Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin davam edib-etməyəcəyi ilə bağlı səbirsizliklə gözlənilən qərarını elan etdi.    

Qəragahın məlumatında deyilir ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. 

Belə ki, 2020-ci il avqustun 5-də, saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Qalan bütün məhdudiyyətlər isə avqustun 31-nə qədər olduğu kimi saxlanılır. 

Qərar açıqlandığı andan etibarən sosial şəbəkələrdə etirazlara səbəb oldu. Çünki rayonlara gediş-gəliş qadağası, toylara, yas mərasimlərinə qadağalar qüvvədə qalır, kafe-restoranlar, iri ticarət mərkəzləri yenə bağlı olacaq. Ötən müddətdə onsuz da vəziyyəti ağırlaşmış müxtəlif əhali təbəqələri daha bir müddət dözmək məcburiyyətindədir. Belə görünür ki, hökumət yeni sosial yardımlar göstərməyi də düşünmür. Məsəni ekspertlərlə müzakirə etdik.

Baş infeksionist Cəlal İsayev hesab edir ki, karantin rejiminin bu qədər uzadılması məsləhətdir: 

“Operativ Oərargah belə məsləhət görüb və belə qərar verib. Bizim yoluxma sayımız 200-dən yuxarıdır. Bu qədər yoluxma az göstərici deyil. Ona görə də karantinin aradan qaldırılması və ya yumşalmalara gedilməsi hələ ki məsləhət deyil. SMS-i ləğv etdilər, çimərliklərdən istifadəyə icazə verildi. Başqa yumşalmalara getmək hələ tezdir”.

İnfeksionistin fikrincə, yoluxma sayı 100 və 50-dən aşağı düşsə, o zaman ciddi yumşalmalara getmək olar: “İndiki epidemioloji vəziyyət bu yumşalmalara getməyə imkan vermir”. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, karantinin bu qədər uzadılmasının yeganə səbəbi yoluxma sayının hələ də yüksək olmasıdır: 

“Düzdür, artıq pik nöqtəsindən keçmişik və günü-gündən azalma müşahidə olunur. Amma hələ də yoluxma halları var. Bu baxımdan karantin rejiminin əsas məhdudiyyətləri qalmaqdadır. Respublikanın 13 şəhər və rayonunda karantin qalır, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri bağlıdır, toy və yas mərasimlərinin keçirilməsinə görə məhdudiyyətlər mövcuddur. Amma yoluxmanın gündəlik azalması bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına səbəb oldu, bunların içərisində SMS-icazənin ləğvi, çimərliklərdən istifadəyə icazə verilməsi kimi məsələlər var”.

Lakin deputat məsləhət görür ki, vətəndaşlar yenə də ehtiyatı əldən verməməlidir: 

“Hər kəs bilməlidir ki, maskadan istifadə etməsə, gigiyenik qaydalara əməl etməsə, sosial məsafəni gözləməsə, yenidən yoluxa bilər. Ona görə də, bir tərəfdən yumşalmanın olması yaxşıdır, digər tərəfdən isə yenə də mən istərdim ki, biz bu tələblərə riayət edək”.

İqtisadçı ekspert Natiq Cəfərli vətəndaşlara yeni sosial yardımların verilib-verilməyəcəyi ilə bağlı sualımızı belə cavablandırdı: 


“Çox təəssüf ki, biz iyun və iyul aylarının nəticələrinə görə deyə bilərik ki, yeni sosial yardımlarla bağlı hər hansı təkliflərin olması gözlənilmir. Sadəcə, avqustun 5-də Milli Məclisdə büdcəyə yenidən baxılması ilə əlaqədar müzakirələr olacaq”.

Ekspert ümid edir ki, ən azından millət vəkilləri bu məsələni parlamentdə qaldıracaqlar: 

“Çünki ictimai-iaşə və xidmət sahələrinin qapalı olması o sahələrdə çalışan on minlərlə insanın maddi durumuna çox ağır təsir göstərir. Həmin sahələr ən azından sentyabrın 1-nə qədər yenə qapalı olacaq. Söhbət on minlərlə, hətta yüz minlərlə insandan gedir, çünki rəsmi iş yerləri ilə yanaşı, qeyri-rəsmi iş yerləri də var idi. Bunu artıq hökumət özü də etiraf edib. Ona görə də, həm maddi yardımlar, həm də o sahələrdə çalışan iş adamları ilə bağlı yeni təşviq paketlərinə ehtiyac var. Çox təəssüf ki, bu barədə heç bir açıqlama yoxdur. Ümid edək ki, Azərbaycan parlamenti büdcə dəyişikliklərini müzakirə edərkən bu təklifləri qanun və ya təklif şəklində icra strukturlarına, yəni hökumətə təqdim edəcək”.

Ülviyyə Şahin