Logo
news content

Ziyarət, yoxsa bəd niyyət?
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edir

Bütün dinlərdə ziyarət vacib əməllərdən sayılır. Buna hamının imkanı olmur. Məsələn, Qüdsdə üç dinin ziyarət və ibadət yeri var. Ancaq oranı ziyarət etmək hər kəsə nəsib olmur. Eləcə də Səudiyyə Ərəbistanında yerləşən Kəbədə Həcc əməlini hər müsəlman icra edə bilmir.

Bütün müsəlmanlar tərəfindən müqəddəs məkanlar bunlar sayılır: Məscidül-Həram , Məscidül-Nəbi, Məscidül-Əqsa.

Şiələr və başqa müsəlmanlar tərəfindən müqəddəs sayılan məkanlara bunlar aiddir: İmam Əli məscidi, İmam Hüseyn hərəmi, Bəqi qəbiristanlığı, Cənnət əl-Muəlla qəbiristanlığı, Xanım Zeynəb məscidi, Əbülfəzl Abbas məscidi, Xanım Rüqəyya məscidi, Bab əs-Səğir qəbiristanlığı. Bunlarla yanaşı, şiələr arasında imamların ailə üzvlərinə məxsus digər türbələr, Məhəmməd peyğəmbərlə əlaqəli məkanlar, imamlarla, peyğəmbərlərə və Kərbəla hadisəsinə bağlı yerlər, sonuncu elçinin səhabələrinə aid yerlər də ziyarətgah sayılır. 

Şiələr daha çox İraq və Suriya ərazisindəki ziyarətgahlara səfər edirlər. Son günlər İmam Hüseynin “40 mərasimi” və ya “Ərbəin”lə əlaqədar zəvvarlar bu ölkələrə səfər edir. 

Yayılan məlumatlara əsasən, bu il İraqa İmam Hüseynin məqbərəsini ziyarət etmək üçün 21 milyon 480 min 525 zəvvar gedib. Suriya və İraqa bu məqsədlə səfərlər davam edir. 

Təbii ki, bu məsələdə inam əsas rol oynayır. Digər tərəfdən isə Kərbəla vaqeəsinin on günlüyü və “imamın 40-ı” mərasimi bir ənənə olaraq qeyd edilir. 

Ancaq təəssüf ki, insanları bu təmiz hisslərindən siyasi ambisiyalarını reallaşdırmaq məqsədi ilə sui-istifadə etmək istəyənlər də var. 

Səudiyyə Ərəbistanı ziyarətdən çirkin niyyətlə yararlanmağa çalışanların qarşısını almaq üçün qərar qəbul edib. Krallıq həcc ziyarəti mərasimindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verməyəcəyini bildirib. Səudiyyə Ərəbistanı Həcc və Ümrə Ziyarətləri Nazirliyi bu barədə açıqlama yayıb. Açıqlamada bildirilib ki, heç bir halda həcc mərasimindən siyasi və ya məzhəb məqsədləri üçün sui-istifadəyə, və bu niyyətdə olanların Səudiyyə Ərəbistanına daxil olmasına icazə verilməyəcək. Açıqlamaya əsasən, ibadət adı altında krallığa daxil olan belə şəxslər ictimai təhlükəsizliyi və asayişi pozaraq, ölkədə xaos yaratmağa cəhd göstərir: “Həcc Ziyarəti mərasimindən siyasi istifadəyə icazə verilməyəcək”

Xaricdəki Həcc idarələrinin fəaliyyətinə bu barədə uyğun göstərişlər verilib. Nazirlik onların illik fəaliyyətinin tamamilə bu qurumun nəzarəti altında olacağını açıqlayıb.

“Saudi Gazette”nin məlumatına görə, nazirlik bildirib ki, səlahiyyətli idarələr öz ölkələrindən Səudiyyə Ərəbistanına gələn bütün zəvvarlar üçün tam məsuliyyət daşıyacaqlar.

Bu idarələrdən həmçinin Səudiyyə Ərəbistanına daxil olmazdan əvvəl zəvvarlarla bağlı məlumatları elektron sistemdə qeydiyyatdan keçirmələri tələb olunur və zəvvarların özləri ilə istənilən fotoşəkil, kitab, bayraq, şüar və ya hər hansı siyasi nəşr, yaxud qadağan olunmuş mal gətirməsinə icazə verilmir. 

Bu ofislər həmçinin öz ölkələrindən olan zəvvarların ictimai asayişi, ictimai təhlükəsizliyi, ictimai sağlamlığı pozan hər hansı fəaliyyət və ya toplantılara qatılmamalarını  təmin etməlidirlər.

Ötən illərin acı təcrübəsi sübut edir ki, İran hakimiyyəti bu ziyarətlərdən qərəzli niyyəti üçün yararlanıb. Yeri gəlmişkən, sentyabrın 1-dən Məkkəyə ümrə ziyarəti başlayıb. İranda bu məqsədlə iki min nəfərə icazə verilib. 

Məlumat görə, Həcc ziyarəti mərasimindən ən çox İrandan gedən zəvvarlar sui-istifadə edir. Bununla bağlı Səudiyyə Ərəbistanı Tehran hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib. 1979-1989-cu illərdə iranlı zəvvarlar Həcc mərasimi başlamazdan əvvəl təyin olunmuş yerə toplaşaraq, ABŞ və İsrail əleyhinə şüarlar söyləyib, çıxışlar ediblər. İrandan gedən zəvvarların belə davranışı zamanı baş verən toqquşmalarda onlarla iranlı ölüb. 

Onların arasında ən qalmaqalı olay 1987-ci il iyulun 31-də İran hakimiyyətini dəstəkləyən zəvvarlarla Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmadır. Krallığın açıqladığı rəsmi məlumata əsasən, qarşıdurma nəticəsində 402 nəfər, o cümlədən 275 iranlı zəvvar, Səudiyyənin 85 polisi, başqa ölkədən olan 42 zəvvar ölüb. Minlərlə ziyarətçi isə yaralanmışdı.

2015-ci il sentyabrın 24-də Məkkədə Mina vadisində illik Həcc ziyarəti zamanı 2110 nəfər iğtişaş nəticəsində vəfat edib. Bu, 25 ildə ən böyük rəqəmdir. 1990-cı ildə basırıq nəticəsində 1426 zəvvar ölmüşdü. 

2024-cü ildə həcc ziyarətinə bir milyon 845 min 045 nəfər qatılıb. 2024-cü iyunun 14-dən 19-dək həcc ziyarəti dövründə Məkkədə 1300-dən çox zəvvar vəfat edib. Onların 83 faizinin həcc vizası olmayıb, onlar Məkkəyə qanunsuz olaraq gediblər. Ölümlərin əsas səbəbi regionda havanın istiliyinin 51 dərəcə selsidən artıq olması göstərilib. 

Hadisələr sübut edir ki, hər iki mərasimdən, insanların inancından, saflığından İran hakimiyyəti öz məqsədlərini həyata keçirmək üçün istifadə edir. 

Bu tədbirlər zamanı İran hakimiyyəti, onun dini-siyasi ideologiyası təbliğ olunur. Tehran bununla başqa müsəlman dövlətlərin təhlükəsizliyinə problem yaradıb, onu təhdid edir. Bir sıra hallarda isə müsəlman ölkələrin daxili işinə qarışmış olur. Onlar bunu dindaşların biri-birindən xəbər tutması kimi təqdim edə bilərlər. Ancaq bu, daha başqa dövlətdə öz kolonunu, xomeyniçilər dəstəsini yaratmaq səylərindən başqa bir iş deyil. Səudiyyə Ərəbistanı İranın və başqa ölkələrin həcc ziyarətindən çirkin niyyətlər üçün istifadənin qarşısını almaq məqsədi ilə tədbirlər görür. İraq hakimiyyətinin isə Kərbəla ziyarəti zamanı başqa dövlətlərin daxili işinə qarışmamaq üçün zəvvarlar, yaxud onların ziyarətini təşkil edənlər qarşısında oxşar tələb qoyulduğuna dair ictimaiyyət məlumatlanmayıb. Odur ki, insanların inanclarından sui-istifadə halların qarşısının alınması üçün Bağdadın da Ər-Riyaddan nümunə götürməsi günün tələblərindəndir. Bu, həm də İraqın özünün təhlükəsizliyinə yardım edər.