma içi boşdur. İtaliyada, Fransada, Xorvatiyada və bir çox başqa ölkələrdə Azərbaycan humanitar layihələr həyata keçirib. Səfirliyin bu layihələrdə maliyyə məsələlərinə müdaxiləsi, layihənin icrasının yubanması mümkün deyil. Bircə şikayət varmı səfir olduğum ölkədə layihənin gecikməsindən, keyfiyyətsiz icra olunmasından? Prezidentin, xarici işlər nazirinin, səfirin adına təşəkkür məktublarından başqa heç nə yoxdur. İşlərin təhvil-təsliminə dair akt cinayət işində yoxdur. İstintaq dərk eləməyib ki, bu, vacib sənəddir…”

Bu yerdə prokuror müdaxilə edərək Eldar Həsənovun istintaqla bağlı dediklərinə etirazını bildirib: “Müstəntiq burada yoxdur. Mən işlədiyim qurumun əməkdaşını müdafiə etməliyəm. Onu haqlı hesab edirəm”.

Eldar Həsənov cavabında bildirib ki, müstəntiq hərtərəfli araşdırma aparmadan, fakta əsaslanmayan rəqəmlər yazıb: 

“Dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara… Mən hər kəsə sözünü çəkinmədən deyən insan olmuşam, heç kimin arxasınca danışmıram. İstərdim ki, istintaqı aparan burada olsun, onun da üzünə deyim bunları. Mənim yerimə kim olsa, yanıb kül olardı. Məni bu hala gətiriblər. İndi deyirlər prokurorluğun adını qoruyum. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbarana tutulan vaxtında, silahlı hücumlar olanda sinəmi qabağa verib, prokurorluğu qorumuşam. Yeri gəlmişkən, baş prokuror kifayət qədər peşəkar, öz əməyi ilə böyüyən, savadlı adamdır. Onun şəxsi işində də mənim imzam var…”

Prokuror yenidən müdaxilə edərək Eldar Həsənovdan ittihamın mahiyyətinə uyğun danışmağı tələb edəndə sabiq səfirin ona cavabı kəskin olub: 

“Mən verilən ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Mənə yol göstərməyinə 40 il var. Yerini, həddini bil…”

Eldar Həsənovun dediklərindən o da məlum olub ki, bu iş üzrə istintaqda xarici ölkə vətəndaşları da dindirilib: 

“Üç ölkənin vətəndaşlarının dediklərini diqqətlə oxuyun. Hansı birində məni nədəsə günahlandırıblar, mənimlə telefon əlaqəsi, yaxud görüş haqda nəsə deyiblər? Heç nə yoxdur…”

Keçmiş baş prokuror bunları deyərkən qəfildən vəziyyəti pisləşib və yıxılıb. Bu səbəbdən məhkəməni davam etdirmək mümkün olmayıb.

Xatırladaq ki, Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım  kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsidir”.

Gülər