Hazırda xəstəxanada olan Tofiq Yaqublu aclığın 13-cü günündə ona sistem qoşulmasından imtina edib. Bu barədə “Press Klub”a onun qızı Nigar Həzi məlumat verib.

Sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülən T.Yaqublu hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Sentyabrın 14-də onun üç vəkilindən yalnız birini – Elçin Sadıqovu yanına buraxıblar. Digər iki vəkilin – Aqil Layıc və Nemət Kərimlinin isə hüquqlarını müdafiə etdikləri şəxslə görüşməsinə imkan verilməyib. Hər iki vəkil bunun qanunsuz olduğunu bildirib.

“Məsul şəxslər problem olmadığını bildirdilər. Amma görünən budur ki, problem var. Bizi hüquqlarını müdafiə etdiyimiz şəxslə görüşə buraxmırlar. Halbuki vacib məsələ ilə bağlı məsləhətləşməliyik. Bizim buraxılmamağımız qanunsuzdur. Onu görmək, hansı vəziyyətdə olduğunu bilmək hüququmuz var”, – deyə A.Layıc bildirib.

N.Kərimli də baş verənləri müdafiə hüququnun pozuntusu kimi qiymətləndirib: “Vəkilin müvəkkili ilə görüşə buraxılmaması üçün heç bir bəhanə ola bilməz. Hazırda Tofiq Yaqublunun həkim qədər güvəndiyi həm də vəkilləridir. Görüş üçün rəsmi şəkildə də Penitensiar Xidmətə müraciət eləmişəm. Xəbər yoxdur”.

T.Yaqublu sentyabrın 12-də hospitala köçürüləndən bu yana ailə üzvləri də onunla nə görüşə, nə də telefonla danışa bilmişdi. Bu üzdən qızı N.Həzi sentyabrın 14-də səhər saatlarında Ombudsman Aparatına müraciət edərək atası ilə ünsiyyətə şərait yaradılmasını istəmişdi. Bu gün saat 15.30-da ona atası ilə görüşməyə icazə verilib.

T.Yaqublu reanimasiyada da mühafizə altındadır. Onun qızı ilə təxminən 15 dəqiqəlik söhbəti də nəzarət altında baş tutub. N.Həzinin sözlərinə görə, T.Yaqublu sentyabrın 14-dən sistemdən də imtina etdiyini söyləyib: 

“İndiyə qədər vurulanlar da qidalandırıcı deyildi. Bədənindəki su itkisinin bərpası üçün köçürülürdü. Bundan da imtina edib və bildirib ki, həkimi Adil Qeybulla məcbur eləsə belə, qəbul etməyəcək. Dedi ki, qərarı qətidir: ya bəraət alıb azadlığa çıxacaq, ya da ölüm olacaq…”

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun Avropa İnsan Hüquqları Məhkəməsinin sorğusuna cavab məktubunda yazılıb ki, T.Yaqublu sentyabrın 7-dən aclıq edir. T.Yaqublu özü isə sentyabrın 2-də məhkəməsində son sözünü deyərkən çıxışının sonunda aclığa başladığını elan etmişdi. T.Yaqublu qızı ilə görüşündə bu məsələyə də aydınlıq gətirib: 

“Bildirdi ki, aclıq edəndə müəssisə rəhbərliyinə bu barədə ərizə yazmaq lazım olduğunu əvvəldən deməyiblər. Sentyabrın 7-də istintaq təcridxanasının rəis müavini ona deyib. O da həmin gün ərizə yazıb. Amma ərizəsində qeyd edib ki, sentyabrın 2-dən aclığa başlayıb. Cəmiyyətə həmin ərizəni göstərsinlər. Hətta bu məsələdə də saxtakarlıq edirlər”.

“Baku City Hospital”da T.Yaqublunu müalicə edən həkim Adil Qeybulla da onun durumu barədə açıqlama verib: 

“Aclıq aksiyası artıq 14-cü gününə keçib. Kifayət qədər qəti aclıqdır. Heç bir qida qəbulundan söhbət gedə bilməz. Belə olan halda, bədənin resursları tədricən tükənir. Qlükoza tərkibli materialların resursu tükənir. Bundan sonra əzələlər işə qoşulur. Sürətlə arıqlama gedir. Burada ən böyük problem odur ki, bu yaşda insanda resurslar aşağı olur. Üstəlik, Tofiq Yaqublunun yanaşı xəstəliklərini də nəzərə almaq lazımdır. Ona görə də biz bir neçə dəfə həyati dəstək addımları atdıq. Tofiq bəy bu aclığı davam etdirməkdə israrlıdır. Onun həyatı üçün təhlükə qalır”.

T.Yaqublunun sistemlərdən də imtinası məsələsinə münasibət bildirən professorun sözlərinə görə, bu şəkildə davam etsə, getdikcə onun həyatına daha çox təhlükə yaranacaq.

Qeyd edək ki, bu gün Bakı metrosunun “Gənclik” stansiyasında naməlum gənclər tərəfindən kreativ etiraz aksiyası keçirilib. “Tofiq Yaqubluya azadlıq!” şüarı yazılmış plakatın yapışdırıldığı şarlar havaya buraxılıb. (Foto yuxarıda.)

Gülər