Logo
news content

Tehran rejiminin mövsüm xəstəliyi
Özlərini “anti-sionist” kimi göstərənlərin anti-türk mərəzi

Tehran rejimi və onun əsasını təşkil edən panfarsçı düşüncə sistemi farsca və fars mədəniyyəti adlanan sahəyə aidiyyəti olmayan məsələlərə daim qıcıqlanır, onu qaralamağa çalışırlar. Ona görə də bu sistem regionda onlarla əlaqəsi olmayan ərazilərə, mədəni abidələrə iddia edib, farslaşdırır, tarixi isə təhrif edib, saxtalaşdırırlar. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri ilə illər uzunudur Əbu Musa, Boyük Tonb və Kiçik Tonb adaları, yaxud Bəhreynə, Azərbaycana qarşı ərazi iddiası ilə yanaşı müxtəlif əsassız hikkələrlə çıxış  edirlər və s.

İranda mövcud rejim İsraili Fələstin ərazilərinə görə tənqid etdiyi halda, özü qonşuluqdakı dövlətlərə ərazi iddiası ilə çıxış edir.

Bu azmış kimi, həmin əraziləri farslaşdırırlar. Üstəlik, bu yanaşmanı yalnız qonşu dövlətlər və regionlarla bağlı nümayiş etdirmir. 1925-ci ildə indi İran adlanan ölkədə hakimiyyətə gətirilən panfarsçı ideologiya yüz ilə yaxındır bu fəaliyyətlə məşğuldur. Onların gördüyü ilk iş 1796-1925-ci illərdə Qacarlar sülaləsi tərəfindən idarə olunan dövlətin rəsmi adını, Məmaliki-Məhrusəyi-Qacarı (Qacarların Qorunan Məmləkətləri) dəyişmək olub.

Firdovsi “Şahnamə”ni yazarkən Sasanilər dövrünə aid qədim pəhləvi dilindəki “Hökmdarlar kitabı” adlı salnamələrdən istifadə etmişdi. O, həmin kitaba əsasən, “İran və Turan” coğrafi-siyasi anlayışlarını və qədim mifologiyanı sadəcə ədəbi dilə köçürmüşdü. O, bununla da fars-türk qarşıdurmasının ideoloji əsaslarını yazılı ədəbiyyata köçürmüşdü. 1935-ci il martın 21-də Rza şah Pəhləvi ölkənin adının “İran” adlanmasına dair fərman vermişdi.

Bununla da ölkənin adı farslaşdırıldı, “ariləşdirildi”.

O illərdən rəsmi hakim ideologiya olan panfarsizm İrandakı bütün yer, şəhər, kənd, dağa, çay, tarixi abidə  və başqa adları farslaşdırmağa başladı. Bunu ermənilərin indiki Ermənistan ərazisində Azərbaycan adlarının, bir müddət işğal altında saxladıqları Qarabağ və ətraf rayonlarda yer adlarını erməniləşdirməsi ilə müqayisə etmək olar.

Rza Pəhləvinin hakimiyyətə gəlişi ilə türk mədəniyyətinə qarşı bir hücum başladı. 1925-ci ildən sarayda və ölkənin idarə edilməsi sistemində fars dili və mədəniyyətinin rəsmi şəkildə hakim olduğu təsdiqləndi.

Həmin tarixdən başlayaraq, Güney Azərbaycanda türk mənşəli qədim yer adları sistemli şəkildə farslaşdırılmağa başladılar. Bu siyasəti indiki Tehran rejimi də davam etdirir. Bunlara aid bir neçə örnək göstərək: Nəqədə - əsl adı Sulduz, Miandoab - Qoşaçay, Meşkinşəhr - Xiyav, Şahindej – Sayınqala, Sərdəşt-Sarıdaş, Azərşəhr- Tufarqan, Bostanabad- Ocan (həmçinin Sərəskənd adı ilə də tanınır), Mahabad-Soyuqbulaq, Tikab-Tikantəpə, Piranşəhr-Xana, Bukan-Bəykəndi, Şəbüstər-Güney, Salmas-Dilməqan, Mələkan-Məlikkəndi, Urmiya- Rza Pəhləvinin  dövründə bir müddət Rizaiyyə adlandırılmışdır.

Bu siyasətin davamı olaraq, Tehran rejimi şahçısından, dinçisindən asılı olmayaraq, “bir dil, bir millət” prinsipi üzrə türk mənşəli toponimləri ləğv edib, onları fars və ya kürd mənşəli adlarla əvəzlədilər.

Yalnız böyük şəhər və kəndlər deyil, dağlar, çaylar və bulaqlar da bu dəyişikliklərə məruz qalıblar. Məsələn, Qaplan dağı (Qaflan kuh), Cığatı çayı (Zarrineh rud), Tatavı çayı (Simineh rud), Acıçay (Təlxe rud), Qızılüzən (Sefid rud), Qarasu çayı (Siyah rud), Quruçay (Xoşkə rud), Gəncə çayı (Şəhriz rud), Soyuqbulaq çayı (Mahabad rud),  Savalan dağı (Səbəlan kuh), Qarındaş dağı (kuh-e Qarındaş), Aladağlar silsiləsi (kuh-e Aladağ), Göyçə gölü (Urmiya yaxınlığında Şahi), Çanaq bulaq (Çeşme Çanax), İstisu bulaq (Abe Gərm) və s.

Bəhs etdiyimiz mövzuda - farslaşdırma ilə bağlı bütövlükdə Azərbaycanda böyük elmi işlər, araşdırmalar aparılıb. Tehran hakimiyyətinin bu saxtakarlığının mahiyyəti, hədəfi açıqlanıb. Onlar bununla əsassız bir hikkəni - türklərin indiki İrana gəlmə olduğunu - isbatlamağa səy göstərir. Bununla indiki İran və onun ətrafındakı, o cümlədən Mərkəzi Asiyadakı türk dövlətlərinin ərazisinin farslara mənsubluğunu göstərmək niyyətini gizlətmirlər. Bu, ermənilərin vaxtı ilə iddia etdikləri “Böyük Ermənistan” ideyasının panfarsçı variantıdır. Bir vaxtlar bu düşüncənin daşıyıcıları “türklərsiz İran!” şüarını belə irəli sürürdülər. Ermənilər indiki Ermənistan ərazisindən Rusiyanın, sonralar da sovetlərin iştirakı və yardımı ilə türkləri çıxarıb ərazini erməniləşdirdilər. Bugünkü Qərbi Azərbaycana qayıdış hərəkat vaxtı ilə on minlərlə türk qarşı edilmiş haqsızlığın aradan qaldırılmasının çox cüzi bir hissəsi sayıla bilər.

Fars şovinistləri də bu yanlışlığı davam etdirir, həqiqəti ört-basdır etməyə çalışaraq, yersiz iddialarla etnik cəhətdən qohum sayılan ermənilərin etdiklərini təkrarlayırlar.

Bu yaxınlarda Tehran rejiminin daha bir xəstəliyi, Xəzərin adının farslaşdırmaq, yaxud iranlaşdırmaq həvəsi yenidən baş qaldırıb. İran media orqanlarında, o cümlədən SEPAH-a bağlı informasiya mənbələrində və İRİB dövlət televiziyasında son dövrlərdə Xəzər dənizinin tarixi "Xəzər" adından imtina edilərək, onun "Kaspian" və ya "Mazandaran" adları ilə əvəzlənməsinə başlanıb.

Onlar bu addımı “sionistlərin iddialarına qarşı cavab” sayırlar. İranda müxtəlif “mənbələrə” istinadən “sübut etmək” istəyirlər ki, Xəzər adı İran mənşəli deyil. Çünki bu bölgədə Xəzər xanlığı, onun rəsmi dini isə iudaizm olub. Xəzər dənizini “Mazandaran” adlandıranlar belə fikrə düşüb ki,  guya bununla yəhudilər Xəzərə və ətraf əraziyə iddia edə bilər.

Noyabrın 4-də Tehranın İrəvandakı səfirliyi Azərbaycanın qədim tarixi memarlıq abidəsi olan Göy məscid haqqında videomaterial yayımlayıb. 

Səfirliyin rəsmi sosial media hesabında paylaşılan videoda məscid “İranın mədəni irsinin nümunəsi” kimi təqdim olunub.

Həmin materialda bu tarixi-dini-mədəni abidənin XVIII əsrdə Əfşarlar sülaləsinin hakimiyyəti dövründə inşa edildiyi vurğulanıb. Səfirlik Göy məscidi “İranın İrəvandakı tarixi varlığından” günümüzədək gəlib çatan ən mühüm abidələrdən biri olaraq qeyd edib. 

Düzdür, Əfşarlar Azərbaycan türküdür. Bu səltənət Nadir şah Əfşar tərəfindən qurulub. Ancaq Göy məscidin indiki İrana heç bir aidiyyəti yoxdur. Məscid başqa bir türk şahın - Ağa Məhəmməd şah Qacarın hakimiyyəti dövründə tikilib. O, bütün memarlıq göstəricilərinə görə Azərbaycana məxsusdur. 

Tehran hakimiyyəti, xüsusən panfarsçı siyasi-ideoloji düşüncə sisteminin daşıyıcıları bununla da Azərbaycanın Ermənistan qarşısında qaldırdığı tələbləri əsassız etməyə səy göstərir. Bu isə Ermənistanın və bu ölkədə türk izini erməniləşdirən, türksüzləşdirən, indiki halda iranlaşdırmağa çalışanlara yardım etməkdən başqa bir nəsnə deyil.

Təxminən bir il öncə, 2025-ci il noyabrın 3-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan türkcəsinin qorunması ilə yanaşı yer adlarının dəyişdirilməsi məsələsinə də toxunaraq demişdi: “...Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib...”

Fars şovinistlərinin özlərinin hazırladıqları, başqalarının uydurduları nağıllardan başqa mənbələrə baxmasına ehtiyac var. Onların Güney Azərbaycandakı Qaradağ mahalının adını “Arasbaran”a dəyişməsi də bu kimi cəfəng düşüncənin nəticəsidir.

Ötən il bu vaxtlar “Pressklub.az-”da yazdığımız oxşar mahiyyətli yazıda çəkdiyimiz misal yen yerinə düşür: “Bu hadisə 2002-ci ilin mayında Heydər Əliyevin Tehrana səfəri zamanı baş verib. O vaxtkı İran prezidenti Məhəmməd Xatəmi ilə görüşdə Xəzər dənizinin delimitasiyası ilə bağlı məsələ müzakirə olunurmuş. İran prezidenti danışıqlar zamanı bəlkə də bilərəkdən "Xəzər dənizinin problemləri" əvəzinə "müşkülati-dəryaçeyi-Mazandaran" ("Mazandaran gölünün problemləri") ifadəsini işlədir, söhbəti tərcümə edən Azərbaycanın Tehrandakı o vaxtkı səfiri Abbasəli Həsənov isə ifadəni avtomatik olaraq "Xəzər dənizinin problemləri" şəklində çevirir. Amma təbii ki, tez-tez “Mazandaran” kəlməsinin səslənməsi diqqətdən yayına bilməzdi. Mərhum Prezident fars dilindən xəbərdar olduğundan arada fasilə yarananda üzünü o vaxtkı xarici işlər naziri Vilayət Quliyevə tutaraq, deyib:

- Bu nə çox Mazandarandan danışır? Mazandaranın məsələyə nə dəxli var?

Nazir cavab verib:

- Cənab prezident, iranlılar guya Xəzəri tarixən İranın daxili su hövzəsi sayır, bəzən öz aralarında ona Mazandaran gölü deyirlər.

Prezident əsəbi şəkildə o vaxtkı səfir Abbasəli Həsənova irad tutur:

- Niyə dəqiq tərcümə eləmirsən?

 Sonra isə əlinin işarəsi ilə sözünə davam etmək istəyən Xatəmini dayandırır:

- Ağayi Xatəmi, bildiyimə görə, qədim zamanlardan bəri Xəzər dənizinin çoxlu adı olub. Hətta eşitdiyimə görə, qədim türklər ona Quzğun dənizi də deyiblər. İndi necə eləyək? Siz “Mazandaran” gölünün problemləri barədə danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyası haqda?”

Görünür, “Dəryaçeyi-Mazandaran” deyib, hay-küy salanlara hər il Xəzər dənizi adına dair “anti-türk” iynəsi vurmağa ehtiyac yaranır. Çünki onlar özlərini “anti-sionist” kimi göstərsələr də, mahiyyət və hədəfləri anti-türklükdür.