Tehran rejiminin “gözəgörünməz”i
Rəhbər gizlədilir, hakimiyyətdaxili qruplar üz-üzə gəlir
11 Avqust 2026
Görünür, İranda ali rəhbər, Müctəba Xamenei müəmması hələ bir müddət davam edəcək. Son zamanlar onun mövcudluğu, aşkara çıxacağı, habelə ilk dəfə hansı dövlətin başçısı ilə danışacağına dair qəribə məlumatlar yayılır.
Rusiyanın rəsmi informasiya kanalları onun sağlığı, görüşü, aşkara çıxacağı və başqa bu kimi məsələlər üzrə daha fəal görünürlər.
Bir tərəfdən Kreml bununla özünü İslam Respublikasına daha məhrəm olduğunu göstərməyə çalışır. O biri yandan isə Tehran hakimiyyəti barədə daha məlumatlı olduğunu nümayiş etdirməyə cəhd göstərir.
Müctəba Xameneinin xəlvətə çəkildiyi günlərdə onun müalicə olunmaq üçün Rusiyaya getdiyinə dair xəbər yayılmışdı. Eyni zamanda təhlükəsizlik baxımından onun Moskvaya yaralı halda aparıldığı da bildirilirdi.
Bu günlərdə isə RF mediası yenə qabağa düşərək, Müctəba Xameneinin ictimaiyyət arasına çıxacağı vaxtda məlumat verib. Bildirib ki, o, ABŞ və İsraillə müharibə başa çatana qədər ictimaiyyət qarşısına çıxmayacaq. Mənbənin məlumatına görə, ali rəhbər təhlükəsizlik baxımından cəmiyyət arasında deyil və vəziyyət normallaşdıqdan sonra aşkar fəaliyyətə başlayacaq.
Bunun ardınca Kremlin mediası Müctəba Xameneinin dövlət başçıları ilə ilk rəsmi telefon danışığını RF Prezidenti Vladimir Putinlə edəcəyini bildirib.
Bu dəfə Müctəba Xameneinin mətbuat katibi rolunda media deyil, Kremlin sözçüsü Dmitri Peskov çıxış edib: “Putinlə Xamenei arasında danışıq haqqında hələ ki razılaşma yoxdur”.
O, əlavə edib ki, Rusiya Prezidenti belə təmaslara açıqdır. Kremlin sözçüsünün açıqlaması “Müctəba Xamenei sağdırmı və haradadır” sualını yenidən aktuallaşdırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi hərbi toqquşmadan bəri ali rəhbərlə görüşə bilmədiyini söyləyib. Onun sözlərinə görə, Müctəba Xamenei ilə məhdud sayda dövlət rəsmisi görüşür. Nazir ali rəhbərin qaldığı yer və hazırkı vəziyyəti ilə bağlı İran cəmiyyətinə heç nəyin məlum olmadığını da vurğulayıb.
Bu arada “Iran International” saytı Prezident Məsud Pezeşkianla Müctəba Xamenei arasında mayda reallaşdığı iddia olunan görüşün detalları barədə xəbər verib. Bildirilib ki, hökumət başçısını dəfələrlə görüş tələbi, istefa verəcəyi ilə bağlı xəbərdarlıqlarından sonra ali rəhbərin ofisi görüşə razılıq verib. Görüş adi qaydada rəhbərin iqamətgahında deyil, Tehranda naməlum bir məkanda təşkil olunub.
Pezeşkian mühafizəçilərin müşayiəti ilə həmin yerə aparılıb. Orada tünd şüşəli avtomobilin arxa oturacağında görüşüb. Görüş zamanı iki tərəfin əl sıxmasına icazə verilməyib. Onlar yalnız bir-birinin səsini eşidiblər. Görüşün cəmi bir neçə dəqiqə davam etdiyi bildirilir.
Qeyd olunur ki, Pezeşkian geri qayıtdıqdan sonra qarşısındakı şəxsin həqiqətən Müctəba Xameneyi olub-olmadığını soruşub. Mənbələrin sözlərinə görə, onun sonradan Müctəba Xameneyi ilə iqamətgahında yenidən görüşmək istəyi də rədd edilib.
Daha bir maraqlı məqam özünü İran “Hizbullah” təşkilatının lideri sayan Məhəmmədbaqer Xərrazinin açıqlamasıdır. O, Xameneinin Pezeşkiana xəbərdarlıq etdiyi barədə məlumat yayıb. Onun iddiasına görə, ali rəhbər bildirib ki, hökumət başçısı bir dəfə də istefa versə, qəbul edəcək. Maraqlıdır ki, bunun ardınca Prezident Pezeşkianın ali rəhbərlə görüşdüyünə dair rəsmi olmayan daha bir məlumat yayılıb. Həmin məlumata görə, görüşdə ölkədəki hərbi və iqtisadi vəziyyəti müzakirə edib. Qeyd edək ki, bir müddət əvvəl Pezeşkian müharibədən çox ölkədəki iqtisadi vəziyyəti barədə düşündüyünü bildirmişdi.
İndi gələk əsas məsələyə. Müctəba Xamenei Möhsün Rezaini Ali Milli Təhlükəsizlik Şurasında öz nümayəndəsi təyin edib. Qərarın mətnində deyilir ki, Rezaini seçmə səbəbi onun "dəyərli təcrübəsi" və səkkiz illik İran-İraq müharibəsində iştirakı olub. İnqilab Keşikçiləri Korpusuna bağlı “Tasnim” və İslam Təbliğat Təşkilatına bağlı “Mehr” agentlikləri ilk olaraq Möhsün Rezainin Məhəmməd Baqir Zülqədərin yerinə liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi təyin edildiyini bildiriblər. Bu xəbərdə Rezainin bu şuranın yeni katibi olacağı da iddia edilib.
"Tasnim" və "Mehr" bu xəbəri qısa müddət sonra veb-saytlarından və sosial media hesablarından siliblər, lakin onun dərc olunması və ya silinməsinin səbəbini izah etməyiblər. Yazı hazırlanan vaxta qədər Möhsün Rezainin təyin edilməsi ilə bağlı rəsmi fərman nə Müctəba Xameneinin ofisi, nə də prezidentlik tərəfindən dərc olunmayıb.
Qeyri-müəyyənlik ondan ibarətdir ki, silinmiş xəbər iki fərqli mövqeyi qarışdırmışdı. Məhəmməd Baqer Zülqədər Ali Milli Təhlükəsizlik Şurasının katibi idi, rəhbərin şuradakı nümayəndəsi deyildi. Şuranın katibi prezidentin təsdiqi ilə təyin olunur, lakin rəhbərin nümayəndəsi ondan ayrı bir fərmanla təyin olunur. Hazırda Müctəba Xameneinin şuradakı nümayəndəsi Səid Cəlilidir. İki fərqli vəzifənin bu şəkildə qarışdırılması tələsik elan və ya Rezainin təyinatının yekunlaşdırılması ilə bağlı mübahisə ehtimalını artırıb.
Xərrazinin açıqlamasını da nəzərə alsaq, bu vəziyyət, hakimiyyət daxilində müxtəlif mərkəzlərin və onlar arasında ziddiyyətin olduğunu təsdiqləyir. Düzdür, rəsmi mənbələr bu kimi məlumatları təsdiqləmirlər. Əksinə, belə xəbərlərin yayılmasını dövlət sirrinin açıqlanması kimi qiymətləndirirlər.
İranda hakimiyyətə nəzarət edən İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) bağlı media XİN başçısını dövlət sirrini açıqlamaqda ittiham edib. Mənbə bildirib ki, Əraqçi bu məlumatları açıqlamamalı imiş. SEPAH-ın mediası Abbas Əraqçiyə tövsiyə də verib: “Gələcək müsahibələrdə bombalanmayan tunellərin və hərbi bazaların ünvanlarını özünüzdə saxlayın. Mühüm hadisələrin təfərrüatlarını təsvir edərkən daha təmkinli olun”.
İranda Müctəba Xamenei ilə bağlı məlumatı milli təhlükəsizliyə aid edirlər.
Ancaq ali rəhbərin təmasda olduğu çevrənin çox kiçik olması, onunla bağlı ən kiçik informasiyanın cəmiyyətdən, hakimiyyət üzvlərindən gizli saxlanılması, əksinə, müəyyən xaosa səbəb ola bilər.
Belə qənaətə gəlmək olar ki, SEPAH ali lideri öldürülməməsi üçün ABŞ-dən gizlədir. Donald Tramp isə bu günlərdə İranın siyasi və hərbi rəhbərliyinin yerini bildiyini açıqlayıb. Bununla yanaşı, o, Vaşinqtonun İranın komandirlərini məhv etmək niyyətində olub-olmadığı barədə suala cavab verməkdən yayınıb: “Biz bu barədə danışmaq istəmirik. Ancaq biz mütləq müşahidə edirik”.
ABŞ-ın və ya İsrailin onlara nöqtəvi zərbə endirə bilib-bilməyəcəyi barədə suala cavab olaraq, Donadl Tramp “Bəli” cavabını verib.
Müctəba Xamenei barədə müəmmalar hakimiyyət uğurunda mübarizəyə yeni impuls verib. İranı kim idarə edir? Prezident Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbaqer Qalibaf, SEPAH-ın komandanı Əhməd Vahidi, yaxud hansısa başqa görünməyən güclər?
Məsud Pezeşkian hakimiyyət daxilində qarşıdurmanın olmadığını, vahid komanda şəklində fəaliyyət göstərdiklərini bildirir. Qalibaf isə çıxışlarında özünü İranın rəhbəri kimi aparır. Kəskin və sərt açıqlamalarla çıxış edir. Əhməd Vahidi isə aktual məsələlərə çox nadir hallarda münasibət bildirir.
İranda ayətullah Ruhullah Xomeyninin nəvələri, Rəfsəncaninin oğulları və onun adamları, keçmiş prezident Mahmud Əhmədinejat və ətrafı, habelə hakimiyyətdaxili başqa kiçik qruplar da mövcud vəziyyətlər barışmır.
Xameneinin ölməsi, oğlunun isə nüfuzunun azlığı, eyni zamanda hakimiyyət nümayəndələrinin onunla təmasda olmaması avtoritarizm şəraitində yaşayan bir ölkə üçün idarəetmədə, cəmiyyətdə qeyri-müəyyənlik yaradıb. Bu vəziyyət İranı xaosun bir addımlığına sürükləyir.
İsrail təhlükəsizlik xidmətindəki mənbə isə Müctəba Xameneinin ölkədən qaçdığına dair məlumat verib. Bildirilib ki, onun adından açıqlamaları SEPAH-ın nümayəndələri hazırlayır. Bu baxımdan, İslam Respublikasına faktiki olaraq hərbçilərin nəzarət etdiyi qənaətinə gəlmək olar.
İrandakı real vəziyyətdən bəhs edənlərə qarşı “İsrail casusu”, “vətən xaini” kimi ittihamlar irəli sürürlər.
Bu günlərdə siyasi təhlilçi Məhəmmədəli Cənnətxah həbs edilib. O, İran, İsrail və ABŞ arasındakı son münaqişələrdən əvvəl “Didarnews” saytına müsahibəsində Tehran-Vaşinqton münasibətlərinə dair baxışlarını dilə gətirmişdi. İddia edirdi ki, Yaxın Şərq ölkələri arasında İran xalqı ABŞ-yə daha müsbət yanaşır. Elə bu səbəbdən də Vaşinqton həmişə İranla müharibədən çəkinib. Cənnətxah bildirib ki, ABŞ-nin bölgədə azad şəkildə müttəfiq seçmək imkanı olsaydı, İranı ərəb ölkələri və hətta İsraildən üstün tutardı. Araşdırmaçı bu iddiasını təsdiqləmək üçün Məhəmmədrza şah Pəhləvi dövründə iki ölkə arasında hərbi əməkdaşlığa, o cümlədən İrana "F-14" qırıcılarının verilməsini örnək göstərib.
Cənnətxah məhz bu fikirlərinə görə həbs edilib. Ona görə belə ehtimal etmək olar ki, Məhəmmədrza Pəhləvinin oğlu Rzanın tərəfdarları da hakimiyyətə iddialı rolunu oynamağa çalışırlar.
“Xalq mücahidləri” təşkilatı da hakimiyyətə yiyələnmək üçün ölkə xaricində əhatəli fəaliyyət göstərir.
Ölkədə hakimiyyətin mövcud vəziyyətinə və siyasətinə qarşı çıxanlara təzyiq edildiyi kimi hakimiyyətin yüksək eşelonunda təmsil olunanların da fikirləri senzura edilir.
İran prezidentinin oğlu Yusif Pezeşkian dövlət televiziyasını tənqid edərək deyib: “İranı elə dövlət televiziyasındakı şəxs idarə etsin”. O, sosial şəbəkə hesabında ölkənin yüksək vəzifəli şəxslərinin çıxışlarının dövlət televiziyasında ixtisar edilməsini pisləyib: “Dövlət televiziyası hakimiyyətin əsas qollarının rəhbərlərinin (red. prezident, parlament sədri və məhkəmə sisteminin rəhbəri) çıxışlarının bəzi hissələrini yayımdan niyə çıxarır? Onların çıxışlarının hansı hissəsinin dövlət televiziyasında verilib-verilməməsinə kim qərar verir?”
Yusif Pezeşkian daha sonra əlavə edib ki, ölkənin belə bir müdrik şəxsi varsa və onun qərarı hakimiyyət qollarının rəhbərlərinin qərarından daha üstündürsə, onda dövlətin idarəçiliyi də ona həvalə olunsun: “Axı, su olduğu halda təyəmmüm (susuz dəstəmaz) batildir”.
Ehtimal etmək olar ki, Yusif Pezeşkianın bu statusundan atası Məsud, parlament sədri Qalibaf xəbərsiz deyil. Bu onu göstərir ki, İranda hakimiyyət daxilində güclü bir əl var. Bunun Müctəba Xameneiyə aid olduğu hələ təsdiqlənmir. Çünki Pezeşkian və Qalibaf bütün çıxışlarını onunla razılaşdırdıqlarını vurğulayırlar. Ehtimal etmək olar ki, indiki vəziyyətində II Xamenei onları özündən narazı salmaq istəməz.
Bu halda hakimiyyətə şərik daha bir qüvvənin olduğu iddiasını da irəli sürmək olar. Bu, Tehranda çıxan “Keyhan” qəzetinin baş redaktoru və direktoru Hüseyn Şəriətatmadri də ola bilər. Onu bu vəzifəyə ayətullah Seyid Əli Xamenei təyin edib.
İranın dövlət teleradio şirkətinin sədri Peyman Cəbəllidir. Onu da bu vəzifəyə konstitusiyasınə uyğun olaraq Əli Xamenei 2021-ci ilin sentyabrında təyin edib. Bundan əvvəl o, təşkilatın xarici yayım üzrə rəhbər müavini vəzifəsində işləyib və İranın Tunisdəki səfiri olub.
Onlar bir qayda olaraq Əli Xameneinin adamları, Xomeyni yolunun yolçuları, “xətti-imamçılar“ sayılırlar.
Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni bu ilin iyununda Qumda Əli Xameneinin xatirəsinə həsr olunmuş mərasimdəki qalmaqallı çıxışı ilə özünün və ailəsinin varlığını, həm də belə ehtimal etmək olar ki, hakimiyyət iddialı olduğunu elan edib. O, ABŞ ilə danışıqlar barədə qızğın müzakirələr çağında bu prosesi sülhə aparan yol kimi görənləri, dialoq tərəfdarlarını kəskin şəkildə tənqid edərək, onları "xain" adlandırmışdı: “Amerikaya dostluq mesajı göndərənin ağzı pis və murdardır”.
O vurğulamışdı ki, İslam Respublikasının kimliyi ABŞ-yə qarşı barışmazlığı ilə müəyyən olunur. Nəvə Xomeyni danışıqları “müharibə formatı” adlandırmışdı. Ali rəhbər Seyid Əli Hüseyn Xameneinin öldürülməsindən bəhs edərək demişdi ki, İranın ABŞ ilə qarşıdurması "ata qatilliyi" mərhələsinə çatıb: “Həlak olmuş liderin qisasını düşünməyən məmur öz vicdanına şübhə etməlidir”.
Bu açıqlama həm də Müctəba Xameneiyə bir ismarış sayıla bilər. Çünki Xomeyninin nəvələri, o cümlədən Həsən Xomeyni də aktiv siyasətçidir.
İndiki mərhələdə onun deyil, qardaşının adının daha çox hallanması xomeyniçilərin, “xətti-imamçıların” özlərinin göstərməsi kimi də dəyərləndirilə bilər. Əli Xomeyninin çıxışında “xalqa inamını böyük Xomeynidən miras aldığını” vurğulamağı da bunu təsdiqləyə bilər.
Digər tərəfdən Əli Xomeyni İraqın dini lideri ayətullah Sistaninin nəvəsi ilə ailə qurub. Onların kəbinini ayətullah kəsib. Müctəba Xamenei isə İran parlamentinin keçmiş sədri, paniranizm və panfarsizmin müasir dövrdə ideoloqu, aparıcı fiquru Qulaməli Həddad Adilin qızı ilə evlənib. Belə düşünmək olar ki, Əli Xomeyninin sosial bazasına həm də İraqdakı əqidədaşları da daxildir. O, Qumla Nəcəf arasında birləşdirici də ola bilər. II Xamenei isə daha çox İrandakı panfarsçı, paniranist qüvvələrə arxalanacaq.
Beləliklə, İranın ABŞ ilə danışıqlarda axsaması xarici amildən, Donald Trampın ölkəni bombalatdırmasından deyil, daha çox Tehran hakimiyyətində qanunun ali olmamasından, avtoritar boşluqdan asılıdır. Ona görə də ABŞ İranı kapitulyasiya olanadək bombalaya bilər. O zaman İranın “leşkəri də, keşvəri” də əldən gedər…