Logo
news content

Tehran Yaxın Şərqi girov qoyub
Müharibəyə yatırılan sərmayə kimləri varlandırır?

Yaxın Şərq uğurunda savaş geosiyasi maraqların toqquşması, mübarizəsidir. Bu həm də dünya nəhənglərinin milyardlara sahib olmaq üçün qarşıdurmasıdır.

Ona görə də belə qənaətə gəlmək olar ki, toqquşmalara, müharibələrə maraqlı tərəflər daha çox pay əldə etmək üçün açıq və gizli şəkildə sərmayə, investisiya qoyurlar. 

ABŞ-nin İrana qarşı keçirdiyi əməliyyatlar bu kimi maliyyə, habelə qazanca dair məsələləri də ifşa edib. 

“Reuters”in məlumatlarına əsasən, İran yaxın həftələrdə Çin istehsalı olan 400-dək portativ zenit-raket kompleksinin ilk partiyasını almağa hazırlaşır. Bildirilib ki, müqavilənin dəyəri 60-70 milyon dollardır. Anlaşma çərçivəsində 400-dək “QW-12” və “FN-16” daşınabilən zenit-raket kompleksinin alınması nəzərdə tutulur. Tehran ABŞ və İsraillə müharibədən sonra İranın qısamənzilli hava hücumundan müdafiə imkanlarını bərpa etməyə çalışır.

İran iqtisadiyyatının indiki ağır durumunda yenidən silahlanma üçün milyonlarla dollarlıq maliyyə vəsaitini xərclənməsi nə dərəcədə dövlətin, vətəndaşların mənafeyinə xidmət edir? Bu hərbi texnika İrana ABŞ-nin daha müasir silahlarından mühafizə olunmasına, habelə onlara əks-hücum etməsinə imkan verəcəkmi?

Hər halda, İslam Respublikasının indiyədək əldə etdiyi milyardlarla dollarlıq belə layihələr məlum hərbi əməliyyatlar zamanı ali rəhbər ayətullah Seyid Əli Xameneini, Silahlı Qüvvələrin Baş qərargahı rəisi general Məhəmməd Baqerini və siyasi-hərbi rəhbərliyə aid olan başqa şəxsləri xilas edə bilmədi. 

Bu baxımdan, qarşı tərəfin bir həmləsi nəticəsində Çindən alınan milyonlarla dollarlıq hərbi texnika kül olar. Başqa bir tərəfdən, ölkənin düşdüyü ağır iqtisadi durumda müharibəyə hazırlaşmaq məntiqi də sayılmır. Nəhayət, başqa bir sual: Tehran hakimiyyəti bunlar üçün maliyyə vəsaitinin haradan tapır? Heç şübhəsiz, ağıla gələn ilk ödəniş neftlə əmtəə mübadiləsidir. Ancaq İranda bu kimi məsələlərə İran İslam İnqilabı Keşikçiləri Qvardiyası nəzarət etdiyindən maliyyə vəsaitinin əldə edilməsinə daha çox o məsul sayılır. 

Bəzən bunu ölkənin varlı insanlarından bac almaq, bir növ, dövlət reketliyi ilə həyata keçirirlər. Ancaq nəzərə almaq lazımdır ki, qvardiyanın “SEPAH Bank” adlı maliyyə qurumu var. 

Bu bank 1925-ci ildə Rza şah Pəhləvinin hakimiyyəti dövründə “Pəhləvi Ordusu Bankı” adı ilə təsis edilib. Maliyyə qurumu fəaliyyətinin ilk ilində monarx İranının ordusunun hərbi qulluqçularının maliyyə işləri ilə məşğul olub. Bir il sonra bank öz fəaliyyətini genişləndirərək milli banka çevrilib. Ölkənin başqa bölgələrində filiallar açmağa başlayıb. 1926-cı ildə “Pəhləvi İran Bankının Nizamnaməsi” adı altında onun yeni nizamnaməsi hazırlanıb.

Onun məqsədi İranın kommersiya və iqtisadi sahədəki ehtiyaclarının ödənilməsi kimi müəyyən edilmişdi. Bankın xarakterini tamamilə dəyişdirən bu nizamnamədən sonra “SEPAH Bankı” onilliklər ərzində fəaliyyəti boyu fasiləsiz genişlənib. İndi də İranın ən böyük bankı kimi tanınır. 

Deməli, SEPAH müxtəlif məsələlər, o cümlədən Çindən və başqa ölkələrdən, hətta Şimali Koreyadan belə silah, hərbi texnika almaq məqsədi ilə onun imkanlarından istifadə edə bilər. 

Bu günlərdə məlum olub ki, “SEPAH bankı” öz iri kredit xətləri və əsas debitorları haqqında yeni statistik məlumatları dərc etmir. İndi sual yaranır: belə gizliliyin səbəbi nədir?

Bildirilib ki, maliyyə qurumu sistemində statistik şəffaflıq ictimai nəzarət və bank menecerlərinin fəaliyyətinin qiymətləndirilməsinin əsas təməllərindən biridir. Ancaq son aylarda “SEPAH bankı” nəinki bu yolu izləməyib, həmçinin Mərkəzi Banka yeni məlumat təqdim etməkdən imtina edib. Bu da iri kreditlərin ödənilməsi yolları və ağır borcların taleyi barədə ciddi suallar yaradıb.

“Təbnak” saytının məlumatına görə, iri kreditlər, əsas borcalanlar və bu borcların ödənilmə vəziyyəti barədə statistikanın rüblük dərci qanunvericiliyin məcburi tələbidir. Bu, ölkənin bank şəbəkəsində şəffaflığın təmin edilməsinin mühüm vasitələrindəndir. Mərkəzi Bank, adət üzrə, bu məlumatları banklardan aldıqdan və nəzarət orqanında yoxladıqdan sonra rəsmi saytında dərc edir.

Lakin ilin birinci rübünün nəticələrinə görə, sorğulara əsasən, Mərkəzi Bankın saytında "SEPAH bankı”ndan yeni statistik məlumatlar yoxdur. Bu problem yenidən bank rəhbərliyinin fəaliyyətini tənqid hədəfinə çevirib.

Hesabata əsasən, dərc edilmiş son məlumatların təhlili də göstərir ki, Mərkəzi Bankın saytında “SEPAH bank”ın fəaliyyəti barədə sonuncu statistik məlumatlar 2024-cü ilə aiddir. O vaxtdan bəri bank heç bir yeni statistika dərc etməyib. Bu statistik sükut, ictimai rəyin böyük dövlət banklarından daha çox şəffaflıq gözlədiyi bir vaxtda, hər şeydən çox gizlilik şübhələrini artırır. Nəticədə ictimai etimada və bütün bank şəbəkəsinin nüfuzuna zərər vuran şübhələr yaradır. 

Son statistik məlumatlar 2024-cü ilin martına təsadüf edir. 

Daha çox narahatlıq doğuran isə bankın statistik hesabatlarında qeydə alınan 39 trilyon tüməndən çox şübhəli borclardır. Bunlar, bankın tərifinə görə, 18 aydan artıq gecikdirilmiş borclardır.

Sayt bildirib ki, kredit proqramları arasında daha bir diqqətəlayiq məqam da var. Mövcud statistikaya görə, 15 iri kredit sıfır, daha 189-u isə tək rəqəmli, yəni 10 faizdən az ilə verilib. Bu, ucuz kredit xətlərinin əhəmiyyətli hissəsinin kifayət qədər mənfəət gətirmədiyi şəraitdə baş verib. Ümumilikdə 7,4 trilyon tüməndən çox şübhəli borc yalnız 10 faizdən az, hətta sıfır faiz dərəcələri ilə ödənilmiş iri kreditlərlə bağlıdır.

Yazıda bankın fəaliyyətində bu kimi şəffaf olmayan başqa məlumatlar da yer alıb.

Belə ehtimal etmək olar ki, bank həmin məbləğləri SEPAH-ın maliyyələşməsinə, yaxud, onun planlarına ayırıb. Bu səbəbdən də onun açılması dövlət sirri səviyyəsindədir. İranın mövcud ağır iqtisadi-maliyyə vəziyyətində bu sahədə şəffaflığın təmin olunmaması, habelə əməkhaqları və pensiyaların verilməməsi müəyyən narazılıqlar da yaradır. Dolanışıqlarından, maaşların və təqaüdlərin verilməməsinə etiraz edənlər isə təqib olunur. Onlara və başqa etirazçılara “təhlükəsizlik” baxımından təzyiqlər edilir, “casusluqda” ittiham olunurlar. 

Bundan başqa, ehtimal etmək olar ki, “SEPAH bank” milli valyutanın məzənnəsini saxlamaq məqsədi bir sıra açıqlamaları ictimailəşdimir. 

Yaranan belə maliyyə şəraiti nəticəsində pulların SEPAH tərəfindən istədiyi istiqamətdə xərclənməsi, korrupsiyanın genişlənməsi ehtimalını artırır.

Hakimiyyəti yaratdığı bu cür müəmmalı vəziyyət cəmiyyətdə qeyri-müəyyənlik və qorxu hissinin artırır. 

Müharibə mühitində hakimiyyət tərəfdarlarının daha asan səfərbər edərək, etirazçı təbəqənin təzyiq altında saxlanmasına münbit şərait yaradır. Ancaq SEPAH-ın, “SEPAH bank” və onların yandaşlarının yaratdığı bu vəziyyət İslam Respublikasında xaotik, itaətsizlik vəziyyəti yarada bilər. 

Deməli, bu qurum məhz qvardiyanın bankı olduğu üçün hələ müqavimət göstərə bilir. O, 47 ildir İranın rəsmi və rəsmi olmayan büdcəsini cəmiyyətə hesabat vermədən proksi qüvvələrə xərcləyir. Bu baxımdan, Tehran hakimiyyəti yarım əsrə yaxındır, dövlət büdcəsinin, qeydiyyata alınmayan maliyyə vəsaitlərini Xomeyni inqilabı ideyalarının yayılmasına xərcləyir. Belə şəffaf olmayan şəraitdə maliyyə vəsaitlərinə yaxın olanlar, onun xərclənməsinə məsul şəxslər daha da varlanırlar. Cəmiyyət isə bunun ağır, acı nəticəsini yaşayır. Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərin bir zamanlar oxşar şərait yaranmışdı. 

SEPAH-ın, yaxud Müdafiə Nazirliyinin müharibəni davam etdirmək üçün maliyyə vəsaitinin artırılması ilə bağlı İran parlamentinə müraciət etməsi ictimaiyyətə məlum deyil. SEPAH dövlətin maliyyə vəsaitini “özü doğub, özü də göbəyini kəsir” prinsipi ilə idarə edir. 

Ancaq ABŞ-də vəziyyət fərqlidir. İşə qəbul göstəricilərinin artması fonunda hərbi və tibbi heyətin artırılması üçün 1,7 milyard dollar tələb olunub. Pentaqon Konqresdən mövcud vəsait çatışmazlığının ödənilməsi üçün təlim və silah alışından 4,3 milyard dolların yenidən bölüşdürülməsinə icazə istəyib. ABŞ-nin silah ehtiyatlarının müharibədən əvvəlki səviyyəyə bərpası, təxminlərə görə, dörd ilə qədər vaxt ala bilər. 2026-cı ilin iyulunda Pentaqon rəhbəri Pit Heqset Konqresdə keçirilən dinləmələrdə İranla münaqişəyə 37,5 milyard dollar məbləğində əlavə maliyyə xərcinin lazım olduğunu bildirib. 

Bundan başqa, Donald Tramp müharibədə sonrakı vəziyyətlə bağlı ictimaiyyətə ümid də verib. O, Vaşinqtonun Venesuelada olduğu kimi İrandan da çoxmilyardlıq gəlirlər əldə edəcəklərini açıqlayıb. Venesuelada hərbi xərclərin ödənilməsi üçün neft ixracından əldə olunan vəsaitlər ABŞ-ın nəzarəti altında toplanır.

Trampın iddiasına görə, ABŞ Venesuela neftindən təxminən 13 milyard dollar qazanc əldə edib ki, bu da güc tətbiqi xərclərini dəfələrlə ödəməyə imkan verib.

ABŞ prezidenti analoji maliyyə ssenarisi və hərbi kampaniya xərclərinin kompensasiyası İranla bağlı da ödəniləcəyinin gözlənidiyini vurğulayıb. 

Vaşinqton neft axınları və dondurulmuş aktivlər üzərində nəzarəti təzyiq vasitəsi və xərclərin kompensasiya mənbəyi kimi istifadə edir.

Sərt ritorika və hərbi əməliyyatlarla yanaşı, Tramp İran tərəfi ilə danışıqların aparılması və sazişin bağlanması ehtimalını da istisna etmir. 

Bu müharibəyə Çin və Rusiyada laqeyd yanaşmır. Belə düşünmək olar ki, onlar da İslam Respublikasının müqavimətinə qoyduqları sərmayəni müharibə bitdikdən sonra qazanacaqlarına nikbin yanaşırlar. 

Bu savaş Yaxın Şərqin güclər arasında nüfuz dairəsinə bölünməsi hadisəsidir. İran müqavimət adlandırdığı bu sayaq davranışı ilə bütövlükdə Yaxın Şərqi girov qoyub. Bu oyunu kim udacaq? Kim udsa da, İslam Respublikası çətin qazana…