“Facebook” şirkətinin qurucusu və rəhbəri Mark Zukerberq ilk dəfə olaraq sərvətinin miqdarı 100 milyard dollara bərabər və ya bu miqdarı aşan zənginlərin sırasına daxil olub. 

“Bloomberg”in məlumatına görə, M. Zukerberqdən başqa dünyada cəmi 2 nəfərin sərvəti 100 milyard dollardan çoxdur: “Amazon”un sahibi Ceff Bezos və “Microsoft”un qurucusu Bill Geyts. 

Lakin “Forbes” hesab edir ki, üçüncü sırada 104 milyard dollar sərvəti ilə “Louis Vuitton” qrupunun rəhbəri Bernar Arno və ailəsidir.  

Zukerberqin daha da zənginləşməsinin səbəbi “Facebook”a məxsus olan “Instagram” sosial şəbəkəsinin “Reels” xidmətini istifadəyə verməsidir. “Reels” “TikTok”un analoqudur. 

Bu hadisə prezident Trampın  ABŞ vətəndaşlarına Çinin “ByteDance” və “Tencent” şirkətləri ilə hər hansı əməkdaşlığı qadağan etməsi barədə qərar imzalaması ilə üst-üstə düşüb. “ByteDance” “TikTok”a, “Tencent” isə “Wechat” messencerinə nəzarət edir. Qərar 45 gün ərzində qüvvəyə minəcək. ABŞ Senatı isə öz növbəsində dövlət qulluqçularına öz xidməti cihazlarında “TikTok”dan istifadəni qadağan edib. 

Qeyd edək ki, pandemiyanın başlaması iri texnoloji şirkətlərin gəlirlərini ciddi şəkildə artırıb. Çünki insanlar internetdə daha çox vaxt keçirir, online sifarişlər daha da populyarlaşıb. İlin əvvəlindən bəri Zukerberqin sərvəti 22 milyard dollar, Bezosun sərvəti isə 75 milyard dollar artıb. 

ABŞ-ın 5 iri texnoloji şirkəti – “Apple”, “Amazon”, “Alphabet”, “Facebook” və “Microsoft”un bazar dəyəri hazırda ABŞ dövlətinin Ümumi Daxili Məhsulunun 30%-nə bərabərdir. İlyarım ərzində bu göstərici 2 dəfə artıb.  

Press Klub